Astanada Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə həsr olunmuş Kitabxanaçıların Beynəlxalq Konqresi keçirilir. Konqresdə alimlər, ictimai və siyasi xadimlər, şairlər, yazıçılar, kulturoloqlar, naşirlər, kitabxanaçılar iştirak edirlər. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasından Azərtac-a bildirilib ki, konqresin plenar iclasını Qazaxıstanın mədəniyyət və idman naziri A.Muxamediuli açaraq iştirakçıları təşəkkürnamə ilə təltif edib. Moderator, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının akademiki Esim Qarifolla konqresin məqsəd və əhəmiyyətindən danışaraq, bu tədbirin kitabxanaların gələcək innovativ inkişafında, kitaba, mütaliəyə marağın artırılmasındakı mühüm rolunu vurğulayıb. Konqresin əsas vəzifəsi ictimaiyyətin kitabxanaların inkişafı məsələlərinə, kitaba olan diqqətini artırmaq, elektron informasiya resurslarının formalaşdırılması problemi və onların kitabxana-informasiya müəssisələrində istifadəsi üzrə təcrübə mübadiləsinin həyata keçirilməsidir. Konqres ümumilikdə kitabxana fəaliyyətinin demək olar ki, bütün aktual problem və məsələlərini əhatə edir. Eyni zamanda Müstəqillik Sarayında konqres çərçivəsində qazax xalqının tarixini əks etdirən qədim və qiymətli kitabların, kitabxana layihələrinin və instalyasiyaların da sərgisi keçirilib. Plenar iclasda Qazaxıstan, Rusiya, Azərbaycan, Gürcüstan, Belorus, Ukrayna, Moldova, İran İslam Respublikası və digər ölkələrdən olan məruzəçilər çıxış ediblər. Azərbaycan Milli Kitabxanasının direktor müavini, Əməkdar Mədəniyyət İşçisi Ədibə İsmayılovanın “Azərbaycan Milli Kitabxanası və XXI əsrin oxucusu” adlı məruzəsi dinlənilib. İclas işini bitirdikdən sonra şəhərin mədəniyyət mərkəzlərinə ekskursiya təşkil edilib. Konqresin ikinci günü Qazaxıstan Milli Akademik Kitabxanasında Avrasiya Kitabxanalar Assambleyasının (БАЕ) XIX ümumi iclası keçirilib. İclasda Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova ilə yanaşı, kitabxananın şöbəsinin müdiri Aygün Hacıyeva da iştirak edib. Avrasiya Kitabxanalar Assambleyasının Elektron Kitabxanası layihəsi, Assambleyaya yeni üzvlərin qəbulu, həmçinin üzv ölkələrin kitabxana mütəxəssisləri üçün müxtəlif dövlətlərin kitabxanalarında tədris kurslarının, seminarlarının təşkili və s. məsələlər müzakirə edilib, növbəti iclasın 2017-ci ilin oktyabrında Belorusun paytaxtı Minsk şəhərində keçiriləcəyi qərara alınıb. Hazırda Konqres işini 5 bölmədə davam etdirir. Sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.xeber100.com