Əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bu ölkənin xarici işlər naziri Vladimir Makey ilə görüşüb.Səfirlikdən Azərtac-a bildiriblər ki, görüşdə tərəflər 2018-ci ilin yekunu, Azərbaycan ilə Belarus arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin nəticələri və geniş spektrdə ikitərəfli qarşılıqlı gələcək əməkdaşlıq imkanları müzakirə olunub. 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfərinin ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.Səfər ərəfəsində keçirilmiş ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası və bu iclas çərçivəsində razılaşdırılmış sənədlər səfərin uğurlu keçməsinə öz töhfəsini verib. Nəticədə səfər çərçivəsində ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edəcək mühüm sənədlər imzalanıb.Söhbət zamanı 2018-ci ildə səfirliyin Belarus XİN-i ilə birgə fəaliyyəti və keçirilən tədbirlər yüksək qiymətləndirilib. V.Makey qeyd edib ki, artıq strateji tərəfdaş olan Azərbaycan və Belarusun münasibətləri daha yüksək müstəviyə qədəm qoyub.Görüşdə L.Qəndilov Azərbaycan ilə Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə səfirlik tərəfindən hazırlanmış gümüş xatirə nişanı və 25 illiyə həsr olunmuş kitabı V.Makeyə təqdim edib.xeber100.com

Dekabr 27, 2018 2:50

Kolumbiya işğal olunmuş torpaqların boşaldılmasını tələb edir

Kolumbiya parlamentinin xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qətnamə qəbul edib. Qətnamə Azərbaycan Respublikasının Boqotadakı səfirliyinin müvəqqəti işlər vəkili Həmid Zeynalova rəsmi olaraq təqdim edilib.Azərtac xəbər verir ki, qətnamədə Kolumbiya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin vacibliyi vurğulanır. Kolumbiya tərəfi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun işğalından, habelə Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qalmasından narahatlığını qeyd edir. Qətnamədə Ermənistanın bu təcavüzkarlıq siyasəti pislənir və dünya ictimaiyyəti bu hadisələri insanlığa qarşı cinayət kimi qiymətləndirməyə çağırılır.Həmçinin Azərbaycan torpaqlarının indiyədək işğal altında qaldığına və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmadığına görə Kolumbiya tərəfinin dərin təəssüfü vurğulanır. Kolumbiya münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri, qəbul olunmuş beynəlxalq hüquqi sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında sülh yolu ilə həll edilməsinə çağırır.Eyni zamanda, qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılması və Azərbaycanın qaçqın və məcburi köçkünlərinin öz doğma torpaqlarına dərhal qayıtması üçün şəraitin yaradılması tələb edilir.xeber100.com

Dekabr 25, 2018 12:39