Azərbaycan Aydınının obrazı – Şirməmməd Hüseynov

26 İyun 2019 11:47

Xəbər 1010 dəfə oxunub

Azərbaycanda tutulları, adları, medalları, nişanları çox sevirlər. İnsanın tanıtımında bu atributlar əhəmiyyətli rol oynayır. Dini adların spekulyasiyasından tutmuş, sənət adlarının, elmi adların əməlli-başlı insan həyatının təsəllisinə çevrildiyini bizim məmləkəttə hər məqamda müşahidə edə bilirsən. Fəxri adlar almaq üçün dövlətdən inciyən onlarla alimi, müğənnini, peşə adamını, yazıçını, rəssamı tanımışam. Hacı titulunu adının qabağına hörənlərin çoxu ibadətini axsadır, professor, akademik olanların çoxu yaradıcılıq vərdişini itirir, xalq artisti adını qamarlayanların çoxu arxayınlaşaraq hansısa yeni sənət nümunələrini ortaya qoymağı düşünmürlər. Böyük əksəriyyət axirətə aparmaq üçün xeyli mənasız kitab makulaturası, dəmir medalcıqlar, ayrı-ayrı qurumların üzvü kimi fəxri təltiflər toplayır və müəyyən bir yaş hüdudlarında tükəndiyini dərhal büruzə verir.
Azərbaycan elminin, sənətinin, siyasətinin, mənəvi sferasının artezian quyularının yanında azsaylı, qurumayan, həmişə axmağa bir cığır saxlayan bulaqların da nümunəsi az-çox təsəlli yerimizdir. Bu qurumayan bulaqlardan biridir Şirməmməd Hüseynov. Ömrünün 90-cı ilinə qədəm qoymuş bu Azərbaycan ziyalısı ilahi mənada Yaradanın verdiyi biliyin, düşüncənin, ərdəmin zəkatını haqqıyla vermiş sayıla bilər. O, dürüst bir universitet müəllimi olmuş, yalnız aşıladığı bilgi ilə deyil, müəllim davranışı ilə də yüzlərlə tələbənin faydalı insan obrazının biçilməsinə təsir göstərmişdir.
Elə buradaca durmaq olardı və bu, Ona sayğı üçün ömrün sonunadək kifayət edərdi. O, öz peşəsinin ustadı səviyyəsinə qalxacaq bir media bilgini idi, bununla da yüzlərlə qəzetçinin etalon olaraq müəyyənləşdirdiyi dəyəri qazanmışdı. Lakin o, burada da durmaq şansını istifadə etmədi. Azərbaycan türkcəsində bir-birinə yaxın olduğu qədər də dərin mahiyyət fərqi olan iki felin mövcudluğunda doğru istiqamət götürə bildi. Bunlar “Qayğısına qalmaq” və “Həsr etmək” felləri arasında seçim idi. Şirməmməd müəllim tələbəsinin, oxucusunun, ailəsinin, tanıdığı-tanımadığı Azərbaycan vətəndaşının qayğısına qaldı və bəlkə də bununla kifayətlənmək ona qarşı cəmiyyətdə eyni sayğınlığı qoruyacaqdı. Lakin yenə də həmin məqamda durmaqdan imtina edərək həyatını, biliyini “Həsr etmək” mərhələsinə yönəltdi. Bu, ayrı bir fövqəladə ibadət sayıla bilərdi.
Yaşamımızda, mövcudluğumuzda, millətə çevrilməyimizdə, dövlət qurmağımızda misilsiz haqqı olan Məhəmməd Əmin Rəsulzadənin haqqını qaytarmağa özünü, biliyini həsr etdi. Kimlərin nə cızıb-pozduğunu bir tərəfə qoyun, bu millətin tarixində Məhəmməd Əmin Rəsulzadə nəhəngliyində, yəni özündə bir neçə əvəzsiz dəyəri birləşdirən şəxsiyyət tapmaq çətindir. Dövlət adamı, ictimai xadim, doğru din və tarix şüuruna sahib, yetkin nəzəri biliyi, ədəbi düşüncəsi və ömür yolunun hansısa anına şəxsiyyətini əzdirməmiş bir insanın üzərimizdə ödənilməsi mümkün olmayan haqqını tanıtım mübarizəsinə girdi. Bunu şüarlarla, çağırışlarla etmədi, əsərlərini, fikirlərini tarixin, arxivlərin tozlarında təmizləyərək düşünməyimiz, öyrənməyimiz üçün qarşımıza qoydu. Məhəmməd Əmin Rəsulzadənin tapılması mümkün olan bütün irsini topladı, çevirdi, şərh etdi, nəşr etdi, təbliğ etdi. Düşündükmü, öyrəndikmi, fərq etməzdi – bu Onu ümidsizləşdirərək işindən, hədəfindən ayırmadı, “mənə qiymət verin!” deyə çığır-bağır salmadı, sanki hər dəfə Rəsulzadənin yeni cildi nəşr olunanda özü-özünə özündən razılıq yaratmayacaq qiymətlər qoymağa başlayırdı. Daha bir şeylər tapmaq, daha bir şeyləri tanıtmaq, dayanmadan, durmadan çalışmaq üçün bu qiymətləndirmə forması bəlkə də bitməyən, tükənməyən enerji qazandırırdı Ona. İnsanın özünün özünə qoyduğu qiymətdən obyektiv hansı meyar ola bilər ki? O zaman özünü Həsr edə bilirsən ki, başqalarının qiymətləndirməsinə aldanmırsan, aludə olmursan, tamarzı qalmırsan.
Ötən il Azərbaycanın xilaskarı və haqqını hələ də görməzdən gəldiyimiz Nuru Paşa ilə bağlı bir tədbir keçirəndə, irəliləyən yaşını nəzərə alaraq iştirakını düşünməsəm də, hörmət əlaməti olaraq belə bir tədbiri keçirəcəyimzi zəng edərək bildirdim. Hamıdan öncə gəlmişdi. Bakının işğaldan azad olunması hadisəsi ilə bağlı o qədər dəyərli çıxış etdi ki, hər kəsi aydın zəkası ilə heyrət içində buraxdı. Xüsusilə də 1919-cu ildə ingilislər tərəfindən Batumda həbsdə saxlanan və edam cəzasına məhkum edilən Nuru Paşanın Azərbaycan hökumətinin göndərdiyi komandoslar tərəfindən qaçırılmasının detallarını çatdırması hamının marağını çəkdi.
Tariximizin birinci müstəqillik dövrünə bu qədər tükənməz sevgi daşıyıcısı olan bu cür tədqiqatçının varlığına necə sevinməyəsən? Ona görə də hər gün titullarını, vəzifələrini qoruyucu paltar kimi əyninə geyib daşıyan, həm də dövlətdən, cəmiyyətdən qayğı, pul, Fəxri Xiyabanda yer gözləyən personalarla müqayisədə 90 yaşının həndəvərində belə öz haqqını unudaraq Rəsulzadənin, Həsən bəy Zərdabinin, Üzeyir bəyin və daha kimlərin haqqını qaytarmağımızın vacibliyini bizlərə xatırladan Şirməmməd müəllimin obrazını daha aydın görə bilirsən. Məhz aydın görə bildiyim Şirməmməd Hüseynov obrazı azsaylı Azərbaycan Aydınının obrazıdır…

23.10.2014

SON SÖZ ƏVƏZİ: Fazil Mustafa bu məqaləni 5 il öncə Şirməmməd müəllimin 90 illiyinə yazıb və 5 il sonra onun xatirəsinə yenidən həsr edir.

ZƏRDABLANDIĞIMIZ GÜN

"Çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır". Azərbaycan Milli Mətbuatının banisi Həsən Bəy Zərdabinin öz toplumu ilə mübarizəsinin qısa şüarı bundan ibarət idi. Milli Mətbuat Günü Həsən bəy adlı bir Aydınlıq Günəşi ilə bağlıdır. Gün demək, Günəşin insan həyatı üçün faydalı təzahürü deməkdir. Gün, Günəşdən ötürülən çox kiçik enerjidir ki, Yer Kürəmizi aydınladır. 1875-ci ildə Gün işığına çıxan "Əkinçi" kodu altında öz tükənməz enerjisi ilə şumladığı torpağın hər qarışından məhsul götürəcəyinə böyük ümid bəsləyirdi. Düşünürdü ki, Günəş varsa, Torpaq varsa, canlı toxum varsa, daha nə lazımdır ki, hərtərəfli yetkin bir toplum yetişsin. Ancaq nəzərə almamışdı ki, bu torpağın alt qatında toplumun yaşadığı, anladığı dinin daşlı-gilli cəhalət, xurafat qarışığı var. Və o qarışığın hesabına Həsən bəy arzuladığı məhsulu götürə bilmədi. O, qəzet işinə söz əkinçiliyi kimi baxırdı. Toxumu səpirsən, hər qarışından cücərtilər boy verəcək. Ancaq torpağın və toplumun tərkibində hansı qarışığın olması çox önəmlidir. Yenə də şükürlər olsun ki, bu Günəşin yanğısının hesabına ayrı-ayrı vaxtlarda Günün əkinçiləri yetişdi. Onlar da durmadan toxumları səpdilər. Bu günümüzdə nələrsə yaxşı-pis cücəribsə, həmin əkinçilərin iztirablarının, alın tərinin və istedadının nəticəsidir. Bizdə bu peşənin insanlarına jurnalist deyirlər. Əsrin əvvəllərində qəzetçi deyərdilər. Fikrimcə, qəzetçi daha uyğundur. Türkiyədə də qəzetəçi ifadəsi yayğındır. Həm də birini digərindən fərqləndirmək üçün "usta qəzetəçi" ifadəsini işlədərlər. Bizdə bu təqribən "peşəkar jurnalist"ə ekvivalent ifadədir. Ancaq ən prestijlisi də "əməkdar jurnalist" ifadəsidir. Çünki bunun arxasında rəsmi tanınma sənədi var. Mənim qəzetçilərə baxışım belədir: usta qələm əhli, peşəkar qəzetçi və kar qəzetçi. Birincilər sadəcə bu peşədə özəl istedad sahibləridir və təkrarolunmaz yazı üslubları, peşə əxlaqı və idealizmi ilə fərqlənirlər. İkincilər vərdiş və təcrübə ilə bu peşədə məskunlaşıblar, öz işlərini yaxşı bilirlər, nəyi eşidib, nəyi eşitməməyi xüsusən yaxşı bilirlər. Peşə ilə karlığın sintezini qurmağı bacaranlardır. Həmişə "tərəqqi"dədirlər. Üçüncülər isə, bu sahədə özlərini eşitməzliyə qoyublar, istedadsızlıqdan narahat deyillər, imtiyaz və növbə məsələlərində həssasdırlar, peşənin içində usanmadan yaşayırlar. Bu gün Azərbaycan mətbuatında çox az sayda əkinçi var, biçinçilərlə yeyimçilər mütləq çoxluğu təşkil edirlər. Ona görə də toplumu dəyişməyə, yeniləşdirməyə, nimdaş dəyərlərini söküb dağıtmağa risq edən idealistləri görəndə sevinirsən, təsəlli tapırsan. Həsən bəyin "əkinçi"liyinin bir maraqlı məqamı da var. İyul ayları bizim coğrafiyada əkin vaxtı deyil. Nə yazlıq əkinin, nə də payızlıq əkinin vaxtına uyğundur. Gecikməyin səbəbi münbit torpağın, yəni sağlam düşüncənin olmaması idi. Hələ Qori müəllimlər seminariyasının da Azərbaycan bölməsi fəaliyyətə başlamamışdı. Ermənilərin, gürcülərin məktəbləri də vardı, qəzetləri də. Ona görə də Azərbaycan tarlasına bu toxum virtual olaraq Tiflisdən səpilmişdi. Həsən bəy qəzet savaşında ənənəvi olaraq yalnız rusla, gürcü ilə, erməni ilə üz-üzə deyildi. Öz doğma qaragüruhu ilə üz-üzəydi. Bəlkə də buna görə Həsən bəy Məlikovdan daha çox onu həm dünənin, həm də günümüzün şərtlərində Zərdabi olaraq tanımaq, tanıtmaq daha məntiqlidir. Bu adın bir bölgə ilə əlaqələndirilməsini təsadüfi də saymaq olar. Zərdab sözü dilimizdə ilan zəhərinə qarşı müqavimət formalaşdırmaq üçün vurulur. Həsən bəy həm də bizim millətin cəhalət və nadanlıq tarixinə vurulmuş bir zərdabdır. Dünən də, bu gün də az sayda da olsa bu zərdabın təsir gücünü mövcudluğunda qoruyan insanlarımızın hesabınadır müstəqil dövləti qorumaq ruhu, milləti müasir dəyərlərə daşımaq ruhu... Milli Mətbuat günü həm də çevrədəki erməni və erməniyəbənzər ilanlarla birgə yaşamaq və ayaqda qalmaq üçün zərdablandığımız gündür. Mən bilmirəm Həsən bəy Zərdabidən yüz il sonra daha nələri mənimsəyəcəyik, ancaq başlığa çıxardığım çağırışı qaragüruha təslim olmuş ziyalılarımızın sayı artdıqca hökmən təkrarlayacağımızdan əminəm: "Çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır". Günümüz aydınlıq olsun. Zərdab vurulan Günümüzü deyirəm...

İyul 22, 2021 14:25

Hamımız Şuşaya 29 illik hicrətdən qayıdırıq sanki…

İncik səslər eşidirəm. İncik yazılara rast gəlirəm: "Məni niyə Şuşaya aparmayıblar?". Məlum filmdəki Kamilov deməli, Budyonnı ordenim bu, "Tərəqqi" medalım bu. Sanki bunu bir ədalətsizlik kimi görənlər var. Şuşada olmaqdan çox, orada iştirakçı olanların paxıllığına olan düşüncələrdir bəlkə də. Əlbəttə, o cür gözəl festivalda canlı ifaları dinləməyi, Şuşanın yeni doğulmuş ay kimi nurunu udmağı kim istəməz ki?... İki gün televizordan asılı qaldım. Bir dinlədim, iki baxdım, doymadım. Doğrudanmı yaradan bizə bu neməti bəxş etdi? Cəmiyyət olaraq davamlı şükranlıq ənənəmiz yox kimidir, səbrsizik, arxayınçılığı sevirik, dar günə hazırlaşma proqramımız da arzulanan kimi deyil. O halda bu nemət bizə bəlkə yenidən bir sınaq üçün verilib? Bu Şuşadan, bu Qarabağdan sonra bu millət hökmən yeniləşməlidir. Tez-tez məscidlərdən danışırıq. Qarabağda da bütün məscidlərimizin bərpasını planlaşdırırıq. Çox gözəl addımdır. Ancaq düşünürükmü ki, bu məscidləri hansı müsəlmanlar dolduracaq... Birinin beyni Fələstində, başqasınınkı Qumda, o birininki Ərəbistan yarımadasında. Beyni ancaq Qarabağda olan, beyni ancaq Azərbaycanda olan müsəlman boşluğunu doldurmalıyıq öncə. Vətən məsələsi də həmişə belədir. Hər şəhid olan dəyərini almaya bilər. Hər qazi olan arzuladığı qayğını, diqqəti görməyə bilər. Əsl savaşan müharibə veteranı vəsiqəsinin dalınca getməyə bilər. Bir gün cəbhə yaxınlığına ezamiyyətə getmiş birisi isə bu vəsiqəni necə lazımdır düzəldib insanın gözünə soxa bilər. Kimsə qəhrəmanlıq göstərər, ancaq orden, medal təltifində unudular. Kimsə fərarilik edər, ancaq üç medalı yaxasına birdən taxar. Nə olsun? İndi anladığım gerçəyi deyim sizə. Vətən məsələsində Allahın nəzərinə baxılar yalnız. Adsız qəhrəman da ola bilərsən, əl üstə gəzdirilən ən üstün insan da. Elə sındırarlar ki, küsüb ölkədən də gedə bilərsən. Vətən sevgisinin statusu olmaz. Eləcə də Vətənə xidmətin statusu olmaz. Cəmiyyətin, dövlətin verdiyi qiymətdə artıqlıq, əksiklik ola bilər. Ancaq Allahın verdiyi qiymətdə tərəzi həmişə düz olacaqdır. Ona görə də Allahın verdiyinə baxarsanız, bu nemətə hökmən şükr edərsiniz. O nemət Şuşadır. İki günlük festivalda mən Bakıda oturmuşdum. Ancaq hamıdan çox, hamıdan qat-qat artıq Şuşadaydım. Çünki orada Azərbaycan dövlətinin başçısı vardı, mənim millətimin insanları vardı, mənim dilimin, musiqimin səslənişi vardı, mənim dinimin Əzanı vardı. İndi bir də düşünün, məgər bütün Azərbaycan Şuşada deyildi? Hətta mən bir çox hallarda fəaliyyətini tənqid etdiyim Polad Bülbüloğlunu da sevdim, orada oturan, qalxan, çığıran, kövrələn, ağlayan, oxuyan, oynayan, gülən hər kəsi sevdim. Onlar hamısı öz möhtəşəm aurası ilə məni inandırdılar ki, illərdir, əsrlərdir elə bu Şuşadayam. Kimsə inciməsin, küsməsin, qırılmasın. Cıdır düzündə kətildə oturmaq şərt deyil. İki gündür bu Vətəni sevən hər kəs ayaq üstə idi və Şuşada idi. Bu millətin yüz il, üz yüz il dünyadan köçmüşləri də orada idi, indiki diriləri də. Hamımız Şuşaya 29 illik hicrətdən qayıdırıq sanki...  

May 17, 2021 12:00

Azərbaycan Aydınının obrazı – Şirməmməd Hüseynov

Azərbaycanda tutulları, adları, medalları, nişanları çox sevirlər. İnsanın tanıtımında bu atributlar əhəmiyyətli rol oynayır. Dini adların spekulyasiyasından tutmuş, sənət adlarının, elmi adların əməlli-başlı insan həyatının təsəllisinə çevrildiyini bizim məmləkəttə hər məqamda müşahidə edə bilirsən. Fəxri adlar almaq üçün dövlətdən inciyən onlarla alimi, müğənnini, peşə adamını, yazıçını, rəssamı tanımışam. Hacı titulunu adının qabağına hörənlərin çoxu ibadətini axsadır, professor, akademik olanların çoxu yaradıcılıq vərdişini itirir, xalq artisti adını qamarlayanların çoxu arxayınlaşaraq hansısa yeni sənət nümunələrini ortaya qoymağı düşünmürlər. Böyük əksəriyyət axirətə aparmaq üçün xeyli mənasız kitab makulaturası, dəmir medalcıqlar, ayrı-ayrı qurumların üzvü kimi fəxri təltiflər toplayır və müəyyən bir yaş hüdudlarında tükəndiyini dərhal büruzə verir. Azərbaycan elminin, sənətinin, siyasətinin, mənəvi sferasının artezian quyularının yanında azsaylı, qurumayan, həmişə axmağa bir cığır saxlayan bulaqların da nümunəsi az-çox təsəlli yerimizdir. Bu qurumayan bulaqlardan biridir Şirməmməd Hüseynov. Ömrünün 90-cı ilinə qədəm qoymuş bu Azərbaycan ziyalısı ilahi mənada Yaradanın verdiyi biliyin, düşüncənin, ərdəmin zəkatını haqqıyla vermiş sayıla bilər. O, dürüst bir universitet müəllimi olmuş, yalnız aşıladığı bilgi ilə deyil, müəllim davranışı ilə də yüzlərlə tələbənin faydalı insan obrazının biçilməsinə təsir göstərmişdir. Elə buradaca durmaq olardı və bu, Ona sayğı üçün ömrün sonunadək kifayət edərdi. O, öz peşəsinin ustadı səviyyəsinə qalxacaq bir media bilgini idi, bununla da yüzlərlə qəzetçinin etalon olaraq müəyyənləşdirdiyi dəyəri qazanmışdı. Lakin o, burada da durmaq şansını istifadə etmədi. Azərbaycan türkcəsində bir-birinə yaxın olduğu qədər də dərin mahiyyət fərqi olan iki felin mövcudluğunda doğru istiqamət götürə bildi. Bunlar “Qayğısına qalmaq” və “Həsr etmək” felləri arasında seçim idi. Şirməmməd müəllim tələbəsinin, oxucusunun, ailəsinin, tanıdığı-tanımadığı Azərbaycan vətəndaşının qayğısına qaldı və bəlkə də bununla kifayətlənmək ona qarşı cəmiyyətdə eyni sayğınlığı qoruyacaqdı. Lakin yenə də həmin məqamda durmaqdan imtina edərək həyatını, biliyini “Həsr etmək” mərhələsinə yönəltdi. Bu, ayrı bir fövqəladə ibadət sayıla bilərdi. Yaşamımızda, mövcudluğumuzda, millətə çevrilməyimizdə, dövlət qurmağımızda misilsiz haqqı olan Məhəmməd Əmin Rəsulzadənin haqqını qaytarmağa özünü, biliyini həsr etdi. Kimlərin nə cızıb-pozduğunu bir tərəfə qoyun, bu millətin tarixində Məhəmməd Əmin Rəsulzadə nəhəngliyində, yəni özündə bir neçə əvəzsiz dəyəri birləşdirən şəxsiyyət tapmaq çətindir. Dövlət adamı, ictimai xadim, doğru din və tarix şüuruna sahib, yetkin nəzəri biliyi, ədəbi düşüncəsi və ömür yolunun hansısa anına şəxsiyyətini əzdirməmiş bir insanın üzərimizdə ödənilməsi mümkün olmayan haqqını tanıtım mübarizəsinə girdi. Bunu şüarlarla, çağırışlarla etmədi, əsərlərini, fikirlərini tarixin, arxivlərin tozlarında təmizləyərək düşünməyimiz, öyrənməyimiz üçün qarşımıza qoydu. Məhəmməd Əmin Rəsulzadənin tapılması mümkün olan bütün irsini topladı, çevirdi, şərh etdi, nəşr etdi, təbliğ etdi. Düşündükmü, öyrəndikmi, fərq etməzdi - bu Onu ümidsizləşdirərək işindən, hədəfindən ayırmadı, “mənə qiymət verin!” deyə çığır-bağır salmadı, sanki hər dəfə Rəsulzadənin yeni cildi nəşr olunanda özü-özünə özündən razılıq yaratmayacaq qiymətlər qoymağa başlayırdı. Daha bir şeylər tapmaq, daha bir şeyləri tanıtmaq, dayanmadan, durmadan çalışmaq üçün bu qiymətləndirmə forması bəlkə də bitməyən, tükənməyən enerji qazandırırdı Ona. İnsanın özünün özünə qoyduğu qiymətdən obyektiv hansı meyar ola bilər ki? O zaman özünü Həsr edə bilirsən ki, başqalarının qiymətləndirməsinə aldanmırsan, aludə olmursan, tamarzı qalmırsan. Ötən il Azərbaycanın xilaskarı və haqqını hələ də görməzdən gəldiyimiz Nuru Paşa ilə bağlı bir tədbir keçirəndə, irəliləyən yaşını nəzərə alaraq iştirakını düşünməsəm də, hörmət əlaməti olaraq belə bir tədbiri keçirəcəyimzi zəng edərək bildirdim. Hamıdan öncə gəlmişdi. Bakının işğaldan azad olunması hadisəsi ilə bağlı o qədər dəyərli çıxış etdi ki, hər kəsi aydın zəkası ilə heyrət içində buraxdı. Xüsusilə də 1919-cu ildə ingilislər tərəfindən Batumda həbsdə saxlanan və edam cəzasına məhkum edilən Nuru Paşanın Azərbaycan hökumətinin göndərdiyi komandoslar tərəfindən qaçırılmasının detallarını çatdırması hamının marağını çəkdi. Tariximizin birinci müstəqillik dövrünə bu qədər tükənməz sevgi daşıyıcısı olan bu cür tədqiqatçının varlığına necə sevinməyəsən? Ona görə də hər gün titullarını, vəzifələrini qoruyucu paltar kimi əyninə geyib daşıyan, həm də dövlətdən, cəmiyyətdən qayğı, pul, Fəxri Xiyabanda yer gözləyən personalarla müqayisədə 90 yaşının həndəvərində belə öz haqqını unudaraq Rəsulzadənin, Həsən bəy Zərdabinin, Üzeyir bəyin və daha kimlərin haqqını qaytarmağımızın vacibliyini bizlərə xatırladan Şirməmməd müəllimin obrazını daha aydın görə bilirsən. Məhz aydın görə bildiyim Şirməmməd Hüseynov obrazı azsaylı Azərbaycan Aydınının obrazıdır... 23.10.2014 SON SÖZ ƏVƏZİ: Fazil Mustafa bu məqaləni 5 il öncə Şirməmməd müəllimin 90 illiyinə yazıb və 5 il sonra onun xatirəsinə yenidən həsr edir.

İyun 26, 2019 11:47

Kitab yandırmaq tarixi, ədəbiyyatı yandırmaqdır

Düşüncələr, baxışllar, dünyagörüşlər, zövqlər fərqli ola bilər. Seçkilərə də, rejimlərə də münasibətin, siyasətçilərə də sevgi və nifrətin tərs mütənasibliyi dünyanın hər guşəsində yüzillərdir az və ya çox dərəcədə mövcudddur. Fikirlərlə razılaşıb-razılaşmamaq bir toxunulmaz haqdır və buna görə tənqid edənləri qınamaq, topa tutmaq yanlışdır. Ancaq bir əməl var ki, onun adı sadəcə tərbiyəsizlik deyil, qatillikdir, hannibalizimdir, vəhşilikdir və ən nəhayət nadanlıqdır. Niyə nadanlıqdır, onu izah edim. Yazıçı Anarın Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və çəkisi var. İstər ədəbi mühitdə, istərsə də ictimai-siyasi həyatda tutduğu mövqe, səsləndirdiyi fikirlər hər kəsin təqdirinə və tənqidinə açıqdır. Buna qarşı kimsə haqlı və ya haqsız kampaniya aparmaqda da sərbəstdir. Lakin elə bir çağırış səslənib ki, bunu qətiyyən diqqətdən kənarda saxlamaq, görməzdən gəlmək mümkün deyil. Bir qrup gənc çağırış edib ki, yazıçı Anarın siyasi mövqeyini bəyənmədiyimizə görə kitablarını yandırmalıyıq. KİTAB YANDIRMAQ! Bu həm də tarixi yandırmaqdır. Bu həm də ədəbiyyatı yandırmaqdır. Bir neçə il öncə Əkrəm Əylislinin də bir ədəbi əsərində yazdığı tariximizə kölgə salan xatalı tezisinə görə bu tanış şüarlar səsləndirilmişdi. Cəmiyyət xatalı tezislərinə görə qocaman yazarı qınadı, bir çox hallarda sərt üslubda təhqir də etdi. Bu emosiyaları bəlkə də anlamaq mümkündür, ancaq kitab yandırmaq barədə çağırış səslənəndə, dərhal güzümün qarşısına Mirzə Fətəlini, Mirzə Sabiri, Mirzə Cəlili mənəvi terrorla öldürən milli qaragüruhumuz göz önünə gəlir. Doğrudanmı bu qargüruh virusu bu qədər gəncləşərək 21-ci əsrə qədər içimizdə hökmranlıq edə bilir? Tarix boyu işğal edənlər işğal olunanın kitablarını yandırıb.Bunu dinsizlər də edib, xristianlar da, yəhudilər də, müsəlmanlar da. Ötən əsrdə də bu vəhşiliyi faşistlər, kommunistlər, yobaz dinçilər təkrarlayıblar. Hər kəs öz ideologiyasına, baxışlarına tərs düşən kitabı yandırmaqla özünə rahatlıq tapacağını düşünüb. Ancaq yer üzündə bundan iyrənc, bundan yaramaz əməl təsüvvür etmək mənim üçün həqiqətən çətindir. İnsanın cismini yandıranlar da onun fikrini yandırandan o dərəcədə təhlükəli deyil. Bu çağırışı sadəcə qınayıb keçmək olmaz, heç yazıçı Anarı da dəstəkləmək kimi addıma da ehtiyac yox, kitab yandırmaq virusunun daşıyıcılarından qorxmaq lazımdır, müqaviməti düşünmək lazımdır, gənc olsun, böyük olsun, o yerdə ki, kitabın müəllifinə ölüm hökmü kəsirlər, o yerdə ki, kitabı qadağan edirlər, o yerdə ki, kitabı yandırırlar, o yerə 22-ci əsrdə də Şeyx Nəsrullah təkrar-təkrar ölü diriltməyə gələcəkdir. O zaman milli qaragüruhun yandırdığı "Ölülər"i axtaracaqlar, hətta külünün də xiffətini çəkəcəklər.Bilmirəm, bəlkə bu millətin başqa gəncləri də bu vəhşiliyin, bu nadanlığın, bu hannibalizmin qarşısına "Kitabı qoruyaq və oxuyaq!" kampaniyası ilə çıxsalar daha islahedici bir davranış sərgiləmiş olarlar?Bu gün dünyamız vaxtilə kitab yandıran kitabsızlara görə bir çox bilgilərdən məhrumdur. Həm də hər bir kitab bir insanın zehninin, əlinin, vaxtının məhsuludur, bəyənmirsinizsə, oxumayın, evinizə götürməyin. Ancaq kitab yandıran cahil kimi yaddaşlarda qalanlardan olmayın!

Fevral 16, 2018 13:52

Mobil operatorların fırılldağı və ya SMS vurub qazan dolduranlar

""Azercell" və "Bakcell" nömrələrinə qəribə 4 rəqəmli nömrələrdən SMS gəlir ki, siz hansısa xidmətə qoşuldunuz. Günlük xərc də cəmi 59 qəpik, yəni bir aya 18 manat. Halbuki heç bir xidmətə qoşulmaq ücün xüsusi bir muraciət və s. etmirsən. Zəng vurursan mobil operatora deyir ki bu, bizim xidmət deyil filan nömrə ilə əlaqə saxlayın. Bu, onların xidmətidir. Deyirsən ki, axı dediyiniz şirkət mənim nömrəmi sizdən basqa kimdənsə ala bilməz. Nə isə zəng vurursan deyilən nömrəyə bir nəfər ya xanım, ya da bəy cavab verir ki siz internetdə filan saytlara girdikdə bizim xidmətə qoşulmuş saylırsınız. Və beləcə hətta xidməti ləğv etmək ücün 50 qəpik xərcləyirsən. Belə dəhşət olarmı ?Məmləkətimizdə kim- kimi harada tutdu çəkinmədən soyur. Yəni bilmədən hansısa xəbər saytına girdikdə bizi hansısa xidmətə qoşurlar. Bilən ləğv etdirir. Bilməyən istifadəçi illərlə soyulur. Yəni hüquqi cəhətdən dəhşətli rüsvayçı bir durumdu. "Stop" yazıb durdurmağa 2 AZN pul çıxılır.Mobil operatorlar deyir ki bizlik heç nə yoxdur. Rabitə Nazirliyinin verdiyi lisenziyalar əsasında işləyirlər bu sirkətlər. Məsələ 59 qəpikdə deyil, 100 minlər oğurlanılaraq qazanılır bu smslərlə. Təsəvvür edin ki, bu kimi fəaliyyət gostərən şirkətlər az deyil. Ən sadə yolu etibar qazanmiş səhifələrin xəbərlərini oxumaqdı. Vətəndaşı ən mədəni formada belə soyarlar.  Yoxsa yapışmısınız ki, kassadakı qız 5 qəpiyimizi qaytarmadı, qaz belə, işıq belə, benzin belə. Hələ bir nəfərə zəng vuranda onun şəbəkəyə qayıtması üçün bir neçə dəfə zəngi təkrarlayırsan, o zaman hələ hansı hesablar boynuna yüklənir, heç xəbərin də olmur. Şöhrətpərəst insanlarıq, lazım oldu-olmadı hərəmizdə də ən azı bir telefon, iki-üç nömrə, sonra da deyirik ki, məsrəfimiz çoxdur. Günün bəlkə də ən böyük məsrəfi telefonla boşuna danışmaqdan qaynaqlanır. Ona görə də mobil operatorlar bu yaralı yerimizdən ürək genişliyi ilə istifadə edərək SMS vurub qazan doldururlar.  

Avqust 11, 2017 14:46

Minlərlə türk Ağılçı, bir erməni Nalçı…

Türkiyədə ermənilərin aztirajlı, ancaq tanınmış bir qəzeti var -“Aqos”. Xatırlayırsınızsa, baş redaktoru Hrant Dinki bir neçə il öncə küçədə öldürdülər və bu hadisəni Türkiyədə əməlli başlı ermənilərin təbliğat kampaniyasına çevirdilər. “Həpimiz erməniyik!” deyənlərin bağırtılarını yəqin ki, xatırlamış olardınız. Həmin qəzetin keçmiş yazarı, hazırda türklərin “Yeni Şafak” qəzetinin yazarı olan Aris Nalçı 10 gün öncə “T24″ adlı saytda Dağlıq Qarabağa səyahətindən yazıb. Dağlıq Qarabağı müstəqil Cumhuruyyət adlandırıb, orada ermənilərin Kobanidə olduğu kimi öz evlərinin təhlükəsizliyini qoruduğunu anlatmağa çalışıb. Türkiyə Cümhuriyyətinin vətəndaşının separatçı bir bölgəni və Azərbaycan ərazisinin ayrılmaz parçasını müstəqil bir cümhuriyyət kimi tanıması, Azərbaycan dövlətinin icazəsi olmadan bir bölgəyə səyahət etməsi özlüyündə rəsmi Türkiyənin münasibət bildirməsini zəruri edən bir faktdır və bu faktın izahatı tələb ediləcəkdir. Çünki burada söhbət ayrıca bir ermənidən deyil, Azərbaycan əleyhinə fəaliyyət göstərən və onun qanunvericiliyini pozan Türkiyə Cümhuriyyətinin erməni əsilli vətəndaşından gedir. Maraq doğuran digər məsələ isə Kobani ilə Dağlıq Qarabağın müqayisəsindən gedir. Guya hər ikisində adamlar öz evlərini qoruyurlar və onların hər ikisinin bu mübarizəsini haqlı sayır. Maraqlıdır ki, həm Kobanidə, həm də Dağlıq Qarabağda mülki əhali deyilən bir anlayış demək olar ki, ciddi qəbul olunmur. Hər ikisində də terrorçular söz sahibidirlər. Kobanidəki əhalinin əksəriyyəti Türkiyənin sərhəd bölgələrinə sığınıb, Dağlıq Qarabağın mülki əhalisi isə statistikaya görə 60 min azərbaycanlı erməni vəhşiliyindən qurtularaq Azərbaycanın digər rayonlarına məskunlaşıb, 100 minə yaxın erməni əhalisinin çoxu isə iqtisadi vəziyyətin ağırlığına görə ya xarici ölkələrə gedib, ya da Ermənistanın siyasi və iqtisadi sferasında aparıcı mövqeləri işğal edərək orada məskunlaşıb. Hər dəfə məgər Ermənistanda Dağlıq Qarabağ klanının ölkə siyasətini və iqtisadiyyatını işğal etməsi barədə ittihamların səsləndiyini duymuruqmu? Əlbəttə, Dağlıq Qarabağda az sayda mülki əhali var, bunların da yaşamı məhz terrorçulara xidmət sferası ilə bağlıdır. Ona görə də Kobanidə İŞİD terrorçu qrupu kürd terrorçu qrupu ilə üz-üzə gəlib, Dağlıq Qarabağda isə erməni terrorçiları ilə Azərbaycan dövlətinin ordusu üz-üzədir. Bu necə müstəqil respublikadır ki, heç Ermənistanın özü cəsarət edib, onu rəsmən tanımır? Ona görə də, hər iki misalda müqayisəni aparanda, bunu guya məsum insanların öz təhlükəsizliyini qoruması kimi təqdim etmək, əslində terrora və terrorçulara haqq qazandırmaq niyyətindən irəli gəlir. Burada ən düşündürücü və üzücü məsələ budur ki, bir erməni Nalçı, minlərlə türk Ağılçıya öz yalanını oxutmağa cəsarət edə bilir....  

Mart 30, 2017 16:23

Həqiqətlə odla davranan kimi davranılmalıdır

Bizim cəmiyyətdə insanların əhəmiyyətli hissəsi yetişdiyi mühitin inanclarının daşıyıcılarıdır. Yəni ataların dinini yaşatmağa daha çox meyllidirlər. Halbuki Qurani-Kərimin çoxsaylı tərcümələri, dini-fəlsəfi məzmunda ədəbiyyatların həm müəllif, həm də tərcümə əsərləri olaraq geniş yayılması imkan yaradır ki, düşünərək, araşdıraraq İslam dininin mahiyyətini həmvətənlərimiz daha doğru dərk etsinlər. Bununla belə, inanclar məsələsində hər kəsin özünü haqlı sayaraq başqalarına hücum etməsi, əslində bir çoxlarını bu mahiyyətdən uzaqlaşdırmış olur. Unutmayaq ki, tarixdə bunun ən maraqlı nümunələri var. Hz. Əlini öldürən şəxs əvvəllər onun tərəfdarı olmuş bir xarici (xəvaric) idi və o, həm Hz. Əlini, həm də Müaviyəni dindən çıxmış hesab edirdi. Maraqlıdır ki, o özü də namaz qılan, oruc tutan bir müsəlman idi və öz ideyasına səmimi inanmışdı. Cizgiləri o qədər aşmışdı ki, Hz. Əli kimi nəhəng İslam fədaisinin müsəlmanlığına şübhə ilə yanaşırdı və onu qətlə yetirəcək qədər bağışlanmaz bir akta imza atdı. Buyurun, bizdə də əslində buna bənzər bir proses baş verir. Hər gün bir qibləyə yönələn, kiçik fərqlərlə bir-birindən yadlaşan minlərlə, milyonlarla insan bir-birinə qarşı amansız bir nifrət duyğusu daşımaqdadır. Təsəvvür edin ki, Hz. Ömərin ədaləti haqqında təsəvvürü olmayan bir kimsədə uşaqlıqdan hansı nifrət duyğusu formalaşa bilərdi? Eləcə də Səfəvilərdən başlayaraq Peyğəmbərin xanımına atılan böhtanlar, sahabələrə qarşı mənasız nifrət içimizdə yer almışdı. Ədalət şəhidi Ömər ibn Əbdüləzizə qədərki Əməvilər dövründə Əli və övladlarının lənətlənməsi də başqa bir nifrət nümunəsi idi. Ona görə də bu gün Azərbaycanda din siyasətində əsas vəzifə yalnız və yalnız dinin siyasətdən ayrı, hər bir insanın daxili inanc məsələsi olaraq təhlükəsiz məsafədə tutulmasıdır. Müdriklərin bir sözünü xatırlatmaq bəlkə də yerində olar: "Həqiqətlə odla davranan kimi davranılmalıdır: yaxınlaşsan yanarsan, uzaqlaşsan donarsan". İslamın da bir Haqq dini olaraq modern cəmiyyətə tətbiqində bənzər yanaşma tələb olunur. İstər şiə olsun, istər sünni, istər kürd olsun, istər türk, talış, ləzgi, istər iqtidar olsun, istər müxalifət - qiymətləndirməmdə bir meyar var: adamın problemə, prosesə baxışı ədalətlidir, yoxsa yox? Çevrəmdə çox sayda şiə inancını daşıyan dostlarım var. Ona görə dostlarım deyirəm ki, onlar heç zaman Peyğəmbərimizin qadınına namussuz demirlər, Peyğəmbərimizin, Hz. Əlinin ən yaxın silah dostlarına - Hz. Əbu Bəkirə, Hz. Ömərə, Hz. Osmana lənət oxumurlar, Peyğəmbərimizlə Hz. Əlini bərabərləşdirmirlər, sadəcə Əli və ailəsinə - Əhli-Beytə özəl bir sevgi duyurlar. Yəni İslamı lənət üzərində köklənmiş bir din olaraq görmürlər və tarixi tarixçilərə, mübahisə mövzularını isə Allaha buraxırlar. Bu insanlara hansı şəkildə mənfi duyğular bəsləmək olar? Demək ki, sağlam düşüncə sahibi olan insanların uzlaşmasında heç bir problem yox. Sadəcə, adam bir dövlətin ideologiyasını özü üçün əqidə məsələsinə çevirib ətrafa nifrət və lənət aşılayırsa, o zaman qarşı tərəfin də müqaviməti ilə üz-üzə qalır. Bu dövlətin İran və yaxud Səudiyyə Ərəbistanı olması nə fərq edər ki... İndi bizi Türkiyəçilikdə suçlayanlar, sadəcə, tarixi və insani minnətdarlıq duyğusu daşımayan adamlardır. Allah bizə Azərbaycan vətəndaşlığı nəsib etmiş və bizlər bu dövlətin adını ucaltmaq üçün mükəlləfik. Ancaq bu dövlətin qurulmasına görə biz milli qəhrəmanımız Nuru Paşanın öndərliyində vətənimizə gəlmiş Türk Əsgərinin rəşadətinə və şəhadətinə borclu olduğumuzu unutmuruq və buna görə ən çətin durumda üzümüzü çevirə biləcəyimiz yerə bir minnətdarlıq duyğusu daşıyırıq. Digər tərəfdən, nurçuluqda, vəhabilikdə, sələfilikdə ittiham edənlər həqiqətən bilgisiz və cahil adamlardır. Bunları bir-birinə necə qatıb hamıya yarlıq asırlar? Onlar heç bu görüşlərin də mahiyyətini anlamış deyillər. Çünki dində təriqət və məzhəb qəlibi içinə girmək, özünü bu qəbildən olan adlarla tanıtmaq doğru yanaşma deyil, əslində bunu edənlər İslam okeanı içində üzməyə cəsarət edə bilməyib, öz vizyonunu böyüdə bilməyib, təhlükəsiz, dar bir gölə çəkilərək məhdud bir məkanda üzərək özlərini kiçildənlərdir. İslamı, Allahın kitabı ilə Hz. Məhəmmədin (s.ə.s.) həyatını sistemli araşdıraraq, öyrənərək dərk edən səmimi və gerçək müsəlmanlar bu cür davranmazlar. Bütün bunlardan sonra bir daha dönüb İslam tarixinə baxın. O qədər mənasız təfriqələr, müzakirələr, mübahisələr görəcəksiniz ki, bunun içindən axtardığınız İslamı tapa bilməyəcəksiniz. Sözümün tamamında müasir ilahiyyatçı alimlərdən birinin sözünü xatırlatmaq istərdim: çox sayda dürüst insanları dindən uzaqlaşdıran məhz dindarların hərəkətləridir.

Yanvar 23, 2017 16:03

ABŞ demokratiya tələb edirsə…

Avropa məkanında hazırda hər kəsi düşündürən əsas məsələ ayrı-ayrı ölkələrdəki sabitlik faktorudur və bu baxımdan Azərbaycan daha cəlbedici ölkə kimi qəbul olunur. Həm də enerji layihələrində daha yaxşı alternativlər tapmaq ideyaları o qədər də uğur qazanmadı və Azərbaycanla əməkdaşlığın əhəmiyyəti artmış oldu. Sadəcə, bu qurumun Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ məsələsinə dəqiq və aydın münasibətinin olmaması əlaqələrin dərinləşmə ehtimalını xeyli azaldır. Bütün hallarda münasibətlərin inkişafı hər iki tərəfin faydasınadır və hər iki tərəf də bunun fərqindədir. Avropa İttifaqının maraqları Azərbaycanda referendum və ya seçki məsələlərinə indeksli deyil. Avropa Birliyini hazırda narahat edən məsələ enerji təchizatında Rusiyadan asılılıqdan necə qurtumaqdır. Bu baxımdan da həmin rəyin münasibətlərin məcrasını dəyişəcək qədər təsirli olacağını düşünmürəm. Bir müddət əvvəl ABŞ-da Azərbaycanla bağlı dinləmələr keçirildi. Belə müzakirələrlə bağlı həm iqtidar, həm də müxalifət təmsilçilərinin fərqli mövqeyi var. ABŞ Azərbaycanla bağlı illərdir ki, dinləmələr keçirilir. Ancaq hələ də ABŞ-ın Azərbaycan kimi ölkələri normal dinlədiyinin şahidi olmamışam. Bu cür dinləmələr, hansısa maraqların təmin olunması üçün bir manevr kimi düşünülür. Ancaq Azərbaycan tərəfinin ABŞ-ın maraqları ilə bağlı əslində maksimumları və minimumları bəllidir. Əgər bu cür dinləmələrdə ABŞ Azərbaycandan demokratiya tələb edirsə, bunun açılışı verilməlidir ki, bu, Liviyaya, Misirə, İraqa və ya Suriyaya vəd olunan demokratiyaların hansındandır? Ona görə də nə Azərbaycan iqtidarı, nə də müxalifəti o qədər sadəlövh deyil ki, bu cür dinləmələrin nəticəvi hissəsinə ciddi yanaşsın. Azərbaycanda bu cür dinləmələrə deyil, onun arxasında duran korporativ maraqlara diqqət yetirilir və bunun üzərində baş sındırılır. Ümumilikdə isə, ABŞ-ın prinsipsiz xarici siyasəti indiki məqamda Azərbaycanın faydasına ola biləcək qərarların qəbuluna ümid vəd etmir. Azərbaycan və digər sovet şinelindən çıxmış ölkələr haçan Rusiyadan uzaqlaşmışdı ki, indi də yaxınlaşsın? Biz Rusiyanın hüquq qanunlarının təsiri altında olmasaq da, cazibə qanunundan kənarda qala bilməmişik. Ukrayna da, Orta Asiya da, Qafqaz ölkələri də belədir. Burada əsas səbəb ABŞ-ın bölgə ilə bağlı siyasətinin qeyri-müəyyənliyidir. Rusiya ilə yaxınlaşmamız dünyanın siyasət okeanında baş verən fırtınalarla əlaqəlidir, bizim kimi kiçik gəmilərdə üzən dövlətlər, hansısa ”Titanik"lərin yaxınlığında fırtınanın keçməsini gözləmək məcburiyyətindədir. Rusiyanın kobud üslubu var, ancaq yaxşı və ya pis xarakterini açıq ortaya qoyan ölkədir, yəni nə istədiyini və nə verə biləcəyini aydınlaşdırmaq çətin deyil. ABŞ isə artıq dostluğu ilə düşmənçiliyi bəlli olmayan bir nəhəngə çevrilib. Türkiyə kimi ən yaxın müttəfiqini Suriyada Rusiya ilə birgə hərbi iməcilik keçirməyə vadar edən bir ölkənin Azərbaycana hansı sürprizlər hazırlayacağı təqribən aydın olur. Liviya, Suriya, İraq göz önündədir, o zaman Azərbaycanın öz qonşuları ilə sabit münasibətlər qurmaqdan başqa yolu qalırmı? Bununla belə, ABŞ-la da, Avropa Birliyi ilə də qırıcı üslubdan uzaq durmalıyıq. Çünki bu fırtınada bir təhlükə yaranarsa, heç Rusiyanın xilasediciləri də köməyimizə gəlməyəcək.      

Yanvar 6, 2017 15:48

Vətən torpağı BMT-nin təsdiq etdiyi ərazilərlə məhdudlaşmır

Biz xalq olaraq erməni ilə düşmənik, torpağımızı işğal etdiyinə görə, Qərbi Azərbaycanda, Xocalıda və Qarabağda soyqırım, etnik təmizləmə gerçəkləşdirdiyinə görə, əhalimizi qaçqın, məcburi köçkün durumuna saldığına görə! Biz dövlət olaraq da Ermənistanla düşmənik, yenə də eyni motivlərə görə! Ona görə də güclü ordu quraraq düşməni torpaqlarımızdan çıxarmaq məqsədilə ən amansız şəkildə Ermənistan ordusunun əsgərlərini və onlara qoşulmuş muzdlu qüvvələri məhv etməyə hazır olmalıyıq. Xalq olaraq Milli Ordumuzun dəstəklənməsi və güclənməsi üçün hər birimiz üzərimizə düşən borcu yerinə yetirməliyik. Lakin bu praktik addımlarla yanaşı, biz "düşmən olmaq"la "nifrət etmək" arasında məsafəni bir daha dəqiqləşdirməliyik. Xalq olaraq, dövlət olaraq düşmənçilikdən o tərəfə cılız nifrət psixologiyasını özümüzə aşılamaqla dünya düzənində mövcudluğumuzu şübhə altına almış olacağıq. Hətta o zaman dini kimliyimizə aid olan "Sizinlə savaşanlarla savaşın!" tələbini də gözardı etməyə vara biləcəyimiz də unudulmamalıdır. Bizimlə savaşmayanlara, əl uzadanlara qarşı necə, nifrət duyğularımızdan çıxış edərək düşmənçiliyi davam etdirməyi nə ilə əsaslandıracağıq? O zaman başqa suallar da ard-arda düzüləcəkdir: Hansı rusa nifrət edək? Hansı farsa nifrət edək? Hansı gürcüyə nifrət edək? Deyəcəklər ki, onlar bizim hansısa torpaqlarımızı işğal etməyiblər, ermənilərlə onları eyniləşdirmək olmaz! Məgər tarix şüurumuzda yer almır ki, Dərbəndi ruslar, Güney Azərbaycanı farslar, Borçalını gürcülər bizim əlimizdən alıblar? Dünən, bu gün, fərqi nədir, Vətən torpağı BMT-nin təsdiq etdiyi ərazilərlə məhdudlaşmır ki? İrəvan, Zəngəzur, Dağlıq Qarabağ bizim göz yaddaşımızda qalanlardır, bəs tarix yaddaşımızda qalan Güney Azərbaycanın, Borçalının, Dərbəndin dəyəri məgər İrəvan, Zəngəzur, Dağlıq Qarabağdan, Kəlbəcərdən, Laçından, Ağdamdan və başqa bölgələrimizin dəyərindən aşağıdır? Bütöv bir xalqa nifrət duyğularını əbədilik daşımaq bizə nə vəd edir? Əbədi düşmənçilik duyğusumu? Eyni qətliamları biz türklərə qarşı ruslar, farslar, gürcülər də tarixin fərqli dövrlərində gerçəkləşdirməyiblərmi? "Babalarımıza edilənlər bizə qarşı edilməyib" deyə bilmərik ki? Halbuki biz dövlət olaraq Rusiya, İran və Gürcüstanla dost ölkə olduğumuzu bəyan edirik. Ruslarla, farslarla, gürcülərlə heç bir nifrət kompleksinə qatılmadan oturub-dururuq, yeyib-içirik, ticarət edirik. Bircə Ermənistana düşmən olduğumuzu, bunun da bizdən deyil, onların işğalçılıq siyasətindən qaynaqlandığını bütün rəsmi platformalarda söyləyirik. Və hər dəfə də vurğulayırıq ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etsə, biz onunla qonşu dövlət kimi normal münasibətlər qurmağa hazırıq. Eyni şeyi Türkiyə də deyir. Bir erməninin öz dövlətinin işğalçılıq siyasətini, etnik təmizləmə siyasətini ifşa etməsi ilə bir azərbaycanlının bunu etməsi arasında fərqi ayrıca izah etməyə gərək varmı? Hər dəfə diplomatiyamız dünyanın gözünə soxur ki, Bakıda otuz mindən artıq erməni yaşayır, ermənilər vəhşicəsinə məscidləri yandırıblar, bizlər isə erməni kilsəsini şəhərin mərkəzində təmirli vəziyyətdə saxlamışıq, ardınca da multikulturalizm, tolerantlıq və s. mövzularda mühazirələr oxuyuruq. Halbuki indiyədək otuz mindən artıq himayə olunan erməni xammalından siyasi brend hazırlayıb təqdim edə bilməmişik ki, Rusiyanın himayəsi ilə azğınlığını davam etdirən Ermənistanın işğalçılıq siyasətini ifşa etsinlər, dünya arenasına çıxaraq bizim dövlətin haqlı tezislərini möhkəmlətsinlər. Bir çox insanların duyğuları anlaşılandır, dövlət də bunları nəzərə almalıdır. Ancaq dövlət siyasətində duyğular hakim ola bilməz. Biz itirilmiş torpaqları qaytarmaq üçün bütün gedişləri sınaqdan çıxarmalıyıq. Ordu ilə savaş meydanında döyüşməliyik, diplomatiya ilə masada görüşməliyik, informasiya vasitələri ilə hər bir erməni vətəndaşa təsir göstərməliyik və nəhayət, bizim haqlı tezisləri qəbul edən erməniləri BMT-nin, ATƏT-in, Avropa Birliyinin, Avropa Şurasının önünə çıxarmalıyıq. Və deməliyik ki, bu da sizin sevdiklərinizin söylədiyi həqiqətlər, buyurun dinləyin. Bizim söylədiklərimizə illərdir inanmırsınız, barı öz sevdiklərinizə, dəstəklədiklərinizə qulaq asın. Odur ki, "ilanın ağına da, qarasına da lənət" deyib keçməyin. Babalarımızın bu lənət psixologiyasının nəticəsidir ki, avropalılar ilan zəhərini müalicə üçün ən faydalı xammal olaraq istifadə edə bildilər... Sonra da bu lənət, nifrət cəhalətinin içində yüzillər boyu daldalanan bizim kimi toplumların taleyini istədikləri kimi zəhərlədilər...    

Yanvar 6, 2017 15:42

Səfəvilik – Azərbaycan türklərinin İran mədəniyyətindən qopmasının qarşısını alan əsas silahdır

Tarixlə, cəmiyyətimizlə bağlı fikirlərim Ağaoğlunun, Rəsulzadənin, Sabirin görüşlərinə tam uyğunluq təşkil edir, sadəcə onların qaragüruhun basqısı altında fikirlərini dolayı yolla söyləmək məcburiyyətində qaldıqlarını əsərləri ilə tanış olarkən dərhal sezmək olur. Bu zaman müzakirələrin açılmasının, əks arqumentlərin səsləndirilməsinin, elmi diskussiyaların aparılmasının ancaq faydası ola bilər. Səfəvilik bizim hansısa milli dəyərlərimizə uyğun deyil. Halbuki, istər Səfəvilər olsun, istər də onlardan əvvəlki Səlcuqlular olsun, bu sülalələrin idarəetmə prinsipi Sasani bürokratik mexanizminə daha çox uyğun gəlirdi. Söhbət bu gündən tarixə baxışımızda milli mirasdan gedir və səfəviliyin bizim bugünkü milli mirasa aid edilməsinin heç bir məntiqi izahı yoxdur. Göy türklərdən, Səlcuqlulardan, Qaraqoyunludan, Ağqoyunludan çox şeyləri milli miras olaraq ala bilərik. Əslində, cəmiyyətin axtardığı və çox zaman da tapdığı tarix deyil, bu gün bütün cəmiyyəti birləşdirməyə uyğun gələn mifdir. Azərbaycan türkləri üçün birləşdirici mif məhz Dədə Qorqud mifi və Dədə Qorqud mədəniyyətidir. Bu bizim bütün Türk arealı ilə iç-içə olmağımızın ən vacib elementidir. - Səfəvilik Azərbaycan türklərinin İran mədəniyyətindən qopmasının qarşısını alan əsas silahdır. Özləri üçün Dədə Qorqud mədəniyyətini əsas alanlar türk mədəniyyətini yaşadanlardır. Səfəviliyi referans alanlar millətimizin İrançı düşüncədən azad olunmamasına şüurlu və ya şüursuz şəkildə xidmət edənlərdir. Müstəqilliyə qədərki dövr üçün belə bir mifə bizim üz tutmağımız hardasa anlaşılandır. Bəli, o zaman deyirdik ki, bizim imperiyamız olub, biz dövlət qurma haqqına sahibik, şah babamız, onun ələ keçirdiyi ölkələr, 50 milyonluq xalqın haqqı və s. Müstəqillikdən sonra isə artıq xəyallar arxada qalır. BMT-yə 86 min kvadrat kilometrlik ərazi ilə daxil oluruq, bunun da faktiki bizə qalanı 66 min kvadrat kilometrdir. Bizim mirasımız Məmmədəmin Rəsulzadə və məsləkdaşlarının Rusiyanın işğalı nəticəsində İran bataqlığından qopara bilinən və ilk fürsətdə müstəqilliyini qazana bilən Azərbaycan dövlətidir. Bütün türk dövlətlərinin tarixi bizim tariximizdir, ancaq o dövlətlər ki, məhz türk dövlətçiliyi məfkurəsinə dayanır. Müstəqillikdən sonra Səfəviliyi milli miras olaraq görmək Azərbaycanı İranın bir parçası olaraq görməyə bərabərdir. Halbuki, mövcud Azərbaycan Respublikasının qurucuları məhz bu dövləti antisəfəvi tezislər üzərində qurmuşlar.- Cümhuriyyət dönəmi ilkin müzakirələrdə dövlətin adı Oğuzustan olaraq nəzərdə tutulmuşdu. Sonradan məhz İran arealından bu millətin qoparılması üçün Azərbaycan adı üzərində duruldu və buna görə İran tərəfinin xeyli təzyiqləri ilə də qarşılaşıldı. Hətta İrançı zehniyyətdən qurtulmamış Pişəvəri belə, bu adın İrana məxsus olduğunu bildirərək, Rəsulzadəyə qəti etirazını bildirirdi.              

Yanvar 6, 2017 15:30