Bədii gimnastika üzrə 39-cu Avropa çempionatına yekun vurulub

21 May 2023 14:50

Xəbər 22 dəfə oxunub

Bakıda təşkil olunan bədii gimnastika üzrə 39-cu Avropa çempionatına mayın 21-də yekun vurulub. Çempionatın bağlanış mərasimində əvvəlcə iştirakçı ölkələrin paradı olub. Sonra Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Avropa Gimnastikasının bayrağını qitə qurumunun vitse-prezidenti Edvard Kolara təqdim edib. Avropa Gimnastikasının rəsmisi isə bayrağı 2024-cü ildə qitə çempionatına ev sahibliyi edəcək Macarıstan nümayəndəsinə verib. Bayrağı Avropa çempionatının Təşkilat Komitəsinin sədri Andraş Tari təhvil alıb.

Avropa Gimnastikasının vitse-prezidenti E.Kolar bədii gimnastika üzrə 39-cu Avropa çempionatının yüksək təşkilatçılığına görə qurumun rəhbərliyi adından Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib və çempionatı bağlı elan edib.

Xatırladaq ki, “Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparıb. Gənclərdən ibarət qrup komandamız çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız çoxnövçülükdə üçüncü pillədə yer alsa da, üç lent və iki topla yarışda Avropa çempionu olub. Gimnastımız Zöhrə Ağamirova isə topla yarışda bürünc mükafata layiq görülüb.xeber100.com

Taekvondo üzrə 26-cı dünya çempionatına yekun vurulub

Bakıda təşkil olunan taekvondo üzrə 26-cı dünya çempionatına iyunun 4-də yekun vurulub. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov dünya çempionatının keçici bayrağını Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çuya təqdim edib. Dünya Taekvondo Federasiyasının rəsmisi isə bayrağı 2025-cü ildə dünya çempionatına ev sahibliyi edəcək Çin Taekvondo Federasiyasının nümayəndəsinə verib. Çunqvon Çu taekvondo üzrə 26-cı dünya çempionatının yüksək təşkilatçılığına görə minnətdarlığını bildirib və yarışı bağlı elan edib. Çinin 2025-ci ildə dünya çempionatına ev sahibliyi etməsi barədə qərar Dünya Taekvondo Federasiyası Şurasının Bakıda keçirilən görüşündə qəbul olunub. Çinin Usi şəhəri dünya çempionatına ev sahibliyi uğrunda səsvermədə Sofiya (Bolqarıstan), Zaqreb (Xorvatiya) və Şarlott (ABŞ) şəhərlərini qabaqlayıb. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. Dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizə aparıb. Dünya çempionu olan idmançı aktivinə 140 reytinq xalı əlavə edib. Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edib. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilib. Xatırladaq ki, Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini irəli sürsə, Bolqarıstan son anda müraciətini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə Avropa çempionatına, Qran-Pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatının keçirilməsini də Azərbaycana həvalə edib. Beləliklə, taekvondo üzrə dünya çempionatı MDB məkanında Rusiyadan sonra Azərbaycanda təşkil olunub. Eyni zamanda, Azərbaycan Avropada Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına ev sahibliyi edən yeddinci ölkədir.xeber100.com

İyun 4, 2023 15:08