“Dünyanı bürüyən böhran biznes sektorunu, şirkətləri və sahibkarları ağır imtahan qarşısında qoyur. Bu vəziyyət iş adamlarını, sahibkarları strategiyalarını dəyişməyə, biznesə yeni gözlə baxmağa və inkişaf üçün yeni imkanlar axtarmağa məcbur edir. Strategiya və taktika düzgün qurulubsa, bizneslərin bazardakı payı artır, biznes prosesləri optimallaşır və yeni biznes tərəfdaşlarının tapılmasına şərait yaranır. Əlbəttə, bu çətinliklərdən heç də hamı sağ-salamat keçə bilmir. Belə vəziyyətlərdə, xüsusilə iqtisadi böhran şəraitində daha həssas olan kiçik biznesi ağır itkilər gözləyir...”.Bu fikirlər Azərbaycanlı ekspert, biznes məsləhətçisi Xəyal Məmmədxanlıya aiddir. O Xəyal Məmmədxanlı ki, yüksək təhsil uğurları qazanmış, özünü bir mütəxəssis olaraq inkişaf etdirmək üçün Londonda sığorta təhsili almış və bir sıra dünya ölkələrində keçirilən təlim və konfranslarda iştirak etmişdir. Bir sözlə, hər zaman iqtisadiyyat və bizneslə bağlı mövqeyi və verdiyi proqnozlarla diqqəti çəkən Xəyal Məmmədxanlı bu gün xəbər100.com saytı üçün danışdı...
- Onlarla şirkətin qurucusu olmusunuz, onlara rəhbərlik etmisiniz. Hazırda həmin şirkətlərin fəaliyyəti nə yerdədir, ümumiyyətlə fəaliyyət göstərirlərmi?
- Həmin şirkətlərdən hazırda öz fəaliyyətlərini uğurla davam etdirirək bazarda aparıcı mövqe tutan da var, fəaliyyətlərini dayandıranlar da. Ancaq bir fakt danılmazdır ki, həmin şirkətləri yaratdığım və rəhbərlik etdiyim dövrlərdə çox böyük işlər görüb və uğurlara imza atıblar. Məsələn, "Beynəlxalq Sığorta Şirkəti" MMC-ni yaratdığım və rəhbərlik etdiyim ərəfədə(2002-2006) şirkət qısa bir müddət sonra Azərbaycanın ən böyük şirkətinə çevrildi, hətta bu illər ərzindəbazara liderlik edən şirkətlərdən biri oldu. Sonralar Beynəlxalq Bankla bağlı məlum problemlər yarananda şirkətin lisenziyası ləğv olundu. "AzSığorta" ASC –nin rəhbərliyində olmuşam və yarandığı gündən bu günə qədər də bazarın liderlərindən biridir. Qurucusu və rəhbəri olduğum AFB Bank da uğurlu şəkildə yoluna davam edir. Bütün fəaliyyətim dövründə hər zaman bir prinsipim olub – maksimalizm. Buna görə çox vaxt dost-tanışların qınaq obyektinə çevrilirəm, mənə eqoist deyirlər, ancaq mən özümü heç də eqoist hesab etmirəm. Mən, dediyim kimi, maksimalistəm, hər hansı bir sahədə əgər iş görürəmsə ən yaxşısını görürəm. Ya ən yaxşısı olmalı, ya da heç olmamalıyam, orta deyilən hədd mənim üçün yoxdur. Etiraf edim ki, bu gün öz güc və potensialımın 95 faizini hələ ki, reallaşdıra bilməmişəm ki, bu da məndən asılı olmayan məsələdir, hələki o şərait yetişməyib. Təsəvvür edin ki, hələ 2008-ci ildə mən ölkəmizdə ilk dəfə sığorta müqavilələrinin bağlanmasını və haqlarının ödənilməsini onlayn rejimdə - internet vasitəsilə reallaşdıranda hamı irad tuturdu ki, sən niyə əziyyət çəkirsən, cəmiyyət buna hazır deyil və s. Amma, mən onlayn əməliyyatların gələcəyini görürdüm, bir gün hər kəsin buna gələcəyini bilirdim və ilk cığırlardan birini açmağa çalışırdım.
- Yaxşı yadımdadır, siz Barter məsələsini də ortaya çıxaranda irad tutanlar, ümumiyyətlə isə başa düşmədikləri üçün qəbul etməyənlər olmuşdu…
- Haqlısınız, o da zamanından öncə atılmış addımlardan biri idi. Ancaq hal-hazırda dünyada pulsuz ticarət və barter münasibətləri get-gedə aktuallaşır. Ümumiyyətlə, hər hansı bir görülən iş üçün cəmiyyətin hazır olmasını gözləmək lazım deyil, təbii ki, bu vacibdir, ancaq hədəfə getmədən öncə hədəfi müəyyən etmək lazımdır.
- Əslində siz düşüncələrinizlə bir qədər irəlidəsiniz, yəqin ki, dünya ölkələrində keçdiyiniz təcrübə buna geniş imkan yaradır?- - -Demək olar ki, belədir. Etiraf edim ki, bunun çətin məqamları da var. Əgər fikirlərinlə hamıdan öndə addımlayırsansa, sonra yenidən dayanmalı və digərlərinə ayaq uydurmaq üçün geriyə qayıtmalı olursan. Bu isə insanda durğunluq yaradır.
- Sizcə, müstəqil ölkəmiz iş adamları üçün hansı imkanları yaratdı? Axı müstəqil olmaq bizə o qədər də asan başa gəlmədi və bu çətinliyi hər birimiz hiss etdik, sanki müstəqilliklə bərabər böyüdük…
- Həqiqətən biz o nəsilik ki, şüurumuzun formalaşması dövrü, cəmiyyətdə ağla-qaranı seçmək, baş verənləri dərk etmək yaşımız, yəni yetkinlik yaşımız müstəqil dövlətimizin yarandığı günlərə təsadüf etdi. Müstəqil olmaq elə bir güclü nemətdir ki, onun qədrini bilmək üçün köləliyin ağrı-acısını görmək lazımdır. Əks halda müstəqilliyin dəyərini anlamaq olmur. Olduqca ağır günlər yaşadıq ki, nəticədə həm siyasətimiz, həm iqtisadiyyatımız, həm sosial həyatımız zərbə aldı. Doğrudur, hələ deyə bilmərik ki, hər şey idealdır, həyat tərzimiz asanlaşıb, rifahımız təmin olunub və s. Gənc dövlətik hələ, cəmi 27 yaşımız var. Ancaq 27 il ərzində çox irəliləmişik, əksər dövlətlərin 40-50 ildə keçdiyi yolu biz 15-20 ildə keçməyə məcbur olmuşuq. Əlbəttə ki, belə bir sürətlə yol qət edərkən səhvlər də olacaq, unudulan, buraxılan məqamlar da. Ancaq önəmli olan düz istiqamət seçməkdir ki, biz də ölkə olaraq düz istiqamət seçmişik. Etiraf edək ki, proseslərdə və proseslərin idarə olunmasında, islahatların aparılmasında müəyyən nöqsanlar var. Bütün bunları görərkən tənqid də olacaq, yaxşı görülən işlər üçün tərif də olacaq. Ümumiyyətlə tənqid cəmiyyətin güzgüsüdür. Ağıllı insanlar tənqiddən nəticə çıxarırlar, ağılsızlar isə tənqid edənlərə düşmən gözü ilə baxırlar. Fəaliyyətimi izlədiyiniz üçün bilirsiniz ki, təhsilim imkan verirdi ki, mən dünyanın istənilən ölkəsinin ən böyük sığorta şirkətlərində çalışım. Təhsilimlə yanaşı, iş təcrübəm də buna imkan verirdi. Bunu etmədim, Azərbaycanımız üçün işlər görmək istədim. Əgər məqalələrimdə əksər hallarda tənqidi mövqe tuturamsa, bu da vətəni sevdiyimdən, ölkəmin problemlərinə laqeyd qala bilməməyimdən irəli gəlir. Çünki, mövcud problemləri görürəm və həmin problemlərin vaxtında həll olunması üçün əlimdən gələni edirəm. Bütün bunlar da ölkəmizin və xalqımızın maraqları üzərində qurulur. Bilirsinizmi, biz elə bir geosiyasi ərazidə yerləşirik ki, illər boyunca rus, fars imperiyalarının tərkibində torpaqlarımızın bir hissəsini, hətta tarixi torpaqlarımızın hardasa¾-nü itirmişik. 20 faiz torpaqlarımız bu gün də işğal altındadır. Belə bir durumda ölkəmizdə milli barışığın olması çox önəmlidir. Son vaxtlar sosial şəbəkələrdə iqtidar-müxalifət tərəfdarları arasında söyüş həddinə çatan söz atışmalarını görəndə xəcalət çəkirəm. Bəlkə də hər iki tərəfin özünə görə haqlı səbəbləri var. Ancaq biz şəxsi maraqlarımızı bir tərəfə qoymalı, dünyaya ölkə marağından baxmalıyıq, məhz o zaman milli barış olacaq və qarşılıqlı anlaşma şəraitində bütün məsələr öz həllini tapacaq. Yoxsa söyüşlə, davayla, təhqirlə hansı milli maraqları qorumaqdan söhbət gedə bilər ki?! Bununla yalnız beynəlxalq nüfuzumuzu zədələyirik. Bizim Qarabağ boyda dərdimiz var, düşmənin əsarətində qalan əsir olmuş və əsirlikdən azad olunmasını gözləyən vətəndaşlarımız var, torpaqlarımız var. Bütün bunları bir tərəfə qoyub şəxsi söhbətlərlə gündəmi zəbt etmək bizə yaraşmayan bir durumdur. Zənnimcə, bu məsələlərdə bir qədər səbrli olmaq lazımdır və istər iqtidar, istərsə də müxalifət dialoqa getməyi bacarmalıdır. Yalnız belə bir şəraitdə siyasi, istisadi və yaxud da sosial nailiyyətlər əldə etmək olar.
- Müsahibələrinizin birində “Devalvasiya sığorta şirkətlərinə təsir edəcək” demişdiniz və bu proqnoz özünü göstərdi. Dediyiniz kimi də oldu.
- Bildiyiniz kimi devalvasiyadan əvvəl Azərbaycanda iqtisadi fəallıq yüksək səviyyədə idi - insanlar kreditlərdən, maliyyə alətlərindən aktiv istifadə edirdi, avtomobil bazarında xüsusi canlanma mövcud idi, bunun sayəsində də sığorta bazarı inkişaf edirdi. Eyni şeyi tibbi sığorta haqqında da demək olardı. Şirkətlər öz əməkdaşlarının tibbi sığortasına kifayət qədər ciddi vəsait ayırırdılar. Devalvasiyadan sonra isə vəziyyət dəyişdi. Məsələn, hazırda Azərbaycanda kasko sığortası olan avtomobillərin sayı bütün avtomobillərin 2.5 faizini təşkil edir ki, bu da çox azdır. Tibbi sığortaya gəlincə, yalnız imkanı geniş olan şirkətlər öz işçilərini tibbi sığorta edirlər. İnsanlarımızın böyük əksəriyyəti tibbi sığortadan kənarda qalıblar. Doğrudur, rəqəmlərə baxdıqda bazar kiçilməyib, lakin, bazarın böyümə potensialı bu günkündən dəfələrlə böyük ola bilərdi. Çox təəssüf ki, biz devalvasiyaya hazır deyildik, iqtisadiyyatımız da hazır deyildi. Elə bir məqamda məruz qaldıq ki, bütün həyatımızda öz mənfi nəticəsini açıq şəkildə göstərdi. Baxmayaraq ki, devalvasiyadan əvvəl də dəfələrlə demişdim ki, bizim neftdən asılılığımız ən qısa müddətdə aradan qaldırılmalıdır. Çünki, biz neft iqtisadiyyatından çox ciddi şəkildə asılıyıq. Sadəcə mənim yox, ümumiyyətlə bütün ekspertlərin və iqtisadçıların əksəriyyəti bu fikirdə idi. Biz isə gecikdik, ancaq yenə də öhdəsindən gəlməyə çalışdıq.
- Yaxşı deyiblər ki, hər şərdə bir xeyir var. Devalvasiya başlayan kimi sanki hər sahədə canlanma yarandı…
- Doğrudan da belə oldu. Bunu canlanma yox, silkələnmə adlandırmaq daha yaxşı olardı. Devalvasiya ən çox o ölkələrə təsir göstərir ki, onlar idxaldan bilavasitə asılıdırlar, yəni öz ərzaqlarının, mallarının əksər qismini digər ölkələrdən idxal edirlər.Devalvasiyanın ilk dalğası göstərdi ki, biz hətta toyuq yumurtasını belə xaricdən alırdıq. Ancaq bu gün rəqəmlərə nəzər salanda görürük ki, artıq əksər ərzaqla(toyuq, yumurta, şəkər, ət və s.) özümüzü 95-97 faiz təmin edə bilirik. Bu çox gözəl bir haldır, əgər bu addımlar vaxtında atılsaydı, hazırda bu qədər problem qarşısında qalmazdıq və devalvasiyanı həqiqətən də səthi hiss edərdik. Hələ bankların çiçəkləndiyi dövrdə çıxışlarımdan birində demişdim ki, banklar çox ciddi bir böhrana doğru gedir. Səbəbini də yarı zarafat, yarı ciddi belə göstərmişdim: “Azərbaycandakı bankların verdiyi kreditlərin faiz dərəcələri bəzi hallarda 35 faizə çatır. Dünyada 30 faiz gəlir marjası ilə işləyən biznes demək olar ki, artıq qalmayıb. Yalnız 3 biznes var-silah ticarəti, insan alveri və narkotik ticarəti. Hər 3 ü qeyri-qanunidir’’. Əksər bizneslər bu gün 3-5-10 faiz gəlir marjası ilə işləyirlər. O zaman 35 % lə alınan kredit necə qaytarıla bilər ki? Bu kimi problemlər var idi. İqtisadiyyatın şaxələndirilməsində bu gün də ciddi problemlər qalmaqdadır, faizlər hələ də yüksəkdir, maliyyə resursları əlçatan deyil, ölkənin gələcəyini təmin edən sahələr unudulur, insanlarımız asan gəlir gətirən sahələrə üz tuturlar ki, nəticədə də digər sahələrdə sanki boşluq yaranır və s.
Danılmaz faktdır ki, ölkəni ayaqda saxlayan orta və kiçik biznes olmalıdır. Çünki böyük biznes daha çox böyük layihələr, nəhəng holdinglər deməkdir, dövlət payının mövcudluğu deməkdir. Lakin, əhalinin demək olar ki, 90 faizə yaxını orta və kiçik bizneslə dolanır. Ölkə büdcəsinin, eyni zamanda ölkənin dayanıqlığını və stabilliyinin böyük bir hissəsini də orta və kiçik biznes formalaşdırır. Bu baxımdan da orta və kiçik biznesə böyük önəm vermək lazımdır.
- Artıq yeni bir layihənin həyata keçirilməsinə start vermisiniz. Bu barədə bir qədər məlumat verərdiniz?
- Kasko Butik layihəsinin yaranmasına 3 min nəfər arasında aparılan sorğu ilə başladıq-Niyə avtomobillərinizi sığortalamırsınız? Sorğu nəticəsində aldığımız cavablar bizi həm məyus etdi, həm də yeni bir layihəyə həvəsləndirdi. Məlum oldu ki, avtomobillərin kasko sığortasının olmama səbəbi, insanlarımızın əksəriyyətinin sığorta şirkətlərindən inciməsi, etibar etməməsi və mövcud olan müxtəlif bürokratik maneələrdir. Sığorta şirkətlərinin vaxtlı-vaxtında pul verməməsi, vətəndaşları incitməsi və s. də səbəblər arasında idi. Bu sorğudan sonra komanda olaraq qarşımıza belə bir məqsəd qoyduq: elə bir məhsul yaradaq ki, insanlarımızı narahat edən bütün sualları həmin məhsulla həll etmiş olaq. Dedik ki, bir sığorta şirkətinə inam yoxdursa, o zaman bu işi 6 sığorta şirkəti ilə quraq. Əlbəttə ki, bunu etməkdə məqsəd inamsızlığı aradan qaldrmaq və görülən işin ciddiliyinə vətəndaşları inandırmaq idi. Sığorta ödənişlərini 59 dəqiqə ərzində sığortalılara ödəməyə başladıq. Bir sıra innovativ həllər yaratdıq. Bir sözlə, insanlarımızı narahat edən bütün məqamları aradan qaldıraraq fəaliyyətə başladıq və ilk gündən də istədiyimiz nəticəni əldə etdik. Artıq Kasko Butik ilə sığorta ödənişini günlərlə gözləmək dövrü keçmişdə qalıb. Kasko Butik sizə hüquq verir ki, avtomobillərinizi istədiyiniz servis mərkəzində təmir etdirəsiniz, əksər hadisələr zamanı əlavə sənədlər tələb olunmur, avtomobiliniz təmirdə olan zaman siz piyada qalmırsınız və bu müddətdə sizin taksi xərcləriniz ödənilir. Sığorta şəhadətnaməsi bütün dünyada qüvvədə olur, avtomobili yaşı 21-dən yuxarı hər kəs qanuni əsaslarla idarə edə bilir və s. Təbii ki, bu son deyil. Azərbaycanda bizim reallaşdıracaq çox işlərimiz var. Güclü dövlət üçün hər kəs əlindən gələni etməldir, necə ki, mən edirəm…