“Azərsu” ASC Şuşa şəhərini içməli su ilə təmin etmək üçün tədbirləri davam etdirir

17 Dekabr 2020 14:27

Xəbər 785 dəfə oxunub

Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən, “Azərsu” ASC işğaldan azad olunmuş Şuşa şəhərini dayanıqlı içməli su ilə təmin etmək üçün təxirəsalınmaz tədbirləri davam etdirir. Kiçik Kirs mənbəyindən sonra Zarıslı mənbəyindən suyun verilməsi ilə Şuşa şəhərinin alternativ və dayanıqlı içməli su təchizatı təmin olunub.ASC-dən Azərtac-a bildirilib ki, Şuşa şəhərinin içməli su təchizatının dayanıqlılığını təmin etmək və Kiçik Kirs mənbəyindən asılılığı aradan qaldırmaq üçün Zarıslı mənbəyi və Zarıslı-Şuşa magistral kəmərində aparılan təmir-bərpa işləri yekunlaşıb və şəhərə yeni mənbədən suyun verilməsi təmin olunub. Müdafiə Nazirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə Şuşa şəhərindən 11 kilometr məsafədə yerləşən Zarıslı mənbəyi və Laçın-Şuşa avtomobil yolunun kənarı ilə çəkilmiş magistral su xətti tam təftiş edilib, kəmərin qəzalı hissələri müəyyənləşdirilib.“Azərsu” ASC-nin Bakıdan və Cəbrayıl sukanal sahəsindən ezam olunmuş mühəndis-texniki heyəti tərəfindən qısa müddətdə qəzalar aradan qaldırıb, kəmərin sıradan çıxmış hissələri dəyişdirilib. Eyni zamanda, mənbədə olan 3 sugötürücü qurğudan ikisində təmir-bərpa işləri başa çatdırılaraq mənbənin məhsuldarlığı artırılıb. Kəmərlə nəql olunan içməli suyun mərkəzi anbara və buradan da şəhər şəbəkəsinə ötürülməsi təmin edilib. Anbarda generator quraşdırılıb, hipoxlorid məhlulundan istifadə olunmaqla zərərsizləşdirici qurğu istismara verilib. Şəhərin anbardan yüksəklikdə yerləşən ərazilərinin su təminatının aparılması məqsədilə anbarda yeni nasos quraşdırılıb. Eyni zamanda, zərurət yarandıqda suyun maşınlarla daşınması üçün sudoldurma məntəqəsi yaradılıb.Hazırda Şuşa şəhərinin daxili paylayıcı su şəbəkəsinin sıradan çıxmış və qəzalı hissələrinin təmiri davam etdirilir, su almayan bina və tikililərin su təchizatı bərpa olunur.Qeyd edək ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra şəhərə içməli suyun verilməsi tam dayanmışdı. Düşmən tərəf şəhəri tərk edərkən magistral su kəmərini də sıradan çıxarmışdı. Yaranmış içməli su probleminin həlli məqsədilə ilkin olaraq Daşaltı kəndinin içməli su təchizatı bərpa edilib və Şuşa şəhərini müvəqqəti olaraq maşınlarla su ilə təmin etmək üçün Daşaltıda sudoldurucu məntəqə yaradılıb. Sonra Kiçik Kirs mənbəyində və uzunluğu 9,4 kilometr olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələrində bərpa işləri aparılaraq noyabrın 25-də Şuşa şəhərinə suyun verilməsi təmin edilib.Mənbələrdə, magistral kəmərlərdə və şəhərdaxili paylayıcı şəbəkələrdə yaranan problemlərin operativ həlli məqsədilə “Azərsu” ASC-nin mühəndis-texniki heyəti və qəza briqadası tərəfindən Şuşa şəhərində fasiləsiz xidmət təşkil olunub.xeber100.com

Qızılın bir troya unsiyasının qiyməti 163,6 dollar azalaraq 4 581,5 dollar təşkil edib

Qlobal siyasi qeyri-müəyyənliyin artması fonunda investorların “təhlükəsiz liman” hesab etdikləri qiymətli metallara yönəlməsi qızıl qiymətlərini son dövrdə rekord səviyyələrə yüksəltmişdi. Yanvarın 26-da qızılın qiyməti ilk dəfə bir troya unsiya üçün 5 000 dolları ötərək qısa müddət ərzində 5 500 dollara qədər artdı. Həmçinin oxşar artım gümüş və platin qiymətlərində də müşahidə olunub. Lakin ABŞ-da siyasi mühitin sabitləşməsi ilə əlaqədar qiymətlər kəskin azalıb. Bu gün qızılın bir troya unsiyasının qiyməti 163,6 dollar azalaraq 4 581,5 dollar təşkil edib. Bununla belə, qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə hələ də xeyli yüksək səviyyədə qalır. Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın ABŞ ilə ticarət edən ölkələrə qarşı tətbiq etdiyi sərt gömrük rüsumları qlobal ticarətdə ciddi problemlərə səbəb olub. Mütəxəssislər bildirir ki, ticarət siyasəti investorları narahat etməyə davam edir və bu amil qızılın bahalaşmasına mühüm töhfə verir. Yanvar ayında qızıl və gümüş qiymətləri rekord həddə çatdıqdan sonra Trampın Qrenlandiyanı almaq təşəbbüsünə qarşı çıxan 8 Avropa ölkəsini yeni gömrük rüsumları ilə hədələməsi investorların reaksiyasına səbəb olub və bu, səhm bazarlarında enişlə nəticələnib. Bundan başqa, Donald Trampın ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbərliyinə nisbətən daha etibarlı hesab edilən Kevin Uorşu namizəd göstərəcəyi ilə bağlı xəbərin də qızılın ucuzlaşmasına təsir edən amillərdən biri kimi dəyərləndirilir. “Capital Economics” şirkətinin iqtisadçısı Həmid Hüseyn bildirir ki, Tramp administrasiyasının xarici və fiskal siyasəti ilə bağlı risklər fonunda qızılın təhlükəsiz investisiya kimi qəbul edilməsi bu qiymətli metalı investorların diqqət mərkəzinə çevirib. Çin qızılın ən böyük alıcıları sırasındadır. Ölkədə tələbin əsasən zinət əşyaları alan şəxslər və investorlardan qaynaqlandığı müşahidə olunur. Qərb investorları da qızıl fondları və ticarət şirkətləri vasitəsilə bazarda fəal iştirak edirlər. Həmçinin Ukrayna və Qəzzada davam edən müharibələr qlobal siyasi qeyri-müəyyənliyi daha da artırır. Bundan başqa, Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları qlobal gərginliyi artıraraq ABŞ dollarına olan etimadı zəiflədib ki, bu da investorların qiymətli metallara yönəlməsini sürətləndirib. Mütəxəssislər qeyd edir ki, qızıl qeyri-müəyyənlik dövrlərində ənənəvi rolunu oynayır - artan ticarət gərginliyi, geosiyasi risklər və ABŞ-dakı siyasi qeyri-sabitlik fonunda dəyər qazanır. Qızıl qiymətlərinin artmasında mərkəzi bankların artan alışları da mühüm rol oynayır. Mütəxəssislər vurğulayır ki, həm investorlar, həm də mərkəzi banklar ehtiyat valyuta kimi qızılı seçir və onu ABŞ siyasətinin asılılığından qoruyan vasitə hesab edirlər. Qeyri-sabit dünyada qızıl effektiv diversifikasiya vasitəsidir. Ancaq müşahidə olunan qiymət dalğalanması isə göstərir ki, digər əmtəələr kimi qızıl da sürətlə bahalaşa bildiyi kimi, eyni sürətlə ucuzlaşa da bilər.xeber100.com

Fevral 2, 2026 13:47

“Bakı Metropoliteni” ilə “Metro İstanbul” satınalma müqaviləsi imzalayıb

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC ilə “Metro İstanbul” arasında satınalma müqaviləsi imzalanıb. Müqavilə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı üzrə metropolitenin genişləndirilməsi layihələri üzrə mühəndislik sahəsində məsləhət və ekspertiza xidmətlərinin göstərilməsini nəzərdə tutur və dəyəri 586 500 AZN-dir. QSC-dən bildirilib ki, müqavilə çərçivəsində “Metro İstanbul” mühəndislik və texnoloji həllərin qiymətləndirilməsi, istismar modellərinin təhlili, ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsi, həmçinin beynəlxalq maliyyə təşkilatları üçün nəzərdə tutulan maliyyə və kommersiya şərtlərinin nəzərdən keçirilməsi üzrə məsləhət xidmətləri göstərəcək. Bu istiqamətlər üzrə qurum tərəfindən ətraflı rəy və tövsiyələr təqdim ediləcək. Qeyd edək ki, beynəlxalq maliyyə institutlarının tələblərinə uyğun olaraq, layihə sənədlərinin istismar üzrə təcrübəli müstəqil ekspert tərəfindən qiymətləndirilməsi zəruridir. Dövlət Proqramı çərçivəsində genişləndirmə tədbirlərinin Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Asiya İnkişaf Bankı (ADB) tərəfindən maliyyələşdiriləcəyi nəzərə alınaraq, layihələrin beynəlxalq standartlara uyğun hazırlanması məqsədilə bu yanaşma xüsusi əhəmiyyət daşıyır.xeber100.com

Noyabr 15, 2025 15:52

Beynəlxalq Aeroportun uçuş qrafikində dəyişikliklər olacaq

Heydər Əliyev Beynəlxalq Aeroportu oktyabrın 27-dən martın 30-dək qüvvədə olacaq payız-qış uçuş cədvəlinə keçir. Bu mövsümdə bəzi istiqamətlər üzrə uçuş qrafikində dəyişikliklər ola bilər. Bakı hava limanından bildirilib ki, yeni mövsüm çərçivəsində hava limanından 18-i aşağıbüdcəli olmaqla, 39 aviaşirkət 80-ə yaxın istiqamətə, o cümlədən məşhur turizm və işgüzar marşrutlara uçuşlar yerinə yetirəcək. Bu uçuş mövsümündə Maldivlərin paytaxtı Male yeni istiqamətlər sırasındadır, eyni zamanda Aktau, Ciddə, Doha və Küveytə reyslərin sayı artırılıb ki, bu da sərnişinlərə daha çox və rahat səyahət imkanları təqdim edir. Qış mövsümündə təhlükəsiz və fasiləsiz fəaliyyətin təmin edilməsi məqsədilə hava limanında kompleks hazırlıq tədbirləri də həyata keçirilib. Qarın təmizlənməsi və kimyəvi reagentlərin yayılması üçün avadanlıqlar tam istifadəyə hazır vəziyyətə gətirilib, uçuş-enmə zolağının, avtomobil yollarının və piyada sahələrinin təmizlənmə tezliyi artırılıb. Pilləkənlər və panduslar sürüşməyə qarşı xüsusi lentlərlə təchiz edilib. Bundan əlavə, yarana biləcək nasazlıqların qarşısını almaq üçün yarımstansiyalar, işıqlandırma sistemləri və dizel generatorlarının diaqnostikası aparılıb. “Bizim əsas prioritetimiz – sərnişinlərimizin hər mövsümdə ən yüksək rahatlıq və təhlükəsizlik standartları ilə təmin olunmasıdır ki, hər bir səyahət onlar üçün yalnız asan və rahat başlamasın, eyni zamanda təcrübələri xoş və yaddaqalan olsun”, – deyə aeroportun direktoru Teymur Həsənov bildirib. Sərnişinlərə reyslər barədə ən son məlumatları aviaşirkətlərin rəsmi saytlarından izləmək və gözləmə vaxtını minimuma endirmək üçün mövcud onlayn xidmətlərdən faydalanmaq tövsiyə olunur.xeber100.com

Oktyabr 26, 2024 17:04