ADA Universiteti ixtisasartırma kursu təşkil edib

ADA Universiteti tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaşlarının iştirakı ilə üçgünlük ixtisasartırma kursları keçirilib. Azərtac xəbər verir ki, kursun birinci günü adıçəkilən idarənin diplomatik heyət üzrə 13 əməkdaşına ictimai diplomatiya, diplomatik protokol və konsulluq xidmətinin yeni trendləri haqda ətraflı məlumat verilib. Kursun ilk təqdimatı ADA Universitetinin aparat rəhbəri Şəfəq Mehralıyeva tərəfindən olub. O, iştirakçılara ADA Universitetinin fəaliyyəti haqda ümumi məlumat verib, ictimai diplomatiyanın yeni trendləri, Azərbaycan milli kimliyi, diaspora yardım məsələləri barədə danışıb. Kursun davamı sual-cavab üzərində qurulub. İkinci gün universitetin əməkdaşları tərəfindən kurs iştirakçılarına ölkənin tanıdılması, mətbuata bəyanatların hazırlanması, diplomatik protokolun mahiyyəti və tarixi, diplomatik əlaqələr üzrə Vyana Konvensiyası, dövlət səfərləri haqda ətraflı məlumat verilib. Sonuncu gün ADA Universitetinin əməkdaşları Fəxrəddin Qurbanov, Hikmət Hacıyev, Şəfəq Mehralıyeva tərəfindən diplomatik protokol, diplomatik etiket və digər məsələlər barədə ətraflı söhbət açılıb. Bundan başqa media əlaqələri, diplomatiyada sosial medianın rolu da əsas mövzulardan biri olub. Yekunda iştirakçıların bilikləri qiymətləndirilib. Kursun ikinci mərhələsi oktyabr ayında keçiriləcək, kursu uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim ediləcək. ADA Universiteti tərəfindən bu qəbildən kurslar 2007-ci ildən keçirilir. Naxçıvan Muxtar Respublikasında isə belə tədbir ilk dəfədir təşkil edilib.xeber100.com

Sentyabr 14, 2016 12:46

“XXI əsrdə dünya elminin inteqrasiya prosesləri”…

“Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə oktyabrın 10-dan 14-dək “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq forumu keçiriləcək. Azərtac xəbər verir ki, bununla bağlı tədbirin Elmi Təşkilat Komitəsinin üzvləri sentyabrın 7-dən 9-dək Gəncə şəhərinə ezam olunublar. Təşkilat Komitəsinin üzvləri forumun rəsmi açılışı, tədbir çərçivəsində nəzərdə tutulan interaktiv müzakirə və elmi konfransın plenar, seksiya iclaslarının təşkil olunacağı məkanlar, eləcə də xarici qonaqların qarşılanması, yerləşdirilməsi və digər təşkilati məsələləri AMEA Gəncə Bölməsinin rəhbəri, akademik Fuad Əliyevlə ətraflı müzakirə ediblər. Həmçinin Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının qərargahında Gənclər Birliyinin, Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun, AMEA Gəncə Bölməsi Gənc Alim və Mütəxəssislər Şuralarının sədrləri, universitetlərin gənclər birliklərinin üzvləri, gənc tədqiqatçılar, magistrantlarla görüşlər keçirilib, forumun proqramı və detalları ilə bağlı fikir mübadiləsi aparılıb.

Sentyabr 9, 2016 2:38