Avropa çempionatının ikinci günündə üç oyun keçiriləcək

11 İyun 2016 12:34

Xəbər 1457 dəfə oxunub

İyunun 11-də futbol üzrə XV Avropa çempionatının ikinci günündə üç oyun keçiriləcək. Azərtac xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-da “A” qrupunda yer alan Albaniya və İsveçrə milliləri qarşılaşacaq. Lens şəhərindəki 38223 tamaşaçı yerlik “Bollar-Delelis” stadionunda keçiriləcək oyunu ispaniyalı baş hakim Karlos Velasko Karbalyo idarə edəcək. Günün digər iki matçında isə “B” qrupunda münasibətlərə aydınlıq gətiriləcək. Saat 20:00-da Uels ilə Slovakiya yığma komandaları üz-üzə gələcək. Oyunda ədaləti norveçli baş hakim Sveyn Odvar Moen təmin edəcək. Görüş Bordoda, 42115 yerlik “Bordo” stadionunda oynanılacaq. Saat 23:00-da başlayan üçüncü görüşdə isə futbolun yaradıcıları, “B” qrupunun favoriti hesab edilən ingilislər Rusiya millisini məğlub etməyə çalışacaqlar. İtaliyalı referi Nikola Rizzolinin idarə edəcəyi görüş Marsel şəhərindəki “Velodrom” stadionunda keçiriləcək. Fransanın ən böyük arenalarından hesab olunan bu stadionun tamaşaçı tutumu 67 min 354-dür. Qeyd edək ki, Albaniya-İsveçrə və Uels-Slovakiya qarşılaşmaları “CBC Sport” telekanalı, İngiltərə-Rusiya oyunu isə İctimai Televiziyadan birbaşa yayımlanacaq.xeber100.com