Atçılıq Federasiyası milli atçılıq festivalına start verəcək

30 May 2018 11:00

Xəbər 632 dəfə oxunub

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər davam edir. Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) da yubiley münasibətilə milli atçılıq festivalına start verəcək. İyunun 2-17-ni əhatə edəcək festival çərçivəsində bir neçə yerli və beynəlxalq turnirlər keçiriləcək.ARAF-dan Azərtac-a bildiriblər ki, əvvəlcə iyunun 2-də Binə Atçılıq Mərkəzində cıdır üzrə “100 illik yubiley kuboku” keçiriləcək. Kubok uğrunda yarışda 24 at və jokeyin iştirakı gözlənilir. Tədbiri izləyəcək qonaqlar ölkədə fəaliyyət göstərən atçılıq idman klublarının üzvlərinin iştirakı ilə parad izləmək imkanını da əldə edəcəklər. Cıdırın ümumi mükafat fondu 15 min manatdır.İyunun 5-də, 6-da, 7-də və 9-da isə Çövkən Milli Atüstü Oyunu üzrə “100 illik yubiley kuboku” turniri keçiriləcək. Turnirdə ümumilikdə səkkiz komanda iştirak edəcək. İyunun 5-də və 6-da keçiriləcək təsnifat mərhələlərindən sonra iyunun 7-də yarımfinal oyunları təşkil olunacaq. İyunun 9-da isə üçüncü yer uğrunda mübarizə və final oyunları ilə turnirə yekun vurulacaq. Yarışın ümumi mükafat fondu 50 min manat təşkil edəcək.Ondan sonra iyunun 8-də atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri keçiriləcək. “Elite Horse & Polo Club”un yaşıl arenasında keçiriləcək turnir iki kateqoriyadan ibarət olacaq. Yarışların ümumi mükafat fondu 34 min manatdır.İyunun 15-17-də isə Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların iştirakı ilə artıq altıncı dəfə ölkəmizdə Arena Polo üzrə Dünya Kuboku yarışları keçiriləcək. Üç gün davam edəcək turnirdə ümumilikdə altı oyun olacaq. Azərbaycanı təmsil edən milli polo komandasının idmançılarından ibarət “Elite Horse & Polo Club” komandasının bu turnirə qatılması yarışları azarkeşlərimiz üçün xüsusilə maraqlı edəcək.Silsilə tədbirlərlə əlaqədar mayın 31-də saat 12:00-da “Elite Horse & Polo Club”da mətbuat konfransı və ziyafət təşkil olunacaq. Konfransda Milli Atçılıq Festivalı ilə bağlı bütün məlumatlar ictimaiyyətə ətraflı çatdırılacaq.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02