Bank sistemində aparılan islahatlar manata inamı artırır

9 Fevral 2016 13:49

Xəbər 1292 dəfə oxunub

Milli valyutamızın “üzən məzənnəyə” keçməsindən 50 gün ötür. Devalvasiyanın ölkə iqtisadiyyatına və bank sektoruna vurduğu ziyanın bu müddətdə aradan qaldırılması mümkün olmayıb. Ekspertlər bildirirlər ki, iqtidar manata həyat verməyə çalışır. Manatla bağlı vəziyyətin sabitləşəcəyinə inam artıq rəsmi səviyyədə elan olunmaqdadır.
Bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-yə müsahibəsində bildirib ki, mart ayından etibarən Mərkəzi Bank, eyni zamanda Palata və digər aidiyyəti qurumlar ölkədə manatın likvidliyinin artırılması istiqamətində çox ciddi qərarlar qəbul edəcək: “Çox yaxın müddətdə ölkədə manatın aktivliyi tamamilə bərpa olunacaq”. Ekspertlər isə musavat.com-a manatın yaxın gələcək üçün gözlənilən aqibətindən danışıblar.
Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, manata etibarı qaytarmaq hazırda hökumət üçün ən önəmli məsələlərdən biridir: “Çünki manat 2015-ci ildə iki dəfə devalvasiyaya uğrayıb. Bu da banklar arasında qeyri-müəyyən vəziyyət yaradıb. Son vaxtlar bank sistemində aparılan islahatlar manata müəyyən qədər inamı artırır. Müvəqqəti də olsa, dollar müəyyən qədər düşür, manat bir az möhkəmlənir. Amma mən belə hesab edirəm ki, bu, uzun müddət davam edə bilməz. Çünki hələlik hökumətin atdığı addımların öz bəhrəsini verməsi üçün vaxt lazımdır. Əlbəttə ki, əsas bank sistemində gedən islahatların uğurla həyata keçirilməsidir. Bank sistemindəki islahat əsasən bankların birləşdirilib iri bankların yaradılmasıdır ki, onların dövriyyə vəsaiti çox böyük olsun ki, orada ciddi problem yaranmasın, bank faizləri aşağı olsun. Amma mən baxıram hətta vaxtı keçmiş kreditlərin də miqdarı artıb, 1,4 milyard manat idisə, artıq 1,5 milyard manata qalxıb. Yəni manatın arxasında hazırda neft və neftin qiyməti durur. Ona görə də müəyyən vaxt üçün müəyyən addımlar atılacaq. Amma hökumətin gördüyü tədbirlər, xüsusilə İqtisadiyyat, Maliyyə Nazirliyinin, dövlət başçısının verdiyi sərəncamlar qeyd edilməlidir. Fərmanlar hələ qüvvəyə minməyib, qol çəkiləndən sonra ola bilər müəyyən qədər manata təsirini göstərsin. Amma biz istədik, istəmədik, manat bizim milli valyutamızdır və çalışmalıyıq onu möhkəmləndirək. Yəni biz nə vaxt qeyri-neft sektorunu yüksək vəziyyətə gətirə bilsək, əlbəttə, onda manatın stabilliyindən söhbət aparmaq olar”.

 

Qızılın bir troya unsiyasının qiyməti 163,6 dollar azalaraq 4 581,5 dollar təşkil edib

Qlobal siyasi qeyri-müəyyənliyin artması fonunda investorların “təhlükəsiz liman” hesab etdikləri qiymətli metallara yönəlməsi qızıl qiymətlərini son dövrdə rekord səviyyələrə yüksəltmişdi. Yanvarın 26-da qızılın qiyməti ilk dəfə bir troya unsiya üçün 5 000 dolları ötərək qısa müddət ərzində 5 500 dollara qədər artdı. Həmçinin oxşar artım gümüş və platin qiymətlərində də müşahidə olunub. Lakin ABŞ-da siyasi mühitin sabitləşməsi ilə əlaqədar qiymətlər kəskin azalıb. Bu gün qızılın bir troya unsiyasının qiyməti 163,6 dollar azalaraq 4 581,5 dollar təşkil edib. Bununla belə, qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə hələ də xeyli yüksək səviyyədə qalır. Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın ABŞ ilə ticarət edən ölkələrə qarşı tətbiq etdiyi sərt gömrük rüsumları qlobal ticarətdə ciddi problemlərə səbəb olub. Mütəxəssislər bildirir ki, ticarət siyasəti investorları narahat etməyə davam edir və bu amil qızılın bahalaşmasına mühüm töhfə verir. Yanvar ayında qızıl və gümüş qiymətləri rekord həddə çatdıqdan sonra Trampın Qrenlandiyanı almaq təşəbbüsünə qarşı çıxan 8 Avropa ölkəsini yeni gömrük rüsumları ilə hədələməsi investorların reaksiyasına səbəb olub və bu, səhm bazarlarında enişlə nəticələnib. Bundan başqa, Donald Trampın ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbərliyinə nisbətən daha etibarlı hesab edilən Kevin Uorşu namizəd göstərəcəyi ilə bağlı xəbərin də qızılın ucuzlaşmasına təsir edən amillərdən biri kimi dəyərləndirilir. “Capital Economics” şirkətinin iqtisadçısı Həmid Hüseyn bildirir ki, Tramp administrasiyasının xarici və fiskal siyasəti ilə bağlı risklər fonunda qızılın təhlükəsiz investisiya kimi qəbul edilməsi bu qiymətli metalı investorların diqqət mərkəzinə çevirib. Çin qızılın ən böyük alıcıları sırasındadır. Ölkədə tələbin əsasən zinət əşyaları alan şəxslər və investorlardan qaynaqlandığı müşahidə olunur. Qərb investorları da qızıl fondları və ticarət şirkətləri vasitəsilə bazarda fəal iştirak edirlər. Həmçinin Ukrayna və Qəzzada davam edən müharibələr qlobal siyasi qeyri-müəyyənliyi daha da artırır. Bundan başqa, Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları qlobal gərginliyi artıraraq ABŞ dollarına olan etimadı zəiflədib ki, bu da investorların qiymətli metallara yönəlməsini sürətləndirib. Mütəxəssislər qeyd edir ki, qızıl qeyri-müəyyənlik dövrlərində ənənəvi rolunu oynayır - artan ticarət gərginliyi, geosiyasi risklər və ABŞ-dakı siyasi qeyri-sabitlik fonunda dəyər qazanır. Qızıl qiymətlərinin artmasında mərkəzi bankların artan alışları da mühüm rol oynayır. Mütəxəssislər vurğulayır ki, həm investorlar, həm də mərkəzi banklar ehtiyat valyuta kimi qızılı seçir və onu ABŞ siyasətinin asılılığından qoruyan vasitə hesab edirlər. Qeyri-sabit dünyada qızıl effektiv diversifikasiya vasitəsidir. Ancaq müşahidə olunan qiymət dalğalanması isə göstərir ki, digər əmtəələr kimi qızıl da sürətlə bahalaşa bildiyi kimi, eyni sürətlə ucuzlaşa da bilər.xeber100.com

Fevral 2, 2026 13:47

“Bakı Metropoliteni” ilə “Metro İstanbul” satınalma müqaviləsi imzalayıb

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC ilə “Metro İstanbul” arasında satınalma müqaviləsi imzalanıb. Müqavilə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı üzrə metropolitenin genişləndirilməsi layihələri üzrə mühəndislik sahəsində məsləhət və ekspertiza xidmətlərinin göstərilməsini nəzərdə tutur və dəyəri 586 500 AZN-dir. QSC-dən bildirilib ki, müqavilə çərçivəsində “Metro İstanbul” mühəndislik və texnoloji həllərin qiymətləndirilməsi, istismar modellərinin təhlili, ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsi, həmçinin beynəlxalq maliyyə təşkilatları üçün nəzərdə tutulan maliyyə və kommersiya şərtlərinin nəzərdən keçirilməsi üzrə məsləhət xidmətləri göstərəcək. Bu istiqamətlər üzrə qurum tərəfindən ətraflı rəy və tövsiyələr təqdim ediləcək. Qeyd edək ki, beynəlxalq maliyyə institutlarının tələblərinə uyğun olaraq, layihə sənədlərinin istismar üzrə təcrübəli müstəqil ekspert tərəfindən qiymətləndirilməsi zəruridir. Dövlət Proqramı çərçivəsində genişləndirmə tədbirlərinin Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Asiya İnkişaf Bankı (ADB) tərəfindən maliyyələşdiriləcəyi nəzərə alınaraq, layihələrin beynəlxalq standartlara uyğun hazırlanması məqsədilə bu yanaşma xüsusi əhəmiyyət daşıyır.xeber100.com

Noyabr 15, 2025 15:52

Beynəlxalq Aeroportun uçuş qrafikində dəyişikliklər olacaq

Heydər Əliyev Beynəlxalq Aeroportu oktyabrın 27-dən martın 30-dək qüvvədə olacaq payız-qış uçuş cədvəlinə keçir. Bu mövsümdə bəzi istiqamətlər üzrə uçuş qrafikində dəyişikliklər ola bilər. Bakı hava limanından bildirilib ki, yeni mövsüm çərçivəsində hava limanından 18-i aşağıbüdcəli olmaqla, 39 aviaşirkət 80-ə yaxın istiqamətə, o cümlədən məşhur turizm və işgüzar marşrutlara uçuşlar yerinə yetirəcək. Bu uçuş mövsümündə Maldivlərin paytaxtı Male yeni istiqamətlər sırasındadır, eyni zamanda Aktau, Ciddə, Doha və Küveytə reyslərin sayı artırılıb ki, bu da sərnişinlərə daha çox və rahat səyahət imkanları təqdim edir. Qış mövsümündə təhlükəsiz və fasiləsiz fəaliyyətin təmin edilməsi məqsədilə hava limanında kompleks hazırlıq tədbirləri də həyata keçirilib. Qarın təmizlənməsi və kimyəvi reagentlərin yayılması üçün avadanlıqlar tam istifadəyə hazır vəziyyətə gətirilib, uçuş-enmə zolağının, avtomobil yollarının və piyada sahələrinin təmizlənmə tezliyi artırılıb. Pilləkənlər və panduslar sürüşməyə qarşı xüsusi lentlərlə təchiz edilib. Bundan əlavə, yarana biləcək nasazlıqların qarşısını almaq üçün yarımstansiyalar, işıqlandırma sistemləri və dizel generatorlarının diaqnostikası aparılıb. “Bizim əsas prioritetimiz – sərnişinlərimizin hər mövsümdə ən yüksək rahatlıq və təhlükəsizlik standartları ilə təmin olunmasıdır ki, hər bir səyahət onlar üçün yalnız asan və rahat başlamasın, eyni zamanda təcrübələri xoş və yaddaqalan olsun”, – deyə aeroportun direktoru Teymur Həsənov bildirib. Sərnişinlərə reyslər barədə ən son məlumatları aviaşirkətlərin rəsmi saytlarından izləmək və gözləmə vaxtını minimuma endirmək üçün mövcud onlayn xidmətlərdən faydalanmaq tövsiyə olunur.xeber100.com

Oktyabr 26, 2024 17:04

“Azercell Telekom” MMC “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

“M360 Eurasia 2024” Bakıda qabaqcıl texnoloji şirkətlərin liderlərini yenidən bir araya gətirəcək “Azercell Telekom” MMC Bakıda ikinci dəfə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilən “GSMA M360 Eurasia 2024” konfransının baş sponsoru qismində çıxış edir. Ötən il olduğu kimi bu il də konfrans telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan aparıcı ekspertləri, eləcə də, region üzrə tənzimləyici qurumların nümayəndələrini öz ətrafında toplayacaq. Tədbir çərçivəsində sənayenin rəqəmsallaşma prosesinə birbaşa təsiri, onun innovasiya və tərəqqi üçün yaratdığı yeni perspektivlər haqqında danışılacaq. “Yüksək sürətlə irəliləyən elmi-texnoloji inkişaf, bir çox sahələrdə proseslərin avtomatlaşdırılması davamlı inkişaf üçün sərhədsiz imkanlar vəd edir. Bu gün “Azercell”in lider mobil operator mövqeyində qərarlaşması bizi ölkənin rəqəmsal ekosisteminin formalaşması prosesinin aparıcı qüvvələrindən birinə çevirir. Bu bizim üçün böyük məsuliyyət deməkdir. Biz “GSMA M360” kimi nüfuzlu beynəlxalq tədbirə Bakıda ev sahibliyi etməkdən qürur duyuruq. İnanırıq ki, konfrans davamlı gələcəyin qurulmasına öz töhfəsini verəcək, bu mövzuda aparılan müzakirələr və yeni tərəfdaşlıqlar üçün uğurlu platforma rolunu oynayacaq”, - deyə “Azercell”in prezidenti Zərinə Zeynalova bildirib. Konfransın açılış günündə rəqəmsal dövrün transformasiya gücü, eləcə də, MDB ölkələri və qonşu regionlarda davam edən bu keçidin daha da sürətləndirilməsi yolları müzakirə ediləcək. Əsas mövzular arasında generativ süni intellekt (Generative AI) və Rəqəmsal DNT (Digital DNA) yer alır. Tədbirin ikinci günündə ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri gündəmə gətiriləcək. COP29 ərəfəsində rəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri, dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün tətbiq olunan texnoloji yeniliklər barədə danışılacaq. Daha sonra sənaye liderləri yeni nəsil şəbəkələr və kibertəhlükəsizlik kimi mövzular ətrafında müzakirələr aparacaqlar. Qeyd edək ki, ötən il tədbirə 29 fərqli ölkədən iştirakçılar qatılıb ki, onlardan 30 faizi müxtəlif şirkət və qurumların rəhbərləri, 45 faizi isə qeyri-telekommunikasiya sahəsində çalışan iştirakçılar təşkil edirdi. Bu il də tədbirin eyni miqyasda auditoriya toplaması gözlənilir. Mayın 15-16-da “JW Mariott Absheron Baku” mehmanxanasında baş tutacaq bu tədbirdə iştirak etmək üçün “GSMA M360 Eurasia” səhifəsində onlayn qeydiyyatdan keçmək olar.xeber100.com

Aprel 18, 2024 15:36