Azərbaycan musiqisinin ən çətin janrı olan xalq mahnıları və muğamlar yarandığı gündən ustad ufaçıların sənətkarlıq gücüylə daha da inkişaf etdirirək bu günlərə gəlib çıxıb. Doğrudur, zamanla muğama, xalq mahnılarına yenilik gətirənlər olub, ancaq nə olur olsun, hər yenilik belə kökə söykənib. Müsahibim xalq artisti Gülyaz Məmmədova Opera və Balet teatrının səhnəsində əksər muğam operalarında aparıcı partiyaları – “Leyli və Məcnun”da Leyli, “Gəlin qayası”da Gülbahar, “Aşıq Qərib”də Şahsənəm, “Arşın mal alan” da Telli, “Koroğlu”da xanəndə qız, “Vaqif”də xanəndə və s. ifa edib. Azərbaycan muğam sənətini dünyanın bir çox ölkələrində daima yüksək səviyyədə təmsil edən xanəndə eyni zamanda pedaqoji fəaliyyətlə də məşğuldur.
TANITIM: Gülyaz Məmmədova 1977-1987-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə oxuyub. 1988-1992-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Musiqi Kollecində (keçmiş A.Zeynallı adına Musiqi texnikumu) təhsil alıb. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində «solo oxuma» xanəndəlik fakültəsində təhsil alıb. 1991-ci ildən R.Behbudov adına Mahnı teatrının solistidir.1993-cü il Avstriya Dünya festivalında Vyan-Trats şəhərlərində,2000-ci ildə Almaniyanın Honnover şəhərində EKSPO – 2000 sərgisində, 2000-ci ildə Türkiyədə «Boğaziçi» festivalında İstanbul və Ankara şəhərlərində, 2001-2002-ci illərdə «Bakı – Tiflis – Ceyhan» neft kəmərinin təbliğ qrupunun konsert proqramında, 2002-ci ildə Fransanın Strassburq şəhərində Azərbaycanın Avropa Şurasına daxil olmasının 1 illiyi münasibətilə təşkil olunmuş konsert proqramında, 2002-ci ildə Avstriyanın Vyana şəhərində, Moskvada, Ukraynanın Kiyev şəhərində, 2002-2003-cü illərdə Moskvada «Azərbaycan Mədəniyyəti günləri»ndə, 2002-ci ildə Ukraynada, 2002-ci ildə MDB dövlətlərarası festivalda, 2003-cü ildə Moskva və Minsk şəhərlərində, 2003-cü ildə Almaniyanın Mayns şəhərində «Azərbaycan Mədəniyyəti günləri»ndə, 2004-cü ildə Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə, 2005-ci ildə Moldovanın Kişinyov şəhərində, 2005-ci ildə Avstriyanın Vyana şəhərində «Azərbaycan Mədəniyyəti günləri»ndə, 2006 – Naxçıvanda «Dövlət müstəqilliyi günü» ilə əlaqədar qastrol səfərlərində olub. 1998-ci ildə Əməkdar artist, 2014-də Xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildən Prezident Mükafatçısıdır.
-1991-ci ildən Mahnı Teatrında, 1992-ci ildən Opera və balet teatrında çalışırsınız. Demək olar ki, 25 illik fəaliyyətiniz var. Hər iki teatrda olan fəlaiyyətinizi necə xarakterizə edərdiniz?
-Bir birindən fərqlənən, fərqli janrlarda olan teatrlardır. Bildiyinizi kimi Opera səhnəsində demək olar ki, bütün rollarda oynamışam. Mahnı teatrında isə dünya ölkələrinə, bölgələrə səfərlər etmiş, Azərbaycan musiqisinin təbliğatıyla məşğul olmuşuq. İnandırım ki, elə gözəl, maraqlı, rəngarəng həyat tərzimiz olub ki, zamanın, vaxtın necə keçdiyini belə hiss etməmişik. Doğrudur, mən Mahnı teatrına gələndə, teatrın yaradıcısı Rəşid Behbudov dünyasını dəyişmişdir, ancaq onun yaratdığı bütün qayda-qanunlar davam edirdi. Və mən də bu teatrda geniş meydan qazandım ki, buna görə də ustadım Kamil Vəzirova minnətdarlığımı bildirirəm. Qeyd edim ki, hər iki teatrda olan fəaliyyətim, eyni zamanda pedaqoji fəaliyyətim bir-birinə mane olmayıb, əksinə müəyyən mənada kömək olub. Məsələn, həftə ərzində artıq işlərimi elə qururdum ki, hər gün bir işə köklənirdim. Tutaq ki, bu gün Opera səhnəsində bir qəhrəmanın həyatını oynamalı, onun daxili dünyasındakı tələtümü səs diapozonu vasitəsilə tamaşaçıya çatdırmalıyam. Səhəri gün onlarla tələbə qarşısısnda müəllim kimi bildiklərimi anlatmalı, onların suallarını cavablandırmalıyam.Yeri gəlmişkən 1996-cı ildən Asəf Zeynallı adına musiqi kollecində dərs deyirəm. 2006-cı ildən isə Bakı Humanitar Kollecində dərs deyirəm. Eyni vaxtda televiziya proqramlarında iştirak etmək, qastrollara getmək və s. hamısı gərgin iş sistemi deməkdir. Ancaq insan məsləyini sevirsə, özünü işində tapırsa o zaman heç bir çətinlikdən qorxmur.
-Siz nəslin sənətə gəlişi ölkəmizdəki siyasi durumun ən qarışıq məqamına təsadüf edir. Ancaq çətinliklərə baxmayaraq sizlər yaşlı nəsildən estafeti təhvil almağı bacardınız. Artıq sizlər estafeti yeni gələn nəslə vermək üçün gərgin fəaliyyət nümayiş etdirirsiniz…
-Doğrudan da sənətə gəldiyim günlərə nəzər salarkən necə çətin bir dövr olduğunu xatırlamamaq mümkün deyil. Ancaq yaxşı ki, siz dediyiniz kimi ustadların əksəriyyətini görə bildik, onlardan estafeti təhvil ala bildik. Şəxsən mən ümumiyyətlə incəsənət aləmində olanlardan Tofiq Quliyevi, Vasif Agıgözəlovu, Şəfiqə Axundovanı, Emin Sabitoğlunu, Ramiz Mustafayevi, Sara Qədimovanı, Tükəzban İsmayılovanı, Şövkət Ələkbərovanı, Nəsibə Zeynalovanı, Mirzə Babayevi, Eldəniz Zeynalovu, Yaşar Nuriyevi və b. gördüm. Onların sənətini izləyə-izlıəyə öyrəndim. Onların biz nəslə münasibəti o qədər yüksək səviyyədə idi ki, bunu sözlə ifadə etməkdə çətinlik çəkirəm.
-Yeri gəlmişkən, tamaşaçı sizin ifaçılığınızı yüksək qiymətləndirir. Ancaq zirvə fəth etmək nə qədər çətindirsə, fəth etdiyin zirvədə qalmaq ondan da çətindir…
-Bilirsinizmi ifaçılıqda istedadla yanaşı, zəhmət mütləq olmalıdır ki, nəticədə də istədiyin zirvəyə ucala biləsən. Əgər sadaladığım keyfiyyətlərdən biri olmazsa o zaman zirvədən söhbət gedə bilməz. Ümumiyyətlə çətinlik olmadan heç bir uğur qazanmaq olmaz, doğrudur bu sənətin çətinlikləri çoxdur, ancaq bizim hər birimiz o yolları keçərək bu günə gəlib çıxmışıq. Nə qədər çətinliyimiz olsa belə bütün fikrimiz sadəcə sənəti dərindən öyrənməyə yönəlib. Sənətin səviyyəsi bizim üçün hər şeydən üstün olub.
-Azərbaycan muğamı dünyanın hər yerində yüksək səviyyədə təbliğ olunur. Şəxsən siz nəsil muğam ifaçılığının təbliğində böyük rol oynayırsınız…
-Muğamı təqdim etmək o qədər böyük məsuliyyətdir ki, eyni zamanda qürur hissidir ki, bunu sadəcə sözlə ifadə etmək çox çətindir. Muğamı elə muğam ifasıyla izah etmək olar ki, necə bir möcüzədir. Muğamın sirlərini Nəriman Əliyevdən öyrənmişəm. Onu da qeyd edim ki, Nəriman Əliyev də muğamın sirlərini Seyid Şuşinskidən öyrənib və onun xeyir-duası ilə də pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb. Hazırda fəaliyyət göstərən muğam ifaçılarının əksəriyyəti Nəriman Əliyevin tələbələri olub. Nəriman Əliyev Seyid Şuşinskidən öyrəndiklərini, onun biliyini, onun qurduğu proqramı biz tələbələrinə necə öyrədibsə, bizlər də öyrəndiklərimizi olduğu kimi öz tələbələrimizə öyrədirik.
-Dünya ölkələrində keçirilən onlarla musiqi festivallarında iştirak etmisiniz. Bu festivallarda diqqətinizi ən çox çəkən məqam hansılar olub?
-Öncəliklə qeyd etmək istərdim ki, dünya ölkəsindəki hər bir səfərimizdə səhnəyə milli geyimlərdə çıxmışıq ki, bu çox önəmli bir məqamdır. Çünki milli geyimdə mənsub olduğumuz xalqın adət-ənənəsini nümayiş etdirirdik. Konsert proqramlarını Azərbaycan deyə başlayaraq Azərbaycan deyə bitirirdik. Bayrağımıız isə hər an göz önündə saxlayırdıq. Istənilən əcnəbi vətəndaş üçün yaratdığımız mənzərə-mənsub olduğumuz xalqın geyimi, muğamı, səsi və bayrağı- onlara hər şeyi anladırdı. Şəxsən bizlər də başqa xalqları ilk növbədə bayrağı, geyimi, musiqisi ilə tanıyırıq. Və ilk tanışlıq çox gözəl təəssürat yaradırdı. Son illərdə diaspor təşkilatların fəaliyyəti nəticəsində Azərbaycan musiqisinin təbliği üçün daha geniş meydan yaradılıb ki, bütün bunlar da bir daha sübut edir ki, ölkəmiz artıq tanınır, musiqimiz sevilir. Bu çox qürurverici bir hissdir, duyğudur. Bildiyiniz kimi hələ SSRİ dövründə Rəşid Behbudov, Zeynəb Xanlarova bütün dünyada Azərbaycan musiqisinin təbliği yolunda böyük işlər görüblər. SSRİ qapalı bir cəmiyyət olsa da adlarını çəkdiyim ustadların sayəsində Azərbaycan musiqisi dünya ölkələrində geniş yayıldı. Hazırda isə artıq müstəqil ölkəyik və istənilən ölkəyə qorxaraq deyil, müstəqil ölkənin vətəndaşı olaraq gedirik ki, bu da bizə təbliğat üçün geniş meydan verir.
-Muğam janrının yaranışı qədim olduğu qədər də, eyni zamanda musiqi janrı kimi dərin köklərə malikdir. Necə bilirsiniz xanəndə bu dərinliklərdə “itib-batmamaq” üçün nə etməlidir və ya muğamı necə qorumalıdır?
-Muğamın yaranma tarixi hər zaman mübahisəlidir. Ancaq tarixi öyrəndikcə o zaman şahid oluruq ki, muğam elə millətin yaranışı ilə eyni vaxta təsadüf edir. Yəni insanlıq var olandan musiqi də var, muğam da var. Nizaminin əsərlərində dəstgahdan bəhs olunur. Bütün bunlardan da belə nəticəyə gəlmək olar ki, muğamın tarixi çox qədimdir. Hətta əvvəllər muğam çox dərin, uzun oxunub ki, az qala bütün şöbəsi oxunurmuş. Hazırda muğam qısa oxunur. Ümumiyyətlə isə xanəndəlik sənətinin inkişafı muğam musiqisi ilə sıx əlaqədardır. Bildiyiniz kimi muğam Azərbaycan xalq musiqisinin əsasını təşkil edir və Azərbaycan musiqisinin yeddi əsas muğamı var: “Rast”, “Şur”, “Segah”, “Şüştər”, “Çahargah”, “Bayatı- Şiraz”, “Hümayun”. Hətta muğamlar musiqi xarakterinə görə bir-birindən fərqlənir. Dahi Üzeyir Hacıbəyov “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi-nəzəri kitabında muğamları belə səciyyələndirir: “Rast”- dinləyicidə mərdlik və gümrahlıq hissi, “Şur” – şən, lirik əhval-ruhiyyə, “Segah”- məhəbbət hissi, “Şüştər”- dərin kədər, “Çahargah”- həyəcan və ehtiras hissi, “Bayatı-Şiraz”- qəmginlik, “Hümayun”- dərin kədər hissi oyadır. Və sizn də suaalınızda qeyd etdiyiniz kimi muğamın dərinlikləri məhz onun xarakteri ilə üst-üstə düşür. Bis nəsil muğamlarımızın qorunmasında, onun layiqli təbliğində rol oynadığımız kimi, onu gələcək nəslə olduğu kimi çatdırmaqda da böyük məsuliyyət hissi daşıyırıq. İnanıram ki, bu məsuliyyətin öhdəsindən gələcəyik.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…