Nazim Hikmətin 120 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

Oktyabrın 26-da AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Türk ədəbiyyatının görkəmli nümayəndəsi Nazim Hikmətin anadan olmasının 120 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.İnstitutdan bildirilib ki, “Nazim Hikmət - 120” mövzusunda keçirilən konfransda Azərbaycan, Türkiyə, Misir və İraqdan alimlər iştirak ediblər.Konfransı AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva açaraq XX əsr dünya ədəbiyyatının böyük şairlərindən olan Nazim Hikmətin təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərdiyini deyib. Şeirdə yeni yollar açmış novator sənətkarın özünün romantik ruhlu, coşqun pafoslu, dərin məzmunlu əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan verdiyini söyləyən akademik Gövhər Baxşəliyeva Nazim Hikmətin mübariz ictimai xadim, həm də istedadlı şair, nasir, dramaturq olduğunu deyərək, poeziyanın onun yaradıcılığının ana xəttini, istedadının ən qüvvətli istiqamətini təşkil etdiyini bildirib. Şairin iztirablı həyat yolundan danışan akademik onun yaradıcılığından söz açarkən Azərbaycanla bağlı əsərlərinə xüsusi diqqət çəkib.Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri dosent Səriyyə Gündoğdu “Çağdaş türk ədəbiyyatı və Nazim Hikmət” mövzusunda məruzə edib. Şairin tək türk poeziyasına deyil, dünya ədəbiyyatına yenilik gətirdiyini deyən S.Gündoğdu bir çox şairlərin bu yeniliyi mənimsədiyini söyləyib. Nazim Hikmətin Şərq ədəbiyyatına təsirindən ətraflı danışan məruzəçi, ilk növbədə, İranda Nazim Hikmətlə bağlı ədəbi fəaliyyətdən, şairin əsərlərini fars dilinə tərcümələrindən, onunla bağlı elmi tədqiqatlardan söz açıb. S.Gündoğdu, həmçinin ərəb şairlərinin Nazim Hikmətdən bəhrələnməsindən bəhs edib, onun ərəblər üçün hər şeydən əvvəl istiqlal şairi olmasını vurğulayıb.AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi dosent Əflatun Baxşəliyev “Nazim Hikmət və Səməd Vurğun”, Şərqşünaslıq İnstitutunun əməkdaşları dosent Barat Osmanova “Nazim Hikmət və onun haqqında ilk tədqiqatlar”, Ülkər Səmədova “Dünya ədəbiyyatında Nazim Hikmət izləri”, Xanım Abdullayeva “Nazim Hikmət şeirlərində milli şüur” mövzusunda məruzə ediblər.Konfrans işini bölmə iclasları ilə davam etdirib.xeber100.com

Oktyabr 26, 2022 2:53

Xalq şairi Məmməd Arazın anadan olmasının 89-cu ildönümü tamam olur

Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadı kimi tanınıb. Şair dərin məzmunlu, milli azadlıq ideyalı əsərlərilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb. Bu gün Xalq şairi Məmməd Arazın anadan olmasının 89-cu ildönümü tamam olur. Böyük sənətkarın təkrarolunmaz yaradıcılığı zəngin ənənələrə malik milli ədəbiyyatımızı yeni mərhələyə çıxarıb, Azərbaycan fəlsəfi və siyasi lirikası onun dühası hesabına daha da zənginləşib. Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. Poeziyamızda Azərbaycan mövzusunda çox yazılıb. Azərbaycana çoxlu şeirlər ithaf olunub. Amma Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirinin bənzəri yaradılmayıb. Bu şeirin bütün intonasiyası şair qəlbinin ağrılarından, fəal vətəndaş narahatlığından keçir. Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz təkrarsızdır. Onun “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Atamın kitabı” poemaları hər şeydən əvvəl insan mənəviyyatının mürəkkəbliyi, tarix və müasirlik, milli tale və tarixi yaddaşın bərpası kimi fundamental məsələlərə həsr olunub.    

Oktyabr 14, 2022 10:36

8-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 5-dən 9-dək Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.Nazirlikdən bildirilib ki, sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat, 130 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaq.Sərgidə Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edəcəklər.Eyni zamanda, sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.Xalq şairi Ramiz Rövşən və tanınmış şair Aqşin Yenisey 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri yazarları” olacaqlar. 5 gün ərzində hər iki şairin iştirakı ilə müxtəlif formatda tədbirlər təşkil ediləcək.8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkəsi” Türkiyə Respublikasıdır. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qardaş ölkənin mədəniyyətinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər keçiriləcək. Eyni zamanda, Türkiyənin dünyaşöhrətli yazarları, tarixçiləri, elm adamları və aktyorları sərgidə iştirak edəcəklər.Ziyarətçilərin “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.Sərgiyə giriş ödənişsizdir.xeber100.com

Sentyabr 22, 2022 10:00

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

Avqustun 1-də Milli Kitabxanada Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib.Tədbiri giriş sözü ilə kitabxananın direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova açaraq bu gözəl günün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edildiyini bildirib. Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək zirvəyə qaldırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq imzaladığı fərman və sərəncamlardan danışın, varlığımızı şərtləndirən bu müqəddəs dəyəri qorumağın hər birimizin vətəndaşlıq borcu olduğunu söyləyib.Direktor müavini Prezident İlham Əliyevin ana dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərdiyini, onun “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxana şəbəkəsinə hədiyyə edildiyini vurğulayıb.Daha sonra ümummilli lider Heydər Əliyevin dilimiz haqqında çıxışını əks etdirən video təqdim olunub.Kitabxananın Kolleksiyaların və informasiya resurslarının mühafizəsi şöbəsinin müdiri Şəhla Nağıyeva XX əsrin əvvəllərində latın əlifbasına keçid məsələsinin Azərbaycan ziyalıları tərəfindən dəfələrlə gündəmə gətirildiyini, dilimizin əsrarəngizliyi haqqında çoxlu əsərlər yazıldığını bildirib. Tədbirdə Ana dilimizi tərənnüm edən şeirlər səslənib və “1 avqust - Azərbaycan Dili və Əlifbası Günü” adlı sərgiyə baxış keçirilib. Həmçinin Milli Kitabxananın əməkdaşları tərəfindən “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili günü” adlı virtual sərgi hazırlanaraq ictimaiyyətə təqdim olunub.xeber100.com  

Avqust 1, 2022 1:37

Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

Mayın 26-dan 28-dək Bakı şəhərində Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək.Bu barədə Azərtac-a tədbirin təşkilatçısı Beynəlxalq Türk Müəllifləri Birliyinin (BEYTÜM) sədri, şair Xəyal Rza məlumat verib.Onun sözlərinə görə, tədbir Bakı Dövlət Universitetinin həyətində - açıq havada təşkil olunacaq. Türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının qatılacağı tədbirin birinci günü Şuşa Günü, ikinci günü Türk Dünyası Günü, üçüncü günü isə Dədə Qorqud Günü adlandırılıb.Tədbir BEYTÜM-ün təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyinin, Milli Məclisin Mədəniyyət Komitəsinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, TÜRKPA-nın, Yunus Əmrə İnstitutunun, İLESAM-ın, Bakı Dövlət Universitetinin və Azərbaycan Yaradıcılıq Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.Festivalın təntənəli açılış mərasimi mayın 26-da baş tutacaq. Festivalda nəşriyyatlar çap etdikləri kitabları sərgiləyəcək və milli rəqslər, muğam konserti, tanınmış müğənnilərin çıxışları nəzərdə tutulub.Festival türk dünyasının böyük mütəfəkkirləri Nizaminin, Yunus Əmrənin, Əlişir Nəvainin, Məhdimqulu Firakinin, Tüğölbay Sıdıkbekovun və Abayın xatirəsinə həsr edilib. Festivalda türksoylu ölkələrin alimləri yuxarıda adları qeyd edilmiş ədiblərlə bağlı məruzələrlə çıxış edəcəklər. Tədbir çərçivəsində, həmçinin M.Ə.Sabirin, Həsən bəy Zərdabinin, Əhməd Cavadın, Xurşidbanu Natəvanın, Hüseyn Cavidin, Əhməd Baydursunlunun, M.F.Axundzadənin, Ömər Faiq Nemanzadənin yubiley tədbirləri keçiriləcək.Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, Azərbaycan Yazıçılar Birliyinin nəşr etdiyi kitabların təqdimatları da nəzərdə tutulub.Tədbirin sonuncu günü mükafatlandırma mərasimi təşkil olunacaq. Qeyd edək ki, Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının növbəti ili Türkiyədə təşkil ediləcək.

May 10, 2022 2:59