Beynəlxalq Muğam Mərkəzində “Bir məhəllədən iki oğlan” adlı musiqi gecəsi keçirilib

6 Fevral 2024 14:13

Xəbər 52 dəfə oxunub

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi tərəfindən Qara Qarayevin və Fərəc Qarayevin yaradıcılıqlarına həsr olunmuş “Bir məhəllədən iki oğlan” adlı musiqi gecəsi keçirilib.

Tədbirdə Xalq artisti, bəstəkar, professor Ülviyyə Hacıbəyovanın və bəstəkar, Bakı Musiqi Akademiyasının (BMA) dosenti Aliyyə Məmmədovanın sənətkarlar haqqında müsahibələri, görkəmli bəstəkarlar haqqında çəkilmiş filmlərdən parçalar və videoçarxlar nümayiş olunub. Musiqi gecəsində məktəbin kamera ansamblı, simli kvinteti, xalq çalğı alətləri ansamblı, müəllim və şagirdləri bəstəkarın əsərlərini səsləndiriblər.xeber100.com

Teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib

Yanvarın 22-də  Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Mədəniyyətə dövlət qayğısından danışan nazir Adil Kərimli bildirib ki, ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyev tərəfindən mədəniyyətin müxtəlif istiqamətlərinin kompleks inkişafına xidmət edən ardıcıl addımlar atılır. Mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması diqqətdə saxlanılır. Ölkə başçısının sərəncamları ilə mədəniyyət və incəsənət sahələrinin inkişafına töhfə verən insanlar müxtəlif dövlət təltiflərinə, təqaüd və fəxri adlara layiq görülürlər. Bununla belə, müasir dövrün çağırışlarına uyğun olaraq, mədəniyyət sahəsinə yeni yanaşmalar tətbiq edilməlidir. Teatr-tamaşa və konsert müəssisələrində yaradıcılıq potensialının inkişaf etdirilməsinə, yüksək bədii və estetik dəyərə malik tamaşaların hazırlanmasına xüsusi diqqət yetirilməlidir. Müşavirədə müəssisələrdə təhlükəsizlik qaydalarına ciddi riayət olunması, tamaşaçıların və işçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mütəmadi tədbirlərin görülməsi, teatr-tamaşa və konsert müəssisələrinin, habelə Bakı Dövlət Sirkinin fəaliyyəti ilə bağlı vətəndaşlara xidmət göstərilməsi işinin təkmilləşdirilməsi istiqamətində müvafiq təhlillər aparılmalı və konkret tədbirlər görülməlidir. Bədii şuraların fəaliyyətinin canlandırılması, kollektivlərə yeni kadrların cəlb olunması, peşəkarlığın artırılması və bütün sahələrdə şəffaflığın təmin edilməsinin zəruriliyi də vurğulanıb. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev, Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə, Dövlət Mahnı Teatrının direktoru Kazım Qasımov, Dövlət Uşaq Filarmoniyasının direktoru Dilarə Əliyeva müvafiq sahələr üzrə təkliflərini səsləndiriblər.xeber100.com  

Yanvar 24, 2024 11:18

Azərbaycan Milli Xalça Muzeyində açılış mərasimi keçirilib

Yanvarın 23-də Azərbaycan Milli Xalça Muzeyində “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı”nın açılış mərasimi keçirilib. Tədbir Milli Xalça Muzeyi və Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun təşkilatçılığı, Çinin ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil olunub. Tədbirdə çıxış edən Milli Xalça Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova bildirib ki, festival müddətində qədim Çin çay mərasimi, kalliqrafiya (açıqcaların ieroqliflərlə yazılması), uşu, kunq-fu kimi bir-birindən maraqlı ustad dərsləri, mühazirələr, ənənəvi bayram atributları iştirakçılara əsl Çin Yeni ili ab-havası yaşadacaq. Ecazkar ölkənin ənənəvi sənət nümunələri üzrə ustad dərsləri Bakıdakı Konfutsi İnstitutunun müəllimləri tərəfindən aparılacaq. Silsilə tədbirlərdə muzeyin Uşaq şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan xalçalarındakı əjdahalara həsr olunmuş kölgə teatr tamaşası göstəriləcək, əjdaha naxışlı xalçanın toxunması və bu mövzuya aid digər ustad dərsləri keçiriləcək. Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min çıxışında qeyd edib ki, ölkəsi Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir və bu silsilə tədbirlər də iki ölkə arasında mədəni əməkdaşlıq sahəsində münasibətlərin möhkəmlənməsinə xidmət edəcək. Səfir vurğulayıb ki, Yeni ilin başlanması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. Dörd min ildən çox tarixə malik Yeni il bayramı Çində bütün ailənin bir yerdə toplaşması üçün gözəl fürsətdir. Çində bu hadisənin həm də yaz festivalı adlandığını bildirən diplomat deyib: “Çinlilərin ən əziz bayramı olan yaz festivalı bir çox ənənələr və ayinlər ilə də zəngindir. İnsanlar Yeni ilə bir neçə gün əvvəldən hazırlaşır, hədiyyələr alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar. Evlər, küçə və meydanlar, parklar kağızdan hazırlanmış qırmızı fənərlərlə bəzədilir, qapı və pəncərələr qırmızı rənglə boyadılır. Bayram günü qırmızı geyinmək növbəti ildə uğurlara yol açır. Bu gün Çin Yeni il bayramının müxtəlif ölkələrdə keçirilməsi, xüsusilə Bakıda Milli Xalça Muzeyində baş tutması bizi çox sevindirir”, - deyə xanım Qo Min əlavə edib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu gün soyuq hava olsa da bu bayramın ürəklərə istilik gətirdiyini qeyd edib. H.Hüseynova bu gün Bakıda Çin bayramının keçirilməsini yüksək qiymətləndirib. Milli Məclisdə Azərbaycan-Çin parlamentlərarası komissiyanın ən geniş qrup olduğunu diqqətə çatdıran H.Hüseynova, iki ölkə arasında mövcud dostluq, əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. H.Hüseynova bu cür bayramların il ərzində mütəmadi keçiriləcəyini deyib və tədbir iştirakçılarını bir daha bayram münasibətilə təbrik edib. Tədbir iştirakçılarına Çin dilində müraciət edən Rafiq Abbasov onlara yaşıl əjdaha ilinin əfsanəsi barədə məlumat verib. Tədbirdə gənclər və uşaqların təmsil olunduğunu vurğulayan R.Abbasov onların bədii çıxışlarının maraqla qarşılandığını deyib. Yanvarın 28-dək davam edəcək “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı” iki ölkə arasında mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə töhfə olacaq. Daha sonra ecazkar ölkənin ustad dərsləri və ənənəvi bayram atributları əsl Çin Yeni ili ab-havası yaşadıb. Tədbir bədii hissə ilə davam edib.xeber100.com

Yanvar 24, 2024 11:14

İsmayıl Atakişiyev-50

“Oynadığım rollar çoxdur. Teatrın repertuarında elə bir tamaşa yoxdur ki, mən orada rol almayım. İrili-xırdalı müxtəlif rolları canlandırmışam. “Dəli Domrul”da Dəli Domrulu, “Daşa dönmüş ürək”də professor Cəmşidov, “Nəsimi”də Şeyx Əzəmi, “Türk sancağı”nda cinli Həsəni, “Vətənə igidlər gərək”də komandir, Abdulla Qurbaninin “Çingiz” dastanı əsasında səhnələşdirilmiş tamaşada komandir rollarını oynamışam. İndiki şəraitdə içimdən keçən bir rol var, döyüşlərdə iştirak edib qələbə çalan və torpaqlarımıza Bayraq sancaq komandirlərdən birini canlandırmaq istəyərdim. Düzdür, indiyə qədər müxtəlif komandir obrazlarını canlandırmışam, amma Şuşaya Bayraq sancan komandir obrazını oynamaq istəyərəm” deyən Bakı Bələdiyə Teatrının truppa müdiri, aparıcı aktyor, I Qarabağ Müharibəsi veteranı, Azərbagcan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü İsmayıl Atakişiyevin yubileyidir, 50 yaşı tamam olur. İsmayıl Atakişiyev 15 yanvar 1974-cü ildə Cəbrayıl rayonunun Karxulu kəndində anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram kino aktyorluğu fakultəsində teatr rejissoru Vaqif İbrahimoğlunun kursunda təhsil alıb. 4 il I Qarabağ müharibəsində iştirak edib. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Gənclər Teatrında aktyor kimi fəaliyyət göstərmişəm. Teatrın səhnəsində “Ördək ovu”, “Vicdanın hökmü”, “Labirint”, “Mamoy kişinin yuxuları”, “Anamın kitabı” və s. tamaşalarda oynamışam. 2004-cü ildən Bakı Bələdiyyə Teatrında çalışır, teatrın repetuarında olan tamaşalarda maraqlı obrazlar silsiləsi yaradıb. Hazırda teatrın truppa müdiridir. Bakı Bələdiyyə Teatrının səhnəsində “Türk sancağı”(çinli Həsəni), “Dəli Domrul”(Dəli Domrul), “Ölülər”, “Daşa dönmüş ürəklər”(professor Cəmşidov), ”Qaravəlli”, “Bəylik dərsi”, “Əli və Nino”, “Nargin Faciəsi”, “Vətənə igidlər gərəkdir”(komandir), “Çingiz dastanı”(komandır), “Şanlı Vətən”, “Nəsimi”(Şeyx Əzimi), “Nizami”, “Sehrbaz”, “Şuşada ürəyim qaldı”, “Xocalıya gedən yollar”, “Ana tarla” və s. tamaşalarda oynayıb. Teatrla yanaşı, eyni zamanda film və seriallarda da çəkilib. “Durnalar qayıdanda”, “Məhəbbətə məğlub”, “Bir ovuc torpaq”( bədii serial), “Tək olanda qorxma”... (2013-2015, bədii serial) və s.) “Cəhd” (2015, qısametrajlı bədii film), “Əli və Nino (2016, tammetrajlı bədii film) və s. serial və filmlərdə rəngarəng rollar oynayıb. Hazırda “Qaynata ocağı” serialında çəkilir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin(AVMVİB) üzvüdür. “Böyük zəfər”, “Müharibə Veteranı, “Azərbaycan Silahlı Qüvvələrin yaranmasının (1918-2018) 100 illiyi” yubiley xatirə medalları ilə təltif olunub. Cəbrayıldan Bakıya və ya 30 illik həsrətə son İsmayıl Atakişiyev Cəbrayıl rayonunun Karxulu kəndində dünyaya göz açIb, orta məktəbi də elə adı keçən rayonda bitirib. 90-cı illərdə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə sənədlərini versə də imtahanda kəsilib. Eyni ildə yaşıyla əlaqədar olaraq ordu sıralarına çağrılıb. Həmin vaxt I Qarabağ Müharibəsinin ən qızğın dövrü idi. 4 ilə yaxın müddətdə orduda xidmət edib, Dağlıq Qarabağın bir çox yerlərində -Qubadlıda, Cəbrayılda, Ağdərədə döyüşüb, Suqovuşan ərazisində olub. Ağdərədə döyüşlərində iştirak edərkən yaralanıb. İ.Atakişiyev deyir ki, Cəbrayıl kimi gözəl eldən, o gözəl obadan 30 ildir ki, aralı düşmüşəm. 30 il… Səslənəndə çox asan səslənir, amma elə deyil. 30 il insan ömrü üçün çox uzun bir vaxtdır. 30 ilin keçməsinə baxmayaraq o yerləri hər bir detalına qədər, xırdalığına qədər xatırlayıram. Cəbrayıl rayonu dağlıq və dağətəyi rayon sayılır. Böyüyüb boya-başa çatdığım kənd dağətəyidir. O vaxt ora dağətəyi deyil, Araz boyu deyərdik. Kəndimizin bir tərəfi dağdır, bir tərəfi isə Arazla əhatə olunub. Ona görə Araz boyu deyirdik. Cəbrayıl bulaqları, çinarları ilə məşhur olan bir rayondur. Sizə bir şey deyim, bu 30 ildə yuxularımda kəndimizi görürdüm. İnanın ki, yuxumda gördüyüm gün çox gözəl keçirdi mənim üçün. Mənə elə gəlir ki, bu tək məndə belə deyil, bütün qaçqın və məcburi köçkünlərdə belədir. Tam səmimi deyim, qaçqın düşdükdən sonra heç bir bayramın, nə Novruzun, nə Yeni ilin dadı-duzu mənim üçün qalmamışdı. 18 yaşım olanda kəndimizi tərk etmişdim. Daha sonra Bakıya gəldim, Orduya çağrıldım və döyüşlərdə iştirak etdim”. Aktyor onu da qeyd edir ki, Bakı mənim gəncliyimin şəhəridir, amma uşaqlığım Cəbrayılla bağlıdır. Rayon, kənd mühitində böyüdüyü üçün həmişə fəxr edir: “Kənd, rayon Allahın özünün yaratdığı bir gözəllikdir. Baxın şəhəri insan əli, insan təxəyyülü qurur, yaradır, amma rayon, kənd elədir ki, o təbiəti Allah bəxş edir. Həmişə dostlarıma zarafatyana deyirəm, mən təbiətin orjinalını görmüşəm. Yazı yaz, qışı qış, payızı da payız kimi görmüşəm”. 19 fevral 1993-cu il… Yüksək vətənpərvərlik hissilə irəli Müharibə dövrünün öz xatirələri var. Ancaq hamını sadəcə bir hiss birləşdirir -VƏTƏNPƏRVƏR HİSSİ- Eyni hisslərlə işğal olunmuş torpaq uğrunda mübarizəyə qoşulmaq, silaha sarılmaq, cəsarət, qorxmaq duyğuları bilrəşdirərək “HƏR ŞEY VƏTƏN ÜÇÜN” şüarı altında döyüşmək, döyüş yoldaşlarını şəhid vermək, yaralanmaq və nə qədər çətin olsa da yenə də o çətinliklər içində ayaqda durmaq, dözmək və s. ağrı-acını o da yaşadı. Aktyor deyir ki, müharibə səhnə deyildi ki, rol oynayasan, müharibə ölümün gözünə dik baxmaqdır, ölümə meydan oxumaqdır: “Müharibədən yadımda xoş xatirələr qalmayıb. Xatirələrimiz döyüşlərə girməyimizdir, dostlarımızın şəhid olmasıdır. O vaxt müharibənin gedişində çoxlu şəhidlər verdik, torpaqlarımız işğal olundu. İndiki kimi deyildi o vaxt. Hərc-mərclik idi, silah çatışmırdı. Amma o vaxt da insanlarımızda Vətənpərvərlik hissi yüksək idi. İndiki dövrdə isə vətənpərliyimiz də var, üstəlik silahlarımız da. Çox çətin bir dövr idi. İndiyə qədər yaralandığım tarix saatına qədər yadımdadır. O da niyə yadımdadır, deyim. Birinci dəfə başımdan yaralanmışdım. 1993-cu il fevral ayının 19-da ermənilər tərəfdən mühasirəyı alındıq. Çox çətin bir vəziyyət yarandı. Hamı pərən-pərən düşmüşdü. Həmin vaxt başımdan snayper yarası aldım. Döyüşə-döyüşə dağın yuxarısına doğru addımladıq. Düzdür, mən çox silah ata bilmirdim, çünki başımdan qan açılırdı. Təsəvvür edin ki, qarı yığırdım papağın içinə, papağı da qoyurdum başıma ki, qan dayansın. Beləcə mühasirəni yardıq və çıxdıq. Axşamüstü Tərtərin xəstəxanasına gətirildim. Sağalıb yenidən Orduya qayıtdım. 1994-cu ildə bir də yaralandım. Bu dəfə isə Füzuli istiqamətində gedən döyüşlərdə qarın nahiyəmdən güllə yarası aldım. Güllə qarnımdan girib belimdən çıxdı. Onda artıq heç nə hiss etmirdim. Çox ağır yaralı idim. Buna görə də ikinci dəfə yaralandığım andan sonrakı müddəti xatırlaya bilmirəm”... Azərbaycanda kino və teatrda ən böyük problem ssenari çatışmazlığıdır Müharibə ağrı-acısını görən aktyor kinoda, teatrda müharibə mövzusunun hələ də tam olaraq canlandırlmadığı fikrindədir. İ.Atakişiyev deyir ki, bu gün Azərbaycanda kino, teatr sahəsinin ən böyük problemlərdən biri ssenari çatışmazlığıdır, xüsusiləd də müharibə mövzusu. Bildiyimiz kimi, yazılan bütün ssenarilər, çəkilən filmlər, tamaşalar rejissorların təxəyyülünün məhsuludur. Ancaq canlı hiss, duyğular, bir başqa ssenaridir. Aktyor qeyd edir ki, müharibəni görən bir aktyor kimi, filmlərə baxanda o ab-havanı qəti görə bilmirəm: “Çəkirlər, onların işlərinə kölgə salmaq istəmirəm. Amma çəkirlərsə, heç olmasa çəkilişə başlamazdan öncə müharibədə iştirak edən insanlarla danışsınlar. Mənim döyüşçü yoldaşlarım, komandirim deyir ki, bu nədir çəkirlər, müharibəni çəkirlər, döyüşçünün paltarı, ayaqqabısı səliqəli. Biz ütülü paltar, maz çəkilən ayaqqabı görmüşdük müharibədə? Səhər çörək kəsdiyin adam günorta şəhid olurdu. Amma bizim Qarabağla bağlı çəkilən filmlərimizdə baxırsan ki, əsgər səngərdən gəlib, səliqəli geyimdə. Əsir düşmüş qadınları çəkirlər, makiyajda, səliqəli saçda.." Ümumiyyətlə kinoda ilkin təəssürat çox önəmlidir. Bu baxımdan  müharibə mövzusunda çəkilən heç bir film uğur qazana bilmir. Film çəkirlər, amma müharibəni görmüş insanlarla məsləhətləşmirlər. İ.Atakişiyev əlavə edir ki, rejissor təxəyyülü də olmalıdır, sözsüz. Amma kökünü Qarabağda vuruşanlardan, orada məcburu köçkün düşən insanlardan götürmək lazımdır. Onların gördüklərini, yaşadıqlarını çəksələr, şedevr filmlər ərsəyə gələr. Qarabağımızın işğaldan azad olunduğu gün hər birimiz kimi, onun da həyatının ən önəmli günü idi. Bəlkə də o və onun kimi I Qarabağ Müharibəsini görmüş şəxslər daha çox bu sevinc hissini yaşayıb. Və aktyor deyir ki, II Qarabağ Müharibəsi başlayanda o da getmək istədib: “Çünki, oralar bizə daha doğmadır. Amma təəssüf ki, alınmadı. Çox şükür ki, güclü ordumuz sayəsində biz qalib gəldik. O vaxt müharibənin gedişində çoxlu şəhidlər verdik, torpaqlarımız işğal olundu. İndiki kimi deyildi o vaxt, hərc-mərclik idi, silah çatışmırdı. Silahdan anlayışı olmayan, əlinə ömründə silah almayan gənclər vuruşurdu. Amma o vaxt da insanlarımızda vətənpərvərlik yüksək idi. İndiki dövrdə vətənpərliyimiz də var, üstəlik silahlarımız da. Ali Baş Komandanımız sağ olsun, Allah onu qorusun”. I Qarabağ Müharibəsinin dəhşətlərini görmüş, veteran səviyyəsinə yüksəlmiş, hazırda çalşdığı teatrın səhnəsində, eləcə də çəkildiyi seriallarda böyük nikbin əhval-ruhiyyə ilə ifa nümayiş etdirən, daima sabahlara inan, hər şeyin daha yaxşı olacağına ümid edən İsmayıl Atakişiyev yubiley yaşın zirvəsinə yüksəlib. 50 yaşınız mübarək!

Yanvar 14, 2024 22:21

“Mədəni irs” Forumunda mədəni irsinin tədqiqi və mühafizəsi məsələləri müzakirə olunub

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Mədəni irs” Forumunda “Azərbaycanın daşınmaz tarixi – mədəni irsinin tədqiqi və mühafizəsi məsələləri” mövzusunda panel müzakirələr təşkil olunub. Panel Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədovanın moderatorluğu ilə keçirilib. İçərişəhər qoruğunun həyata keçirdiyi tədbirlər haqqında danışan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, burada əhalinin azalmasının müşahidə olunmadığını qeyd edib: “Qoruq inkişaf mərhələsindən keçərək 2017-ci ildə bir təşkilat olaraq çıxış edib. Qoruq idarəsi iki hissədən ibarətdir. Hər iki qoruqda yüzlərlə abidə mövcuddur. Bizim məqsədimiz sakinlərlə birbaşa təmasda olmaq, turizmi inkişaf etdirmək və abidələri qorumaqdır”. Onun sözlərinə görə, İçərişəhərin 85 faiz ərazisi tarixi abidələrdən ibarətdir. Orada ən xırda pəncərənin dəyişməsinə də diqqət yetirilir. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Haciyeva təmsil etdiyi qurum haqqında məlumat verib. O, mədəni abidələrin monitorinqinin aktiv şəkildə aparıldığını qeyd edib. “Abidələrin bir çoxu baxımsız vəziyyətdədir. Bəzi abidələrin əraziləri qeyri-qanuni zəbt olunub. Həmçinin şəxsi ərazilərdə yerləşən abidələr mövcuddur ki, orada bərpa işləri aparmaq çətinliklər yaradır”, - deyə xidmət rəisi əlavə edib. S.Hacıyeva düzgün bərpa olunmayan abidələr haqqında söz açıb: “Bərpa prosesində bəzi abidələrin həqiqi siması itirilib, bir qrup abidə qəzalı vəziyyətə düşüb. Bir məqamı da qeyd etmək istəyirəm, əsasən yaşayış evlərində təmir-bərpa işlərini həyata keçirmək çətindir. Çünki sakinlər bu prosesə ehtiyatla yanaşır”. Onun sözlərinə görə, 2020-ci ilin noyabrından Dövlət Xidmətinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə monitorinqlər keçirilir. Sonuncu monitorinqlər bu ilin yay-payız aylarında baş tutub. Şərqi Zəngəzurda, Ağdam rayonunda monitorinqlər keçirilib. Xidmət rəisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci ildə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısının yenilənməsinə ehtiyac olduğunu bildirib. Tarixi binalar üzərində olan məlumatverici lövhələrdə səhvlər olduğunu diqqətə çatdıran S.Hacıyeva onlara düzəliş edlməsində çətinlik yarandığını vurğulayıb. Bunun səbəbi isə siyahıda çatışmazlıqların olmasıdır. O, Dövlət Xidmətinin bir sıra hədəflərinin olduğunu deyib: “Abidələrin qorunması prosesində monitorinqlərin davam etdirilməsi, daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi, ekspert şurası tərəfindən yeni siyahının və elektron reyestrin işlənilməsi, abidələrdə müdaxilələrin və dağıntıların müəyyən edilməsi, qəzalı vəziyyətdə olan abidələrin bərpası, pasportlaşdırılması, müasir və çevik sisteminin işlənilməsi və digər bu kimi işlər görülməlidir. Qoruqların tarixi əhəmiyyəti barədə danışan Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin müavini Sədaqət Davudova abidələrin düzgün bərpa edilməsi üçün tədbirlər həyata keçirildiyini qeyd edib: “Qoruğun bərpası ilə məşğul olan hər bir qrup və mütəxəssis bilir ki, bu proses çətindir. Əhalinin abidələrin qorunması üçün sosial məsuliyyətinin olması vacib amildir”. AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun icraçı direktoru Zaur Həsənov rəhbərlik etdiyi arxeoloji ekspedisiyalar barədə məlumat verib. Avstriyanın dünyaca məşhur restavrasiya şirkəti “Atelier Erich Pummer GmbH”un 2010-cu ildən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq etdiyini nəzərə çatdıran şirkətinin müdir müavini Çingiz Nemanzadə bu müddət ərzində “Qız Qalası”, “Qoşa Qala” qapıları, Məhəmməd, Cümə və Bəylər məscidləri kimi məşhur tarixi abidələrdə restavrasiya işlərinin müvəffəqiyyətlə aparıldığını qeyd edib.xeber100.com    

Dekabr 19, 2023 13:31

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür

Bu gün Müstəqil Azərbaycanın qurucusu, Bununla bağlı Milli Kitabxananın əməkdaşları tərəfindən “Ümummilli Lider Heydər Əliyevin anım günü” adlı virtual sərgi hazırlanıb. Kitabxanadan bildirilib ki, virtual sərgidə Ulu Öndər haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar, Azərbaycan və digər dillərdə kitablar nümayiş olunur. Virtual sərgidə təqdim olunan materiallar tammətnləri ilə verilib. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın Ümummilli Liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir.xeber100.com  

Dekabr 12, 2023 12:57

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının təqdimatında

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim Əl-Malik Dubayda keçirilən COP28 iqlim sammitindəki çıxışında rəhbərlik etdiyi təşkilatın peyk texnologiyaları və süni intellekt tətbiqləri vasitəsilə uzaqdan zondlamadan istifadə edərək, iqlim dəyişikliklərinin mədəni irs obyektlərinə təsirini izləmək və müəyyən etmək üçün mexanizm yaratmaq təşəbbüsü irəli sürdüyünü söyləyib. O, həmçinin ICESCO-nun İslam dünyası ölkələrindəki bir sıra arxeoloji obyektlərdə və muzeylərdə karbon izlərinin ölçülməsi və karbon istehsal edən materialların istifadəsinin azaldılması təşəbbüsünü açıqlayıb. Dekabrın 8-də 20-dən çox ölkədən mədəniyyət və irs sektorundan nazirlər və rəsmilərin, müvafiq beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə Dubayda İqlim Dəyişikliyi üzrə sammitdə (COP28) iqlim fəaliyyətində mədəniyyət sektorunun oynadığı əsas rolu müzakirə etmək və mədəniyyətin iqlim fəaliyyətinə inteqrasiyasını nəzərdən keçirmək üçün geniş diskussiya aparılıb. Təşkilatın mətbuat xidməti xəbər verir ki, Salim Əl-Malik bu tədbirdəki çıxışında ekoloji təhlükələr, iqlim dəyişiklikləri də daxil olmaqla və artan təbiət çağırışları nəzərə alınmaqla, mədəniyyətin və bəşər irsinin qorunmasının əsas prioritet olduğunu təsdiqləyib, ICESCO tərəfindən mədəniyyətin 18-ci SDG (Davamlı İnkişaf Məqsədi) kimi qəbul edilməsi təklifinin irəli sürüldüyünü qeyd edib.xeber100.com  

Dekabr 9, 2023 19:28

“Dostluğun siması” adlı sənədli filmin təqdimatı keçirilib

Tbilisidə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə çəkilmiş “Dostluğun siması” adlı sənədli filmin təqdimatı keçirilib. Film fenomen şəxsiyyət, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edir. Təqdimat mərasimində səfir Faiq Quliyev, Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Türkiyənin Tbilisidəki səfirliyinin məsul əməkdaşları, AZEBİ-nin sədri Nəriman Qurbanov, Gürcüstanın dövlət və hökumət üzvləri, deputatlar, SOCAR şirkətinin əməkdaşları, yerli siyasətçilər və ictimai xadimlər iştirak ediblər. Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salıb, müasir Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, müstəqilliyimizin bərpasından sonra Azərbaycan-Gürcüstan münasibətlərinin yeni müstəvidə inkişafı da məhz dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. Diplomat deyib ki, Ulu Öndər Gürcüstana, gürcü xalqına və xüsusən də buradakı soydaşlarımıza xüsusi diqqət və qayğı ilə yanaşıb. O bildirib ki, Ümummilli Liderin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. F.Quliyev Gürcüstandakı soydaşlarımızın yaşadıqları və vətəndaşı olduqları ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadıqlarını qeyd edib. Bildirib ki, soydaşlarımız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda da xüsusilə fərqləniblər. Diqqətə çatdırılıb ki, soydaşlarımız Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunublar. Laşa Darsaliya çıxışında deyib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında və möhkəmlənməsində fenomen şəxsiyyət, dahi siyasi xadim Heydər Əliyevin xidmətləri əvəzsizdir. Onun sözlərinə görə, Heydər Əliyevin uzaqgörənliyi nəticəsində ölkələrimiz arasında qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətləri qurulub. Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Nazir müavini ölkələrimiz arasındakı qarşılıqlı hörmət və etimada söykənən bu münasibətlərin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu vurğulayıb. Filmin ssenari müəllifi və ideya müəllifi Şahismayıl Şəmmədoğlu çıxışında filmin ərsəyə gəlməsində göstərdikləri dəstəyə və yardıma görə ölkəmizin Gürcüstandakı səfirliyinə və digər şəxslərə minnətdarlığını bildirib. Qeyd edib ki, bu günədək Azərbaycan-Gürcüstan münasibətlərinə dair bir neçə film çəkilib. Lakin bu film ölkələrimiz arasındakı əlaqələrin inkişafı və bu münasibətlərin möhkəmlənməsində xüsusi rolu olan fenomen şəxsiyyət Heydər Əliyevin fəaliyyətindən bəhs edən sanballı sənət əsəridir.xeber100.com    

Dekabr 9, 2023 19:25

Bakı Bələdiyyə Teatrı “Xilaskar” rekviyem-tamaşasını təqdim etdi

Dekabrın 8-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə öncə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Daha sonra Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani çıxış edərək öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyinə qovuşdurmuş qüdrətli şəxsiyyət Heydər Əliyevin mənalı ömür yolu, Vətən, xalq, dövlət qarşısında müstəsna xidmətlərindən danışıb, Ulu Öndərlə bağlı unudulmaz xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. A.Qurbani onu da qeyd edib ki, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev 20 il öncə əbədiyyətə qovuşsa, cismən sıralarımızda olmasa da mənən xalqın yaddaşında, xatirəsində əbədi yaşayır: “Bütün mənalı ömrünü mənsub olduğu xalqın xoşbəxt, firavan gələcəyinə həsr etmiş dahi Liderin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi siyasi varisi, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında son 20 ildə qazandığımız bütün uğurlar məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin ideyaları yaşayır, Prezident İlham Əliyev ata vəsiyətini, ata arzularını ardıcıl olaraq layiqincə yerinə yetirir”. Tədbirdə Azərbaycan Ordusu Sənədli və Tədris Filmləri Mərkəzinin hazırladığı "Yaşayır Ulu Öndər" adlı videoçarx vasitəsilə dahi Liderin həyatının müxtəlif anları vizual görüntülərlə canlandırılıb. 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin xeyir-duası və görkəmli sənətkarlarımız, xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun yaratdıqları, bu gün də Azərbaycan əsgərinə mədəni xidmət göstərilməsində xüsusilə fərqlənən Bakı Bələdiyyə Teatrının Abdulla Qurbaninin eyniadlı poeması əsasında hazırladığı "Xilaskar" adlı rekviyem-tamaşa mərasim iştirakçılarına təqdim edilib. Tədbirdə iştirak edən Bakı Bələdiyyə Teatrının baş rejissoru, Xalq artisti, Dövlət mükafatı laureatı Mərahim Fərzəlibəyov öz çıxışında Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinin inkişafında Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib və keçirilən tədbirin Ulu Öndərin xatirəsinə ən gözəl töhfə olduğunu bildirdi. Azərbaycan Akademik Opera və Balet Teatrının Simfonik orkestrinin müşayiəti, xor və solistlərin iştirakı ilə hazırlanmış "Qalib Sərkərdə" adlı musiqi layihəsi təqdim olunduqdan sonra Bakı Bələdiyyə Teatrının aktyorları Müdafiə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edildilər.xeber100.com https://youtu.be/GSLNFMMj5bc

Dekabr 9, 2023 19:16

Azərbaycan Dövlət Filarmoniyasının dekabr ayına olan repertuarı açıqlanıb

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının dekabr ayına olan repertuarı açıqlanıb. Filarmoniya tamaşaçılar üçün zəngin proqram hazırlayıb. Proqramı təqdim edirik: 7 dekabr - Bakı Kamera Orkestrinin konserti 8 dekabr - Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri) 9 dekabr - “Cartier” firmasının tədbiri (Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri) 12 dekabr - Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım gecəsi (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri) 13 dekabr - “Yaşayan ənənə” Qaraçay-Çərkəz Respublikasının Dövlət Filarmoniyasının artistlərinin iştirakı ilə konsert (“Elbrus” Dövlət Rəqs Ansamblı) 14 dekabr - Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun yaradıcılıq fəaliyyətinin 70 illiyinə həsr olunmuş konsert (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri) 19 dekabr - Xalq artisti, müğənni Tükəzban İsmayılovanın 100 illiyinə həsr olunmuş konsert (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri) 20 dekabr - Dahi sənətkar Bülbülün xatirəsinə həsr olunmuş Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalı çərçivəsində “Bülbül Vokal Məktəbi” adlı konsert (Opera və Balet Teatrının Simfonik Orkestri) 21 dekabr - Dahi rus bəstəkarı Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş konsert (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri) 22 dekabr - Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert. Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi məktəbi (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri) 23 dekabr - Əməkdar artist, tar ifaçısı Əliağa Sədiyevin konserti 26 dekabr - Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində konsert (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri) 27 dekabr - RED events təqdimatında “Harry Potter” (Mystery Ensemble).xeber100.com

Dekabr 4, 2023 13:41

Mədəniyyət Nazirliyinin dəstəyilə Türk Dünyasının Yumor Festivalı keçirilib

“Yaradıcı həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində Türk Dünyasının Yumor Festivalı keçirilib. Nazirlikdən bildirilib ki, festivalın əsas məqsədi qarşılıqlı mədəni inteqrasiya, təcrübə mübadiləsi, yaradıcı və peşəkar qarşılıqlı fəaliyyət, inkişaf yolunda möhkəmlənmə, şou-biznes sahəsində birgə beynəlxalq yaradıcılıq layihələrinin hazırlanmasıdır. TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov çıxış edərək bildirib ki, Türk Dünyasının Yumor Festivalı ilk dəfədir keçirilir. Festivalın məhz Azərbaycanda keçirilməsi sevindirici haldır. Festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tatarıstandan yumor sahəsini təmsil edən yaradıcı sənayenin tanınmış simaları iştirak ediblər. Türk dünyasının yumor ustaları “stand-up” janrında çıxış ediblər. Yumor ustaları Erkin Ergin, Cavid Qurbanov, Rüstəm Əhmədov (Azərbaycan), Oğulcan Bektaş, Doruk Kaparlar (Türkiyə), Ayrat Mavlyutov, Bulat Xanmurzin (Tatarıstan), Medet Kalibekov, Aubakir Emilbay (Qazaxıstan), Taras Kosimbarov, İndira Miftaxova (Özbəkistan), Azimxan Raxatov, Anzor Borzayev (Qırğızıstan) öz istedadlarını nümayiş etdiriblər. Münsiflər heyətinin qərarına əsasən, Tatarıstanı təmsil edən Kazan stand-up klubunun üzvü Bulat Xanmurzin qalib adını qazanıb. Qalibə festivalın kuboku təqdim edilib. Sonda münsiflər heyətinin üzvləri çıxış edərək festivalın təşkilatçılarına təşəkkürlərini bildiriblər.xeber100.com

Dekabr 4, 2023 13:38

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində

Dekabrın 18-20-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Mədəni irs” forumu keçiriləcək. Mədəniyyət Nazirliyindən bildirilib ki, Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində baş tutacaq. Tanınmış tarixçi, arxeoloq, rəssam, memar, heykəltaraş, sənətkar və sahə üzrə digər mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda mədəniyyətimizin və milli irsimizin yaşadılması, inkişafı və təbliği, mövcud vəziyyət, maddi və qeyri-maddi irsimizə, təsviri və tətbiqi sənətə, tarixi abidələrə dövlət dəstəyi və digər istiqamətlərdə diskussiyalar olacaq. Forumda “Azərbaycanın daşınmaz tarixi - mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, “Postkonflikt dövründə Azərbaycanın tarixi - mədəni və təbii irsinin qorunması məsələləri”, “Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar”, “Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar”, “Təsviri sənət və müasir çağırışlar”, “Mədəni irs və müasir memarlıq- Şəhərsalma prinsipləri” mövzuları üzrə panellər təşkil olunacaq. Panellerdə müvafiq sahələrin mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılacaq.

Noyabr 27, 2023 15:12

“Yaradıcı Həftə” çərçivəsində “Musiqi Sənayesi Platforması” təşkil olunacaq

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində “Musiqi Sənayesi Platforması” (MİP) təşkil olunacaq, Azərbaycanın musiqi sənayesinin imkanları və çağırışları bu sahəyə öz töhfəsini verən şəxslərin iştirakı ilə noyabrın 30-da Heydər Əliyev Mərkəzində platforma çərçivəsində müzakirə ediləcək. Nazirlikdən verilən məlumata görə, əsas məqsəd son illərdə bu sənayedə mövcud olan trendləri, hadisələri müzakirə etmək, musiqi sənayesinin inkişafı üçün potensial addımları müəyyən etmək, həmçinin bu istiqamətdə beynəlxalq təcrübəni araşdıraraq Azərbaycan musiqi sənayesinə tətbiq etməyin yollarını öyrənməkdir. Panel sessiyalarda Azərbaycan musiqi sənayesinin inkişafı və Azərbaycan musiqisinin təbliği mövzularında fikir mübadiləsi aparılacaq. Tədbirə xarici ekspertlər, beynəlxalq layihələrdə təcrübəsi olan mütəxəssislər, ölkədə musiqi sənayesinə töhfə verən və tanınan şəxslər, o cümlədən prodüserlər və musiqiçilər dəvət olunub. Panel sessiyaların davamı olaraq dekabrın 1-də Beynəlxalq Muğam Mərkəzində Avroviziya Mahnı Müsabiqəsi ilə bağlı müzakirələr (“Eurovision Talks") təşkil olunacaq. Tədbirdə bu yarışmada əldə olunan uğurlar, gələcək planlar və ümumiyyətlə bu kimi beynəlxalq musiqi müsabiqələrinin Azərbaycanın musiqi sənayesinə təsirindən danışılacaq.  

Noyabr 24, 2023 14:55