Bakı Konqres Mərkəzində beynəlxalq konfrans öz işinə başlayıb

27 İyun 2019 16:51

Xəbər 775 dəfə oxunub

İyunun 27-də Bakı Konqres Mərkəzində “Delta hepatiti” adlı ikigünlük beynəlxalq konfrans öz işinə başlayıb.Azərtac xəbər verir ki, konfrans Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyi tərəfindən təşkil olunub və ilk dəfədir ki, Asiya-Sakit Okean Qaraciyər Tədqiqatları Assosiasiyasının platformasında qurulub.Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva KİV nümayəndələrinə müsahibəsində bildirib ki, tədbirin mövzusu çox nadir, lakin son illər ərzində çox təhlükəli sayılan qaraciyər virusudur: “Beynəlxalq konfransın işində 30-dan artıq ölkədən ümumilikdə 500-dən çox iştirakçı var. Konfransın devizi “Qələbə üçün birləşək” adlanır. Nadir sayılan D hepatitinin çox ağır fəsadları olur. Problemin vacibliyi ondan ibarətdir ki, bu xəstəlik uzun illər heç bir simptomu olmadan inkişaf edir və çox qısa vaxt ərzində qaraciyərin sirrozu ilə nəticələnir. Mövzunun vacibliyini nəzərə alaraq tədbiri həyata keçirmək üçün iki il öncə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdik və dəstək aldıq. Bu, Mehriban xanımın hər zaman olduğu kimi əhalinin sağlamlığına, tibb elminin inkişafına qayğısının təzahürüdür. Məqsədimiz öz həkimlərimizi maarifləndirək, yeni informasiyaları Bakıda və regionlarda da yayaq, insanlara kömək edək. Bunun da nəticəsində həkimlərimiz daha da ixtisaslaşacaq. Konfrans çərçivəsində bu xəstəliyin sosial problemləri də müzakirə olunacaq. Bu sahədə ən təcrübəli mütəxəssislər, professorlar Masao Omata (Yaponiya), Anna Lok, Robert Giş, Cefri Glen (hamısı ABŞ-dan), Sayed Hamid (Pakistan), Abdulkadır Dokmeci, Deniz Balci, Cihan Yurdaydın (hamısı Türkiyədən) və başqaları konfransda çıxış edib, müzakirələr aparacaqlar”.Konfrans məruzələrin dinlənilməsi ilə davam edib.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05