Antibiotiklərdən Düzgün İstifadə Həftəsi keçiriləcək

27 Oktyabr 2017 12:54

Xəbər 925 dəfə oxunub

Dünya Səhiyyə Təşkilatı (DST) bu il noyabrın 13-dən 19-dək Ümumdünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsi keçiriləcəyini elan edib.Azərtac təşkilatın saytına istinadla xəbər verir ki, kampaniya “Antibiotikləri qəbul etməzdən əvvəl ixtisaslaşmış səhiyyə mütəxəssisi ilə məsləhətləşin” devizi altında keçəcək.Antibiotiklər dəyərli vasitədir, ona görə də onları qəbul etməzdən əvvəl düzgün tövsiyə almaq vacibdir. Antibiotiklərdən məsuliyyətlə istifadə həm daha yaxşı müalicə olunmağa, həm də antibiotiklərə davamlılığın inkişaf etməsinin azaldılmasına kömək edəcək.Kampaniyanın məqsədi antibiotiklərə davamlılığı səhiyyədə qlobal miqyasda tanınmış problem elan etmək, antibiotiklərdən lazımi şəkildə istifadə etməklə onların effektivliyinin qorunub saxlanmasına dair maarifləndirmə işlərini fəallaşdırmaqdır. Bir faktı etiraf etmək lazımdır ki, antibiotiklərə davamlılığın inkişaf etməsinə qarşı mübarizədə hamı iştirak etməlidir – ayrı-ayrı adamlar da, səhiyyə və kənd təsərrüfatı mütəxəssisləri də, hökumətlər də.DST BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Dünya Heyvan Sağlamlığı Təşkilatı ilə birgə məlumat xarakterli bir sıra materiallar hazırlayır. Kampaniyanın gedişində təhsil müəssisələrində və sosial şəbəkələrdə maarifləndirici tədbirlərin keçirilməsi planlaşdırılır.Təşkilatın ekspertləri antibiotikləri yalnız ixtisaslaşmış səhiyyə mütəxəssisi tərəfindən təyin olunan zaman qəbul etməyi, əllərin lazımi gigiyenasına riayət etməyi, istifadə olunmamış qalan antibiotikləri heç kimə təklif etməməyi və onlardan istifadə etməməyi məsləhət görürlər.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05