Buraxılış imtahanları iyunun 21-də keçiriləcək

18 İyun 2016 17:22

Xəbər 18212 dəfə oxunub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 21-də Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Abşeron, Sumqayıt şəhərlərindəki orta ümumtəhsil müəssisələrinin, eləcə də Heydər Əliyev adına Hərbi Lisey və C.Naxçıvanski adına Hərbi Liseyin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. TQDK-dan Azərtac-a bildiriblər ki, həmin gün ümumilikdə 47 min 260 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 26 min 72, XI sinif üzrə 21 min 188). İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə iyunun 7-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır. Şagirdlər imtahana “İmtahana buraxılış vərəqəsi”ni, şəxsiyyəti təsdiqləyən sənədin əslini gətirməlidirlər. Belə ki, Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini gətirməlidirlər. 16 yaşı bu il aprelin 30-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışla imtahana buraxılacaqlar (arayışa şagirdin 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 66 imtahan mərkəzi ayrılıb. Həmin gün 26 min 72 nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur. XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün isə 66 imtahan mərkəzi ayrılıb. Bu imtahanda isə 21 min 188 nəfər 11-ci sinif şagirdinin iştirakı gözlənilir. İmtahanların idarə olunmasına ümumilikdə 180 imtahan rəhbəri, 2 min 273 nəzarətçi-müəllim ayrılıb.xeber100.com

Dövlət İmtahan Mərkəzi: Ali məktəblərə qəbul üçün qeydiyyat başa çatır

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatır bildirilib ki, abituriyentlər bu gün saat 23:59-dək DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, abituriyentlər bu gün saat 23:59-dək DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər. Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin martın 1-15-də ərizə qəbulunda iştirak etməmiş cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılır. Bundan əlavə, keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş, lakin martın 1-15-də ərizə qəbulunda iştirak etməmiş əvvəlki illərin məzunları da I, II, III və IV qruplardan hər hansı birini seçib imtahanın ikinci mərhələsində iştirak edə bilərlər. Bu halda imtahanın birinci mərhələsinin nəticəsi kimi həmin abituriyentlərin keçən il topladıqları bal nəzərə alınacaq.xeber100.com

May 5, 2023 15:19

Dövlət İmtahan Mərkəzi 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Xəzər, Nizami, Pirallahı rayonlarında, Naxçıvan MR-də, Mingəçevir, Naftalan, Sumqayıt (II hissə), Şirvan, Yevlax şəhərlərində, Abşeron (II hissə), Ağstafa, Balakən, Bərdə, Cəlilabad (II hissə), Goranboy, Göyçay (II hissə), Xaçmaz (II hissə), İsmayıllı, Qax, Qazax, Quba (II hissə), Lerik, Masallı (II hissə), Salyan, Şamaxı, Tərtər, Ucar, Zaqatala rayonlarında, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində, eləcə də tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir. DİM-dən bildirilib ki, bugünkü imtahanda 48 min 65 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. Bugünkü imtahanda 15 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 208 imtahan binası, 3664 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 600 imtahan rəhbəri və ümumi rəhbər, 4533 nəzarətçi-müəllim, 669 buraxılış rejimi əməkdaşı (mühafizə), 208 bina nümayəndəsi cəlb edilib.xeber100.com

Aprel 30, 2023 15:05

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktının növbəti ildönümüdür

Aprelin 30-u Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) törədilmiş terror aktının növbəti ildönümüdür. Terror hadisəsindən 14 il ötür. 2009-cu il aprelin 30-u saat 9:30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusuna daxil olan terrorçunun birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxanlara “Makarov” tipli tapançadan atəş açması nəticəsində təhsil müəssisəsinin müəllim və tələbələri amansızcasına qətlə yetiriliblər. Terror aktı nəticəsində 12 nəfər həlak olub, 13 nəfər ağır yaralanıb. Hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəliblər. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb. Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb. Cinayət işi üzrə təqsirli bilinən dörd nəfər də layiqli cəzalarını alıb. 2009-cu il mayın 1-də Prezident İlham Əliyev “Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara birdəfəlik maddi yardım göstərilməsi barədə” Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, həlak olanların ailələrinin hər birinə 30 min, ağır xəsarət alanların hər birinə isə 15 min manat məbləğində birdəfəlik maddi yardım edilib. Faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Universitetin terror aktının törədildiyi ikinci tədris korpusunun foyesində faciə qurbanlarının xatirəsinə həsr olunmuş barelyef açılıb. Hadisədən bəhs edən və universitetin istehsalı olan “Bir sal yadına” sənədli filmi yaradılıb. Eyni zamanda, ADNSU-da hər il terror aktının ildönümü müxtəlif tədbirlərlə qeyd olunur. Dünyanın hər hansı bir ölkəsində törədilən terror bütün bəşəriyyət üçün, insanlığa qarşı böyük bəladır. Ona görə də dünya birliyi terrorizmə qarşı qətiyyətlə mübarizə aparmalıdır. Sağlam düşüncə naminə bu gün geniş təbliğat, maarifləndirmə tədbirləri həyata keçirilməlidir.xeber100.com

Aprel 30, 2023 15:02

Dövlət İmtahan Mərkəzi: Test imtahanına qeydiyyat yekunlaşıb

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə martın 18-də keçiriləcək test imtahanına qeydiyyat aparılır. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib. Qeyd olunub ki, BB qrupu üzrə test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı bu gün başa çatıb və 208 nəfər qeydiyyatdan keçib. AB, AC, BA qrupları üzrə isə qeydiyyat martın 16-sı saat 11:00-da yekunlaşacaq. Bu günə olan məlumata görə, AB, AC, BA qrupları üzrə 83 nəfər qeydiyyatdan keçib. Xatırladaq ki, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanında aşağıda qeyd edilən kateqoriya üzrə şəxslər iştirak edə bilərlər: - Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq; - “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan və daha yüksək inzibati vəzifənin tutulmasına iddia edən dövlət qulluqçuları.xeber100.com

Mart 6, 2023 14:59

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanı verəcək şagirdlərə müraciət edib

Martın 12-də Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Fizuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında, həmçinin Bakının xüsusi məktəblərində (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. DİM-dən bildirilib ki, şagirdlər linkdən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini DİM-in internet portalından öyrənə bilərlər. Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.xeber100.com  

Mart 3, 2023 13:47

AMEA-nın magistraturalarına keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 19-da keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb. DİM-dən bildirilib ki, imtahan nəticələri ilə Mərkəzin saytında tanış olmaq mümkündür. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 18724 bakalavrdan 255 nəfəri imtahana gəlməyib. İmtahanda 1 nəfər 100 bal toplamaqla mümkün olan ən yüksək nəticəni göstərib. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır (fənlər üzrə ayrıca minimal bal tələbləri var). İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək). İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən fevralın 24-dən etibarən onlayn (telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər fevralın 22-24-də DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.xeber100.com

Fevral 21, 2023 14:27

Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirilir

Fevralın 19-da Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirir. DİM-dən bildirilib ki, imtahanda 18 min 724 bakalavrın iştirakı gözlənilir. Onlardan 17 min 190-ı Azərbaycan bölməsi, 1534-ü rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 12 min 292-si cari ilin, 6432-si isə əvvəlki illərin məzunlarıdır, 49 nəfər xarici ölkə vətəndaşıdır. Bakıda 13 min 635, Naxçıvanda 501, Gəncədə 1528, Sumqayıtda 1344, Abşeronda 745, Mingəçevirdə 565, Lənkəranda 406 bakalavrın imtahan verəcəyi gözlənilir. Magistraturaya qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda – Bakıda 51, Sumqayıtda 5, Abşeronda 3, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada olmaqla, ümumilikdə 72 binada təşkil olunacaq. Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur. İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır. Üç saat davam edəcək imtahan başa çatdıqda və ya iştirakçı tərəfindən yekunlaşdırıldıqda cavab kartı ilə yanaşı, sual kitabçası da nəzarətçiyə təhvil verilir. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşya gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur. Qəbul imtahanının idarə olunmasına 72 ümumi rəhbər, 202 imtahan rəhbəri, 1684 nəzarətçi-müəllim, 169 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq. Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 13-dən etibarən DİM-in internet saytına daxil olub buraxılış vərəqəsini çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.xeber100.com  

Fevral 19, 2023 15:34

Dövlət qulluğuna qəbul üçün növbəti test imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.xeber100.com

Fevral 12, 2023 13:30

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibətilə

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə “PİLLƏ 2” Tələbə Tamaşa Festivalına qəbul elan edilir. Bu barədə ADMİU-dan məlumat verilib. Bildirilib ki, iyunun 5-dən 9-dək keçiriləcək festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət bayramı yaşatmaq, gənc istedadların aşkarlanmasına dəstək olmaq və teatr tədrisi prosesini fəallaşdırmaq məqsədlərini hədəfləyir. Festivalın qalibləri ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu” və “Ən yaxşı qadın rolu” nominasiyaları üzrə müəyyənləşdiriləcək. Qaliblərə münsiflər heyətinin və gənc tənqidçilərin xüsusi mükafatları təqdim olunacaq. Festivalda ADMİU-nun və digər universitetlərin bakalavr və magistr tələbələri tamaşa ilə iştirak edə bilər. Müsabiqəyə göndərilən tamaşalara janr və mövzu məhdudiyyəti qoyulmur. İştirakçılar tamaşaların posterini və müraciət formasını təşkilat komitəsinə təqdim etməlidirlər. Müsabiqəyə təqdim edilən materiallar mayın 20-dən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir. Son tarixdən gec göndərilən və tələblərə cavab verməyən tamaşalar müsabiqəyə qəbul olunmayacaq. Təşkilat komitəsi festivala təqdim edilən tamaşaların seçimi və müsabiqə proqramının tərtibi hüququnu özündə saxlayır. Təqdim edilməli materialların və sənədlərin siyahısı ilə ADMİU-nun saytında tanış olmaq mümkündür.xeber100.com

Fevral 5, 2023 14:35