Fevralın 24-25-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) hibrid formatda qış sessiyası keçiriləcək.Parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev sessiyada iştirak etmək üçün fevralın 22-də Avstriyanın paytaxtı Vyanaya səfər edəcək. Tədbirə parlamentin komitə sədri Tahir Mirkişili, deputatlar Ağalar Vəliyev, Ülviyyə Ağayeva, Əminə Ağazadə və Tural Gəncəliyev onlayn şəkildə qoşulacaqlar.Sessiyada ATƏT PA-nın ümumi komitələrinin və xüsusi nümayəndələrinin hesabatları təqdim ediləcək, beynəlxalq siyasi vəziyyət müzakirə olunacaq, təşkilatın növbəti dövr üçün fəaliyyət planı təsdiqlənəcək.Deputatlarımız gündəlik üzrə müzakirəyə çıxarılan məsələlərlə bağlı ölkəmizin mövqeyi baxımından fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.Vyanaya səfər çərçivəsində fevralın 23-də deputat Azay Quliyev Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi və ATƏT-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən birgə təşkil edilən Xocalı soyqırımına həsr edilmiş “Sülh və ədalət: beynəlxalq insan haqlarına və beynəlxalq humanitar hüquqa dair pozuntuların aradan qaldırılması üçün münaqişədən sonrakı barışıq və sülh quruculuğu vacib bağlantı kimi” mövzusundakı konfransda iştirak edəcək.xeber100.com