Son zamanlar Azərbaycan kinosunda olan canlanma bir daha sübut edir ki, kino yaradıcıları tamaşaçıları kinoteatrlara qaytarmaqda qərarlıdır. xeber100.com “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovla məhz bəhs etdiyim inkişaf prosesi üzərində söhbət edərək sizlərin müzakirəssinə təqdim edir…
-Azərbaycan kinosu yarandığı tarixdən 1920-ci ildən 1958-ci ilə qədər formalaşma dövrünü, 1958-ci ildən 1990-cı ilə qədər ən önəmli sənət nümunələrinin yaranma dövrünü yaşayıb. Məlum hadisələrdən sonra uzun illər böhran dövrünü yaşamaq məcburiyyətində qalan kinomuz artıq son bir neçə ildə yenidən öz fəaliyyətinə start götürdü. Sizcə, bu qədər ağır bir yol keçən kinomuz yenidən öz tamaşaçısına qovuşa biləcəkmi?
-Kino elə bir sahədir ki, burada yaradıcı atmosfer yüksək olmalıdır, yəni, yaradıcı atmosfer müəyyən inkişaf prosesi keçməlidir. Bundan başqa incəsənətin digər sahələrindən fərqli olaraq kino texniki inkişafla bilavasitə bağlıdır. Bu baxımdan bu sahənin qurulması, inkişaf etdirilməsi müəyyən dövr tələb edir. Siz qeyd etdiyiniz kimi 20-ci illərdən məhz bu proses gedir və 50-ci illərdə artıq öz nəticələrini verməyə başladı. Bildiyiniz kimi milli filmlərimizin yaranması, milli rejissor kadrlarının yetişdirilməsi və onların mənəvi dəyərlərimizi filmlərə gətirməsi uzun bir proses olsa da buna nail ola bildik. Elə filmlərimiz var ki, dünya üçün sadəcə maraqlıdır, ancaq öz tamaşaçımız dəfələrlə baxır və yenə də baxmaq istəyir. Bu da o deməkdir ki, tamaşaçının maraqla, dəfələrlə baxmaqdan bezmədiyi filmdə baş verən hadisələr milli dəyərlər üzərində qurulub. Ümumiyyətlə götürdükdə, kinoda yaradıcı atmosferin və yaxud texniki prosesin dayanması o an diqqəti çəkir, hiss olunur. Ancaq inkişaf prosesi üçün zaman lazımdır və ən önəmlisi inkişaf prosesinin getdiyini o an hiss etmək olmur. Çox təəssüf ki, Azərbaycan kinosu 90-cı il hadisələrindən sonra tənəzzül dövrünü yaşamağa məcbur oldu ki, bunun da obyektiv və subyektiv səbəbləri var idi. Və bu səbəblər sadəcə bizə deyil, bütün keçmiş SSRİ adlı birlikdə bir araya gələn respublikalarda da hiss olundu. Bu yaşanmış yaxın bir keçmişdir. Artıq böhran dolu günlərimiz geridə qalıb. Ölkə başçsının imzaladığı Dövlət Proqramı çərçivəsində incəsənət sahəsində çox mühüm dəyişikliklər oldu ki, bu da sürətli inkişaf yolunu tutdu. Kino da bu inkişafdan geri qalmadı. Bizim əsas məqsədimiz iki əsas xətti inkişaf etdirməkdir-yaradıcı atmosferin yüksəldilməsi və istedadlıların üzə çıxardılması.
-Yaşadığımız sürət əsrində informasiya bolluğu o qədər güclənib ki, hazırda tamaşaçını hər mövzu ilə düşündürmək mümkün kimi görünmür. Necə bilirsiniz, bəlkə əvvəlki illərdən daha yüksək səviyyəli sənət nümunələrimiz yaranmalıdır?
-Məqsəd daha güclü sənət nümunələrinin yaranmasıdır. Qapalı bir cəmiyyətdə yaşadığımız Sovetlərin qadağalı dövründə yaradıcı insanlarımız cəsarət nümayiş etdirərək belə gözəl sənət nümunələri yaratmağı bacarıblarsa, o zaman hazırkı müstəqillik dövründə ondan daha artıq sənət nümunələri yaranmalıdır. Qadağa yox, mövzu bolluğu, sərbəst seçim, yaradıcı potensail, dövlətin maliyyə dəstəyi və s. var və biz bu fürsəti dəyərləndirməliyik. Hazırda kino sənayesini müasir dövrün tələblərinə cavab verən mühəndis kadrların yetişdirilməsi prosesi gedir. Tarixdə ilk dəfə olaraq dünyanın müxtəlif yerlərində yaşayan və əlbəttə ki, öz ölkəmizdə yaşayan istedadlı gənclərimizi, son 2-3 il ərzində Azərbaycan kinosunun ətrafına topladıq. Bu. gözlədiyimizdən daha artıq nəticə verdi. Əvvəllər belə bir fikir səslənirdi ki, kinomuz heç Biləcəridən o tərəfə keçməyib. Artıq Biləcəri söhbəti əsassızıdr. Çünki Azərbaycan kinosunun səsi artıq uzaq ölkələrdən gəlir. Təsəvvür edin ki, Azərbaycan filmi 52 dövlətdə və 52 Beynəlxalq Film Festivalında iştirak edərək öz kinomuzu layiqincə təmsil etdi. Bu da bizim kino tariximizdə ilk hadisə idi. Artıq kinomuzda yeni adlar var, yeni nəfəs var. Şamil Əliyev, Elçin Musaoğlu, Asif Rüstəmov, İlqar Nəcəf, İlqar Səfa və b. eyni zamanda xaricdə yaşayan gənclərimiz var ki, hər biri Azərbaycan kinosu üçün bir nəfəs oldu. Fərqli mövzular, fərqli yanaşmalar, fərqli rejissor yozumu və ən önəmlıisi dünya kinosundan xəbərdar olan gənc nəsil yetişməkdədir. Bundan başqa “Azərbaycanfilm”də hələ keçən il 5 nəfər azərbaycanlı operator qısametrajlı filmlərdə sınaqdan keçdi ki, bu il onlar tammetrajlı filmlərdə özlərini göstərəcəklər. Artıq özünü tammetrajlı filmdə göstərən var. Bu da o deməkdir ki, artıq yeni rejissorlar, yeni operatorlar, ssenaristlər yetişir. Düşünürəm ki, bu prosesi düşünülmüş şəkildə, proqramlı şəkildə aparmalıyıq ki, gözlədiyimiz nəticələri əldə edək. Əsasən müştərək filmlərə yer verməliyik ki, xarici təcrübəni daha da yaxından izləyək, mənimsəyə bilək. Müştərək filmlərin çəkilməsi, xaricdən vəsaitin cəlb edilməsi, özəl studiyaların inkişaf etdirilməsi əsas məqsədlərimizdən biridir. Bildiyiniz kimi 18-ə yaxın özəl prodüser şirkətini birləşdirib Prodüserlər Gildiyası təsis etdik ki, bu da uğurlu işlərimizdən biridir. Artıq bütün sahələrdə bərpa işlərinə başlamışıq. Prodüser məktəbini bərpa etməliyik, yeni düşüncəyə malik istedadlı gənclərin kinoya cəlb olunması, bədii yaradıcılığın inkişaf etdirilməsində görüləcəck işlər çoxdur. Biz artıq “Azərbaycanfilm” kinostudiyasını bir bazaya çevirməliyik ki, istənilən uğurlara da imza ata bilək.
-Azərbaycan kino günlərinin keçirilməsi bir daha sübut edir ki, artılq kino inkişaf yolunu tutmaqdadır…
-Hər həftə bir yeni filmimimiz geniş tamaşaçı auditoriyasına təqdim olunur. Hətta filmlərin nümayişini regionlarda da təşkil edəcəyik. Yeni filmlərin nümayişi və getdikcə sayının artması bir daha sübut edir ki, Azərbaycan kinosu böhran anlarını geridə qoyub. Əvvəllər filmlərin yaranmasında başqa ölkələrin yaradıcıları iştirak edirdisə, hazırda artıq kimsənin köməyinə ehtiyac hiss olunmur.
-“Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsinə təyin olunduğunuz 2011-ci il tarixinə qədər Mədəniyyət və Turizm nazirliyində kino sektorunda çalışmıısnız. Prosesləri kənardan izləmək bir başqa, proseslərin birbaşa içində olmaq tamam başqadır…
-Bura təyin olunduğum zaman təsəvvür edin ki, saysız sualla qarşılaşdım və fikirləşdim ki, əgər bu suallara cavab verə bilsəm o zaman istədiyimizə nail olacağız. Əslində məndən əvvəl də bu vəzifəni tutan şəxslərin qarşısında böyük problemlər dayanırdı. Belə ki, kinostudiyaya texnika sonuncu dəfə 80-ci illərdə alınıb. Yəni, texniki sənaye yox dərəcəsində idi. Biz bu problemi tədricən bərpa etməyə başlamışıq. Çüünki kinostudiyada müasir texnikanın olması əsas məsələlərdən biridir. Biz milli filmlərimizi çəkməklə yanaşı, “Azərbaycanfilm” kinostudiyasının fəaliyyətini beynəlxalq aləmdə bir xidmət kinoşirkəti kimi də özünü göstərməlidir. Bu da o deməkdir ki, biz öz filmlərimizi çəkməklə yanaşı, başqa ölkələrdən gələn yaradıcı qüvvələr üçün də çəkiliş şəraiti yaratmalıyıq. Məsələn, qonşu Gürcüstan buna qismən də olsa nail ola bilib. Artıq bizdə də bu proses başlayıb. Məsələn, TV kanalları “Azərbaycanfilm”ə cəlb etdik, Türkiyə şirkətlərini əməkdaşlığa dəvət etdik. Rusiya kinoşirkəti ilə müştərək şəkildə filmlər çəkdik. Dünya ölkələri ilə əlaqələri daha da gücləndirmək üçün bizim peşəkar işıqçılara, səs rejissorlarına, dekorator ustalarına ehtiyacımız var. Bu baxımdan əgər xidmətlə kinomuzu qura bilsək, onda uğurlarımız çox olar.
-Bir sözlə, böyük islahat proqramının həyata keçirilməsi göz qabağındadır. Teatrlarımızın əksəriyyəti islahat proqramından yaxşı mənada yararlana bildilər, ən azından müasir standartlara cavab verən teatr binasına sahib oldular…
-Teatr binasının təmiri ilə kinostudiyanın bərpası çox fərqlidir, hətta kinostidya daha ağırdır. Bilirsinizmi aradan çox böyük bir dövr keçdi-40-50 il, nəticə etibarilə də texniki baza zəiflədi. Onu da qeyd edim ki, texniki bazanın bərpası böyük əmək, eyni zamanda böyük vəsait tələb edir. Bu islahat proqramında sadəcə onda qazandıq ki, bir-birindən önəmli yaradıcılıq layihələri həyata keçirdik. Hər il almanax çəkirik ki, orda da 4-5 gənc sınaqdan keçir, bundan başqa usta dəsrləri təşkil edirik. Əslində əsas məqsədimiz peşəkar kino məktəbini, kino ənənələrini qoruyub saxlamaqdır. Buna nail oluruq, yeni çəkilib təqdim olunan filmlərimizdə də bütün bunları hiss etmək mümkündür. Yeni ildə 3-4 yeni filmi tamaşaçıların ixtiyarına verməyə hazırlaşırıq. Getdikcə filmlərimizin sayı artacaq. Yeni yaradıcı qüvvəylə önəmli sənət nümunələrinə imza atacağımıza inanıram.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…