1965-1990-cı illər Azərbaycan kinosunun ən qaynar bir dövrünə təsadüf edir. Hazırda da sevərək baxdığımız filmlərin hamısı demək olar ki, həmin illərdə lentə alınıb. Və həmin illərdə ardıcıl şəkildə filmə çəkilən aktyorlar içində tamaşaçıların sevimli aktyoru, əməkdar artist Ənvər Həsənov da olub. Aktyrorla ömrünü həsr etdiyi kinostudiayada görüşüb, söhbət etdik...
-Hər yaşın öz hesabatı var...Ömrün 67-ci ilinə qədəm qoymaq necə bir hissdir?
-Hesabatım ondan ibarətdir ki, bu il kinostudiyaya qədəm qoymağımın, fəaliyyətə başlamağımın da 52 ili tamam olur. Və 52 il ərzində 70 film işləmişəm. Nəzərə alsaq ki, 52 il ildir fəaliyyət göstərirəm, o zaman ürəklə deyə bilərəm ki, səmərəli fəaliyyət yolu keçdim. Bəxtim onda gətirdi ki, bu illər ərzində ustadlarla tanış oldum, onlarla bərabər çalışdım, xüsusilə Adil İsgəndərovun adını çəkmək istərdim, onun tələbəsi olmuşam və ölənə qədər də onun tələbəsi olaraq qalacağam. Çünki sənətə olan həvəsimin, sevgimin yaranmasında, hətta tükənməz olmasında məhz Adil İsgəndərovun rolu böyük olub.
-Kino yaradılcılığınızda sizə dəstək olan sənətkarlar çox olub, hətta elə rejissor yoxdur ki, onunla çalışmayasınız. Zənnimcə rejissor Arif Babayevin adını da xüsusilə çəkmək lazımdır.
-1965-ci ildə kinostudiyada fəaliyyətə başladım, 1966-cı ildə Arif Babayevin quruluş verdiyi “İnsan məskən salır” filmində II rejissor olaraq çalışdım və beləliklə də Arif müəllimlə yaradıcı əməkdaşlığımız başladı. Bildiyiniz kimi onun quruluşunda çəkilən “Uşaqlığın son gecəsi” filmində oynadığım Murad rolu ən müasir qəhrəman rollarından biri oldu və yəqin ki, olaraq da qalacaq. Bilirsinizmi o dövrdə yaradıcı proseslərin qaynarlığı bir başqa idi, təsəsvvür edin ki, kinostudiyada o qədər qaynar fəaliyyət var idi və hamı da böyük həvəslə çalışırdı və bu səmimiyyət birbaşa çəkilən filmlərər də öz təsirini göstərirdi. Kimlər yox idi, Məmmədaraz Şeyxzamanov, Həsənağa Turabov, Həsən Məmmədov, Leyla Bədirbəyli, Hökümə Qurbanova, Nəsibə Zeynalova və daha kimlər...
-Dəyişən nə oldu, sadəcə dövr, əvvəlki sənətkarların əksəriyyətini dünyasını dəyişməsi, yoxsa sadəcə müharibə şəraitində yaşayan bir ölkəninn problemlərinin çoxluğu?
-1991-ci ildən demək olar ki, 2000-ci ilə qədər kinomuz çox ağır bir böhran yaşadı. Bu təbii hal idi, müstəqillik qazanmaq çox çətin bir mərhələdir və bu işin hələ başlanğıcıdır. İllərlə asılı yaşayan bir respublika müstəqillik əldə edən kimi bürtün sahələrdə olan uğurlarına davam edə bilməzdi. Bunun üçün illər lazım və tədricən hər sahədə inkişaf başladı. Doğrudur kino daha ağır inkişaf etməyə başladı, çox az filmlər çəkildi. Məsələn, mən 1991-ci ildə Rasim İsmayılovla Qarabağ problemlərindən bəhs edən “Tələ” filmini çəkdik. 1995-ci ildə Zeynalabdin Tağıyev haqqında olan “Sönməyəyn çıraq” filmini çəkməyə başladıq, təxminən bir il filmin üzərində işlədik, daha sonra “Sonuncu döyüş” filmini çəkməyə başladıq və s. Yəni, çox zəif şəkildə inkişaf başladı və yaxşı ki, biz nəsil eyni həvəslə iş başında olduq. Əsas inkişaf 2001-ci ildən başladı, bir qədər sakit illər başladı, yenə də kinostudiyada yaradıcılarla bir araya gəldik. Doğrudur kinoistudiyadan ayrılmamışdıq, çünki burdan ayrı yaşamaq mümkün deyildi. Az qala uşaqlıq illərindən böyüyüb boya başa çatdığımız bir müqəddəs ocaqdan söhbət gedir. Təsəvvür edin ki, nə qədər zəif inkişaf olsa belə o ağır günlərdə köhnə işçilər bura gəlirdik, problemlərimizi müzakirə edirdik, köhnə günləri yad edirdik, bir sözlə, deyib-gülüb vaxtımızı keçirir, sonra da evin yolunu alırdıq. Sanki bu bizə güc verirdi. Elə olurdu ki, 2-3 gün keçməmiş yenə gəlirdik. Hətta elə günlərimiz olurdu ki, evdə xaşı bişirdirib gəlib kinostudiyada yeyirdik. Əslində qış aylarında bunu başqa bir yerdə edə bilərdik, ancaq kinostudiyada hamımız birgə duz-çörək kəsməyimiz bir başqa hiss idi ki, bunu sözlə ifadə etmək belə mümkün deyil. Çox çətin günlərimiz olub. 2001-ci ildə “Ovsunçu” filmi ilə artıq çəkilişlərər start verildi və tədricən az-az çəkilən filmlərin sayı artmağa başladı.
-Demək olar ki, çox şey bərpa olundu, bəs dəyişən nə idi?
-Dəyişən o idi ki, bu illər ərzində dəyərli insanlarımızın-sənətkarlarımzın əksəriyyəti dünyasını dəyişdi ki, bu da istər-istəməz sənətə öz təsirini göstərdi. Sevərək filmlərinə baxdığımız aktyorlar, rejissorlar, operatorlar, bir sözlə, kinoda əməyi olan yaradıcı heyətin əksəriyyəti artıq aramızda yox idi, onların boşluğunu doldurmaq o qədər də asan məsələ deyil və ya əksinə o boşluğu dolduran insanlar yetişəcəkdimi?! Yəqin ki, illər lazım olacaq, bəlkə 20 il keçməlidir ki, yeni gələn nəsil həmin sənətkarların yerini tuta bilsin.
HAŞİYƏ: 1970-ci il... 20-ci illərin komsomolçuları haqqında romantik hekayə əsasında rejissor Tofiq Tağızadə “Yeddi oğul istərəm” filminin çəkilişlərinə hazırlaşır. Sınaq çəkilişləri zamanı Cəlal obrazınaonlarla aktyor dəvət olunub. Ancaq onlar arasından sadəcə biri Cəlala daha çox uyğun gəlir-Ənvər Həsənov: “Filmin çəkilişləri Qobustan, Fatmai, Mərdəkan, Şağan, Buzovna kəndlərində və kinostudiyanın həyətində qurulmuş pavilyonda aparılırdı. Bir tərəfdən yayın qızmar havası, digər tərəfdən isə aktyorların geyimləri çəkilişlərdə çətinliklər yaradırdı. İşıq qurulub, kamera dayanıb, aktyor da lazım olan vəziyyəti alıb. Bir də gördün aktyor addımını çox atdı işıqdan çıxdı, az atdısa, işığa düşmədi. Ona görə də istənilən nəticəni almaq üçün bir kadr bir neçə dəfə çəkilirdi. Mənim üçün ən çətin səhnə Cəlalın ölüm səhnəsi olub. Səhnə həm fiziki, həm də mənəvi cəhətdən ağır idi. Cəlal dağa, dərəyə çıxır, qayalıqları keçir, neçə yerdən qaçır, atılıb-düşür və həmin vəziyyətdə dayanır, Gəray bəyin qarşısında. Başlayır monoloqunu deməyə. Bu kadr Qobustanda çəkilirdi. Cəlala dörd güllə dəyir və hər güllə dəyən səhnə ayrıca lentə alınırdı. Həmin kadr isə 3-4 dubl çəkilirdi. Axırıncı gülləni Gəray bəy vurur. Həmin gülləylə də Cəlal yerə yıxılaraq ölür. Mən yerə yıxılan vaxt çəkiliş qrupundan qəribə səs eşidildi. “Stop” deyildikdən sonra hamı mənim başıma yığışdı və asta-asta başımı qaldırdı. Demə, yıxıldığım yerdən azca kənarda sivri ağızlı daş varmış. Əgər bir az da kənara yıxılsaydım, daş gicgahıma bata bilərdi. Cəlalın ölüm səhnəsi az qala mənim ölümümə səbəb olacaqdı. Çəkilişdən əvvəl səhnə təmizlənmişdi. Ancaq o kiçik daş nəzərdən qaçmışdı. O çəkilişdən sonra bir həftə işə çıxmadım. Bu səhnələr heç vaxt yaddan çıxmaz”. Əvvəlki illərin filmləri məhz aktyorun danışdığı çətinliklər hesabına başa gəlib.
-Nə olur olsun, əvvvəlki dövrə istər-istəməz istinad etmək məcbiriyyətindəyik...
-Çünki bünövrə məhz əvvəlki dövrdən başlayıb. Hazılrda az qala bütün TV kanalları əvvəlki illərdə çəkilən filmləri verir, tələbat çox güclüdür. Bildiyiniz kimi mənim dost-tanış, tamaşaçı baxımından əhatə dairəm çox genişdir. Kiminlə görüşürəmsə, kiminlə ünsiyyətdə oluramsa hamısı bir ağızdan “yaxşı ki, əvvəlki illərdə çəkilən filmlərimiz var” deyirlər.
-Yaxşı şəraitdə yaxşı filmlər çəkilə bilər. Bildiyim qədəriylə əvvəlki illərin filmlərinin çəkilişlərinin harda aparılmasından asılı olmayaraq geniş şərait yaradılırmış...
-Təsəvvür edin ki, rayonlarda olan çəkilişlərdə raykom katibindən, prokurorundan, rəsindən tutmuş, bir sözlə, bütün vəzifə adamları bir araya gəlirdi, səfərbər olunurdular ki, çəkiliş üçün bütün şərait yaradılsın və yaradılırdı da.
-Söhbət Azərbaycan kinosunun yaranması idi...
-Doğrudur, söhbət Azərbaycan kinosu idi və başqa cür də ola bilməzdi, bu bizimdir, milli ruha köklənməliyik və köklənirdik. 70 filmin çəkilişi əsasən ölkəmizdə olub, qarış-qarış ana vətəni gəzib dolaşdıq, qonaqpərvərlik, səmimiyyət, dəstək gördük. Məhz bunun nəticədir ki, həmin filmlərimizdə səmimiyyət güclüdür. Çəkiliş vaxtı hər dəfə biri bütün yaradıcı heyətə qonaqlıq verirdi, bu da bir dəstək idi, qəbul etməsək də, bizi razı salıb qonaqlığa aparırdılar və deyirdilər: “Siz bizim üçün belə gözəl filmlər çəkirsiniz, sizə nə qədər dəstək versək, yenə də azdır”. Yəni, belə günləri yaşadıq.
-Hazırda sadəcə Azərbaycan kinosu deyil, ümumiyyətlə götürdükdə dünya kinosunda sanki əvvəlki səmimiyyət yoxdur. Sizcə bunun əsas səbəbi nədir?
-Qeyd etdiyim kimi illər keçir, artıq dünyasını dəyişmiş sənətkarlar var, yeni nəsil kinoda öz sözünü deməyə başlayıb və onların hadisələrə, baş verənlərə olan yanaşma tərzi fərqlidir. Bildiyiniz kimi filmin təməli ssenaridən başlayır. Ola bilsin ki, hazırkı ssenarilər bir qədər zəifdir. Artıq ssenaristlər də dəyişib, onların da dünya görüşü, həyata olan münasibəti dəyişib. Dünya kinosunu hər zaman izləyirəm, xüsusilə Rusiyanın istehsalı olan filmləri. Məsələn, Rusiyada hər şey aşıq-aşkardır, gizlədilən hər hansı bir problem yoxdur. Deputatından, prokurorundan, həkimindən tutmuş hər sahənin mütəxəssisinə qədər rüşvəti, rüşvətxorluğu açıq şəkildə göstərirlər. Problemləri o qədər gözəl açıb göstərirlər ki, yəni, bu xalqda qorxu deyilən bir şey yoxdur. Onların həyat prinsipi: Bu həyatdır və həyatda da belə bir amillər baş verə bilər, belə olan halda niyə gizlədək ki?! Bu baxımdan onların filmləri yenə də baxımlıdır. Hətta əvvəllər daha çox sevilən filmlər vardı ki, artıq onların əksəriyyətinin ardını da çəkirlər, çünki tamaşaçı bunu istəyir, tamaşaçı tələbatı böyükdür.
-Bu yaxınlarda “İşdə məhəbbət macərası”(Slujebnıy roman) filminin yeni quruluşda izlədim, doğrusu üstünlüyü əvvəlki quruluşa verdim. Sanki film səmimiyyətdən çox uzaq idi və ya əksinə, bəlkə əvvəlki dövrdəki səmimiyyət bu dövr üçün o qədər də maraq doğurmur...
-Əvvlki əhval-ruhiyyə başqa bir şeydir. Hazirda çox şey qəbul olunmur, çünki yeni nəsil, elə öz nəvələrimi də deyirəm, kitabdan, mütalidən, kinodan çox uzaqdırlar. Gecəli-gündüzlü kompyüter qarşısındadırlar, kompyüter yeni nəsli əməlli-başlı bədbəxt edib. Əvvəllər kinoteatrlar fəaliyyət göztərirdi, Araz, Vətən, Dostluq, Oktyabr, Pioner və s. Hazırda “Nizami” kinoteatrı var vəssalam. Bizim ömrümüz-günümüz kinoteatrda keçirdi. Dərsdən qaçıb kinoteatra gedirdik. Hətta arada belə bir qadağa qoydular ki, dərslər bitməyincə, uşaqlara kinoteatra getməyə icazə verilməsin, hətta kinoteatrlar dərs saatları bitdikdən sonra fəaliyyət göstərməyə başlamışdı. V.İ.Lenin belə kinonu ən gözəl təbliğat vasitəsi hesab etmişdi: “Bütün incəsənət növlərinin ən vacibi kinodur” deyib. Yəni, biz kino vasitəsilə öz adət-ənənəmizi, ekran vasitəsilə öz istəyimizi, arzumuzu, geyimlərimizi, yeməklərimizi, bir sözlə, bütün həyat tərzimizi göstərə bilərik, təbliğ edə bilərik. Bu həm ucuzdur, həm də tez bir vaxtda həyata keçirilə bilər. Doğrudan da belə oldu. Təsəvvür edin ki, “Yeddi oğul istərəm” filmi dünyanın 98 ölkəsinə yayıldı, dünya tamaşaçısının diqqətində dayandı, mükafatlar qazandı, eləcə də digər filmlərimiz. Bu baxımdan kino güclü təbliğat vasitəsi olaraq qalır və kino üçün geniş imkanlar yaratmaq lazımdır.