Bilik Evinin açılış mərasimi keçirilib

24 May 2016 11:32

Xəbər 891 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Şəmkirdəki Heydər Əliyev Mərkəzi arasında imzalanmış niyyət protokolu çərçivəsində mayın 23-də mərkəzin inzibati binasında Bilik Evinin açılış mərasimi keçirilib. Şəmkir Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Bilik Fondunun dəstəyi ilə fəaliyyətə başlayacaq Bilik Evinin açılış mərasimində fondun icraçı direktoru Oqtay Səmədov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru, Milli Məclisin deputatı Sona Əliyeva, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon Rus İcmasının sədri Valeriya İvanova, müxtəlif dini icma, yerli təhsil şöbəsi, mərkəzi xəstəxana, mədəniyyət şöbəsi, polis şöbəsi, tarix və diyarşünaslıq muzeyi, Gənclər və İdman İdarəsi, Gənc Müəllimlər Birliyi, Gənc Həkimlər Birliyi, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi, “Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi, Bakı Oksford Məktəbinin Şəmkir filialı, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi, “Kids Academy” uşaq bağçasının rəhbərləri və nümayəndələri, Bilik Fondunun əməkdaşları iştirak ediblər. Bilik Fondundan Azərtac-a bildiriblər ki, açılış mərasimindən əvvəl qonaqlar mərkəzlə yaxından tanış olub, Heydər Əliyev irsinin qorunması, tədqiqi, təbliği istiqamətində və gənclərin maarifləndirilməsi sahəsində mərkəzin gördüyü işlər, həyata keçirilməsi nəzərdə tutulan gələcək layihələr barədə qonaqlara geniş məlumat verilib. Şəmkir Bilik Evinin açılış mərasimində Milli Məclisin deputatı Sona Əliyeva rəhbərlik etdiyi mərkəzin və Bilik Fondunun birgə təşkilatçılığı ilə Bilik Evinin yaradılmasının əhəmiyyətindən danışıb, bu qurumun həm Şəmkir rayonunda, həm də ətraf bölgələrdə böyük uğurlara imza atacağına əminliyini bildirib. Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov bir neçə bölgədə Bilik Evinin açıldığını xatırladıb, onların fəaliyyətindən söz açıb. İcraçı direktor deyib ki, fondun bütün bölgələr üzrə təyin olunan nümayəndələri bilik evləri ilə birgə mütəmadi tədbirlər keçirir və qarşılıqlı dəstəyin nəticəsində böyük nailiyyətlərə imza atılır. O.Səmədov həm Nardaranda, həm də Şəmkirdə Bilik Evinə Milli Məclisin deputatlarının rəhbərlik etdiyini vurğulayaraq, bu hadisəni fondun uğuru kimi dəyərləndirib: “Ev” deyəndə adamın düşüncəsinə isti ocaq, rahatlıq, səmimiyyət, doğmalıq kimi gözəl hisslər hakim kəsilir. Əminik ki, Bilik Evi də doğma ocağınız qədər isti ocağa çevriləcək”. Şəmkir Rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bilikləndirmə missiyası daşıyanlara Şəmkir rayonunun bütün sakinlərinin dəstək verməyə hazır olduğunu deyib. İcra başçısı bildirib ki, Bilik Evinin rayonun hərtərəfli və sürətli inkişafına güclü təkan olacağına inanır: “Bütün şəmkirlilər Bilik Evinə məbəd kimi baxmalıdırlar. Bilik Evi məbəd içərisində məbəddir. Şəmkir Heydər Əliyev Mərkəzi böyük həvəslə öz qapılarını Bilik Fondunun Bilik Evinə açdı. Biz buna çox sevinirik və bu hadisəyə görə hamınızı təbrik edirəm”. Şəmkir rayon Rus İcmasının sədri Valeriya İvanovna əsrlərdir multikultural dəyərlərini qoruyan və tətbiq edən Azərbaycanın vətəndaşı olmaqdan qürur duyduğunu söyləyib, Şəmkirdə yaşayan bütün xalqların nümayəndələrinin ölkənin inkişafına yönəlmiş işlərdə yaxından iştirak etdiklərini vurğulayıb. V.İvanova Bilik Evinin layihələrinə məmnuniyyətlə qoşulmağa hazır olduqlarını bildirib. Digər çıxış edənlər də Şəmkir Bilik Evinin fəaliyyətinə uğurlar arzulayıb, bu ocağın ixtisaslı, bacarıqlı kadrların yetişməsində baza rolu oynayacağına əminliklərini bildiriblər. Daha sonra Bilik Evinin ilk “dəyirmi masa”sı keçirilib. Bilik Fondunun nümayəndələri Şəmkirdə fəaliyyət göstərən Gənc müəllimlər və Gənc Həkimlər birliklərinin üzvləri ilə “Sağlam bədən, sağlam ruh, sağlam düşüncə” mövzusunda müzakirələr aparıblar. Hazırda Qax və Oğuz rayonlarında, Nardaran qəsəbəsində Bilik Fondunun Bilik Evi fəaliyyət göstərir. Astara və İsmayıllı rayonlarında da Bilik Evinin açılması planlaşdırılır.xeber100.com

Bakı Dövlət Universitetinin yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq. BDU-dan bildirilib ki, bu barədə Elmi şuranın bugünkü iclasında qərar qəbul edilib. İclasda bildirilib ki, 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tarixi qərara imza ataraq, Bakı Dövlət Universitetinin təsisi haqqında qanun qəbul edib. BDU 105 il ərzində xalqımızın maariflənməsində, milli düşüncənin inkişafında, yüksəkixtisaslı kadrların yetişməsində mühüm rol oynayıb. BDU-nun inkişafında yeni və mühüm mərhələ 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi ilə başlanıb. Universitetin elm və təhsil flaqmanı kimi şöhrətlənməsi məhz bu tarixdən sonra gerçəkləşib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra BDU Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində inkişafının yeni və daha parlaq mərhələsinə qədəm qoyub. Bu gün isə həmin tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ildə universitetin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması, əməkdaşların ali dövlət mükafatları ilə təltif edilməsi BDU ailəsinin hər bir üzvü tərəfindən ehtiramla xatırlanır. 105 il əvvəl 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitet hazırda 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 4 elmi-tədqiqat mərkəzi və 21 elmi-tədqiqat laboratoriyası, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 filial, 1 kollec və 1 liseylə müqəddəs yola davam edir.xeber100.com

Mart 29, 2024 16:21

VII qrant müsabiqəsi çərçivəsində intellektual yarış layihəsi öz işini davam etdirir

Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində ümumtəhsil məktəbləri kateqoriyası üzrə qalib gəlmiş “Sən elə bir Zirvəsən-100” məktəblilərarası intellektual yarış layihəsi öz işini davam etdirir. Bu barədə 189-190 nömrəli tam orta məktəbdən məlumat verilib. Bildirilib ki, icra planına əsasən layihə rəhbəri, 189-190 nömrəli tam orta məktəbin direktoru Fayaz Hüseynov, layihənin aparıcısı və təlimçi Rifah Zeynalov, eksperti Elnarə Nərimanova və yarışda iştirak edəcək 16 məktəbin təşkilatçı rəhbərləri ilə görüş keçirilib, onlara yarışın qaydaları barədə məlumat verilib. Fayaz Hüseynov layihənin məktəblər arasında əməkdaşlığa, şagirdlərdə liderlik bacarığının formalaşdırılmasında böyük rolu olacağını söyləyib. Qeyd edək ki, 16 komanda 2 qrupa bölünərək yarış keçirilib və yarımfinal turunun qalibləri bəlli olub. Yarışda A qrupunda 2 texniki-humanitar liseyin “DDK” komandası, 7 nömrəli məktəb liseyin “Versus”, 8 nömrəli tam orta məktəbin “Zirvə”, 16 nömrəli texniki-humanitar liseyin “Dəmir yumruq”, 18 nömrəli tam orta məktəbin “Batalyon”, 49 nömrəli tam orta məktəbin “Qarabağ”, 53 nömrəli tam orta məktəbin “Xudafərin”, 60 nömrəli tam orta məktəbin “Flaqman” komandaları mübarizə aparır. B qrupunda isə 20 nömrəli məktəb-liseyin “Triumf”, 50 nömrəli məktəbin “Gənc Heydərçilər”, 147 nömrəli tam orta məktəbin “Mübarizlər”, 160 nömrəli tam orta məktəbin “ 160%”, 167 nömrəli tam orta məktəbin “Xarıbülbül” komandası, 175 nömrəli tam orta məktəbin “Xəyal”,189-190 nömrəli tam orta məktəbin “Clever”, 236 nömrəli tam orta məktəbin “Zəfər” komandaları qalibiyyət uğrunda bilik yarışında mübarizə aparırlar. Yarışmaya aid foto və videolar daim layihənin feysbuk səhifəsində paylaşılır.xeber100.com

Dekabr 19, 2023 13:53

Dövlət İmtahan Mərkəzinin məlumatı əsasında…

2023/2024-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayını təqdim edilib. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin IV ixtisas qrupunda Azərbaycan bölməsi üzrə 3165, rus bölməsi üzrə 365, hər iki bölmənin birgə müsabiqəsi üzrə 570 olmaqla cəmi 4 min 100 plan yeri nəzərdə tutulur. 3045 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır. Qeyd edək ki, psixologiya və kimya ixtisaslarının hər biri üçün dövlət sifarişi üzrə ayrılmış 25 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər. Tibb ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 85 yerin müsabiqəsində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər. Xatırladaq ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. İxtisas seçimi bütün qruplar üzrə avqustun 28-i saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyentlər (o cümlədən subbakalavrlar) müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər.

Avqust 26, 2023 18:25