Beynəlxalq Azərbaycan-Alman-Türk Tibb Konqresi keçirilir

21 Aprel 2017 13:06

Xəbər 962 dəfə oxunub

Paytaxtın “Monolit Plaza” otelində 3-cü Beynəlxalq Azərbaycan-Alman-Türk Tibb Konqresi keçirilir. Konqresdən əvvəl tələbə, rezident və həkimlər üçün laparoskopik cərrahiyyə, ümumi və damar cərrahiyyəsi, ultrasoqonoqrafiya, endoskopiya, endoskopiya, ginekologiya və kardiopulmonar reanimasiyaya aid mini-kurslar təşkil edilib.Azərtac xəbər verir ki, konqresdə Almaniya, İsveçrə və Türkiyədən 15-ə yaxın professor və ekspert, eləcə də müxtəlif ölkələrdən gələn çoxlu nümayəndə iştirak edir. Konqresi açıq elan edən Elmi Cərrahiyyə Mərkəzinin elmi katibi, tibb üzrə fəlsəfə doktoru Qurbanxan Müslümov Azərbaycan və alman həkimlərinin tibbi əməkdaşlığının 2004-cü ildən başlanıldığı və onun ildən–ilə daha da genişləndiyi, bu gün 200-dən artıq azərbaycanlı həkimin Almaniyanın tibbi müəssisələrində calışdığı barədə məlumat verib. O, öz çıxışında konqresin bundan sonra da davamlı şəkildə hər il Bakıda keçiriləcəyini söyləyərək qeyd edib ki, cərrahiyyə, qastroenterologiya, radiologiya, onkologiya və ginekologiyanın aktual məsələlərinə həsr olunan konqres davamlı tibb təhsili verən beynəlxalq tədbir kimi tanınıb və bu il 24 CME kredit balı ilə qiymətləndirilib.Sonra Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab, Türkiyənin ölkəmizdəki səfirinin müavini Makbule Koçak, Azərbaycan– Alman-Türk Beynəlxalq Konqresinin prezidenti, professor Frank Villek, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev, konqresin təşkilatçılarından olan Almaniyadan gələn həkim Dəniz Uyak və başqaları çıxış edərək konqresin əhəmiyyətindən danışıblar.xeber100.com

 

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05