Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Avropa Gənclər Paytaxtı 2016” çərçivəsində Gəncə şəhərində və “Şəmkir Gənclər Paytaxtı 2016” çərşivəsində Şəmkir rayonunda “Gəzən Kitabxana III” adlı layihəyə start verir. Azərtac xəbər verir ki, oktyabrın 10-da Gənclər və İdman Nazirliyinin inzibati binasının qarşısından start götürəcək layihənin həyata keçirilməsində məqsəd gənclərin kitab oxumağa marağının artırılması, onların təmənnasız kitab və elektron kitab vəsaitləri ilə təmin olunmasından ibarətdir. Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə açılışı həyata keçirilmiş “Gəzən kitabxana” layihəsi 2013-2014-cü illərdə uğurla reallaşdırılıb, minlərlə oxucu kütləsini əhatə edib. “Gəzən kitabxana” layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada 5 min kitab və 10 min elektron nəşr var. Kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədi ilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada dörd (azərbaycan, rus, ingilis və türk) dildə nəşrlər mövcuddur. Kitabxana iki ədəd noutbuk, genişekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub. Burada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların əsərləri, bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar və elektron vəsaitlər nümayiş etdirilir. “Gəzən kitabxana”nın zənginləşdirilmiş kitab fondu, həmçinin yenilənmiş elektron kitab bazası ilə birgə ilin sonunadək Gəncə şəhərinə və Şəmkir rayonuna səfəri nəzərdə tutulur.xeber100.com