Bu günlərdə Londonun Uolthamstou Sentral Kitabxanasında (Walthamstow Central Library) Azərbaycan ədəbiyyatı bölməsi fəaliyyətə başlayıb. Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlının təşəbbüsü ilə yaradılan bölmədə klassik və müasir ədəbiyyat örnəkləri oxucuların mühakiməsinə verilib.Azərtac xəbər verir ki, Azərbaycan dilində bədii və elmi-publisistik əsərlərdən ibarət bölmənin yaradılması Bakı Dövlət Universitetinin və AMEA-nın Elmi Kitabxanası, “Xan” nəşriyyatı, həmçinin ayrı-ayrı yazıçı və alimlərin dəstəyi ilə gerçəkləşib.Kitabxananın dünya dillərində bədii ədəbiyyatın sərgiləndiyi böyük salonunda yerləşən bölməyə indiyədək 300-ə yaxın kitab göndərilib. Bölmədə Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Kazım bəy, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Yusif Vəzir Çəmənzəminli, Hüseyn Cavid, Ceyhun Hacıbəyli, Məhəmmədhüseyn Şəhriyar, Əli Kərim, İsmayıl Şıxlı, İsa Muğanna, Əzizə Cəfərzadə, Sabir Əhmədli, Xəlil Rza Ulutürk, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı və başqa müəlliflərlə yanaşı, gənc yazarların əsərləri, habelə “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Qaçaq Nəbi” dastanları, nağıllar və lətifələrdən ibarət folklor materialları da yer almaqdadır. Bölmədəki bütün kitablar kataloqlaşdırılıb, hissə-hissə oxuculara təqdim olunması nəzərdə tutulub.Qeyd edək ki, Uolthamstou Sentral Kitabxanasında açılan Azərbaycan dilində ədəbiyyat fondu postsovet respublikaları içərində Rusiyadan sonra yaradılan ikinci bölmədir.xeber100.com