Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən Mingəçevir şəhərində yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinə "Apellyasiya şuralarına elektron şikayət qəbulu" üzrə elektron xidmətindən və idarəetmə panelindən istifadə qaydaları üzrə təlim keçirilib. Nazirlikdən Azərtac-a bildirilib ki, regional xarakter daşıyan tədbirdə Mingəçevir, Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağcabədi, Xocalı, Laçın, Goranboy, Ağdaş, Göyçay, Ucar, Oğuz, Şəki, Qax və Naftalan şəhərlərindən olan nümayəndələr iştirak ediblər. Xatırladaq ki, "Apellyasiya şuralarına elektron şikayət qəbulu" üzrə elektron xidmət sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinin elektron şəkildə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına çatdırmasına xidmət edir. Sahibkarlar üçün çox böyük əhəmiyyət daşıyan xidmət, eyni zamanda, şikayətçilərin dövlət orqanlarına müraciətinin daha da asanlaşmasına, sənədlərin elektron şəkildə təqdim edilməsinə, müraciətlərə baxılma barədə məlumatların əldə edilməsinə imkan verəcək. Bu xidmətdən istifadə edən vətəndaş, həmçinin göndərdiyi müraciətin icra vəziyyəti barədə məlumatı izləmək və verilən qərarı elektron formada əldə etmək imkanı qazanacaq. Qeyd edək ki, avqustun 12-də "Elektron hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyi portala inteqrasiya edilən bu yeni elektron xidməti geniş ictimaiyyətə təqdim edib.xeber100.com