Bü gün Ümumdünya Səhiyyə Təşkilatının yarandığı gündür

7 Aprel 2023 15:09

Xəbər 170 dəfə oxunub

1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan bəri dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub.

1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq qeyd edilir.

Həmin gün diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosu xüsusi tədbirlər keçirir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında müzakirələrin aparılmasına şərait yaradır.

İctimaiyyətin diqqəti Ümumdünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr olunub və müxtəlif şüarlar altında keçirilib: “Fəallıq uzun ömür yaşamağa aparan yoldur”, “Hamiləlik həyatda xüsusi hadisədir. Onu təhlükəsiz edək”, “Sağlamlığı iqlim dəyişikliklərindən qoruyaq”, “1000 şəhər – 1000 həyat” və s. Son illər həmin gün “Kiçik sancma böyük təhlükə mənbəyidir”, “Qida məhsullarının təhlükəsizliyi”, “Diabetə qalib gələk”, “Depressiya: gəlin danışaq” şüarları altında keçirilib.

2022-ci ildə Ümumdünya Sağlamlıq Günü yeni növ koronavirus (COVID-19) pandemiyasını yayılması ilə mübarizə mövzusuna həsr edilib və “Bizim planetimiz bizim sağlamlığımızdır” şüarı ilə keçirilib, bu il isə təşkilatın yaranmasının 75-ci ilində həmin gün “Hər kəs üçün sağlamlıq” şüarı altında qeyd edilir.

ÜST-nin hesablamalarına əsasən qarşısı alınmayan ekoloji səbəblərin yaratdığı xəstəliklərdən hər il dünyada 13 milyon nəfər həyatını itirir.

Səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, xəstəliklərin düzgün müalicəsinin aparılması 2030-cu ilə qədər qarşıda duran əsas məsələlərdən biridir. Uzun və sağlam ömür yaşamağa nail olmaq və sağlamlığın möhkəmləndirilməsi ictimai səhiyyənin qarşısında duran başlıca vəzifələrdən sayılır.

Həmin günün məqsədləri sırasına sağlamlıq qaydalarına düzgün əməl olunması, səhiyyə məsələlərinin həllində dövlət orqanlarına kömək edilməsi, həkimlərin peşəkarlığının artırılması, düzgün qidalanma, idmanın və düzgün həyat tərzinin təbliği, gənclər arasında sağlam vərdişlərin yayılması, yaşlılara və sağlamlıq imkanları məhdud olanlara güzəştli şəraitin yaradılması, siqaret çəkməyin, alkoqollu içkilər və narkotik vasitələrin zərəri barədə məlumatlandırma, profilaktik prosedurların təyini və s. kimi məsələlər daxildir.

Ümumdünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığının qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir.xeber100.com

 

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05