Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin regionlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov martın 29-da Ağdamda növbəti vətəndaş qəbulu keçirib. Qəbulda Ağdam, Bərdə, Ağcabədi, Xocavənd və Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.Komitədən Azərtac-a bildirilib ki, səsləndirilən müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, icarəsi, idarə edilməsi, daşınmaz əmlakın kadastrı məsələlərinə aid olub. Müraciətlərin bir qismi torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi məsələləri barədə olub. Komitə sədri torpaqların təyinatı ilə bağlı tələblərə riayət olunmasının vacibliyi, əks halda qanunvericilikdə müvafiq tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirilib ki, bir çox hallarda kənd təsərrüfatı məqsədli torpaqların təyinatı özbaşına dəyişdirilir, orada yaşayış evləri tikilir, süni göllər salınır və ya bu torpaqlar tamamilə istifadəsiz saxlanılır. Qəbulda həm özəlləşmə, daşınmaz əmlakın qeydiyyatı, həm də torpaqlardan istifadəyə dair müraciətlər və suallarla bağlı mövcud qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub. Araşdırılmasına ehtiyac olan müraciətlər isə qeydiyyata alınıb.xeber100.com