Azərbaycan polisi yaranmasının 98-ci ildönümü qeyd edilib. Azərtac xəbər verir ki, əlamətdar gün münasibətilə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə nazirliyin kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad olunub, “Əbədi məşəl” abidəsi önünə gül dəstələri qoyulub. Daha sonra Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında təntənəli mərasim keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin, həmçinin respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə və cinayətkarlığa qarşı mübarizədə xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların və əməkdaşların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Nazir, general-polkovnik Ramil Usubov mərasimdə çıxış edərək Prezident İlham Əliyevin bu bayram münasibətilə təbriklərini və xoş arzularını iştirakçıların diqqətinə çatdırıb. O, ümummilli lider Heydər Əliyevin 1998-ci il mayın 24-də imzaladığı Fərmanla iyulun 2-nin Azərbaycan Polisi Günü elan edildiyini, ölkəmizdə polisin tarixinin dövlətçiliyin tarixi ilə sıx bağlı olduğunu bildirib. Qeyd olunub ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər Daxili İşlər Nazirliyinin inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi baxımından ən mühüm mərhələ olub. Ulu Öndər 1969-1982-ci illərdə daxili işlər orqanlarının milliləşməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi, təşkilati cəhətdən möhkəmlənməsi üçün mühüm qərarlar qəbul edib. Məhz bunun nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın hərbi təcavüzünə qarşı ilk olaraq rəşadətlə döyüşən yeganə nizami qüvvə milis, sonrakı illərdə isə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə DİN-in 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710 nəfəri isə yaralanıb. Göstərdikləri şücaət və igidliyə görə 67 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1143 nəfər orden və medallara layiq görülüb. Müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə ölkədəki hərc-mərclikdən, torpaqlarımızın işğalı və separatizmdən, qanunsuz silahlı dəstələrin mövcudluğundan, kriminogen durumun kritik həddə çatmasından danışan nazir bildirib ki, xalqın təkidi ilə 1993-cü ilin iyununda siyasi rəhbərliyə qayıdan Heydər Əliyev ölkəni dağılmaqdan, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükələrindən xilas etdi. Görülən tədbirlər nəticəsində cinayətkar dəstələr zərərsizləşdirildi, on minlərlə qanunsuz odlu silah yığıldı, bir çox təhlükəli və xüsusilə ağır cinayətlərin, o cümlədən terror aktlarının, dövlət çevrilişinə cəhdlərin qarşısı alındı, konstitusiya quruluşunun əsasları möhkəmləndirildi, əmin-amanlıq bərpa edildi. Ölkədə ictimai-siyasi sabitliyin, əmin-amanlığın təmin edilməsində hüquq mühafizə orqanları da mühüm rol oynayıb. Bildirilib ki, 2003-cü ildən etibarən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hərtərəfli islahatlar və quruculuq işləri DİN sistemində də fəaliyyətin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsində mühüm rol oynayıb. Bu dövrdə nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə mühüm tədbirlər görülüb. Ötən dövrdə daxili işlər orqanları və Daxili Qoşunlar üçün 395 sosial obyekt tikilib, şəxsi heyətin vəzifə və rütbə maaşları əhəmiyyətli dərəcədə artırılıb, nəqliyyat parkı tam yenilənib, texniki və xüsusi vasitələrlə təchizat beynəlxalq standartlar səviyyəsinə yüksəlib. Diqqətə çatdırılıb ki, hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, cinayətlərin dəqiq uçotunun aparılması məqsədilə 2007-ci ildə “102” Xidməti – Zəng Mərkəzi Sistemi yaradılıb. Bundan başqa, “102”, “902” və “10022 qaynar xətləri, veb-sayt və elektron poçt ünvanı daxil olan müraciətlərin dərhal nəzarətə götürülərək operativ həllinə şərait yaradır. Hüquq qaydasına riayət edilməsinə nəzarətin fasiləsiz və canlı izlənilməsi, qanunazidd hallara, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi üçün 2009-cu ildə “Təhlükəsiz şəhər” avtomatik idarəetmə sistemi yaradılıb. Həmçinin cinayətlərin qarşısının alınması, açılması, istintaqı, təqsirləndirilən şəxslərin axtarışı, ictimai asayişin qorunması, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair istiqamətlər üzrə 40-dan çox informasiya sistemi istismara verilib. Məruzəçi deyib ki, təkcə 2015-ci ildə və cari ilin ötən dövründə 80 mindən çox ərizə və şikayət araşdırılıb. Nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən paytaxtda və respublikanın müxtəlif bölgələrində 7 minə yaxın şəxs qəbul edilib, onların müraciətləri üzrə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə son 13 ildə BMT, NATO, Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumların təşkil etdiyi müxtəlif forum və müşavirələrdə 8 mindən çox əməkdaş iştirak edib. Nazir deyib ki, hazırda Azərbaycan dünyada sabit ölkə, yüksək səviyyəli beynəlxalq tədbirlərin uğurla keçirildiyi məkan kimi tanınır. Keçən il və cari ilin ötən dövründə Azərbaycanda keçirilmiş 800-dək kütləvi və beynəlxalq tədbirdə, o cümlədən birinci Avropa Oyunlarında, Formula-1 Avropa Qran-prisində asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunub. Qeyd olunub ki, müstəqillik illərində cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 əməkdaş və hərbi qulluqçu həlak olub, 2613 nəfər xəsarət alıb. Nazir dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəxsi heyətin fədakarlığını və gərgin əməyini daim xüsusi vurğuladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, müstəqillik illərində nazirliyin 1211 əməkdaşı və hərbi qulluqçusu dövlət mükafatlarına layiq görülüb. Bu peşə bayramı ərəfəsində də Prezident İlham Əliyevin sərəncamları ilə 41 əməkdaş “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib, rəhbər vəzifəli iki şəxsə ali xüsusi rütbə verilib. R.Usubov daxili işlər orqanlarının fəaliyyətinə verdiyi yüksək qiymətə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə şəxsi heyət adından dərin minnətdarlığını bildirib. Nazir əminliklə deyib ki, daxili işlər orqanları qanunla müəyyənləşdirilmiş funksiyaları, qarşıya qoyulan tapşırıqları bundan sonra da əzmlə həyata keçirəcək, göstərilən ali etimadı andına sadiqliyi, xalqına, Vətəninə, Prezidentinə sədaqətli və peşəkar xidməti ilə doğruldacaq. Nazir Ramil Usubov Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü münasibətilə bütün şəxsi heyəti, veteranları, respublikanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış, vəzifə borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşların ailə üzvlərini təbrik edib. Sonra Azərbaycan polisinin yaradılmasının növbəti ildönümü ərəfəsində DİN zabitlərinə ali xüsusi rütbələrin verilməsi barədə Azərbaycan Prezidentinin Sərəncamı, həmçinin cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, xidməti vəzifələrin yerinə yetirilməsində fərqlənmiş bir qrup əməkdaşın mükafatlandırılmasına dair daxili işlər nazirinin müvafiq əmri elan olunub. General-polkovnik Ramil Usubov ali xüsusi və yeni rütbələrin paqonlarını, həmçinin digər mükafatları sahiblərinə təqdim edib. Təntənəli mərasimin sonunda DİN-in mətbuat xidməti tərəfindən hazırlanmış “Asayişin və sabitliyin keşiyində” adlı sənədli film nümayiş olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…