Ədəbiyyat adamı hadisələrə fərqli prizmadan yanaşır, çoxlarının görə bilmədiyini hiss edərək, duyaraq, gördüklırini analiz edərək, bir sözlə yüz ölçüb, bir biçdikdən sonra öz fikrini irəli sürərək ortaya mövqe qoyar.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu da məhz o şəxslərdəndir ki, sözün qədrini bilərək, sözdən söz xatirinə deyil, əksinə qiymətli bir kitab kimi oxuyub həzm etdikdən sonra öz fikrini bildirər.
Son vaxtlar Azərbaycan Kinematoqrafçılar İttifaqının ətrafında cərəyan edən yersiz söz-söhbətlərə son qoymaq, lazımsız fikirlər qarşısında tutarlı kəlimlərdən istifadə edərək fikir bildirən birinə ehtiyac hiss olunurdu ki, bu zaman Söz ustası Baba Vəziroğlu AKİ-nin fəaliyyətini əhatə edən yüksək səviyyəli və geniş çıxışı ilə sükutu pozdu.
Xeber100.com şairin teleqraf.com-a verdiyi müsahibəni təqdim edir:
– Baba müəllim, Fatimə İbrahimbəyova ittifaqın konfransında türkdilli ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının yaradılması təklifi ilə çıxış etdi. Bu təklifə münasibətiniz necədir?
– Fatimə xanım böyük şəxsiyyət Rüstəm İbrahimbəyovun qızıdır və gözünü kinoda açıb. Kinonun texnoloji, ideoloji tərəflərinə yaxşı bələd olan insandır. Rüstəm müəllim SSRİ dağılandan bəri MDB və Baltikyanı ölkələrin Kino İttifaqları Konfederasiyasının prezidenti idi. Mərkəzi də Moskvada yerləşirdi. Müəyyən obyektiv və subyektiv səbəblərdən artıq bu ittifaqın mümkünlüyü şübhə altına alındı və belə demək olarsa, süqut elədi. Bu fikir bizim də xəyalımızda dolaşmaqda idi. Amma sağ olsun ki, Fatimə xanım bu fikri Kinematoqrafçılar İttifaqının konfransında səsləndirdi və hamı tərəfindən alqışlarla qarşılandı. Artıq bu həlli çatmış məsələdir və indi onu əmələ çevirmək lazımdır. Konfrans bizə – katibliyə tapşırıq verdi ki, yaradılacaq olan konfederasiyanın ideoloji əsaslarını, nizamnaməsini, prinsiplərini, proqramını, maliyyə fondunu, ora daxil olacaq ölkələri müəyyənləşdirək. Daha sonra növbəti iclaslarda birgə müzakirə edib, qəbul edək. Düşünürəm ki, bu konfederasiya türk dövlətlərinin kino ittifaqlarının inteqrasiyası, kino sənayesinin bir-birinə bağlılığı baxımından böyük əhəmiyyət daşıyacaq.
– Konfederasiyada Türkiyənin iştirakı gözlənilirmi? Fatimə xanım saytımıza açıqlamasında MDB-yə daxil olan türkdilli ölkələrin – Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistanın adını çəkib.
– Türkiyəsiz Türk dünyası yoxdur. Ola bilər, Fatimə xanım bunu mexaniki unudub. Türkiyəsiz bu, dediyimiz MDB ölkələrinin daxil olduğu konfederasiyanın bir hissəsi olacaq. Mənə belə gəlir ki, coğrafiya daha geniş olmalıdır. Onun mərkəzlərindən biri Bakı ilə yanaşı İstanbul, Ankara, Almatı, Aşqabad da ola bilər.
-Necə düşünürsünüz, türkdilli ölkələr bir-birilərinin filmlərindən xəbərdardılarmı?
-Yetərincə xəbərdar deyilik. Əvvəllər MDB ölkələri arasında sıx əlaqəlar vardı, tez-tez qarşılıqlı səfərlər baş tuturdu, kino nümunələrinin mübadiləsi reallaşırdı. İndi o sistem tamamilə dağılıb. O dövrün kino və ümumiyyətlə mədəni inteqrasiyası hazırda həsəd aparılacaq qədər güclü idi. Məhz ona görə bu ideya yarandı. Axı, bu tellər var idi. Sadəcə onu bərpa etmək lazımdır. Mərhum Rüstəm müəllim bu sahədə böyük işlər görürdü. Onun yaratdığı “Şərq-Qərb” festivalında MDB-dən kənar bir çox ölkələr iştirak edirdi. Amerika, Fransız filmləri həftəsi olurdu. Türk filmləri nümayiş olunurdu. Türkdilli ölkələrin kinosu adı altında yaranacaq qurum vasitəsilə bütün türkdilli ölkələrin nümayəndə heyətlərinin burada iştirakı vacib prosedura çevriləcək. Ondan əlavə dünya kinosu burada təmsil olunacaq. Türk kinosu dünya kinosunun sərhədlərindən kənarda deyil. Bu mənada ideyanı bütün kinematoqrafçılarımız dəstəkləyir. Lazimi proqramı, nizamnaməni hazırlayandan sonra dövlətin dəstəyinə ehtiyacımız olacaq, cənab Prezidentə müraciət edəcəyik. Mənə elə gəlir ki, dövlətlər özləri də belə bir qurumun yaradılmasına ehtiyac hiss edirlər. Çünki iqtisadi, siyasi, media əlaqələr ölkələrin birliyi üçün yetərli deyil. Kino rəhmətlik Lenin demişkən, incəsənətin ən vacib növüdür. Bu vacib növ olmadan ölkələrin yaxın təması mümkün deyil. Bu ideyanı Fatimə xanım səsləndirsə də düşünürəm ki, bu, zamanın ideyası, tələbi idi. Sadəcə onun dilindən bunu eşitdik və dəstəklədik.
– “Şərq-Qərb” festivalından söz düşmüşkən, festivalın bərpası mümkündürmü?
– İndi haqqında danışdığımız konfederasiyanın işi qaydaya düşəndən sonra ilk işlərindən biri müştərək festivalın təşkil olunmasıdır. Ola bilər ki, “Şərq-Qərb” adı dəyişsin, amma düşünürəm ki, bu çox uğurlu addır. Ölkələrin bir-birinin kino sənayesi ilə tanışlığı necə mümkün olur? Əlbəttə, istehsal olunan filmlərin tanışlığı ilə başlamalıdır. Biz bilməliyik ki, Türkmənistanda nələr çəkilir. Bir həftə türkmən filmləri həftəsi, bir həftə qazax, türk filmləri həftələri keçirilsin. Mən özüm ittifaqın katibi olaraq bütün dünya kinosu ilə tanışam, amma məhz türkdilli ölkələrin kinosu ilə yetərincə tanışlığım yoxdur.Türk coğrafiyası çox genişdir: Mərkəzi Asiyada, Tatarıstanda, Ruminiyada, lap Rusiyanın Sibirində- Yakutiyada hansı filmlərin çəkildiyini bilmirik. Həmçinin onlar da bizdə çəkilən filmlərdən məlumatlı deyillər. Arzu edirəm ki, konfederasiyanın işi qaydasına düşsün və biz türk kinosunun birliyini yarada bilək. Və gələn söhbətimizdə “bilmirik” kəlməsini işlətməyək.
– Baba müəllim, Rasim Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi kino xadimləri arasında birmənalı qarşılanmadı və Rasim müəllimin kino cameəsində parçalanmaya səbəb olduğu da iddia edildi. Son günlər baş verən hadisələrə, söylənilənlərə sizin fikrinizi bilmək istərdim.
– Mən ittifaqa sədr seçilməsi prosedurunu izah etməklə başlamaq istəyirəm. Kinematoqrafımızın qaymaqları Azərbaycan Kinematoqrafçılar İttifaqında birləşib. Belə də olmalıdır. İdeyası Cəfər Cabbarlı tərəfindən yaranmış, 1963-cı ildə Lətif Səfərov tərəfindən təməli qoyulmuş bir ittifaqdır. Təəssüf ki, biz böyük sənətkarımız Rüstəm İbrahimbəyovu itirdik. İttifaq başsız qala bilməzdi. Heç kim heç kimi əvəz etmir. Rüstəm müəllimi əvəz etmək mümkün deyil. Amma Rasim Balayevi də əvəz etmək mümkün deyil. Hər bir insan əvəzsizdir. Mənə görə insanları müqayisə etmək zərərli vərdişdir. Kinematoqrafçılar İttifaqının əvvəl katibliyi, daha sonra geniş tərkibdə heyəti toplanaraq qərara gəldi ki, alternativsiz Rasim Balayevin namizədliyini irəli sürək. Daha sonra konfransda iştirak edən üzvlərimizin yekdil səsi ilə Rasim Balayev itifaqın sədri seçildi. Rasim Balayev səhhəti ilə bağlı çox tərəddüd edirdi. Amma biz ona dedik ki, sən uzun illər kinoya xidmət etmisən, bundan sonra kənara çəkilməyə haqqın yoxdur. İndi də gəl, kinonun mərkəzində ol, kino ailəsinə başçılıq elə. Sənə çox əziyyət verməyəcəyik. Sən sadəcə rəhbərliyini elə, katiblikdə Anar müəllim, kino məktəbinin rəhbəri Oleq Səfərəliyev, Mədəniyyət Nazirliyində uzun illər kino işlərinə nəzarət edən şöbənin müdiri Cəmil Fərəcov, mən, illərin ən gözəl kino ulduzlarından biri Həmidə Ömərova, gecə-gündüz özünü kinoya həsr edən ən fədakar katib – Əli İsa Cabbarov və digərləri var. Belə bir katibliklə sənə işləmək asan olacaq. Nəhayət, razılaşdı. Sevinirəm ki, belə bir fakt tarixə çevrildi. İndi mən müəyyən qüvvələrin məntiqini heç cür anlaya bilmirəm. Logikasını, əxlaqını da anlamıram. Görün dünyada olmayan insan – Rüstəm İbrahimbəyov haqqında nələr yazırlar, deyirlər. Rüstəm İbrahimbəyov dünyada Azərbaycan mədəniyyətinin, kinosunun vizit kartı idi. Onun haqqında belə danışan adamlardan ayrı nə gözləyəsən? Rüstəm müəllim Şərq aləmində ilk dəfə Oskar alan azərbaycanlıdır. İlk dəfə şərqlə Avropa stilinin sintezindən ibarət olan “İbrus” teatrını yaradan adamdır. Azərbaycan film kortatekasında Rüstəm İbrahimbəyovun Rasim Ocaqovla çəkdiyi filmlər çox önəmli yerə sahibdir. O filmlər ki, Azərbaycan kinosuna yeni nəfəs gətirib, milyonların sevimlisi və hər gün sevə-sevə baxılan filmlərdir. Rüstəm müəllimin pyesləri dünyanın 100-dən çox teatrında tamaşaya qoyulub. Bütün bunları edən adam azərbaycanlıdır. Belə bir insanın ünvanına hədyanlar yağdıranlardan nə gözləyəsən? Bir az dərindən fikirləşəndə onları da başa düşürəm. Rüstəm müəllim hər mənada qüdrətli, çəkisi olan insan idi. Sağlığında onlar cürət edib ittifaqa hədyanlar yağdıra, güc göstərə bilmirdilər. Rüstəm müəllimin vəfatı sanki onlar üçün göydəndüşmə bir fürsət oldu, düşündülər ki, ittifaq dağılacaq. Amma qəfil məlum oldu ki, ittifaq dağılmır, ənənələr davam edir. Biz özümüzü toparlayıb sədr seçdik və o sədr Azərbaycan kinosunun simasıdır. Bu məqamda onların əsəbləri dözmədi, içlərilərindəki kin, düşmənçilik üzə çıxdı. Amma bilmirəm bu düşmənçilik haradan qaynaqlanır, çünki hamımız Azərbaycan kinosuna xidmət edirik. Deyirlər ki, dövlət Rasim Balayevi ora təyin edib. Bu dərəcədə səviyyəsiz sözlər danışılır. Bu, seçkili orqandır. Biz də 200 nəfərin içindən ən layiqli namizəd seçmişik. Burada başqa nə ola bilər ki? Rüstəm müəllim cəsarətli, sözü üzə deyən, konyukturaya getməyən adam idi. Ona görə Heydər Əliyev, İlham Əliyev onu çox istəyirdi. Cəsarətli, düz danışan insandan heç kimə ziyan dəyməz. Əksinə, məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edən yaltaq insanlardan qorxmaq lazımdır. Hər şey gözümüzün qarşısında oldu. Hamımız bilirik ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı necə yarandı… Daha doğrusu, onu necə yaratdılar. Onlar deyirlər ki, biz yaratdıq. Amma o ittifaqı Ramiz Mehdiyevin başçılıq etdiyi bir qrup – Rüstəmi düşmən elan etmək, Prezidentin ətrafını zəiflətmək istəyən və bu gün ifşa olunub hərəsi bir dərədə gizlənən korrupsiyaçı, düşmənin lehinə işləyənlər yaratdı. Rüstəm müəllimin başçılıq etdiyi ittifaqı gözdən salmaq, dağıtmaq üçün… Qeydiyyata alınmadığına görə Respublika sözünü də əlavə etdilər. Beləcə gözümüzün qabağında yaranan bir ittifaq oldu. Ona görə də heç kim onu yaratmaqla kinoya böyük xidmətlər göstərməsi adıyla qürrələnməsin. Onu da deyim ki, çox vicdanlı kinematoqrafçılar, ölkə kinosu üçün böyük xidmətləri olan insanların heç biri Ramiz Mehdiyev dəstəsinin onlara göstərdiyi konfetə aldanmadı. Kinematoqrafçılar arasında vicdanlı, sədaqətli insanlar da var. Onların böyük əksəriyyəti kinematoqrafçılar İttifaqının krizis dövrlərini şükranlıqla keçdilər. Bir gün gələr haqq-ədalət yerini tapar deyərək… Doğurdan da bir gün gəldi. Rüstəm müəllim ali səviyyədə dəvət olundu. Kinematoqrafçılar İttifaqı yenidən öz məcrasına qayıtdı. Bunu oradakı bir çoxları – vaxtilə onunla çörək kəsmiş, birlikdə kinoya xidmət etmiş, evində olan və nəhayət, dost sanılan bir çox xəyanətkar insanlar bunu həzm edə bilmədilər. Ona görə stəkanda tufan qoparmağa çalışdılar.
– Rasim Balayev ilk gündən ittifaqların birləşməsi fikri ilə çıxış etdi. Necə düşünürsünüz, ittifaqlar birləşə bilərmi?
– Mənə elə gəlir ki, bu, təbii prosesdir. Sonradan süni şəkildə yaradılmış ittifaq çox yaşaya bilməz. 1963-cü ildə təməli qoyulmuş əzəli, əbədi Kinematoqrafçılar İttifaqı var və Azərbaycan kinematoqrafçılarının qaymağı orada cəm olub. Gec-tez o biriləri də məşhur filmdəki sözdən sitat gətirərək cavab verəcəm: səhv eləmisən, götür tüfəngi keç bizim tərəfə. Yəqin ki, onlar da bir gün səhv etdiklərini anlayacaqlar. Və “çörəyə xəyanət”, “dosta xəyanət” damğasından qurtulmaq üçün haqq yoluna qayıdacaqlar. Gəlib öz doğma ittifaqlarında təmsil olunacaq, seçiləcəklər. Nə Rasim müəllim, nə Anar müəllim, nə mən əbədi deyiləm. Gəlib bütün işləri öz əllərinə alacaqlar. Əlbəttə, gələcək cavanlarındır. Bu gün Kinematoqrafçılar İttifaqına cavanlar axın edir. Hər ay bəlkə də onlarla cavan bizim ittifaqa üzv olmaq istəyir. Bizim ittifaq bu gün əsasən cavanların ittifaqıdır.
– Bunu necə izah edirsiniz?
– Onlar üçün həm mənəvi, həm maddi imkanlar yaradılır. Ustad dərsləri keçirilir, müsabiqələr elan olunur. Ən yaxşı ssenari, ən yaxşı rejissor işinə böyük məbləğdə pullar ayrılır. Bunu ittifaqın öz büdcəsindən, hətta kənardan sponsorlar cəlb edərək ayırırıq. Tərcümə kimi ağır işi Kinematoqrafçılar İttifaqı öz üzərinə götürür. Gənclərin filmlərini əcnəbi dilə tərcümə edib, xarici festivallara göndərir. Kinematoqrafçı qayğı hiss etməsə bu addımı atmaz. Amma o bizim ittifaqda o qayğını görür. Bizm ittifaqın qapıları 24 saat onların üzünə açıqdır. Həsən Seyidbəyli-18 ünvanı bizim kinematoqrafçılarımızın isti ocağıdır. İsti evdən, ocaqdan kim aralı düşər?
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…