Beynəlxalq turnirlərə hazırlıq davam edir

27 İyun 2018 12:05

Xəbər 555 dəfə oxunub

Güləş üzrə yığma komandalarımız reytinq xarakterli beynəlxalq turnirlərə hazırlığı davam etdirirlər.Azərtac xəbər verir ki, böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamızın üzvləri iyunun 24-dən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Yığma komandanın baş məşqçisi Firdovsi Umudovun rəhbərlik etdiyi məşqçilər korpusu toplanışa yığmanın üzvü olan 22 idmançını cəlb edib. İyulun 7-dək davam edəcək ümumi və xüsusi fiziki hazırlıq üzrə təlim-məşq toplanışından sonra yığmanın üzvləri Olimpiya Güləş Mərkəzində hazırlığı davam etdirəcək və iyulun 27-29-da İstanbulda keçiriləcək Yaşar Doğunun xatirəsinə reytinq xarakterli beynəlxalq turnirdə sınaqdan keçiriləcəklər.Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirən böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri isə iyulun 2-də Türkiyəyə yollanacaqlar. Baş məşqçi Şaban Donatın rəhbərlik etdiyi məşqçilər korpusu bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışına qatılacaq heyətə əsas yığma ilə yanaşı, gənclərdən ibarət komandanın üzvlərindən də bir neçəsini cəlb edib. Ümumilikdə 16 yunan-Roma güləşçisi qonşu ölkədə hazırlıq keçəcək. Təlim-məşq toplanışı başa çatdıqdan sonra yığmamızın üzvləri iyulun 20-22-də İstanbulda Vehbi Emrenin xatirəsinə reytinq xarakterli beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.xeber100.com