Boksçular arasında beynəlxalq turnir keçirilib

8 May 2017 11:31

Xəbər 1233 dəfə oxunub

Polşanın paytaxtı Varşavada kişi və qadın boksçular arasında Feliks Stammanın xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib. XXXIV dəfə təşkil olunan “A” kateqoriyalı ənənəvi yarışa Azərbaycan yığması da qatılıb.Azərtac xəbər verir ki, 23 ölkədən boksçuların mübarizə apardığı turnirdə millimiz 6 qadın boksçu ilə təmsil olunub. Səfərə baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında yollanan komandamız turniri 2 medalla başa vurub.Yığmamızın lideri Anna Əlimərdanova Varşavada bütün rəqiblərindən üstün olub. Yarışda 57 kiloqram çəki dərəcəsində çıxış edən Avropa Oyunlarının bürünc medalçısı finalda amerikalı Vendi Cesi ilə qarşılaşıb. 4:0 hesabı ilə qalib gələn Əlimərdanova qızıl medala yiyələnib.Komandamızın aktivinə digər medalı Şəhla Allahverdiyeva yazdırıb. Turnirdə 69 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz həlledici görüşdə almaniyalı Nadine Apitslə qarşılaşıb. 0:5 hesabı ilə məğlub olan təmsilçimiz gümüş medalla kifayətlənib.Yarışı 1 qızıl və 1 gümüş medalla başa vuran qadınlardan ibarət yığmamız komanda hesabında ikinci yeri tutub.Qeyd edək ki, digər boksçularımızdan Viktoriya İsmayılova (51 kq), Məhsəti Həmzəyeva (57 kq) 1/8 finalda, Anaxanım Ağayeva (51 kq) və Yana Alekseyevna (60 kq) isə 1/4 finalda məğlubiyyətə üzülüblər.