Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino evinin təqdimatında

3 Avqust 2019 19:55

Xəbər 1467 dəfə oxunub

Avqustun 3-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino evində rejissor Elmar İmanovun “Mövsümün sonu” bədii filminin təqqdimatı keçirilib.AKİ-nin məlumatına əsasən “Mövsümün sonu” rejissorun ilk tammetrajlı filmidir. İlk təqdimat 2019-cu ilin fevralında Rotterdam kinofestivalı çərçivəsində keçirilib. Film “Parlaq gələcək” (“Bright Future”) müsabiqəsində iştirak etmiş və FİPRESSİNİN (Beynəlxalq kinopressalar Federasiyası) mükafatı ilə təltif edilmişdir. 2019-cu ilin iyununda “Mövsümün sonu “Zerkalo” Beynəlxalq Kinofestivalının əsas müsabiqəsinə daxil oldu, onun nəticələrinə görə iki mükafata – “Nadir müəllif baxışına görə” mükafat və “Səs” gənc tənqidçilərin münsiflər heyətinin mükafatına layiq görülüb.“Mövsümün sonu” filmi Bakı tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb. Nümayişdən sonra filmin müzakirəsi aparılıb. Filmin təqdimatında  Azərbaycan mədəniyyəti və incəsənətinin bir qrup nümayəndəsi iştirak edib: dirijor Ramiz Məlik-Aslanov, aktrisalar Sənubər İsgəndərli və Şükufə Yusupova və b. Aktrisa Zülfiyyə Qurbanova “Mövsümün sonu” filmindəki baş rolun psixoloji cəhətdən incə ifasına görə Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino mükafatına layiq görülüb.xeber100.com

BABA VƏZİROĞLU: Rüstəm İbrahimbəyov dünyada Azərbaycan mədəniyyətinin, kinosunun vizit kartı idi

Ədəbiyyat adamı hadisələrə fərqli prizmadan yanaşır, çoxlarının görə bilmədiyini hiss edərək, duyaraq, gördüklırini analiz edərək, bir sözlə yüz ölçüb, bir biçdikdən sonra öz fikrini irəli sürərək ortaya mövqe qoyar. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu da məhz o şəxslərdəndir ki, sözün qədrini bilərək, sözdən söz xatirinə deyil, əksinə qiymətli bir kitab kimi oxuyub həzm etdikdən sonra öz fikrini bildirər. Son vaxtlar Azərbaycan Kinematoqrafçılar İttifaqının  ətrafında cərəyan edən yersiz söz-söhbətlərə son qoymaq, lazımsız fikirlər qarşısında tutarlı kəlimlərdən istifadə edərək fikir bildirən birinə ehtiyac hiss olunurdu ki, bu zaman Söz ustası Baba Vəziroğlu AKİ-nin fəaliyyətini əhatə edən yüksək səviyyəli və geniş çıxışı ilə sükutu pozdu. Xeber100.com şairin teleqraf.com-a verdiyi müsahibəni təqdim edir:    - Baba müəllim, Fatimə İbrahimbəyova ittifaqın konfransında türkdilli ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının yaradılması təklifi ilə çıxış etdi. Bu təklifə münasibətiniz necədir? - Fatimə xanım böyük şəxsiyyət Rüstəm İbrahimbəyovun qızıdır və gözünü kinoda açıb. Kinonun texnoloji, ideoloji tərəflərinə yaxşı bələd olan insandır. Rüstəm müəllim SSRİ dağılandan bəri MDB və Baltikyanı ölkələrin Kino İttifaqları Konfederasiyasının prezidenti idi. Mərkəzi də Moskvada yerləşirdi. Müəyyən obyektiv və subyektiv səbəblərdən artıq bu ittifaqın mümkünlüyü şübhə altına alındı və belə demək olarsa, süqut elədi. Bu fikir bizim də xəyalımızda dolaşmaqda idi. Amma sağ olsun ki, Fatimə xanım bu fikri Kinematoqrafçılar İttifaqının konfransında səsləndirdi və hamı tərəfindən alqışlarla qarşılandı. Artıq bu həlli çatmış məsələdir və indi onu əmələ çevirmək lazımdır. Konfrans bizə - katibliyə tapşırıq verdi ki, yaradılacaq olan konfederasiyanın ideoloji əsaslarını, nizamnaməsini, prinsiplərini, proqramını, maliyyə fondunu, ora daxil olacaq ölkələri müəyyənləşdirək. Daha sonra növbəti iclaslarda birgə müzakirə edib, qəbul edək. Düşünürəm ki, bu konfederasiya türk dövlətlərinin kino ittifaqlarının inteqrasiyası, kino sənayesinin bir-birinə bağlılığı baxımından böyük əhəmiyyət daşıyacaq. - Konfederasiyada Türkiyənin iştirakı gözlənilirmi? Fatimə xanım saytımıza açıqlamasında MDB-yə daxil olan türkdilli ölkələrin - Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistanın adını çəkib. - Türkiyəsiz Türk dünyası yoxdur. Ola bilər, Fatimə xanım bunu mexaniki unudub. Türkiyəsiz bu, dediyimiz MDB ölkələrinin daxil olduğu konfederasiyanın bir hissəsi olacaq. Mənə belə gəlir ki, coğrafiya daha geniş olmalıdır. Onun mərkəzlərindən biri Bakı ilə yanaşı İstanbul, Ankara, Almatı, Aşqabad da ola bilər. -Necə düşünürsünüz, türkdilli ölkələr bir-birilərinin filmlərindən xəbərdardılarmı? -Yetərincə xəbərdar deyilik. Əvvəllər MDB ölkələri arasında sıx əlaqəlar vardı, tez-tez qarşılıqlı səfərlər baş tuturdu, kino nümunələrinin mübadiləsi reallaşırdı. İndi o sistem tamamilə dağılıb. O dövrün kino və ümumiyyətlə mədəni inteqrasiyası hazırda həsəd aparılacaq qədər güclü idi. Məhz ona görə bu ideya yarandı. Axı, bu tellər var idi. Sadəcə onu bərpa etmək lazımdır. Mərhum Rüstəm müəllim bu sahədə böyük işlər görürdü. Onun yaratdığı “Şərq-Qərb” festivalında MDB-dən kənar bir çox ölkələr iştirak edirdi. Amerika, Fransız filmləri həftəsi olurdu. Türk filmləri nümayiş olunurdu. Türkdilli ölkələrin kinosu adı altında yaranacaq qurum vasitəsilə bütün türkdilli ölkələrin nümayəndə heyətlərinin burada iştirakı vacib prosedura çevriləcək. Ondan əlavə dünya kinosu burada təmsil olunacaq. Türk kinosu dünya kinosunun sərhədlərindən kənarda deyil. Bu mənada ideyanı bütün kinematoqrafçılarımız dəstəkləyir. Lazimi proqramı, nizamnaməni hazırlayandan sonra dövlətin dəstəyinə ehtiyacımız olacaq, cənab Prezidentə müraciət edəcəyik. Mənə elə gəlir ki, dövlətlər özləri də belə bir qurumun yaradılmasına ehtiyac hiss edirlər. Çünki iqtisadi, siyasi, media əlaqələr ölkələrin birliyi üçün yetərli deyil. Kino rəhmətlik Lenin demişkən, incəsənətin ən vacib növüdür. Bu vacib növ olmadan ölkələrin yaxın təması mümkün deyil. Bu ideyanı Fatimə xanım səsləndirsə də düşünürəm ki, bu, zamanın ideyası, tələbi idi. Sadəcə onun dilindən bunu eşitdik və dəstəklədik. - “Şərq-Qərb” festivalından söz düşmüşkən, festivalın bərpası mümkündürmü? - İndi haqqında danışdığımız konfederasiyanın işi qaydaya düşəndən sonra ilk işlərindən biri müştərək festivalın təşkil olunmasıdır. Ola bilər ki, “Şərq-Qərb” adı dəyişsin, amma düşünürəm ki, bu çox uğurlu addır. Ölkələrin bir-birinin kino sənayesi ilə tanışlığı necə mümkün olur? Əlbəttə, istehsal olunan filmlərin tanışlığı ilə başlamalıdır. Biz bilməliyik ki, Türkmənistanda nələr çəkilir. Bir həftə türkmən filmləri həftəsi, bir həftə qazax, türk filmləri həftələri keçirilsin. Mən özüm ittifaqın katibi olaraq bütün dünya kinosu ilə tanışam, amma məhz türkdilli ölkələrin kinosu ilə yetərincə tanışlığım yoxdur.Türk coğrafiyası çox genişdir: Mərkəzi Asiyada, Tatarıstanda, Ruminiyada, lap Rusiyanın Sibirində- Yakutiyada hansı filmlərin çəkildiyini bilmirik. Həmçinin onlar da bizdə çəkilən filmlərdən məlumatlı deyillər. Arzu edirəm ki, konfederasiyanın işi qaydasına düşsün və biz türk kinosunun birliyini yarada bilək. Və gələn söhbətimizdə “bilmirik” kəlməsini işlətməyək. - Baba müəllim, Rasim Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi kino xadimləri arasında birmənalı qarşılanmadı və Rasim müəllimin kino cameəsində parçalanmaya səbəb olduğu da iddia edildi. Son günlər baş verən hadisələrə, söylənilənlərə sizin fikrinizi bilmək istərdim. - Mən ittifaqa sədr seçilməsi prosedurunu izah etməklə başlamaq istəyirəm. Kinematoqrafımızın qaymaqları Azərbaycan Kinematoqrafçılar İttifaqında birləşib. Belə də olmalıdır. İdeyası Cəfər Cabbarlı tərəfindən yaranmış, 1963-cı ildə Lətif Səfərov tərəfindən təməli qoyulmuş bir ittifaqdır. Təəssüf ki, biz böyük sənətkarımız Rüstəm İbrahimbəyovu itirdik. İttifaq başsız qala bilməzdi. Heç kim heç kimi əvəz etmir. Rüstəm müəllimi əvəz etmək mümkün deyil. Amma Rasim Balayevi də əvəz etmək mümkün deyil. Hər bir insan əvəzsizdir. Mənə görə insanları müqayisə etmək zərərli vərdişdir. Kinematoqrafçılar İttifaqının əvvəl katibliyi, daha sonra geniş tərkibdə heyəti toplanaraq qərara gəldi ki, alternativsiz Rasim Balayevin namizədliyini irəli sürək. Daha sonra konfransda iştirak edən üzvlərimizin yekdil səsi ilə Rasim Balayev itifaqın sədri seçildi. Rasim Balayev səhhəti ilə bağlı çox tərəddüd edirdi. Amma biz ona dedik ki, sən uzun illər kinoya xidmət etmisən, bundan sonra kənara çəkilməyə haqqın yoxdur. İndi də gəl, kinonun mərkəzində ol, kino ailəsinə başçılıq elə. Sənə çox əziyyət verməyəcəyik. Sən sadəcə rəhbərliyini elə, katiblikdə Anar müəllim, kino məktəbinin rəhbəri Oleq Səfərəliyev, Mədəniyyət Nazirliyində uzun illər kino işlərinə nəzarət edən şöbənin müdiri Cəmil Fərəcov, mən, illərin ən gözəl kino ulduzlarından biri Həmidə Ömərova, gecə-gündüz özünü kinoya həsr edən ən fədakar katib – Əli İsa Cabbarov və digərləri var. Belə bir katibliklə sənə işləmək asan olacaq. Nəhayət, razılaşdı. Sevinirəm ki, belə bir fakt tarixə çevrildi. İndi mən müəyyən qüvvələrin məntiqini heç cür anlaya bilmirəm. Logikasını, əxlaqını da anlamıram. Görün dünyada olmayan insan - Rüstəm İbrahimbəyov haqqında nələr yazırlar, deyirlər. Rüstəm İbrahimbəyov dünyada Azərbaycan mədəniyyətinin, kinosunun vizit kartı idi. Onun haqqında belə danışan adamlardan ayrı nə gözləyəsən? Rüstəm müəllim Şərq aləmində ilk dəfə Oskar alan azərbaycanlıdır. İlk dəfə şərqlə Avropa stilinin sintezindən ibarət olan “İbrus” teatrını yaradan adamdır. Azərbaycan film kortatekasında Rüstəm İbrahimbəyovun Rasim Ocaqovla çəkdiyi filmlər çox önəmli yerə sahibdir. O filmlər ki, Azərbaycan kinosuna yeni nəfəs gətirib, milyonların sevimlisi və hər gün sevə-sevə baxılan filmlərdir. Rüstəm müəllimin pyesləri dünyanın 100-dən çox teatrında tamaşaya qoyulub. Bütün bunları edən adam azərbaycanlıdır. Belə bir insanın ünvanına hədyanlar yağdıranlardan nə gözləyəsən? Bir az dərindən fikirləşəndə onları da başa düşürəm. Rüstəm müəllim hər mənada qüdrətli, çəkisi olan insan idi. Sağlığında onlar cürət edib ittifaqa hədyanlar yağdıra, güc göstərə bilmirdilər. Rüstəm müəllimin vəfatı sanki onlar üçün göydəndüşmə bir fürsət oldu, düşündülər ki, ittifaq dağılacaq. Amma qəfil məlum oldu ki, ittifaq dağılmır, ənənələr davam edir. Biz özümüzü toparlayıb sədr seçdik və o sədr Azərbaycan kinosunun simasıdır. Bu məqamda onların əsəbləri dözmədi, içlərilərindəki kin, düşmənçilik üzə çıxdı. Amma bilmirəm bu düşmənçilik haradan qaynaqlanır, çünki hamımız Azərbaycan kinosuna xidmət edirik. Deyirlər ki, dövlət Rasim Balayevi ora təyin edib. Bu dərəcədə səviyyəsiz sözlər danışılır. Bu, seçkili orqandır. Biz də 200 nəfərin içindən ən layiqli namizəd seçmişik. Burada başqa nə ola bilər ki? Rüstəm müəllim cəsarətli, sözü üzə deyən, konyukturaya getməyən adam idi. Ona görə Heydər Əliyev, İlham Əliyev onu çox istəyirdi. Cəsarətli, düz danışan insandan heç kimə ziyan dəyməz. Əksinə, məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edən yaltaq insanlardan qorxmaq lazımdır. Hər şey gözümüzün qarşısında oldu. Hamımız bilirik ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı necə yarandı... Daha doğrusu, onu necə yaratdılar. Onlar deyirlər ki, biz yaratdıq. Amma o ittifaqı Ramiz Mehdiyevin başçılıq etdiyi bir qrup - Rüstəmi düşmən elan etmək, Prezidentin ətrafını zəiflətmək istəyən və bu gün ifşa olunub hərəsi bir dərədə gizlənən korrupsiyaçı, düşmənin lehinə işləyənlər yaratdı. Rüstəm müəllimin başçılıq etdiyi ittifaqı gözdən salmaq, dağıtmaq üçün... Qeydiyyata alınmadığına görə Respublika sözünü də əlavə etdilər. Beləcə gözümüzün qabağında yaranan bir ittifaq oldu. Ona görə də heç kim onu yaratmaqla kinoya böyük xidmətlər göstərməsi adıyla qürrələnməsin. Onu da deyim ki, çox vicdanlı kinematoqrafçılar, ölkə kinosu üçün böyük xidmətləri olan insanların heç biri Ramiz Mehdiyev dəstəsinin onlara göstərdiyi konfetə aldanmadı. Kinematoqrafçılar arasında vicdanlı, sədaqətli insanlar da var. Onların böyük əksəriyyəti kinematoqrafçılar İttifaqının krizis dövrlərini şükranlıqla keçdilər. Bir gün gələr haqq-ədalət yerini tapar deyərək... Doğurdan da bir gün gəldi. Rüstəm müəllim ali səviyyədə dəvət olundu. Kinematoqrafçılar İttifaqı yenidən öz məcrasına qayıtdı. Bunu oradakı bir çoxları - vaxtilə onunla çörək kəsmiş, birlikdə kinoya xidmət etmiş, evində olan və nəhayət, dost sanılan bir çox xəyanətkar insanlar bunu həzm edə bilmədilər. Ona görə stəkanda tufan qoparmağa çalışdılar. - Rasim Balayev ilk gündən ittifaqların birləşməsi fikri ilə çıxış etdi. Necə düşünürsünüz, ittifaqlar birləşə bilərmi? - Mənə elə gəlir ki, bu, təbii prosesdir. Sonradan süni şəkildə yaradılmış ittifaq çox yaşaya bilməz. 1963-cü ildə təməli qoyulmuş əzəli, əbədi Kinematoqrafçılar İttifaqı var və Azərbaycan kinematoqrafçılarının qaymağı orada cəm olub. Gec-tez o biriləri də məşhur filmdəki sözdən sitat gətirərək cavab verəcəm: səhv eləmisən, götür tüfəngi keç bizim tərəfə. Yəqin ki, onlar da bir gün səhv etdiklərini anlayacaqlar. Və “çörəyə xəyanət”, “dosta xəyanət” damğasından qurtulmaq üçün haqq yoluna qayıdacaqlar. Gəlib öz doğma ittifaqlarında təmsil olunacaq, seçiləcəklər. Nə Rasim müəllim, nə Anar müəllim, nə mən əbədi deyiləm. Gəlib bütün işləri öz əllərinə alacaqlar. Əlbəttə, gələcək cavanlarındır. Bu gün Kinematoqrafçılar İttifaqına cavanlar axın edir. Hər ay bəlkə də onlarla cavan bizim ittifaqa üzv olmaq istəyir. Bizim ittifaq bu gün əsasən cavanların ittifaqıdır. - Bunu necə izah edirsiniz? - Onlar üçün həm mənəvi, həm maddi imkanlar yaradılır. Ustad dərsləri keçirilir, müsabiqələr elan olunur. Ən yaxşı ssenari, ən yaxşı rejissor işinə böyük məbləğdə pullar ayrılır. Bunu ittifaqın öz büdcəsindən, hətta kənardan sponsorlar cəlb edərək ayırırıq. Tərcümə kimi ağır işi Kinematoqrafçılar İttifaqı öz üzərinə götürür. Gənclərin filmlərini əcnəbi dilə tərcümə edib, xarici festivallara göndərir. Kinematoqrafçı qayğı hiss etməsə bu addımı atmaz. Amma o bizim ittifaqda o qayğını görür. Bizm ittifaqın qapıları 24 saat onların üzünə açıqdır. Həsən Seyidbəyli-18 ünvanı bizim kinematoqrafçılarımızın isti ocağıdır. İsti evdən, ocaqdan kim aralı düşər?    

İyun 15, 2022 12:59

Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Mayın 31-də Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyətinin konfransı keçirildi. Konfransı açıq elan edən AKİ katibi, rejissor Əli İsa Cabbarov öncə Xalq yazıçısı Rüstəm İbrahimbəyovu 1 dəqiqəlik sükutla yad etməyi təklif etdi. Daha sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının gördüyü işlərlə bağlı ümumi məlumat verdi. İlk söz Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Xalq yazıçısı Anar Rzayevə verildi. A.Rzayev öz çıxışında ittifaqın sədrliyinə Xalq artisti Rasim Balayevin namizədliyinin irəli sürüldüyünü qeyd etdi açıq səsvermə ilə seçki keçirilməsini təklif etdi. Xalq yazıçısının təklifi konfrans iştirakçıları tərəfindən qəbul olundu və açıq səsvermə ilə Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçildi, eyni zamanda AKİ İdarə Heyətinin əvvəlki tərkibi saxlanılmaqla, yeni tərkibi təsdiq olundu: Anar Rzayev(Xalq yazıçısı) Rasim Balayev(Xalq artisti) Firəngiz Qurbanova(Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar incəsənət xadimi) Cəmil Fərəcov(Kinorejissor, Əməkdar incəsənət xadimi) Baba Vəziroğlu(Şair, tərcüməçi, Əməkdar incəsənət xadimi) Əli İsa Cabbarov(Kinorejissor, prodüser, ssenarist) Oleq Səfərəliyev(Kinorejissor) Ziya Şıxlinski(Kinorejissor) Əsəd Əsədov(Səs operatoru, Əməkdar mədəniyyət işçisi) Nizami Abbas(Rejissor, Əməkdar incəsənət xadimi) Tahir Tahiroviç(Rejissor) Həmidə Ömərova(Xalq artisti) Şükufə Yusupova(Xalq artisti) Lalə Əfəndiyeva(Prodüser, “Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondu” İctimai Birliyinin direktoru) Mirbala Səlimli(teatr və kino rejissoru, Əməkdar incəsənət xadimi) Cavid İmamverdiyev(Rejissor, ssenarist, prodüser) Məbud Məhərrəmov(Xalq artisti) Qulu Məhərrəmli( Filologiya elmləri doktoru, professor) Nadir Bədəlov(Sənətşünas, ssenarist) Rövşən İsax(Rejissor), Fatimə İbrahimbəyova(MDB Ölkələri Kino İttifaqları Konfederasiyasının təşkilat katibi, prodüser. Qeyd edək ki, konfransda kinorejissor Elxan Qasımov, AKİ katibi, Xalq artisti Həmidə Ömərova, Əməkdar mədəniyyət işçisi Rahib Azəri, AKİ İdarə heyətinin üzvü, Xalq artisti Məbud Məhərrəmov, aktrisa Zülfiyyə Qurbanova, kino tənqidçisi Sədaqət Kamal çıxış etdi. Elxan Qasımov öz adından və görkəmli səs mühəndisi Əsəd Əsədovun adından çıxış edərək Rasim Balayevi dəstəklədiklərini bildirdi və hər dəstəyə hazır olduqlarını xüsusilə qeyd etdi. Məbud Məhərrəmov İbRUS Teatrının fəaliyyətinin bərpa olunmasının vacibliyini qeyd etdi. Zülfiyyə Qurbanova Azərbaycan Kinematoqrafçılar İttifaqının gənc aktrisalara, aktyorlara olan dəstəyini, festivallarda iştirak etmələri üçün yaratdığı şəraitdən danışaraq öz təşəkkürünü bildirdi. Sonda söz Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri Rasim Balayevə verildi. R.Balayev uzun illər Rüstəm İbrahimbəyovla birgə addımladığı yoldan bəhs  edərək hazırda daha böyük məsuliyyət yükünün üzərinə götürdüyünü bildirdi. Onu da xüsusilə qeyd etdi ki, öncə tərəddüd etməsinə baxmayaraq artıq bütün tərəddüdlərinə son verib və inanır ki, yeni başlayan mərhələdə Azərbaycan Kinematoqrafçılar İttifaqınən sədri olaraq üzərinə düşən vəzifənin öhdəsindən gəlməyə çalışacaq. AKİ sədri qeyd etdi ki, 1990-cı illərdən ittifaqın birinci katibi olub: “Rüstəm İbrahimbəyovla dostluğumuz 30 ildən çox idi, amma 23 il birlikdə işləmişik. Təxminən onun dəsti-xəttini, onun nəyə daha çox diqqət yetirdiyini bilirəm. Kino məktəbi və digər məsələlər…Çalışacam ki, həmin o xətti özü kimi də olmasa özüm bacardığım kimi davam etdirim. Təbii ki, kollektivin böyük köməyi olacaq”. AKİ-nin yeni sədri ona göstərilən bu diqqətə görə, konfrans iştirakçılarına öz təşəkkürünü bildirdi.xeber100.com

May 31, 2022 15:13

Həsən Seyidbəyliniin 100 illiyinə həsr olunmuş kitab nəşr olunub

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il görkəmli yazıçı, ssenarist, rejissor və kino təşkilatçısı Həsən Seyidbəylinin anadan olmasının 100 illik yubileyi təntənəylə qeyd olunur. Yubiley münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə, Həsən Seyidbəyliniin 100 illiyinə həsr olunmuş kitab nəşr olunub. H.Seyidbəylinin 17 il sədr kimi rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı da məşhur ekran ustasının xatirəsinə öz töhfəsini vermək üçün tədbirlər planı hazırlayıb. Onun haqqında məqalələr toplusunun nəşri də həmin tədbirlər planından biridir. Qeyd edək ki, müəllif tərəfindən Həsən Seyidbəyli/Şəxsiyyət və Yaradıcı/ adlandırılan kitabda  görkəmli sənətkarın son 50 ildə filmlərinə yazılmış resenziyalar, yaradıcılığını əhatə edən, çoxcəhətli fəaliyyətinə həsr olunmuş məqalələr, çəkiliş məqamlarının kadrarxası və onun şəxsiyyətini xarakterizə edən müsahibələr yer alıb. Kitabda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun, Azərbaycan Kinematoqrafçlar İttifaqının katibi Anarın, kinoşünas Aydın Kazımzadənin, Mehdi Mükərrəmoğlunun, eləcə də bir çox kino yazarlarının rejissor haqqında ollan, onun yaradıcılığından bəhs edən məqalələr yer alıb. Rüstəm İbrahimbəyov kitabda-rejissor haqqında söylədiyi fikirlərdə maraqlı bir məqamı diqqətə çəkib: “Həsən Seyidbəyli məhz “Sən niyə susursan” filmi ilə təfəkkür durğunluğunun lillənmiş suyuna daş atdı”. Anar isə rejisor haqqında söylədiyi fikirlərdə deyib: “Həsən Seyidbəyli bədii yaradıcılıqda iki istiqamət – ədəbiyyatla kino arasında qalmışdı. Kino onun sənəti, ədəbiyyat isə istedadı idi”. Kitabın məüllifi Nəriman Əbdülrəhmanlı giriş sözündə rejissoru əsasən yazıçı, ssenarist, rejissor və kino təşkilatçısı kimi xarakterizə edərək bildirib ki, yetərincə ekran təcrübəsi olan, kinoda öz mövzuları ilə tanınan H.Seyidbəyli eksperimentlər aparmaqdan, özünü başqa janrlarda sınamaqdan da çəkinməyib. Həsən Seyidbəyli/Şəxsiyyət və Yaradıcı/ adlandırılan toplunun tərtibçisi Nəriman Əbdülrəhmanlı, redaktoru Sevda Sultanova, nəşrə məsul Əli İsa Cabbarovdur. Toplu Azərbaycan Kinematoqrafçılar İttifaqının “Kino sənətkarlarımız” seriyasından ilk nəşridir. Azərbaycan Kinematoqrafçılar İttifaqından verilən xəbərə görə, kino tariximizin geniş təbliği üçün “Azərbacan kino sənətkarları” seriyasından növbəti kitab Lətif Səfərova həsr olunacaq. Bundan başqa 122 illik kino tariximizin geniş işıqlandıran “Azərbaycan kino sənəti tarixi” 4 cildliyi də yaxın həftələrdə nəşr olunacaq.xeber100.com  

Dekabr 7, 2020 13:30

“Üç peyğəmbər” xalçasında ilmələrin hikməti

Eldar Mikayılzadənin 2003-cü ildə ərsəyə gətirdiyi “Üç peyğəmbər” xalçası nadir sənət nümunələrindən biri hesab olunur. Xalçanın adından da göründüyü kimi, burda ilmələrin hikməti üç peyğəbərin yaranışdan dini təbliğatla məşğul olması, insanlar arasında sülhə, sevgiyə olan çağırışın nüminəsidir. Xalçaçı rəssamın sadəcə bir nümunəsində dünyaya sülh çağırışı, yaranışı yada salma və insanlıq arasında bütün bağların daha da dərinləşməsi öz əksini tapır ki, hazırda da bütün dünyanın elə buna ehtiyacı var. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov facebook səhifəsində rəssamın xalçasının reproduksiyasını paylaşaraq bildirir ki, Azərbaycan ideoloji aqresiyaya da məruz qalır: “Biz isə elə bir regionun, elə bir fəlsəfi, mental mirasın vərəsələri və geopolitik vəziyyətin girovlarıyıq ki, ideoloji ekspansiyaya məhkumuq. Şəms Təbrizi Anadolunu, Nəsimi ərəb aləmini, Nizami fars dilli ədəbiyyat, elm dünyasını fəth etdiyi kimi, XXI əsr çağırışlarına cavab verən ideoloji məhsullar ortaya çıxarmalıyıq. “Üç peyğəmbər” xalçası görüləcək işlərin 1000 – dən biridir. Dinlər arası sərhədləri pozan islam mistisizmi, hansı ki, Azərbaycan ədəbiyyatının mayasıdır, bu ideoloji məhsullara yaxşı bünövrə ola bilər. İqtidar multikulturalizm deyə – deyə bu işə əvvəldən başlayıb. Bir az da kreativ yanaşma lazımdır. Erməni ağlaşması isə bu ideoloji ekspansiyanı  mütləq edir. Əslində 3 səmavi dinin fövqündə və sintezində dayanan dəyərlərin vətəni Azərbaycandır. Bu brendi “bayrakdar” dronları kimi başlarına çırpmaq lazımdır”. Rejissor 3 səmavi dinin fövqündə və sintezində dayanan konseptin marketoloji potensialını qeyd edərək  daha sonra əlavə edir ki, bu konseptlə qlobalistləri də tərəfimizə çəkmək olar, daunşiftinq aşiqlərindən tutmuş hippilərəcən, kosmopolitlərdən tutmuş pasifistlərəcən. Eyni zamanda rejissor əməli təkliflər də verir: “Bu fəlsəfəni əsk edən musiqilərin, filmlərin sifarişi və eksportu vacibdir. Günü bu gün Alim Qasımovla Bakı Provaslav kilsəsinin,  yəhudi duaları ilə sintez edib, klipin Məşhur  İslandiya müğənnisi Byorkun Alim Qasımovun yaradıcılığndan riqqətə gəlməsini nəzərə alaraq birgə audiovizual məhsulun yaranması və yayılmasına yatırım etmək lazımdır”. Əli İsa Cabbarov  onu da qeyd edir ki, kinematoqrafiya da ideoloji ekspansiyadan geri qalmamalı, bəlkə də ən ön sıralarda olmalıdır. Ssenari müsabiqələri elan ediləndə, dövlət studiyaları ssenari planını formalaşdıranda xalqımızın bu missiyasını nəzərə almalıdır. Təbii kino ilk növbədə sənət əsəridir. Amma əsərin sənət keyfiyyətinə zərər vurmamaq şərti ilə ideoloji iş nəzərə alınmalıdır.

Noyabr 23, 2020 14:24

Əli İsa Cabbarov: Türk zolağının yaranması fantastik nəticədir

Tarixi kökə malik olan Azərbaycanımız uzun illər yadellilərin işğalına məruz qalıb, xalq olaraq haqqlarımız əlimizdən alınıb. Çörəyimizi yeyib, suyumuzu içənlər, loru dildə desək, Azərbaycanın hesabına yaşayanlar namərdcə kürəyimizdən vurmağı belə özünə ar bilmədi. Doğrusunu desək, bu kimi səbəblərdən daima qorxu içində qaldıq, şübhələrimiz bizləri tərk etmədi. Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlməsini isə heç cür həzm edə bilmirik. Atəşkəs bəyanatı imzalandıqdan sonra Ali Baş Komandan öz çıxışlarında bu barədə geniş məlumat verərək, narahatçılığa heç bir əsas olmadığını söylədi və onu da mesaj olaraq bildirdi ki, mübarizə davam edir, bu məsələlərin sonuna qədər gediləcək. Hərbi ekspertlər, siyasi analizçilər, ümumiyyətlə isə əksər sahənin adamları,  prezidentin bu çıxışından sonra hər kəs öz bildiyi  formada, dünyadakı proseslərlə müqayisəli şəkildə baş verənləri analiz etməyə çalışdılar. Bütün bunların hamısı xalqın narahat fikirlərdən xilas etməyə kökləndi. Daima xalqın içində olan rejissor, Azərbaycan Knematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov da hadisələri analiz edərək xalqa müraciət etdi. Ə.İ.Cabbarov deyir ki, kənar təzyiq olmasaydı belə, Azərbaycan Ordusunun Xankəndinə girməsi, dövlətimizə 45 günün qalibiyyətlərini heçə endirə biləcək siyasi bəlalar gətirə bilərdi: “Dünya bizi humanitar faciəyə səbəb olmaqda, yumşaq genosiddə ittiham edərdi, Rusiya artıq başladığı hərbi yardımı fəallaşdırardı. İmzalanan bəyanatın nəticəsidir ki, Xankəndinə Şuşadan nəzarət edirik. Qış aylarında isə Şuşadakı itkilərdən 5 dəfə çox itki və vaxt tələb edən Kəlbəcəri bir güllə atmadan azad edirik, hələ Ağdam və Laçını demirəm. Şübhə etmirəm ki, Xankəndinə hərbi müdaxilə formal hərbi qalibiyyətlə yanaşı, onilliklərlə uzanacaq siyasi problemlər və fərdi terror qurbanları gətirərdi. Rusiya Kəlbəcərdə elə müqavimət mərkəzi yaradardı ki, nəticədə bu mərkəzin illərlə sönməməsinə şərait yaradardı. Bunun üçün Kəlbəcərin ideal coğrafi şəraiti var. Azərbaycan Ordusunun Xankəndinə girməməyinin dünyaya siyasi mesajının (torpaq bizimdir, amma onlar da yaşasın) verdiyi dividentlər isə çox yüksəkdir”. Rejissor qeyd edir ki, rus sülhməramlılarını siyasi gediş kimi qəbul edib, sülməramlı heyətlə hərbi baza arsında fərqi görmək lazımdır: “Azərbaycanda hələlik heç bir ordunun bazası yoxdur. Məsələn, Türkiyədə var, Ermənistanda var, hətta bir çox ölkədə var, ancaq Azərbaycanda yoxdur. 45 günlük müharibədə Rusiyanın müdaxilə etməməsi əvəzində ona simasını saxlamaq üçün yüngül silahlanmış hərbi hissəsisini Azərbaycana buraxmaq çox effektli siyasi gedişdir. Paradoksal faktlar da var tariximizdə: Gəncədə rus diviziyası olanda Qarabağda hücum edib, qələbə çalırdıq ( o cümlədən onların köməyi ilə), diviziya çıxan kimi Kəlbəcər getdi və ondan sonra aran Qarabağın getməsi texniki məsələ idi. İndi isə bu bəyanat heç bir gülləsiz Kəlbəcəri qaytarmaq şansı verir. Hələ KTMT-na (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) bir dəfə girib çıxmağımızı demirəm ( yəni bu dəfə girənlərdə vaxtı gələndə çıxacaqlar, müqavilə müddətindən də tez)”. AKİ katibi onu da qeyd edir ki, qafası 92-də qalanlar 21-ci əsrin 3-cü onilliyin astanasında elə bilirlər ki, dövlətlərin nəzarət mexanizmi tankın harda dayanmasından aslıdır: “Nə qədər gülünc! Rusiyanın, ABŞ və BB-nın ölkəmizə nəzarət mexanizmləri o qədər çoxdur ki, tank yerləşdirmək artıq xərcdən başqa şey deyil. Bütün bunlarla yanaşı, rus tankının erməni mövqelərinə girməsinə qədər, aylar öncədən Türk ordusunun Azərbaycanda olmasını demirəm. Səbrlə bəyanatın bütün maddələrinin həyata keçməsi üçün işləmək, mətnarası mətləblərdə də xeyrimizə olması üçün hərəkət etməliyik. Bu gün bir nəfər də olsun azərbaycanlı şəhid olmayıb! Bu gün bir nəfər də olsun azərbaycanlının başına smerç yağmayıb! Bu gün minlərlə ana balasından arxayın yatıb! Bu gün minlərlə əsgərin sevgilisinə qovuşacağına ümidi daha da işıqlanıb! Bir neçə gündən sonra 6000 şəhid verən Ağdama qovuşuruq! 6000 şəhidin ruhu sevinəcək! Azərbaycan adlı karvan, əsgəri, Ali Baş Komandanı, gənci, ağsaqqalı ilə birlikdə yol gedib Şuşanı azad edib! 3 həftə içində qan axıtmadan Kəlbəcərə, Ağdama, Laçına qovuşuruq! Taksiyə oturub Naxçıvana getmək şansı qazanırıq! Vaxtı ilə ulu öndərimiz Heydər Əliyev bu təklifi Rusiyanın baş naziri (1992-1998) Viktor Stepanoviç Çernomırdinə deyəndə, o, "Türk zolağı yaratmaq istəyirsiz?" demişdi. İndi isə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Türk zolağının yaranmasına qol çəkdi. Fantastik nəticədir!”xeber100.com      

Noyabr 11, 2020 14:44

“Şəxsiyyət və yaradıcı” toplusu nəşrə hazırlanır

Bu il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə görkəmli yazıçı, ssenariçi, rejissor və kino təşkilatçısı Həsən Seyidbəylinin anadan olmasının 100 illik yubileyi təntənəylə qeyd olunur. Təşkilat Komitəsinin üzvü və 17 il sədr kimi rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı da məşhur ekran ustasının xatirəsinə öz töhfəsini vermək üçün tədbirlər planı hazırlayıb.H.Seyidbəyli haqqında məqalələr toplusunun nəşri də həmin tədbirlərdən biridir. Topluya görkəmli yazıçı və ekran ustasının şəxsiyyəti, yaradıcılığı və filmləri haqqında araşdırma yazıları, eyni zamanda, filmlərinin kadrarxası məqamlarını əks etdirən məqalələr, aktyorlar və H.Seyidbəylinin övladları ilə müsahibələr, görkəmli adamların onun haqqında fikirləri daxil edilib. Sənətkar ömrünün müxtəlif məqamlarını əks etdirən fotoşəkillər və filmlərindən kadrlar onun şəxsiyyət və yaradıcı insan kimi portretinin bitkin olmasına yardım göstərəcək. Onu da qeyd edək ki, toplunun nəşrinin ideyası Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyova məxsusdur. Toplunun tərtibçisi Nəriman Əbdülrəhmanlı, redaktoru Sevda Sultanova,  nəşrə  məsul Əli İsa Cabbarovdur. Nəşr Azərbaycan Kinematoqrafçılar  İttifaqının “Kino sənətkarlarımız” seriyasından ilk  nəşridir.xeber100.com  

Noyabr 5, 2020 11:19

Azərbaycan Kinematoqrafçılar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna 5000 AZN məbləğində ianə etdi

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlanan müharibə həlledici anlarındadır. İki il öncə ölkəmizdə ordu quruculuğunun  yeni mərhələsinin başlandığını elan edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir ki, biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq – Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Artıq müstəqil Azərbaycanın hərbi gücü sayəsində dünya ölkələrində öz layiqli yer tutması danılmaz bir faktdır. Bütün sərvətlərə sahib olan ölkəmiz malik olduğu ordu gücü ilə də dünyaya öz sözünü  deməyə qadir olduğunu göstərdi, hətta son bir ayda başlayan müharibə ilə öz sözünü daha da kəskin şəkildə deməyi bacardı. Bu, artıq illərdir gözlədiyimiz, səbr etdiyimiz An idi. Ali baş komandanın əmrilə Azərbaycan ordusu düşmən işğalında olan Qarabağ  torpaqlarında haqq uğrunda müharibəyə başladı və artıq torpaqların əsas hissəsi azad edilib. Hər gün qələbə xəbərləri eşidirik və bu bizi heç də təəccübləndirmir, çünki 30 ildir ki, səbr edirdik və bir gün bu addımın atılacağını bilirdik. Əlbəttə ki, güclü ordunun güclü xalq dəstəyinə hər an ehtiyacı var. İstər xaricdə yaşayan azərbaycanlılar, istər ölkə vətəndaşları Azərbaycan dövlətinə, Azərbaycan ordusuna dəstək aksiyalarına qoşuldu, dəstək kampaniyası davam edir. Və bu proses o zamana qədər davam edəcək ki, torpaqlarımız tam olaraq azadlığa qovuşacaq, Qarabağda abadlıq işləri başlayacaq, o torpaqlarda həyat qurulacaq, torpaq canlanacaq. Azərbaycan Kinematoqrafçılar İttifaqı da bu dəstəkdən geri qalmadı, xalqın həyəcanına qoşuldu, dövlətin yanında oldu, Aərbaycan Ordusuna edilən yardımlara qoşuldu, Silahlı Qüvvələrə Yardım Fonduna 5000 AZN məbləğində ianə etdi. Qarabağ Azərbaycandır!xeber100.com  

Noyabr 5, 2020 10:46

Rüstəm İbrahimbəyov: Ermənistan torpaqlarımızdan çıxmalıdır!

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Azərbaycan Ordusunun Dağlıq Qarabağdakı hərbi əməliyyatına, Rusiya ziyalılarının hadisələrə olan münasibətinə öz mövqeyini bildirib. R.İbrahimbəyov “Facebook” səhifəsində belə bir sualla çıxış edir: “Azərbaycan ərazisində müharibə daha da qızışır, qurbanların sayı artır, dinc əhali, uşaqlar həlak olur. Əlbəttə ki, hərbi əməliyyatları mümkün qədər tez dayandırmaq hamının istəyidir. Ancaq otuz ilə yaxın uğursuz danışıqlardan sonra bu, realdırmı?”. Rejissor belə hesab edir ki, əgər dünya birliyi formal sülhməramlı ritorikadan imtina etsə, baş verənləri görsə, o zaman bu, tamamilə mümkündür: “Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ətrafındakı yeddi rayon dərhal azad edilməlidir.Əminəm ki, bu baş verən kimi, Azərbaycan tərəfindən hərbi əməliyyatlar dayandırılacaq və Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi üçün danışıqlar masası arxasına əyləşmək imkanı yaranacaq. Keçmişin təcrübəsi göstərir ki, bu problemin müzakirəsinə, regionda sülhün təmin olunmasına xeyli vaxt lazım olıacaq”. Rüstəm İbrahimbəyov vəziyyətin bu duruma gəlib çıxmasını uzun illərdir ki, bütün Cənubi Qafqazın həyatını iflic edən münaqişədən mərhələli şəkildə çıxmaq təkliflərinin Ermənistan tərəfindən inadla rədd edilməsində görür: “Mən əmin idim ki, Rusiyada Azərbaycanın düşdüyü mürəkkəb vəziyyətlə maraqlananlar bu barədə məlumatlıdırlar. Lakin  təsadüfən Facebookda Viktor Şenderoviçin təəssüfləndirici  və qərəzli mülahizələrini oxuduqdan sonra başa düşdüm ki, Moskva ziyalıları ona birbaşa aidiyyəti olmayan şeylərə laqeyd və səthi yanaşırlar, bunu ilk dəfə hiss etdim. Heyif! Halbuki Rusiyada baş verən ictimai-siyasi hadisələrə Azərbaycan biganə qalmır”.xeber100.com  

Oktyabr 1, 2020 12:41

Lətif Səfərovun 100 illiyinə…

Azərbaycan kinosunda öz dəst-xətti, üslubu ilə seçilən rejissorlar olub ki, onların quruluş verdiyi filmlər daima düşündürür, tərbiyəvi xarakterə malikdir və ən önəmlisi isə illər keçsə də hər zaman baxılır. Kinonu həyatın özü hesab edən, kinoya yeni nəfəs gətirən, 1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının yaratmaqla, sədr kimi fəaliyyətilə özünü kino tarixinə yazdıran, az ömür yaşamasına baxmayaraq çox – SÖZ – deyən və özündən sonra gələn yeni nəsil kinematoqrafçılara da davamçı rolunu oynamaq imkanları yaradan, rejissor, ssenarist Lətif Səfərovun 100 yaşının tamam olmasına sayılı günlər qaldı. Və bu ərəfədə rejissorun çəkildiyi və çəkdiyi filmlərin tarixini araşdıraraq, silsilə məqalələrlə, “LƏTİF SƏFƏROV-100” rubrikası ilə aki.az saytının oxucularının görüşünə gəlməyi planlaşdırdıq. İlk olaraq yazdığımız, onun yaradıcılığını əhatə edən bu məqaləni oxumanızı tövsiyə edirik. 8 yaşlı kinematoqrafçının “Gilan qızı”nda ilk uğurlu addımı Lətif Səfərovun kinoda ilk böyük işi “Bəxtiyar” tammetrajlı filmi olsa da, hətta bu filmi çəkənə qədər bədii fimlər rejissoru adını almasa da, o vaxta qədər qaynar iş sistemi keçmiş, kino deyilən möcüzəli aləmin bütün sirli dünyasına hakim olmuşdu. Lətif Səfərovun kinoya gəlişi “Gilan qızı” filmi ilə başlayıb. 1927-ci il…Qarabağın cənnət Şuşasında doğulan qəhrəmanımızın sənətə biganə qalması mümkün olan iş deyildi. Və günlərin birində bir qrup kinematoqrafçı qədim Şuşa şəhərinə səfər edir, şəhərin mənzərəsinə heyran qalırlar.1920-ci illərdə İranda gedən milli-azadlıq hərəkatından bəhs olunan “Gilan qızı”adlı filmin bir sıra natura obyektlərini çəkmək üçün Şuşanın mənzərəsini seçən rejissor Leo Murun 8 yaşlı Lətifi görməsi və filminə çəkməsi təsadüf ola bilməzdi. Məhz o gün Lətifin həyatı tamamilə dəyişdi, bəlkə də daha da rəngləndi, daha da sorli-soraqlı olmağa başladı. Və həqiqət ondan ibarət idi ki, məhz o gün Azərbaycan kino tarixinə milli ruhlu rejissor kimi düşən Lətif Səfərovun sənət taleyinin başlandığı gün idi… HAŞİYƏ: İllər sonra Lətif Səfərov xatirələrində bu barədə deyib: “Hər şey elə həmin gün başlandı. Əgər onlar bu şəhərə gəlməsəydilər, həyatım başqa cür qurulardı. Əgər mən həkim olsaydım, insanları müalicə edərdim, müəllim olsaydım, insanlara bilik öyrədərdim və s. Görünür mənim qismətimə kinematoqrafiya yazıldı. Etiraf edim ki, kino dünyasında özümü bütün ixtisaslara yiyələnmiş insan kimi hiss edirəm, çünki məhz burda bütün peşələrdən olan adamlara xidmət edirəm. Getdikcə bunu daha dərindən dərk edirəm və məsuliyyət hissim daha da artır”. Ən maraqlısı isə ondan ibarətdir ki,“Gilan qızı”nda rejissor assistenti kimi çalışan rejissor Mikayıl Mikayılov az yaşlı qəhrəmanın kamera qarşısında olan məharətini bəyəndiyi üçün onu 1930-cu ildə quruluş verdiyi filmində baş qəhrəmanın roluna dəvət edir və filmi də məhz onun şərəfinə “Lətif” adlandırır. Yeri gəlmişkən, “Lətif” filmi 30-cu illərdə Azərbaycanda həyata keçirilən kollektivləşməyə həsr olunub. Balaca qəhrəmanın taleyi fonunda uzaq dağ kəndində kolxoz quruculuğu prosesi öz əksini tapıb. Uşaq yaşlarından kamera qarçıında dayanan Lətif ardıcıl olaraq “Gilan qızı” filmində Gülgül, “Lətif” filmində Lətif rollarını, eyni zamanda “Şərqə yol” sənədli filmində, “Qızıl kol” filmində epizodik rollarda çəkilir.   Sənətin sirlərini öyrənmək, təcrübə qazanmaq və peşəkarlıq nümayiş etdirmək   Lətif Səfərov əslində uşaq dünyasını yaşamadan böyüyənlərdəndi. Həyat onu tez böyüməyə, bəlkə də az ömrə bütün dünyanı sığdırmağa vadar edib. Bütün bunları hələ uşaq ağlı ilə dərk edən Lətif, kinoda atdığ ilk addımlardan başa düşür ki, kinematoqrafçı kimi yetişmək üçün çox öyrənməli, çox çalışmalıdır. 1937-ci il…Məhz həmin ildə studiyada dublyaj şöbəsi fəaliyyətə başlayır. Lətif Səfərov “Çapayev”, “Biz Kronştatdanıq”, “Lenin Oktyabrda”, “Lenin 1918-ci ildə”, “Professor Mamlük” və s. bədii filmlərin Azərbaycan dilində səsləndirilməsində rejissor köməkçisi, eyni zamanda aktyor kimi iştirak edir. “Azərfilm” kinostudiyasında “Ordenli Azərbaycan” sənədli (1938), “Kəndlilər” bədii filmlərində rejissor köməkçisi, “Yeni horizont” bədii, “İyirminci bahar” sənədli filmlərində rejissor assistenti işləyir və çalışdığı sənətkarların hər birinin (Səməd Mərdanov, Ağarza Quliyev, Rza Təhmasib, Mikayıl Mikayılov kimi sənətkarların) zəngin təcrübəsini öyrənirdi. 1939-cu il…Gəncə Pedaqoji məktəbinin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirən L.Səfərov təhsilini davam etdirmək məqsədilə Moskva Kinematoqrafiya İnstitutuna daxil olur. 1947-ci il “Çağırışa cavab” adlı kinooçerk çəkir. 1949-cu ildə çəkdiyi “Yeni həyat qurucuları” sənədli oçerki isə diplom işi kimi əla qiymətə layiq görülür. O, sadəcə ümidverici tələbə deyildi, eyni zamanda uşaq yaşlarından  kamera qarşısında dayanan, çəkiliş prosesini izləyən və öyrənən, eyni zamanda bütün bunları həyata keçirən peşəkar rejissor idi. 1950-ci il…Kinorejissor Qriqori Kozintsev tələbəsi Lətif Səfərov haqqında xasiyyətnamə yazır: “Yoldaş Səfərov tədris dövründə özünü ən yaxşı cəhətdən göstərmişdir. Tələbəlik illərində o, Bakı kinostudiyasında iki qısametrajlı film çəkmiş və hər iki film “əla”qiymətlə ekranlara buraxılmışdır. Yoldaş Səfərov Lətif istedadlı, çalışqan, istehsalatı yaxşı bilən işçidir, gələcəkdə müstəqil işləmək bacarığı vardır. Bacarığına və istehsalat stajına görə II rejissor ixtisasına layiqdir. Q.M.Kozintsev. 07.04.1950”.   Moskvada keçirilən kino işçilərinin ümumittifaq müşavirəsində   Tez bir vaxtda hamı tərəfindən tanınmaq, ürəyin istədiyin ixtisasa sahib olmaq, müəllimlərin tərəfindən dəstəklənmək və işlə təmin olunmaq, bütün bunlar varsa, başqa nə arzulamaq olar ki, demək istərdik…Bəlkə də hər şey adi qaydasında davam edə bilərdi, əlbəttə göz önündə  olan haqsızlıqlara hamı susmasaydı… Belə bir deyim var: Haqsızlığı gördüyün halda susmaq özü ən böyük haqsızlıq hesab olunur. Müşvirədə hamının susduğunu görən Lətif Səfərov, elə hamının yerinə danışmalı olur… 1952-ci il…Moskvada kino işçilərinin ümumittifaq müşavirəsi keçirilirdi. Bu müşavirədə Azərbaycan kinematoqrafçılarının bir qrupu iştirak edirdi, Lətif Səfərov da onların arasında idi. Və elə bir an gəldi ki, danışmaqdan başqa çarə olmadığını anladı və tribunaya qalxaraq, böyük cəsarətlə çıxış etməyə başladı: “Mən əyalətdənəm, bu əyalət Bakı kinostudiyasıdır. Mən əyalət adından çıxış edirəm. Əyalətdə işləyən adamlar unudulurlar, əyalət texnika ilə təchiz olunmur. Buna görə də rejissorlar öz fikirlərini bütövlükdə həyata keçirə bilmirlər. Onlar artıq inanmırlar ki, nə vaxtsa mərkəzi studiyalarda olan səviyyədəki texnika ilə film çəkə biləcəklər. Axı eyni vaxtda tələbəlik sevincini yaşamışıq, eyni partalarda yanaşı oturmuşuq. Bütün bunlara baxmayaraq bəzilərimizin hər şeyi var, çoxlarımızın isə heç bir şeyi yoxdur. Bizim bazamızda rəngli film çəkmək cəhənnəm əzabıdır. Biz pis plyonka, köhnə aparatlar, ləng vuran ştativlər üzərində epizodu epizod dalınca itiririk. Biz xronika, respublikamız üçün təkrarolunmaz hadisələri çəkirik, bu qiymətli material texniki imkansızlıq ucbatından məhv olur. Bəs bunu lentə aldığımız adamlara necə izah edək, onların gözünün içinə necə baxaq? Bizim, nəhayət, soruşmağa haqqımız varmı, hamı üçün eyni şərait nə vaxt olacaq, nə vaxt? Rejissor sənət dostlarını bir olmağa çağırırdı: “Gəlin əl-ələ verək, çiyin-çiyinə duraq, başa düşək ki, əgər ürəyimizdə od varsa, bu odu sinəmizdən heç kəs qopara bilməz. Ancaq bir olanda qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün, kinematoqrafiyamız üçün yaxşı işlər görə bilərik”. Bu fikirlərdə birlik arzusu, öz işinə böyük həvəs göstərmək qabiliyyətilə yanaşı, eyni zamanda asılı vəziyyətdə olan bir respublikanın heç olmasa haqqlarına sahib çıxmağa olan bir çağırış var idi. Əslində bu bir  inqilab idi, kinematoqrafçının sadəcə kino sahəsində olan problemləri qabartmaqla kütləni ardınca aparmaq həvəsi idi…Və bu kütlə ayağa qalxardısa, o zaman bütün sahələrdə mövcud olan problemlər qabardırlardı ki, nəticə etibarilə də Azərbaycan, SSRİ deyilən bir birliyə qarşı üsyan elan edə bilərdi. Sovet düşüncəsi belə idi, sovet ideologiyası belə qurulmuşdu: Danışan susdurulmalı idi…   Azərbaycan kinosunda yeni nəfəs, dönməz xarakter   Cəsarətli çıxışdan sonra əlbəttə ki, maneələr olur, ancaq Lətif Səfərov bütün maneələrə baxmayaraq yoluna davam edir, 50-ci illərin əvvəllərində bir neçə sənədli filmə (“Bakı və bakıllar”, “Bərəkətli torpaq”, “Azərbaycan sərhədçiləri”, “Bakılılar”, “Ordenli Azərbaycan”, “Çağırışa cavab” və s.)quruluş verir. Daha sonra isə “Sevimli mahnı” (Bəxtiyar”), “Qızmar günəş altında”, “Leyli və Məcnun”, filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirir. Xatırladaq ki, Lətif Səfərovun rejissor kimi çəkmək istədiyi, hətta çəkilişinə hazırlıq  apardığı filmlər olsa da, sonda həmin filmlər digər rejissorlara tapşırılıb. 1958-ci il…Kino düşüncəsi, knodakı problemləri qabartmaq, deyəsən  işə yaramışdı. Çünki məhz 1958-ci ildə rejissor Azərbaycan Kinematoqrafiya İşçiləri İttifaqının Təşkilat Bürosunun sədri seçilir və iş həyatına eyni ahənglə davam edir. Ola bilsin ki, vəzifə ilə onu susdurmaq istəyiblər və ya əksinə kino üçün iş görmək istəyi nəzərə alınaraq ona geniş şərait yaradılıb. Ancaq Azərbaycan Kinematoqrafiya İşçiləri İttifaqının Təşkilat Bürosunun sədri olmaq, belə bir vəzifə daşımaq onun xarakterini dəyişmir, əksinə daha çox mövcud nöqsanlara qarşı səsini ucaltmasına daha geniş şərait yaradır. 1961-ci il…Moskvada keçirilən ümumittifaq konfransda yenə də ümumi söhbətlər, müzakirələr, kinoda mövcud olan problemlər, mübahisələr…Əgər bütün kinematoqrafçılar cəsarətli olsaydı, yəqin ki, kinodakı problemlər zamanında öz həllini tapardı. Təssüflər olsun ki, Lətif Səfərov düşüncəsində olan knematoqrafçılar(əlbəttə ki, söhbət Azərbaycan mühitindən gedir) yox dərəcəsində olub. Bu dəfə də öz çıxışında kinematoqrafçının həyatını düşünürdü: “Kinematoqrafçı kinodan uzaqlaşa bilməz, çünki kino onun həyatıdır. O öz həyatını necə tərk edə bilər? Daha başqa cür yaşaya bilmərik, daha belə olmaz. Yaradıcı adam ya kinematoqrafiyadan getməlidir, ya da kinoda söz demək gücünü göstərməlidir. adamlarla həqiqət dilində danışmaq lazımdır. Yalan cana doyurub,  o dəqiqə onu hiss edirlər. Xalqa çox uzun müddət yalan danışıblar. Bəzən fikirləşirsən ki, bəstəkarlar, rəssamlar, yazıçılar xoşbəxt adamlardır. Onlar həftə ərzində yazdıqlarını bir göz qırpımında cırıb zibil qabına atar və oturub təzədən yazarlar. Kinematoqrafiyada isə uğursuz alınmış epizodu təzədən çəkmək və hər dəfə buna cəhd etmək, bu o qədər asan deyil. Axı bu, təkcə rejissorun işi deyil, çətin və kollektivin əməyindən asılı olan yaradıcılıqdır. Quruluşçu rejissoru planla divara dirəmək olmaz, ona zaman tanımaq lazımdır”. Bu çıxışdan sonra ona qarşı daha çox təzyiqlər olub, gözlənilməz zərbələr alıb. Ancaq rejissorun dönməz xarakteri, böyük sənətə doğru inamla irəliləyişi, sənət iddiası, ona yolundakı bütün maneləri aşmaqda kömək edib. İlk bədii filmini çəkdiyi dövrdən təzyiqlərə məruz qalsa da, taleyin gözlənilməz zərbələrinə məruz qalsa da, heç bir vaxt heç kimin qarşısında əyilmədi,  sənətə xəyanət etmədi. Əslində bu dönməz xarakter həyatın hər üzünü görmüş Lətif Səfərovda elə uşaqlıq illərindən formalaşmışdı. SSRİ dövründə-ümumittifaq miqyasında, dövlət səviyyəsində bu cür qətiyyətli çıxışlar etmək və belə çıxışları edənin hansı çətinliklərlə üzləşəcəyini təsəvvür etmək o qədər də çətin deyildi.   43 illik ömrə sığan arzular  və ya sonun başlanğıcı   1963-cü ildə Respublika Kinematoqrafiya İşçiləri İttifaqının I təsis qurultayı keçirilir. Qurultayda ittifaqın sədrliyinə Lətif Səfərov deyil, Həsən Seyidbəyli seçilir. Rejissor cəsarətli çıxışlarının qurbanı olur və göz görə-görə çətinliklə yaratdığı Kinematoqrafçılar İttifaqından uzaqlaşdırılır. Bu addım bilərəkdən atılır, çünki, Lətif Səfərovun həyatı kino ilə bağlı idi, o, kinodan ayrı yaşaya bilməzdi…Onun vaxtsız ölümü də bunu bir daha təsdiqləyir. Ancaq rejissorun ömrünü azaldanlar, onun bu gözəl dünyamızdan vaxtsız getməsinə şərait yaradanlar bir şeyi unudurdular, Lətif Səfərov kimilər ölmür, onların yaradıcılığı bir həyat boyu örnək olur və illər keçsə də yaradıcllığı hər zaman araşdırlır, necə ki, ölümündən 60 ilə yaxın vaxt keçməsinə baxmayaraq bu məqalə ilə araşdırılaraq oxuculara təqdim olunur… Kinoda öz səsi, öz nəfəsi, öz yozumu olan rejissor haqqında bu məqalənin hazırlıq prosesində onun haqqında, filmləri haqqında bir çox xatirələrə rast gəldik, onlardan bəzilərini təqdim edirik. Filologiya elmləri doktoru Abbas Zamanov xatirələrindən:“Lətif Səfərov professional kinematoqrafçı idi, obrazların daxili məntiqinə nüfuz edərdi. Mütaliəsi geniş, nəzəri biliyi dərin idi. Həmişə axtarışda olardı. Hər cəhətdən hazır olmayınca filmin çəkilişinə başlamazdı. Açılmış yollarla getməzdi, heç kəsi yamsılamazdı, öz səsi, öz nəfəsi vardı. İnsanları, həyat hadisələrini fəlsəfi cəhətdən mənalandırmağı bacarırdı. Prinsipial, inadkar və son dərəcə çılğın idi…” 1954-cü il…Yazıçı Nikolay Rojkovun Azərbaycan Mədəniyyət nazirinə göndərdiyi məktubda “Bəxtiyar” filmindən bəhs edərək  yazırdı: “Azərbaycan kinematoqrafiyası tarixində ilk dəfə Dövlət Kinematoqrafiya İnstitutunun məzunları olan azərbaycanlılardan ibarət çəkiliş qrupu yaradılmışdır. Bunlar rejissor L.Səfərov, operator A.Nərimanbəyov, II rejissorlar Ə.İbrahimov və T.Tağızadə, rəssamlar C.Əzimov və E.Rzaquliyevdir. Gözləmək olardı ki, qrupun ətrafında etibarlı və xeyirxah ab-hava şəraiti yaradılacaq. Lakin bu Bakı kinostudiyasında baş vermədi. Bəzən qrupun əməyini açıq-açığına heçə endirirdilər. Dekorasiyalar pis və qeyri-peşəkarlıqla tikilir… Əgər siz rejissor L.Səfərovun qrupuna bu dəfə normal şəraitdə işləmək üçün tədbir görməsəniz “Mahnı ilə eldən-elə” kinofilmi (“Bəxtiyar” filmi nəzərdə tutulur) olmayacaqdır”. 18 iyun 1954-cü il”. 1957-ci il…Bədii filmlər üzrə Baş İdarənin (Moskva) rəis müavini A.Kalaşnikovun 1957-ci il 20 avqust tarixli rəyində : ““Qızmar günəş altında” filmi haqqında fikirlərini söyləyib. “Əmək mövzusu filmdə öz məlum həllini tapmışdır. Bununla belə dramaturji qaydada buraxılan bir sıra səhvlər bu əsərin ideya-bədii dəyərinə öz təsirini göstərmişdir… Lakin bu səhvlərə baxmayaraq, rejissor Səfərov dramaturji materialın məhdudluğunu imkan daxilində aradan qaldıra bilmişdir. Bütövlükdə götürdükdə, həm də nəzərə alınsa ki, studiyada aktyor problemi ciddi şəkildə durur, rejissor Səfərovun aktyor olmayan iştirakçılarla iş təcrübəsi diqqətəlayiqdir”.

Avqust 28, 2020 11:54

“Tütək səsi” filminin çəkilişindən 45 il keçir…

“Milli Kino Tariximizdən” adlı  rubrikamızın bu dəfəki filmi “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Tütək səsi”dir, filmin çəkilişindən 45 il keçir… Yazıçı İsa Hüseynovun “Saz” və “Tütək səsi” əsərlərinin əsasında yazılmış ssenaridə Böyük Vətən müharibəsi illərində Azərbaycan kəndinin həyatı işıqlandırılıb. Əsərin ekran variantı üçün müəllif yeni obrazlar, yeni süjetlər yaradıb, yeni fikirlər irəli sürüb. Çəkiliş ərəfəsində İsa Hüseynov bu barədə deyirdi ki, filmin əsas qəhrəmanlarının gənclik illəri müharibəyə təsadüf etdiyi üçün onların hər birinin xarakteri bu odlu-alovlu illərdə formalaşır – Tardığın, Hurunun, Cümrünün… Kino əsərində 20-30-cu illərin sınaqlarından çıxmış inqilab nəslinin və müharibə ərəfəsində kamilləşmiş orta nəsil nümayəndələrinin həyata baxışı, psixologiyası yuxarıda haqqında danışdığımız gənclərin dünyagörüşündən nə qədər fərqlənsə də, bu üç nəsil vahid cəbhədə, hamı üçün eyni dərəcədə vacib problemlər ətrafında birləşmişdir: “Faşizm üzərində qələbə naminə hər cür çətinlik və məhrumiyyətlərə dözməyə hazır olan bu adamların vətənrərvərlik duyğuları filmin əsas motivlərindən birini təşkil edir. Filmdə ön planda Səyalı ilə Cəbrayılın faciəsi göstərilir. Çünki bütün hadisələr məhz, həmin əhvalat ətrafında cərəyan edir. Bu adamların faciəsinə səbəb isə müharibədir. Ssenarinin süjet xətləri və əsas fikirlər burada cəmlənmişdir. Müharibə Səyalının ailəsini dağıtmış, əri-kolxoz sədri Muxtar həlak olmuşdur. Onun yerinə mərd, ağıllı Cəbrayıl sədr seçilir. O, Səyalını çoxdan sevir və müharibənin sonunu gözləmədən evlənmək istəyir. Bütün konfliktlər də elə buradan başlayır. İllərlə öz məhəbbətinə sadiq qalan Cəbrayıl nəhayət, arzusuna çatmaq istəyir və bu, ona təbii görünür. Ancaq o, tədricən dərk edir ki, xalqın kədər içində yaşadığı, hər bir ailənin gərgin həyat sürdüyü bir dövrdə şəxsi səadətə can atmaq düzgün deyildir”. Rasim Ocaqov “Tütək səsi” povestini təsadüfən seçməyib Uşaqlıq illəri Böyük Vətən müharibəsi illərinə təsadüf edən, kənd mühitində müharibə dövrünün ağrı-acısını yaşayan Rasim Ocaqov bu barədə danışarkən bildirib ki, elə bu səbəbdən əsərdə təsvir olunan yeniyetmələrin fikir, düşüncə və hərəkətləri ona yaxın və doğmadır. Qeyd edək ki, “Tütək cəsi” filmi R.Ocaqovun ikinci rejissor işidir. Bundan əvvəl “Qatır Məmməd” filminə(1974) quruluş verib. O vaxt kinostudiyanın baş redaktoru Yusif Səmədoğlu idi və yazıçı “Qatır Məmməd” filmini çox yüksək dəyərləndirmişdi. Məhz həmin illərdə İsa Hüseynov da kinostudiyada çalışırdı və “Tütək səsi” və “Saz” rovestlərini birləşdirərək yeni bir kino ssenarisini   yenicə yazıb bitirmişdi. Yusif Səmədoğlunun məsləhətilə filmin çəkilişi Rasim Ocaqova həvalə edilir. Rasim müəllim deyirdi ki, günlərin birində İsa Hüseynov ssenarini ona təqdim edərək oxumağı məsləhət görüb: “Ssenarini elə ilk oxunuşdan bəyəndim. 1975-ci ildə təxminən 10 ay ərzində filmin çəkilişini başa vuraraq onu Bədii Şuranın ixtiyarına təqdim etdik”. Filmin sınaq çəkilişlərində çox sayda aktyorlar iştirak etsə də, aktyorların bir neçəsini rejissor sınaqsız olaraq çəkib. Sınaq çəkilişlərində rejissor bir qədər tərəddüd edib, xüsusuilə İsfəndiyar obrazının seçimində. Məsələn, Məmmədrza Şeyxzamanovun oynadığı İsfəndiyar kişi roluna İsmayıl Osmanlı da sınaqdan keçsə də və İsa Hüseynov İsfəndiyar kişi obrazına İsmayıl Osmanlı daha çox uyğun görsə də rejissor tərəddüd içində qalıb. Hətta Rasim müəllim etiraf edirdi ki, 90 faiz gümanla İsmayıl Osmanlı, İsfəndiyar kişi obrazına daha yaxındır: “Ancaq sınaq çəkilişlərindən sonra hər iki aktyorun çəkildiyi kadrlara baxarkən yanıldığımı anladım. Doğrudur, hər iki aktyor kənd ağsaqqalını təbii oynayırdı. Əslində Məmmədrza Şeyxzamanov, İsfəndiyar obrazına yeganə uyğun olan namizəd idi ki, sonralar onun təkrarolunmaz ifası da bunu bir daha sübut etdi”. Kənd ağsaqqalı İsfəndiyar kişi Məmmədrza Şeyxzamanovun ifasında xalqın müdrik atalarını necə xatırladırsa, Qılınc Qurban obrazı Yusif Vəliyevin ifasında sərt, sözü üzə deyən bir kişini canlandırır. Yusif Vəliyev xatirələrində Qılınc Qurban obrazı haqqında deyib: “Çoxları mənə irad tutur ki, Qılınc Qurban obrazını sərt oynamışam. Mənə elə gəlir ki, əgər sərt olmasaydım, onda bu obrazı yarada bilməzdim. Çünki o dövrün özü sərt dövr olub. Hahaq yerə o kişinin adına Qılınc Qurban deməyiblər ki…” Şahmar Ələkbərova Cəbrayılı oynamaq yox, səsləndirmək qismət oldu Filmdə diqqət mərkəzində dayanan iki obrazın ifaçısı kənar studiyalardan dəvət olunub. Bunlardan biri Cəbrayıl obrazının ifaçısı Mixay Volontirdir, rejissor onu Moldaviyadan(indiki Moldova Respublikası) dəvət edib. Onun azərbaycanlı obrazında nə dərəcədə inandırıcı görünəcəyinə şübhə ilə yanaşanlar, filmin ilk kadrlarından səhv etdiklərini görüblər. Xatırladaq ki, Cəbrayıl obrazının sınaq çəkilişlərində bir çox aktyorlarımız, xüsusilə Şahmar Ələkbərov qatılsa da, son məqamda üstünlük Mixay Volontirə verilib. R.Ocaqovun dediklərindən: “Cəbrayıl obrazı üçün 4-5 aktyoru yoxlasaq da, onlar arasında yadımda qalanı yalnız Şahmar Ələkbərovdur. Şəxsən mən Şahmarın aktyor imkanlarına hələ “Qatır Məmməd” filmindən yaxşı bələd idim. Buna görə də düşünürdüm ki, Şahmar Cəbrayıl obrazının öhdəsindən asanlıqla gələr. Ancaq Bədii Şura mənim fikrimlə razılaşmadı. O zamanlar Moldaviya kinostudiyasının istehsalı olan bir filmə baxmışdım və həmin filmdə Mixay Volontirin nümayiş etdirdiyi aktyor məharəti mənim xoşuma gəlmişdi. Onu dəvət etdim və ilk gəlişində sınaq çəklişlərində yoxladım. Çəkiliş çox uğurlu alındı və hamı da bir ağızdan Mixay Volontirin Cəbrayıl obrazına ən yaxşı namizəd olduğunu qeyd etdi. Beləcə Cəbrayıl obrazı Mixay Volontirə qismət oldu”. Ancaq obraz Mixay Volontirə qismət olsa da onun səsləndirmək yenə də Şahmar Ələkbərova həvalə edildi. “Doğrusu mən belə güman edirdim ki, Şahmar incəyə bilər. Çünki əmin idi ki, Cəbrayılı özü yaradacaq. Vəziyyətin dəyişməsi mənə də pis təsir etdi. Ancaq yenə də səsləndirmə vaxtı özümü saxlaya bilməyərək Şahmara müraciətlə Mixay Volontirin məhz, onun səsi ilə səsləndirilməsini xahiş etdim. hətta söz arasında eşitdirdim ki, obraz sənə qismət olmasa da, heç olmasa səsi əbədi olaraq sənin olsun. Sağ olsun ki, təklifimi böyük məmnuniyyətlə qəbul etdi. Sonralar da əmin oldum ki, Cəbrayıl obrazını Şahmardan başqa heç kim təbii səsləndirə bilməzdi”. Filmdə diqqət mərkəzində dayanan, kənar studiyadan dəvət olunan digər ikinci obraz Səyalı obrazının iştirakçısı olan Liya Eliavadır,  Gürcüstandan dəvət olunub. Tamaşaçılar onu “Dəli Kür” filmində Cahandar ağanın bacısı Şahnigar rolundan yaxşı tanıyırlar. Liya Eliava ilə Mixay Volontirin tərəfmüqabil işi maraqlı olduğu qədər də bir-birini tamamlayır, bəlkə də ona görə ki,  hər iki qəhrəmanın ifası sevgi xəttində birləşirdi… Filmin tələb etdiyi məcburiyyətlər, yoxsa müharibə dövrünün məhrumiyyətləri Tələbkar rejissor Rasim Ocaqov gənc nəslin yetişməsində böyük rol oynayıb, bunu onun filmlərində oynayan gənc nəslin sonrakı fəliyyətində görmək də mümkündü. Gənc aktyorlar arasında Şamil Süleymanovun Cümrüsü, kinoya o qədər də dəxli olmayan, ixtisasca filoloq olan Akif Məhərrəmovun Tapdığı, Ötkəm İsgəndərovun Nurusu və b. məhz tələbkar rejissorun istəyiylə oynadıqları rollara tam hakim ola biliblər. Və tələbkar rejissor günlərin birində gənc nəsli siqaret çəkmək kimi pis vərdişə öyrətmək məcburiyyətində qalıb ki, bunu özü də təəssüflə etiraf edirdi. Bildiyimiz kimi, filmdə öz oyunları ilə diqqət mərkəzində dayanan bir qrup gənc aktyor var ki, onların da əksəriyyəti tələbə partası arxasından birbaşa çəkiliş meydançasına gəlib. Çəkiliş vaxtı aktyorlardan daha çox təbii olmağı tələb edən rejissor, bunun üçün hər kadrı bir neçə dubl çəkmək məcburiyyətində qalırdı. Bu tələblər daha çox gənc aktyorlara ünvanlanırdı. Filmdəki gərgin kadrlardan biri də gənclərin tonqal ətrafında əyləşərək siqaret çəkdiyi kadrdır. Bu kadr çox çətin başa gəlib. Belə ki, həmin kadrda çəkilən gənclərin heç biri siqaret çəkməyi bacarmırmış. Ancaq rejissorun təkidi ilə onların hər biri siqaret çəkməyi öyrənmək məcburiyyətində qalıb. ” Mən bir rejissor olaraq onlardan tələb etdim ki, tez bir zamanda siqaret çəkməyi öyrənsinlər ki, kamera qarşısında olan zaman bunu təbii olaraq nümayiş etdirə bilsinlər. Onların hər biri mənim tələblərimi doğruldaraq həmin erizodu çox canlı, təbii olaraq yaratdılar. Mənim günahım onda oldu ki, bu gəncləri siqaret çəkməyə elə öyrətdim ki, sonralar onların heç biri bu vərdişdən əl çəkə bilmədilər. Yəqin ki, bu da kinonun onlara əbədi “hədiyyə”si idi”. Hələ bu nədir ki, rejissor gənc aktyorları yalnız siqaret çəkməyə deyil, eyni zamanda onlara öküzə qoşulmuş xışla yer şumlamağı da öyrədib. “Filmdə kütləvi səhnələrin çəkilişində Qusar camaatının da böyük rolu olub. Şəxsən mən hazırda heç təsəvvürümə belə gətirə bilmirəm ki, “Tütək səsi” kimi filmi necə çəkmək olar. Filmdə belə bir epizod var ki, kənd camaatı tarladan qayıdır. Həmin epizodda 500 nəfər iştirak edib. Kənd camaatı çox böyük həvəslə müharibə dövrünün paltarlarını geyinərək kütləvi səhnələrdə çəkilirdilər. Eləcə də tarlada əkin-biçin işləri görülən səhnələrdə kənd camaatı aktyorlarla birgə çəkiliblər. hətta onlar bir neçə gün əvvəldən aktyorlara öküzə qoşulmuş xışla yer əkib-biçməyin qaydalarını da öyrətmişdilər. Mən aktyorlardan tələb edirdim ki, onlar əkib-biçməyi öyrənsinlər ki, həmin erizodlar da təbii alınsın”. Qusarda çəkilən erizodlardan biri də İsfəndiyar kişinin əsgər dalınca düşüb çaydan keçdiyi epizoddur ki, bu da çox çətinliklə başa gəlib. Rejissor aktyoru(Məmmədrza Şeyxzamanov) qorumaq məqsədilə həmin epizodu daha çox quraşdırma formasında hazırlamaq fikrinə düşsə də M.Şeyxzamanov təkidlə çayın içindən keçməyi bidirib, hətta həmin səhnədə zədə alıb ki, nəticədə də 3 gün müddətində həmin epizodun çəkilişi dayanıb. Sonra isə ortaq bir nöqtəyə gələrək həmin epizodu aktyorun da, rejissorun da istədiyi kimi ediblər. Belə ki, aktyor çayın əvvəlindən də bir metr, sonunda da bir metr dayanıb, rejissor da montaj vasitəsilə elə qurub ki, sanki İsfəndiyar kişi çayın içi ilə qaçır. Bu da kinonun möcüzəli dünyasının sirlərindən sadəcə biri…Müharibə dövrünü görməyən gənclər, müharibənin məhrumiyyətlərini özündə əks etdirən, arxa cəbhənin ağrılarını olduğu kimi dolğun şəkildə nümayiş etdirməli idilər. Əslində Rasim Ocaqov, “Tütək səsi” filmində bütün potensial gücündən istifadə edə bilib. Material kifayət qədər imkan verib ki, rejissor ondan yararlana bilsin. Filmdə Yusif Vəliyevin Qılınc Qurbanı nə qədər sərt idisə, Məmmədrza Şeyxzamanovun İsfəndiyar obrazı bir o qədər mülayim, ağsaqqallara məxsus olan təmkinli idi. Əgər Mixay Volontirin Cəbrayılı nə qədər coşğun, daima iş başında vətən üçün bacardığı bütün yardımları edən, eyni zamanda öz məhəbbətində dönməz idisə, Liya Eliavanın Səyalısı bir o qədər sərbəst düşüncəli, heç kimin sözünə əhəmiyyət vermədən illərlə onun yolunu gözləyən bir insanın məhəbbətinə müsbət cavab verən böyük təsir gücünə malik obraz idi. Və son səhnədə – İsfəndiyar kişinin(Məmmədrza Şeyxzamanov) sazda ruhani çalmasını həyəcansız izləmək mümkün deyil. Doğrudur, ruhani Aşıq Ədalətin ifasında təqdim edilib. Ancaq canlı kadr vasitəsilə bunu nümayiş etdirən, yaşayan, tamaşaçını təsirləndirən, ağladan, eyni zamanda isə çəkiliş qrurunu həyəcanlandıran Şeyxzamanov idi. Bütün bunlar bir daha sübut edirdi ki, Rasim Ocaqov yüz ölçüb bir biçəndən sonra çəkilişə başlamış və nəticədə də gözəl sənət nümunəsi yaratmağa nail ola bilmişdir. Filmin yaradıcı heyəti Yaradıcı heyət: Ssenari müəllifi – İsa Hüseynov, rejissor-Rasim Ocaqov, operator-Teyyub Axundov, rəssam-Elbəy Rzaquliyev, bəstəkar-Aqşin Əlizadədir. Rollarda: Məmmədrza Şeyxzamanov(İsfəndiyar kişi), Yusif Vəliyev (Qılınc Qurban), Mixay Volontir(Cəbrayıl), Akif Əli(Tardıq), Liya Eliava(Səyalı), Səfurə İbrahimova(İsmət), Xalidə Qasımova(Milli), Şükufə Yusifova(Tutu), Ötkəm İsgəndərov(Huru), Sadıq Hüseynov(Əsgər), Şamil Süleymanov(Cümrü), Vaqif Mustafayev(Tapdığın dostlarından biri),Məmmədsadıq Huriyev(Səlim), Susanna Məcidova(Suqra), Həsən Qara(Zahid). Məzmunu: Filmdəki hadisələr II Dünya müharibəsi illərində Azərbaycan kəndlərinin birində ümumxalq birliyi və mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Çəkiliş məkanı: Filmin bir hissəsi Qusar rayonunun ətrafında, digər hissəsi kinostudiyanın həyətində çəkilib. Xatırladım ki, filmdə kolxoz sədrinin kabineti, Səyalının və İsmətin evinin iç görünüşü kinostudiyada lentə alınıb. Digər bütün çəkilişlər isə Qusar ətrafında çəkilib.              

Avqust 20, 2020 13:26

AKİ “Qarabağ.İnsan.Qələbə” ssenari müsabiqəsi elan edir

Azərbaycan Kinematoqrafçılar İttifaqı Qarabağ həqiqətlərinin beynəlxalq arenada səslənməsində kinematoqrafın oynaya biləcəyi müsbət rolu nəzərə  alaraq “Qarabağ. İnsan. Qələbə” tammetrajlı bədii film ssenarisi müsabiqəsi elan edir: -Müsabiqəyə təqdim edilən ssenarinin  janrından asılı olmayaraq, Qarabağ müharibəsini insan taleyi,  onun draması və faciəsi prizmasından ifadəsi, həm yerli , həm də xarici tamaşaçıya maraqlı olması arzu olunandır. -Müsabiqədə iştirak üçün tammetrajlı bədii filminin ssenarisi (elektron variantda CD diskdə və çap olunmuş variantda, şrift Courier New, ölçü 12), müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur. -Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdı. Qaliblər diplom və pul mükafatı ilə təltif  ediləcəklər: Baş mükafat – 5000 AZN Həvəsləndirici mükafat – (2  ssenari)  2500 AZN Qalib ssenari istehsalı  məqsədəuyğun layihə olaraq Mədəniyyət Nazirliyinə  təqdim ediləcəkdir. Ssenari 22 noyabr 2020-ci il tarixinə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə təqdim edilməlidir.Ünvan:  Bakı şəhəri, Həsən Seyidbyli 18: Əlavə məlumat üçün əlaqə: (012)5059533, mail: [email protected]      

Avqust 12, 2020 12:38

Aki.az saytının 1 yaşı tamam olur

Azərbaycan Kinematoqrafçılar İttifaqının rəsmi saytı olan Aki.az saytının yaranmasından bir il ötür. 2 avqust 2019-cu ildə – Kino günündə, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin qərarı ilə fəaliyyətə başlayan sayt il ərzində öz oxucu  audutoriyasına sahiblənməyi bacarıb. Azərbaycanın internet məkanında çox sayda xəbər saytları fəaliyyət göstərir və əksəriyyətində mədəniyyət aləminə yer verilib. Ancaq kinoyla bağlı, kinematoiqrafçıların gördüyü işləri, onların fəaliyyətini işıqlandıranlar məqamlar azlıq təşkil edir. Bu baxımdan aki.az saytı təşəbbüsü ələ  alaraq təmsil etdiyi təşkilatın fəaliyyətini işıqlandırmaqla yanaşı, kinematoqrafçılarımızn fəaliyyiətini, kino tariximizin səhifələrini işıqlandırmağa xüsusi diqqət ayırır. Eyni zamanda kinoda mövcud olan problemləri, yeni nəsil kinematoqrafçıların kinoya olan yanaşma tərzini, dünya kinosunda baş verənləri daima işıqlandırmağa çalışıb. İl ərzində hazırladığımız maraqlı layihə və rubrikalar, rəngarəng xəbər təminatı saytı tanıtdırmaqla yanaşı, ona kino həvəskarları və peşəkarları arasında populyarlıq da qazandırdı, xəbər saytları aki.az –a istinad edir, materiallarını öz saytlarında bölüşür. Saytın işi Kinematoqrafçılar İttifaqının fb, instagram, twitter səhifələri ilə dəstəklənir. Sayt əsasən Azərbaycan dilində yayınlansa da, rus və ingilis dillərində də olan xidmətini daima yeniləyir. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov bildirir ki, saytın əsas məqsədi kimi Azərbaycan kinosunun təbliği ilə yanaşı, kinematoqrafçılarımız üçün praktik əhəmiyyətini artırmağı görürük: “Bu səbəbdən saytda yeni bölmə olaraq, fəaliyyətdə olan kinematoqrafçılarımızın bazasını yaratmaq üzərində iş gedir. İlk olaraq ssenaristlərdən başlamışıq. Son iyirmi ilidə kinodramaturgiyamıza çoxlu ssenarist adları gəlib. Serialların istehsalı da buna təsir edib. Onların hamısı ilə bəzən peşəkarlar da tanış deyil. Bu məqsədlə saytda ssenaristlərin bazasını yaratmağı qərara almışıq. Bazada son 20 ildə fəaliyyət göstərən senaristlər haqda ensiklopedik məlumatlar təqdim ediləcək: təhsili, işləri, mükafatları, elektron ünvanı və s. Rejissor və prodüser baza ilə tanış olub əməkdaşlıq etmək üçün seçimini edə bilər. Bundan başqa, kino mövzusunda yazan blogerlərlə əməkdaşlıq haqda düşünürük. Fürsətdən istifadə edib onlara müraciət edirəm, əməkdaşlığa dəvət edirəm, bu sayt daxilində yeni rubrika və ya yeni internet resursu ola bilər. Kinomuzun inkişafı bir neçə istiqamətdə işləyən sırf kino saytlarsız mümkün deyil. İnformasiyanı maraqlı təqdim edən kino xəbəri saytı ilə yanaşı, dərin analizlərlə çıxış edən, ciddi kino bilicilərinə ünvanlanmış elektron resurslar da olmalıdır. Kinematoqrafçılar İttifaqı olaraq bu  istiqamətdə təşəbbüsləri dəstəkləməyə hazırıq”.xeber100.com  

Avqust 1, 2020 23:04

AKİ İdarə Heyəti bəyanat qəbul edib

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin 12.06.2020-ci il tarixində keçirilmiş iclasında Azərbaycan kinematoqrafında yaranmış son durumu müzakirə edərək bəyanat qəbul etmişdir. Xeber100.com Aki.az saytına istinadən həmin bəyanatı təqdim edir: "Son onillikdə Azərbaycan kinematoqrafında müəyyən uğurlarını, nüfuzlu Beynəlxalq Festivallarda “Kuklalar”, “Nabat”, “Axınla aşağı”, “Qırmızı bağ”, “Nar bağı”, “Axşama doğru” filmlərinin iştirakını qeyd etməklə yanaşı, etiraf etməliyik ki, bu dövr bütövlükdə kinomuz üçün durğunluq illəri olub. Yaranmış vəziyyətin əsas səbəbi Mədəniyyət Nazirliyinin kadr siyasətidir. Dövlətin kino siyasətini həyata keçirən məsul şəxslər özlərini işdə, yumşaq desək, qeyri-peşəkar göstərmişlər. Bunun nəticəsində Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair” Dövlət Proqramının əsasında islahatlar aparmaq mümkün olmamış, dövlət studiyalarının texniki təchizatı formalaşmamış, özəl kino şirkətlərinin inkişafına diqqət ayrılmamış, birgə istehsal dəstəklənməmiş, Eurimages Fonduna üzvlük həyata keçirilməmiş, beynəlxalq nüfuzu olan, Azərbaycan və xarici kinematoqrafçıların yaradıcı əlaqələrinin yaranmasında misilsiz rolu olan Beynəlxalq “Şərq-Qərb”, Beynəlxalq Audiovizual Festivalı fəaliyyətini dayandırmışdır. Bununla yanaşı, 50 ildən artıqdır ki, fəaliyyəti olan Azərbaycan Kinematoqrafçılar İttifaqının dağılması istiqamətində addımlar atılmış, ölkə kinematoqrafçılarının birliyi sarsıdılmışdır. Bundan başqa, kinomuzun inkişafında, nailiyyətlərinin təbliğində, mühüm rolu olan kino mətbuatının formalaşmasına lazımi əhəmiyyət verilməmişdir. Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti, yuxarıda deyilənləri nəzərə alaraq, milli kinomuzun müasir tələblərə cavab verməsini təmin etmək məqsədi ilə aşağıda sadalanan təcili tədbirlərin görülməsini vacib sayır: – İllərlə təxirə salınmış və keçən ildən müzakirəsi başlanmış, lakin indiyənədək qəbul edilməmiş Kinonun İnkişafı Konsepsiyasının əsas tərkib hissəsi olacaq, beynəlxalq kino idarəçiliyi sahəsində qabaqcıl praktikaya əsaslanan, Dövlət prodüseri rolunu oynayan Kino Mərkəzi yaradılmalıdır. – Kino Mərkəz dövlətin kino siyasətini həyata keçirməli, kino peşəkarlarının yaradıcı axtarışlarını dəstəkləməli və xalqımızın həyatının ekranda realist, dolğun təsvirini vacib saymalıdır. – Azərbaycan kinosunun xaricdə təmsil edilməsi və yayımı üçün Kino Mərkəzinin yanında xüsusi struktur yaradılmalıdır. – Əvvəlki illərin neqativ praktikasını nəzərə alaraq, Kino Mərkəzin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən qurum yaradılmalıdır. Bu məqsədlə Mərkəzin yanında tərkibi Kinematoqrafçılar İttifaqı, Kinorejissorlar Gildiyası, başqa kino ictimai təşkilatları və müstəqil peşəkarlardan formalaşmış – İctimai Şura yaradılmalıdır. – Yuxarıda sadalanan təkliflərlə yanaşı kino təhsilinin inkişafına xüsusi diqqət ayrılmalı, dünyanın qabaqcıl kino təhsili mərkəzlərinə tələbələr göndərilməli, hal-hazırda fəaliyyət göstərən Kino Məktəbinin işi dəstəklənməli, əsas heyəti Şukin adına Teatr Məktəbinin azərbaycanlı yetirmələrindən və yeni nəsil Azərbaycan aktyorlarından ibarət olan Kino Aktyoru Teatrı yaradılmalıdır. – Pandemiya dövründə zərər görmüş kinoteatral şəbəkələrə dəstək göstərilməlidir, milli filmlərimizin ölkə kinoteatrlarında nümayişinə xüsusi diqqət ayrılmalıdır. – Peşəkar film festivallarının kinonun inkişafı üçün mühüm şərt olduğunu qeyd edərək, Beynəlxalq “Şərq-Qərb”, Beynəlxalq Audiovizual və bu tipli başqa təşəbbüslər dəstəklənməlidir. – Mədəniyyət Nazirliyi kino mətbuat orqanlarının bərpası və fəaliyyətini dəstəkləməlidir. Ümid edirik ki, bu bəyanat kino ictimaiyyəti, yaradıcı təşkilatlar və aidiyyəti olan rəsmi strukturlar tərəfindən diqqətlə qarşılanacaq. Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti İyun 12, 2020

İyun 14, 2020 15:34

Venesiya film festivalının keçiriləcəyi tarix açıqlandı

1932-ci ildə “Esposizione Internazionale d’Arte Cinematografica” adı ilə yaradılan və dünyanın ən qədim film festivalı sayılan, əsas mükafatları- Qızıl Şir ( ən yaxşı filmlər üçün),  Volpi Kuboku (ən yaxşı aktyor və aktrisalar üçün) olan Venesiya Kino Festivalı hər il avqust ayının sonu və ya sentyabrın əvvəlində Venesiyanın Lido adasında keçirilir. Aki.az kinometro.ru-ya istinadən bildirir ki, 2020-ci ildə keçiriləcək festivalla bağlı xarici mətbuat hələ yanvar ayında məlumat vermişdir. Məlumatda bildirilir ki, festivala ev sahibliyi edən Venesiya Bienalindən verilən açıqlamada, Paolo Barattanının sədrliyi ilə 10 yanvarda bir araya gələn idarə heyətinin qərarı ilə 77-ci Venesiya Film Festivalının jüri sədrliyi üçün Keyt Blançet seçilib. Festival bu il 2-12 sentyabrda Venesiyanın Lido Yarımadasında baş tutacaq. Qızıl Şir mükafatı isə sentyabr ayının 12 –də öz sahibinə təqdim olunacaq. Bu xəbərlə festival haqqında dəqiq məlumat yayılsa da, bir neçə ay sonra baş verən və dünyanı bürüyən pandemiya artıq başqa söz deyirdi. Yəni, nəyin, nə zaman keçiriləcəyi, ümumiyyətlə nələr olacağı müəmmalı olaraq qalırdı. Qeyd edək ki, Venesiya kinofestivalının bu payızda keçiriləcəyinin dəqiq məlumat olduğu təsdiqlənir. Qərar 24 May Bazar günü Veneto bölgəsinin qubernatoru Luka Zaya tərəfindən təsdiqlənib. Festival sentyabr ayının 2-dən 12-dək keçiriləcək. Məlumatda o da qeyd olunur ki, bu ilki festivalda az film nümayiş olunacaq. Bu da o deməkdir ki, çox az sayda dünya kino ulduzları festivalda iştirak edəcək. Bundan başqa, hələ may ayının əvvəlində festival kino sənayesi rəhbərlərini qarşıdan gələn hadisə ilə bağlı problemlər və təkliflər barədə sorğu-sual edib. Kinofestivalın bədii rəhbəri Alberto Barberin imzaladığı məktub kinematoqrafçıların, aktyorların və prodüserlərin festivala gəlmək istədiklərini öyrənmək məqsədi daşıyırdı. Cavablar isə dəqiq olmayıb. Yeri glmişkən, İtaliya Avropa turistləri üçün öz sərhədlərini iyunun 3-də yenidən açacaq və ölkəyə gəlmək üçün məcburi karantin məhdudiyyətlərini ləğv edəcək. Kino baxışının nümayəndələrinə gəlincə, hələ ki, gələcək festivalın dəqiq detallarını vermirlər. Sadəcə yanvar ayında Kate Blanchettin münsiflər heyətinin prezidenti olacağı qərarı dəyişməz qaldığı bildirilir.xeber100.com

May 26, 2020 18:40

Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsinə start verib

Azərbaycan Kinematoqrafçılar İttifaqı və A. M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu birgə “Rusiyanın görkəmli azərbaycanlıları”adlı ssenari müsabiqəsinə start verib. Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilən məlumata görə, müsabiqənin məqsədi uzun illərdir ki, Rusiyada yaşayıb-yaradan görkəmli azərbaycanlıların həyat yolununun səlnaməsini yaratmaq, gənc nəslə onların nailiyyətlərini çatdırmaq, həmçinin  sənədli kino sahəsində aktivliyi artırmaqdan ibarətdir. Müsabiqənin şərtlərini təqdim edirik: -Sənədli filmlərin ssenariləri (52 dəqiqədən çox olmamaq şərtilə) kinoesse, kinoportret, kino araşdırması janrlarında, XIX-XX əsrlərdə Rusiyada yaşayıb-yaratmış görkəmli azərbaycanlıların taleyindən bəhs etməlidir. -Ssenarilər Azərbaycan və rus dillərində qəbul edilir. -Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdı. -Ssenarilər 20 Mart 2020-ci ilədək elektron formada [email protected] ünvanına göndərilir. -Müəllif haqqında qısa məlumat əlavə edilir. Müsabiqə haqqında əlavə məlumat üçün telefon: (012) 5059533, (012) 4371667 Müsabiqənin qalibləri Xalq yazıçısı Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.xeber100.com

Yanvar 7, 2020 12:55

“Anamın yox oluşu” tam metrajlı sənədli filmi Kino Evində

Bu gün Kino Evində III DokuBaku Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində ikinci sənədli film təqdim olundu. “Anamın yox oluşu” tam metrajlı sənədli filmi 60-cı illərin modeli olan Benedetta Barzininin həyat hekayəsinin bəzi anlarından bəhs edir. Həmin Benedetta Barzini ki, dünya podiumlarından  əfsanə kimi gəlib keçib, həyatın hər üzünü görüb. İstər uşaqlıq illərində, istər cazibəsi ilə, səhnə duruşu ilə qəlbləri fəth edəndə və istərsə də yalnızlığa çəkilərək kameraların obyektinə tuş gəlməkdən çəkindiyi vaxtlarda həyatdakı pis-yaxşı nə varsa hamısının şahidi olub. O deyir: “Bir aktyor, fotoqraf və ya dizayner olsanız, CV-nizi minlərlə müxtəlif yerə göndərə və birinin çağıracağına ümid edə bilərsiniz. Zəng gəlmədikdə və özünüz maraqlandıqda belə bir cavab alırsınız: “Biz səninlə işləmişik, indi başqaları ilə işləyirik”. Beləliklə, 25 illik fəaliyyətim müddətində bir şey edə bilməməyimi hiss etdim”.… Və həmin anda boşluq başlayır, yox olmaq istəyirsən. Bəlkə də qəhrəmanımızın yox olmaq kimi arzusu gördüyü, şahid olduğu həqiqətlərin, əslində yalan üzərində qurularaq parlaq görsənməsindən başqa bir şey deyil. Çünki şöhrət duyğuları sadəcə parlaq bir görüntüdür.Benedetta Barzini 1973-cü ildə model biznesini tərk edərək Milanda marksist və radikal feminist təşkilata qoşulur. Uzun illər fəaliyyətini davam etdirir. Artıq onun danışığında, duruşunda, cazibəsiylə insanları heyran edən modeldən daha çox özünə, ağlına, fikrinə inanan QADIN MODELİ dayanırdı. O qadın ki, kişilərlə bərabər qadınların da haqlarını müdafiə edirdi. Sonralar o, pedaqoji fəaliyyətə başlayır, 2008-ci ildən Milanda – Urbino Universitetində dərs deyir və eyni formada davam edir-feminist qadın və feminist ruhlu tələbələr… Benedetta Barzinini anlamaq çətin olsa da, onunla həmfikir olanlar az deyil. Model, jurnalist və professor Benedetta niyə yox olmaq istəyir? 75 yaşında həyatın onun üzərinə yapışdırdığı bütün rollardan niyə bezib, hər şeyi və hər kəsi niyə arxada buraxmaq istəyir və niyə dünyadan mümkün olan ən uzaq nöqtəyə yoxa çıxmaq qərarına gəlir və s. kimi suallar onun haqqında çəkilən “Anamın yox oluşu” filmində cavablandırılır. Əslində bütün bu suallara filmi çəkən rejissorun cavab verməsi heç də çətin olmayıb, çünki o Benedettanın kiçik oğlu Benyamino Barzinidir. Anasını tanıdıdğı kimi, gördüyü kimi, tam səmimi şəkildə kamera önünə gətirməyi bacarır, onun səyahətinə şahidlik edir. Rejissorun anası haqqında fikirləri maraq doğurur: “”Mənə elə gəlir ki, hələ də onun qəlbinin şəklini çəkə bilməmişəm. Anam mənim üçün sirrdir. O, həddən artıq gözəldir, çox ağıllıdır… Onun yanında mən həmişə vaxtın gedişini dəhşətli dərəcədə hiss edirdim: o, ondan qorxmurdu, amma mən qorxurdum.  Və mənim fotoşəkillərimdən heç biri onun gerçəkliyini əks etdirə bilməz. Kəskin başa düşürəm: mən onu çox az çəkirdim və öz şəkillərimlə bu gözəlliyin hekayəsini — sirrini və dərinliyini, inanılmazlığını danışa bilmədim”. Oğlunu incitməmək üçün onun filmində çəkilən qadın ümid edir ki, bu, ona “yox olmağa” kömək edəcək.Ümumiyyətlə ana ilə oğul arasındakı əməkdaşlığın nəticəsi filmə böyük fikir gətirməsə də, rejissor, məna baxımından bir qadının, gözəl bir qadının arzu və istəklərini alqışlamaqdan çəkinməyib. Belə bir yaradıcı düşüncəli bir qadının oğlu olan rejissor, başqa cür də düşünə bilməzdi. Çünki hər şeydən əvvəl o bir övladdır və anasının qocaldığının, gündən-günə azaldığının, bir sözlə yox oluşunun şahididir. Əməkdar incəsənət xadimi Nizami Abbasın fikrincə, rejissor anasından istifadə edərək diqqəti çəkmək istəyib və ona qarşı sevgisi yoxdur: “ Əks nümunə olaraq Teymir Daiminin “bu sevgidir” filmini gətirmək olar, orda da can üstə olan anasını çəkən rejissor bu günkü filmin rejissoru Benyamino Barzinidən fərqli olaraq sevgi ilə, şəfqətlə göstərir”. Psixoloq Zenfira Hüseynova qadının psixoloji durumunun qısa xülasəsini anlatdı: “ Bendettanın xarakterində kişi başlanğıcı daha güclüdür və depresiyasının da əsas səbəblərindən biri də budur”. Rejissor Əli İsa Cabarov filmdə qadının üsyanına diqqəti çəkdi: “Dünyanı idarə edən kişilər qadınlara geyim və həyat tərzini diqtə edir, oyun qaydalarını sırıyır. Filmin qəhrəmanı isə dəb və əyləncə industriyasının ulduzu olmasına baxmayaraq özündə güc tapıb və bu dünyaya üsyan edib”. Filmin müzakirəsində fikirlər müxtəlif olsa da, həqiqət ondan ibarətdir ki, rejissor oğul anasının artıq həyatla vidalaşan məqamını lentə köçürməklə, öz həyatının sonrakı məqamında ayaqda durmaq üçün, anasını hər zaman da yanında hiss etmək üçün özünə güc toplamaq fikrindən uzağa gedə bilməyib, hətta getmək istəməyib…Filmin ssenari müəllifi və rejissoru Benyamino Barrezi, prodüseri Filippo Macellonidir.xeber100.com

Oktyabr 3, 2019 14:45

III DokuBaku Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində

Azərbaycan Kinematoqrafçılar İttifaqının tərəfdaşı olduğu III DokuBaku Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində ilk sənədli filmi bu gün Kino Evində təqdim olundu.AKİ-dən aldığımız məlumata görə, “Ursus zavodunun simfoniyası” adlanan tammetrajlı sənədli filmi təsirli insan dramıdır…Varşavanın kənarında tikilmiş Ursus zavodu Avropada kənd təsərrüfatı texnikasının ən böyük istehsalçılarından biri hesab olunub. Bir zamanlar bu zavod Polşa sənaye gücünü təcəssüm etdirirdi. Kommunizmin süqutundan sonra istehsalın səviyyəsi kəskin şəkildə aşağı düşür, zavodun yerləşdiyi ərazi tənəzzülə uğrayır və beləliklə də fəhlələr işdən çıxarılır.Film qəhrəmanların öz hekayələrini anlatmaları ilə başlayır. Əslində onların bəziləri hələ də Varşavada -Ursus rayonunda yaşayırlar. Onlar zavodun xarabalıqlarına gəlir və əvvəllər olduğu kimi işləyirlər, amma növcud olmayan xəyali dəzgahlarla.Onlar real və uydurma reallıq arasında sərhədləri silməklə qaynar fəaliyyəti, itirilən keçmişi bərpa edərək hər bir jest və səsi yaşayırlar. Çox səhnələri klip estetikasında çəkilmiş filmin final hissəsindəki traktorlarla qurulmuş mizanlar, sanki traktorların dirilmiş ruhlarının rəqsi kimi canlandırılır.Cəlbedici vizual dildən istifadə edən “Ursus zavodunun simfoniyası” keçən dövrü xatırlatmadır və Polşanın müasir statusunu qurmaq üçün inadla çalışmış insanlara həsr olunub.O da təsadüfi deyil ki, rejissor Yashmina Voychik film üzərində doqquz ay çalışıb və bu aylar ərzində qəhrəmanlarla qrup şəklində işləyib.Filmin nümayişində əməkdar incəsənət xadimi, rejissor Nizami Abbas və kinorejissor Mübariz Nağıyev də iştirak edirdilər.Nizami Abbasın fikrincə, səslər və bədən yaddaşının köməyi ilə mövcud olmayan zavodun iş həyatınının bir günü canlandırmaq, emosional musiqinin təsiri altında işçilərinı keçmişi xatırlayaraq o günü canlandırması sənədli film üçün yenilik hesab oluna bilər. Mübariz Nağıyev də həmkarı ilə həmfikir olduğunu bildirdi və onu da qeyd etdi: “ Maraqlı yanaşma, effektiv təqdimat. Bu, URSUS zavodunun simfoniyasından daha çox orada işləmiş adamların yaşadıqları ömrə nostalgiyası ilə dolu, itirilmiş həqiqətən sosial quruluşa bir oda idi”. Hər iki rejissor, sənədli filmə quruluş verən rejissor işinə yüksək qiymət versələr də, eyni zamanda filmdə görmək istədiklərini deməkdən də çəkinmədilər. Məsələn, film bitdikdən sonra yaradıcı heyətin təqdimatıyla kadrarxası məqamlar da göstərilir ki, bu da birmənalı qarşılanmadı. Bəlkə də çoxluq o fikirdə oldu ki, rejissor kadrarxası hazırlıqları gizli saxlamaqla filmi daha düşündürücü edə bilərdi.Kinematoqrafçılar ittifaqının katibi ibi Əli İsa Cabbarovun fikrincə, “Ursus Zavodunun Simfoniyası”nda itirdikləri zavod üçün nostalji yaşayan fəhlələrin dramasını vermək sadəcə bir metaforadır, itirilmiş insan ömrünün dramasının metaforası: “Zavod ləğv oluna bilər, bəlkə müsbət iqtisadi nəticələri əldə edilib. Qəribədir ki, Qodfri Redjionun məşhur trilogiyasında böyük zavodlarda işləyən fəhləllərin konveyr əməyini təsvir edən kadrlar sivilizasiyanın dalana dirənməsinin vizual obrazıdır, bu filmdə isə olmayan zavodu xəyali dəzgahlarla işləyib canlandırmaq istəyən fəhlələr oliqarxiyanın qurbanı kimi göstərilir”.Filmin rejissoru tamaşaçı auditoriyasını düşündürməyi bacardı. Hətta tamaşaçı hər epizodda yaranan suallara növbəti epizodda cavab tapmaqla, sanki rejissorla dialoq qururdu. Rejissor filmin içində idi, sualı yaradırdı, düşündürürdü və cavabını verirdi. Ümumiyyətlə bu sənədli filmə baxdıqdan sonra belə bir fikir yaranır ki, istənilən filmdə maliyyədən  daha çox rejissor düşüncəsi, rejissor dünyagörüşü, onun kino üçün gətirdiyi yenilik böyük rol oynayır.Filmin ssenari müəllifi Yaşmina Voyçik, İqor Stokfizevski, Rejissoru Yashmina Voychik, prodüseri Zuzanna Kroldur.xeber100.com

Oktyabr 2, 2019 14:24

II ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına start verilir

Oktyabrın 18-20-də Bakı şəhərində II ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına start verilir. Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, AKİ, əsası Rəşid Ağamalıyev tərəfindən qoyulmuş Beynəlxalq Animasiya Film Festivalı ilə birgə əməkdaşlıq haqqında müqavilə imzalayıb.İttifaq rəhbərliyi belə hesab edir ki, Azərbaycanda film festivallarının keçirilməsini kinomuzun inkişafı üçün vacib amillərdən biridir. Bu da o deməkdir ki, uşaqların  zövqünün və dünya görünüşünün formalaşmasında, o cümlədən kino dilinin inkişafında mühüm rol  oynayan animasiya kimi vacib janrı hədəf götürən festivalın keçirilməsi böyük əhəmiyyətə malik olduğu üçün bu proses davam edəcək. İkinci dəfə keçirilməsinə baxmayaraq festivalda iştirak üçün 50 ölkədən 268 müraciət olunub. Almaniya, Azərbaycan, Çexiya, İtaliya və Polşa nümayəndəsindən ibarət seçim komitəsi müsabiqəyə 25 ölkəni təmsil edən  54 film qəbul edib. Festivalın Beynəlxalq münsiflər heyətinə Məsud Pənahi rəhbərlik edəcək. Paralel keçəcək animasiya filmləri üçün ssenarilər üzrə müsabiqənin qalibini  isə Ramiz Fətəliyev (Azərbaycan), Zeynəb Qurbani Fəryad (İran), İntiqam Qasımzadə (Azərbaycan) və Gülşən Tofiqqızının (Azərbaycan) təmsil olunduğu heyət müəyyən edəcək. Festival reqlamentinə görə,  münsiflər heyəti “ən yaxşı qısametrajlı animasiya filmi”, “uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” , “qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” nominasiyaları üzrə mükafatlar təqdim edəcək. Eyni zamanda hər bir tamaşaçı səs verməklə də animasiya filmlərinin qiymətləndirilməsinə öz töhfəsini verə bilər. Bu baxımdan da səsvermənin yekununda “Tamaşaçı rəğbəti mükafatı” təqdim ediləcək.xeber100.com

Sentyabr 13, 2019 11:13