Milli Məclisin plenar iclası keçirilir

Oktyabrın 12-də Milli Məclisin növbəti plenar iclası keçirilir.Azərtac xəbər verir ki, oktyabrın 12-si və 16-da keçiriləcək iclasların gündəliyinə 54 məsələ daxil edilib. İclasda “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi ikinci oxunuşda nəzərdən keçiriləcək. Eyni zamanda, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, "Rəsmi statistika haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında", "Torpaq bazarı haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında", “Vəkillər və vəkillik fəaliyyəti haqqında” (birinci oxunuş), "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Dövlət rüsumu haqqında" (birinci oxunuş), "Baytarlıq haqqında" (birinci oxunuş), "Fitosanitar nəzarəti haqqında" (birinci oxunuş), "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" (ikinci oxunuş) qanunlarda, Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə"də, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də (birinci oxunuş) dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacaq.Bundan əlavə iclasda Cəzaların İcrası, Cinayət, İnzibati Xətalar, Vergi, Gömrük, Mülki məcəllələrdə dəyişiklik edilməsi haqqında qanun layihələri və digər məsələlər müzakirə olunacaq.xeber100.com

Oktyabr 12, 2018 12:45

Nazirlər Kabineti Aparatının iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qaldırılan məsələlərlə əlaqədar Baş nazir Novruz Məmmədovun yanında Nazirlər Kabineti Aparatının iclası olub.Nazirlər Kabinetinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, sosial-iqtisadi sahədə ölkəmizin əldə etdiyi uğurlu nəticələrdən, iqtisadi islahatların daha da dərinləşdirilməsi istiqamətində aparılan məqsədyönlü işlərdən danışan Baş nazir Novruz Məmmədov vurğulayıb ki, iclasda Prezident İlham Əliyevin qeyd etdiyi kimi, beynəlxalq mövqeləri daha da möhkəmlənən Azərbaycan regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına töhfə verir. Eyni zamanda, ölkəmizdə iqtisadiyyat sahəsində islahatların dərinləşməsi, iqtisadiyyatın rəqabətliliyinin artırılması üçün önəmli addımlar atılır. Xüsusən, sənaye istehsalında, qeyri-neft sektorunda mühüm işlər görülür. Ölkədə makroiqtisadi vəziyyət sabitdir, investisiya və infrastruktur layihələri ardıcıl icra edilir, əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial problemləri daim dövlətin diqqət mərkəzindədir. Dövlətimizin başçısının dediyi kimi, bu il Cənub Qaz Dəhlizinin, TANAP layihəsinin açılışları böyük nailiyyətlərdir. Bu yaxınlarda "Azerspace-2" peykinin orbitə çıxarılması, həmçinin Sumqayıtda, Mingəçevirdə, Masallıda Sənaye parklarının yaradılması uğurlu işlərimizdəndir. İnfrastruktur layihələri ilə bağlı nəzərdə tutulan bütün məsələlər öz müsbət həllini tapır. Kənd təsərrüfatının inkişafına, bölgələrdə məşğulluğun artırılmasına dövlət qayğısı da öz yüksək səmərəsini göstərməkdədir. Pambıqçılıq, üzümçülük, meyvəçilik, tərəvəzçilik sahələrində böyük irəliləyişlər müşahidə olunur.Yekunda sosial-iqtisadi inkişafın nəticələrinə dair ətraflı fikir mübadiləsi aparıldıqdan sonra Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müşavirədə verdiyi tapşırıqların icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələrinə müvafiq göstərişlər verdi.xeber100.com

Oktyabr 11, 2018 4:00