Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir

1 Avqust 2023 13:35

Xəbər 259 dəfə oxunub

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

…1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaradılması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan verib.

1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.

Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.

Ana dilimizi qorumaq üçün mühüm addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən, hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.

Xatırladaq ki, həmin Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb.xeber100.com

Bakı Dövlət Universitetinin yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq. BDU-dan bildirilib ki, bu barədə Elmi şuranın bugünkü iclasında qərar qəbul edilib. İclasda bildirilib ki, 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tarixi qərara imza ataraq, Bakı Dövlət Universitetinin təsisi haqqında qanun qəbul edib. BDU 105 il ərzində xalqımızın maariflənməsində, milli düşüncənin inkişafında, yüksəkixtisaslı kadrların yetişməsində mühüm rol oynayıb. BDU-nun inkişafında yeni və mühüm mərhələ 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi ilə başlanıb. Universitetin elm və təhsil flaqmanı kimi şöhrətlənməsi məhz bu tarixdən sonra gerçəkləşib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra BDU Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində inkişafının yeni və daha parlaq mərhələsinə qədəm qoyub. Bu gün isə həmin tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ildə universitetin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması, əməkdaşların ali dövlət mükafatları ilə təltif edilməsi BDU ailəsinin hər bir üzvü tərəfindən ehtiramla xatırlanır. 105 il əvvəl 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitet hazırda 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 4 elmi-tədqiqat mərkəzi və 21 elmi-tədqiqat laboratoriyası, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 filial, 1 kollec və 1 liseylə müqəddəs yola davam edir.xeber100.com

Mart 29, 2024 16:21

VII qrant müsabiqəsi çərçivəsində intellektual yarış layihəsi öz işini davam etdirir

Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində ümumtəhsil məktəbləri kateqoriyası üzrə qalib gəlmiş “Sən elə bir Zirvəsən-100” məktəblilərarası intellektual yarış layihəsi öz işini davam etdirir. Bu barədə 189-190 nömrəli tam orta məktəbdən məlumat verilib. Bildirilib ki, icra planına əsasən layihə rəhbəri, 189-190 nömrəli tam orta məktəbin direktoru Fayaz Hüseynov, layihənin aparıcısı və təlimçi Rifah Zeynalov, eksperti Elnarə Nərimanova və yarışda iştirak edəcək 16 məktəbin təşkilatçı rəhbərləri ilə görüş keçirilib, onlara yarışın qaydaları barədə məlumat verilib. Fayaz Hüseynov layihənin məktəblər arasında əməkdaşlığa, şagirdlərdə liderlik bacarığının formalaşdırılmasında böyük rolu olacağını söyləyib. Qeyd edək ki, 16 komanda 2 qrupa bölünərək yarış keçirilib və yarımfinal turunun qalibləri bəlli olub. Yarışda A qrupunda 2 texniki-humanitar liseyin “DDK” komandası, 7 nömrəli məktəb liseyin “Versus”, 8 nömrəli tam orta məktəbin “Zirvə”, 16 nömrəli texniki-humanitar liseyin “Dəmir yumruq”, 18 nömrəli tam orta məktəbin “Batalyon”, 49 nömrəli tam orta məktəbin “Qarabağ”, 53 nömrəli tam orta məktəbin “Xudafərin”, 60 nömrəli tam orta məktəbin “Flaqman” komandaları mübarizə aparır. B qrupunda isə 20 nömrəli məktəb-liseyin “Triumf”, 50 nömrəli məktəbin “Gənc Heydərçilər”, 147 nömrəli tam orta məktəbin “Mübarizlər”, 160 nömrəli tam orta məktəbin “ 160%”, 167 nömrəli tam orta məktəbin “Xarıbülbül” komandası, 175 nömrəli tam orta məktəbin “Xəyal”,189-190 nömrəli tam orta məktəbin “Clever”, 236 nömrəli tam orta məktəbin “Zəfər” komandaları qalibiyyət uğrunda bilik yarışında mübarizə aparırlar. Yarışmaya aid foto və videolar daim layihənin feysbuk səhifəsində paylaşılır.xeber100.com

Dekabr 19, 2023 13:53

Dövlət İmtahan Mərkəzinin məlumatı əsasında…

2023/2024-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayını təqdim edilib. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin IV ixtisas qrupunda Azərbaycan bölməsi üzrə 3165, rus bölməsi üzrə 365, hər iki bölmənin birgə müsabiqəsi üzrə 570 olmaqla cəmi 4 min 100 plan yeri nəzərdə tutulur. 3045 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır. Qeyd edək ki, psixologiya və kimya ixtisaslarının hər biri üçün dövlət sifarişi üzrə ayrılmış 25 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər. Tibb ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 85 yerin müsabiqəsində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər. Xatırladaq ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. İxtisas seçimi bütün qruplar üzrə avqustun 28-i saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyentlər (o cümlədən subbakalavrlar) müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər.

Avqust 26, 2023 18:25