Kim nə deyir desin, səhnə istedadla yanaşı, gözəl görüntünü, yaraşığı da sevir. Bəlkə də ona görə ki, gözəl görüntü ilk baxışdan tamaşaçının diqqətini çəkir. Müsahibimiz Çingiz Əhmədov öz dövrünün ən çox diqqəti çəkən teatr aktyorlarından biri olub və illər keçsə də ona olan tamaşaçı sevgisi azalmır ki, əksinə artır. Uzun illərdir Musiqli Teatrda çalışan aktyorun öz tamaşaçı auditoriyası var və onun iştirakı ilə təqdim olunan tamaşalarda aktyorun səhnəyə gəlişinin və tamaşaçılar tərəfindən necə qarşılnamasının sadəcə şahidi olmaq lazımdır. xeber100.com əməkdar artist Çingiz Əhmədovla geniş bir müsahibə hazırlayaraq siz oxucularımıza təqdim edir…
-Aktyor olmaq başqa, aktyor doğulmaq bir başqadır. Birincidə aktyor olmağa cəhd var, ikincidə isə anadangəlmə vergi. Çingiz Əhmədov məhz aktyor doğulanlardandır…
-Hələ uşaq baxçasına getdiyim illərdə özünəxas tərzdə kiçik səhnələrdə oynayır, hətta özümə tərəfmüqabil axtarırdım ki, qarşılıqlı oynayaq. Orta məktəb illərində sənətə olan həvəsim tədricən artdı, hətta 10 yaşımdan etibarən respublikanın ana kanalı olan Azərbaycan Televiziyasında xırda rollarla çıxış etməyə başladım. Hüseynağa Sadıqovun “Piri babanın nağılları” proqramı var idi və hər dəfə uşaqları başına toplayaraq nağıl söyləyirdi. Həmin uşaqların arasında mən də olurdum. Bundan başqa “Yomoristik novellalar”, “Kitab köşkü”, “Komediyalar aləminə səyahət”, “Teatr təbəssümləri”, “Səhər görüşləri”ndə iştirak edirdim, hətta qonorar da alırdım. Beləliklə də uşaqlıq illərindən artıq tanınmağa başladım, tanındıqca da kiçik rollara dəvət aldım. Az vaxtda populyarlıq qazanmağa başladım. Təsəvvür edin ki, ay ərzində 4 dəfə efirdə olurdum, yuxarıda sadaladığım proqramlara dəvət alırdım, yəni getdikcə tamaşaçıların maraq-diqqətini çəkməyə başladım.
-Deyəsən hamının sevimlisi Çina elə həmin dövrdə meydana çıxdı?
-Hətta ərköyün Çina idi meydanda…Həmin illərdə “Telefilm”in direktoru Nazim Abbasov məni “Ömrün bahar anları” filminə dəvət etdi. Çox təəssüf ki, 20 Yanvar hadisələrində mənim çəkildiyim bir çox lentlərlə yanaşı, həmin filmin lenti də yanmışdı. Nəsibə Zeynalova, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, Hüseynağa Sadıqovla, Bahadur Əliyevlə olan lentlərim yanmışdı. Ümumiyyətlə 90-cı il hadisələrində hər sahədə olduğu kimi teatr aləmində də durğunluq başladı. Çox çətin illər idi, Allah o günləri bir daha göstərməsin. Etiraf edək ki, inamımızın öldüyü bir vaxtda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi hər sahədə, xüsusilə teatr aləmində bir canlanma yaratdı. Teatrsevər insan idi, taşaçalara baxmaq, aktyorlara diqqət ayırmaq, onların sənətini qiymətləndirmək və s. hər biri ulu öndərin diqqəti sayəsində oldu. Bildiyiniz kimi mükafatlar, prezident təqaüdləri, fəxri titullar hamısı məhz onu tapşırığı ilə reallaşdı.
-Musqili Komediya teatrı(indiki Musqili Teatr) sizin aktyor kimi formalaşmağınızda böyük rol oynayıb…
-1984-cü ildən Musiqili Komediya Teatrında çalışmağa başladım və teatrın səhnəsində bir-birindən maraqlı rollar oynadım. Bə beləliklə də getdikcə gəlib bu zirvəyə çatdım. Ancaq müəyyən bir məqam oldu ki, teatrdan ayrıldım. Bu, 1991-ci ilə təsadüf edirdi. O vaxtlar teatrın baş rejissoru və bədii rəhbəri Cahangir Novruzov idi. O da teatrdan ayrıldı, sonra teatrın rəhbəri Qəzənfər Topçuyev oldu. Həmin ərəfədə Atabala Səfərov, Mənsumə Rzayeva, Kübra Əliyeva, Ofeliya Məmmədzadə, Ofeliya Aslan, Nəsibə Zeynalova və bir çoxu teatrdan ayrıldı. Ancaq mən çox da uzağa getmədim, Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Dövlət Gənclər teatrında fəaliyyətə başladım və 2004-cü ilə qədər həmin teatrın səhnəsində müxtəlif səpgili rollar oynadım.
-Səhv etmirəmsə, məhz həmin illərdə ANS tv-də təqdim olunan “Yeriniz məlum” proqramıyla efirdə görünməyə başladınız. Əslində hər zaman efirdəydiniz, ancaq bu proqram sizi bir aktyor-aparıcı kimi fərqli olaraq tamaşçılara sevdirdi…
-Bəlkə də ona görə ki, “Yeriniz məlum” proqramı tamaşaçılar üçün bir dəyişiklik, bir yenilik və yenilik qarışıq əyləncə təqdim edirdi. Təsəsvvür edin ki, saat 17.00-18.00 arası təqdim olunan proqram böyükdən-kiçiyə hamının marağına səbəb olmuşdu. Xalq artistindən tutmuş sıravi insanlarımıza qədər hamını proqrama dəvət edirdim, bir sözlə, proqramın rəngarəng alınması üçün maraqlı bir aura yaratmışdıq. Təsəsvvür edin ki, az qala hamını dəvət etmişəm, bircə Hacıbaba Bağırov proqramda iştirak etməyib. Günlərin birində ona zəng edərək proqrama dəvət etdim. Məni diqqətlə dinlədi və dedi: “Çingiz bir şərtlə proqramında iştirak edəcəyəm, sən teatra-ata ocağına dönəcəksən”. Doğrusu etiraz edərək dedim ki, vaxt məhdudiyyəti var, işləri çatdıra bilmərəm və s. Dedi ki: “Sənin üçün bütün şərtləri qəbul edirəm və bütün rollarımı sənə verəcəyəm”. Doğrudan da rəhmətlik hələ sağlığında Rəşad Nuri Güntəkinin “Bir günlük siğə”, Anarın “Adamın adamı” əsərlərindəki oynadığı rolları mənə həvalə etdi. Həmin tamaşalarda dəfələrlə səhnəyə çıxdım və tamaşaçı tərəfindən böyük maraqla qarşılandım. Sən demə, Hacıbaba müəllim xəbərim olmadan hər zaman ifamı izləyirmiş və günlərində birində məni ürəkdən təbrik edərək dedi ki, rollarım sənə halaldır, artıq mən bir kənara çəkilirəm və rollarımı sən oynayacaqsan. Rəhmətlik özündən sonra məni görürdü səhnədə, hazırda onun bütün rollarında oynayaraq özümü doğrultmağa çalışıram.
-Hacıbaba Bağırovun oynadığı maraqlı tamaşalardan biri də “Bankir adaxlı” idi. Şəxsən mən şahid olmuşam ki, “Bankir adaxlı”, mövzu baxımından sadəcə günün nəbzini tutduğuna görə deyil, eyni zamanda Hacıbaba Bağırov və Afaq Bəşirqızı cütlüyünün güclü tərəfmüqabil işi sayəsində böyük uğur qazandı.
-Hər iki aktyorun oyunu çox yüksək səviyyədə idi və digər aktyorların da zəhmətini inkar etmək olmaz. Onların hər biri oynadığı rolla tamaşaya yeni bir rəng qatmışdı.
-Hacıbaba Bağırovdan sonra bu tamaşanı bərpa etmək və yenidən uğur qazandırmaq, bir sözlə, bu barədə yəqin ki, düşünmək belə mümkün olmazdı. Ancaq Çingiz Əhmədovun adını eşidincə bəlkə hamı bir ağızdan-ALINACAQ- dedi…
-Deməli məni öz yerində görməsi bir təsadüf deyildi. “Bankir adaxlı” yenidən səhnədə nümayiş olununca yenidən tamaşaçıların marağına səbəb oldu. Doğrudur, aktyor heyətində məlum səbəblərdən bir qədər dəyişiklik oldu, ancaq hər birimiz ürəkdən çalışaraq tamaşanın ruhunu qoruduq, sanki bu tamaşada bütün yaradıcı heyət səfərbərliyə alındı, biz sadəcə səhnəni gördük, hiss etdik və bir vaxt hiss etdik ki, tamaşçı alqışına qərq olmuşuq. Etiraf edim ki, teatrda artıq yeni nəsil var və onlar istedadlıdır, gənclərlə görülən və görüləcək işlər çoxdur. Bu bir daha sübut edir ki, teatr hər zaman istedadlıların sayəsində inkişaf edəcək.
-Sizin yeni gələn nəsil aktyorlarla tərəfmüqabil işiniz çox gözəl alınır. Hiss olunur ki, Çingiz Əhmədov ustadlardan gördüyü sənət tərbiyəsini özündən sonrakılara da öyrədir. Onları öz səviyyənizə yüksəldirsiniz və bu çox önəmli bir məqamdır.
-Haqlısınız və o anı hiss etdiyiniz üçün minnətdaram. Hər gələn nəsil davamçı rolunu oynayır ki, bizlər də buni diqqətimizdə saxlamalıyıq.
-Sizin səhnəyə sadəcə kiçik bir rolda gəlməniz kifayətdir ki, tamaşa salonu canlansın. “Şirbalanın məhəbbəti” tamaşasında Şirbalanın toy səhnəsidə sadəcə bir dəfə görünürsünüz-əl çalaraq bəylə-gəlinin sevincinə şərik olduğunuzu nümayiş etdirisiniz.
-Demək həmin səhnəni xatırlayanlar var…
-Xatırlamaq da nədir, siz həmi səhnədə olan görünüşünüzlə sanki tamaşanı canlandırısınız. Yəni, epizod rolu baş rol səviyyəsində oynamağı bacaran aktyorlardansınız…
-Rəhmətlik Fazil Salayev əksər filmlərdə oynadığı kiçik rollarla yaddaşımıza həkk olunub, bir dəfə görünməklə tamaşaçının beynində, ürəyində yer tuturdu. Doğrudan da ustad idi…
-Eləcə də Məmmədsadıq Nuriyev az sözlə çox fikri ifadə edən akyorlarımızdan olub. Təsəsvvür edin ki, oğul Yaşar Nuriyev bir başqa istedad, ata Məmmədsadıq Nuriyev bir başqa. Hətta Nəsibə Zeynalova ilə Cahangir Novruzov haqqında da eyni fikri söyləmək olar. Hər ikisi zirvəyə yüksəldi və fərqli yollarda addımladılar.
-Haqlısınız, hətta mən deyərdim ki, əgər Cahangir Novruzov ölkədən getməsəydi yenə də böyük işlər görə bilərdi. Bildiyiniz kimi uzun illərdir qardaş Türkiyədə pedaqoq olaraq çalışır və hazırda onun tələbələrinin səsi dünya ölkələrindən gəlir.
-Qeyd etdiyimiz kimi ustadların əhatəsində olmusunuz, eyni səhnəni paylaşmısınız. Onlardan ən çox öyrəndiyiniz nə idi?
-Bilirsinizmi onların hər biri böyük məktəb idi. Xüsusilə Əliağa Ağayevin adını çəkmək istərdim, çünki onun məktəbini görmüşəm. Böyüklə böyük, kiçiklə kiçiklik edən, istedadlılara dəstək verən, tanımadıqlarına kömək edən sənətkarlarımızdan idi. O dövrdə iş məsuliyyəti çox güclü idi və sənətkarlarımız da çox böyük məsuliyyət nümayiş etdirirdilər. Onların hər birindən öyrəndiklərimi olduğu kimi davam etdirirəm. Çünki yaradıcı iş yüksək həssaslıqla yanaşı, məsuliyyəti sevir. Məsuliyyət olan yerdə də görülən iş mütləq uğur qazanacaq. Aktyorluq müqəddəs peşədir, kimləri görmədik bu sənətdə, zirvə dediyimiz o yüksəklikdə…Bu sənət bitib tükənməz, əksinə daima inkişaf edəcək, daima yetişdirəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…