Milli Məclisin yaz sessiyası üçün iş planı təsdiqlənib

Yanvarın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, komitənin sədri Tahir Mirkişili iclası açaraq gündəliyə daxil edilən məsələlər barədə məlumat verib.İclasda əvvəlcə komitənin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı təqdim edilib. Komitə sədri, ümumiyyətlə, 2021-ci ildə ölkədə iqtisadi sahədə uğurların kifayət qədər əhatəli olduğunu deyib. Bildirib ki, ötən il iqtisadiyyatda 5,6 faiz, o cümlədən qeyri-neft sənayesinin 20 faizdən çox artması, qeyri-neft ixracının ilk dəfə olaraq 2,7 milyard dollara yaxın olması, büdcə gəlirlərinin proqnozdan əlavə 1,5 milyard manata yaxın icra olunması müşahidə edilib. Eyni zamanda, 2021-ci ildə ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına ixrac olunub, işğaldan azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasına başlanılıb və digər mühüm iqtisadi hadisələr baş verib.Tahir Mirkişili diqqətə çatdırıb ki, hesabat dövründə komitənin 16 iclası keçirilib, 133 məsələyə baxılıb. Qeyd edilib ki, ötən sessiyada “Gömrük tarifi haqqında”, “Dövlət rüsumu haqqında”, “Nağdsız hesablaşmalar haqqında” qanunlarda, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində dəyişikliklərin edilməsi ilə bağlı layihələr, “Turizm haqqında” Qanun və bir sıra digər sənədlər müzakirə olunub. Bununla yanaşı, 2022-ci ilin büdcəsi haqqında və büdcə zərfinə daxil olan digər qanunların geniş müzakirəsi keçirilib və plenar iclasda qəbul edilib. Diqqətə çatdırılıb ki, komitə iclaslarında hökumət nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər, rəy və təkliflərini səsləndiriblər. Bildirilib ki, komitə üzvləri payız sessiyası ərzində mətbuatda çıxış edərək müxtəlif məsələlərə dair şərhlər veriblər, həmçinin bir sıra beynəlxalq təşkilatların işində də fəal iştirak ediblər.Vurğulanıb ki, ötən dövrdə komitəyə vətəndaşlardan 59 ərizə və şikayət daxil olub. Müraciətlər müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib.Sonra komitənin 2022-ci il yaz sessiyası üçün iş planı barədə məlumat verilib. Bildirilib ki, sessiyada “Lombardlar haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında” və bir sıra digər yeni qanun layihələrinin hazırlanması nəzərdə tutulub. Bununla yanaşı, qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələri, mövcud qanunlarda dəyişikliklərin edilməsi barədə sənədlərin müzakirəsi iş planına daxil edilib. Sessiya ərzində sahibkarlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bir sıra görüşlərin, ictimai dinləmələrin keçirilməsi də planlaşdırılıb.Sonra iclasda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılıb. Dəyişikliyə əsasən, həmin müddətin daha bir il – 2023-cü il yanvarın 1-dək uzadılması təklif olunur.Müzakirələr zamanı komitə sədrinin müavini Əli Məsimli, deputatlardan Vahid Əhmədov, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Aydın Hüseynov çıxış edərək, gündəlikdəki məsələlər barədə, habelə iqtisadi sahəyə aid bir sıra aktual məsələlərə dair fikirlərini, rəy və təkliflərini söyləyiblər.İclasda komitənin 2021-ci il payız sessiyası ərzində gördüyü işlər barədə hesabatı məqbul hesab olunub, 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiq edilib. Deputatlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.Tədbirdə komitə üzvləri Mahir Abbaszadə, İmamverdi İsmayılov, Rüfət Quliyev, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov və Ağalar Vəliyev iştirak ediblər.xeber100.com

Yanvar 21, 2022 2:59

Milli Məclisin payız sessiyası başa çatıb

Dekabrın 30-da keçirilən iclasla Milli Məclisin 2021-ci ilin payız sessiyası başa çatıb.Azərtac xəbər verir ki, sessiya dövründə görülmüş işlər haqqında qısa məlumat verən Milli Məclisin sədri Sahibə Qafarova payız sessiyasında parlamentin 16 iclasının keçirildiyini, 91 qanunun qəbul edildiyini və 74 qanunda dəyişiklik olunduğunu bildirib.Qeyd edib ki, Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini parlament səviyyəsində dəstəkləmək üçün zəruri işlər həyata keçirilib.Sahibə Qafarova diqqətə çatdırıb ki, Milli Məclisin xətti ilə 14 xarici ölkədə Zəfər Günü və şəhidlərimizin Anım Günü ilə bağlı tədbirlər təşkil edilib, 82 ölkənin parlamentinə məktub ünvanlanıb.Həmçinin Milli Məclisin sədrinin iştirakı ilə 15 xarici ölkəyə rəsmi və işgüzar səfərlər təşkil olunub.Azərbaycan, Türkiyə və Pakistan arasında sarsılmaz dostluğunu və əməkdaşlığını əks etdirən Bakı Bəyannaməsinin imzalanmasının əhəmiyyətini xüsusi vurğulayan Sahibə Qafarova hər üç parlament nümayəndə heyətinin Şuşaya səfərindən danışıb.Parlamentin sədri Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişafı, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətlərində onlara yeni-yeni nailiyyətlər arzulayıb.Sonra Milli Məclisin sədri 2021-ci ilin payız sessiyasını bağlı elan edib.Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik məktubu ünvanlanıb.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.xeber100.com

Dekabr 30, 2021 12:06

Milli Məclisin növbəti plenar iclası keçirilir

Dekabrın 27-də Milli Məclisin növbəti plenar iclası keçirilir.Azərtac xəbər verir ki, iclasın gündəliyinə 19 məsələ daxil edilib. 1. Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı haqqında; 2. “Turizm haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş), 3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 4. “Lotereyalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş); 6. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş); 7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş); 8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş); 9. “Bədən tərbiyəsi və idman haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 10. “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 11. “Atçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 12. “Reklam haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 13. “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 14. “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 15. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 16. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 17. Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 18. Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 19. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).xeber100.com

Dekabr 27, 2021 3:19

Rusiya Prezidenti Azərbaycan Prezidentini 60 illik yubileyi münasibətilə təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə 60 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.Azərtac xəbər verir ki, məktubda Prezident İlham Əliyevin ən mürəkkəb vəziyyətlərdə belə ölçülüb-biçilmiş, uzaqgörən qərarlar qəbul etməyi bacaran müdrik və təcrübəli dövlət xadimi olduğu, Azərbaycanın iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurların hamı tərəfindən etiraf edildiyi vurğulanır.Təbrik məktubunda deyilir: “Siz haqlı olaraq, istər həmvətənləriniz arasında, istərsə də beynəlxalq aləmdə ən mürəkkəb vəziyyətlərdə belə ölçülüb-biçilmiş, uzaqgörən qərarlar qəbul etməyi bacaran müdrik və təcrübəli dövlət xadimi kimi nüfuz qazanmısınız. Sizin rəhbərliyinizlə Azərbaycanın iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurlar hamı tərəfindən etiraf olunur.Bizim yoldaşlıq münasibətlərimizi yüksək qiymətləndirirəm. Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi, həmçinin regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi naminə Sizinlə konstruktiv, məzmunlu dialoqun və sıx birgə fəaliyyətin davam etdirilməsinə şad olaram”.Rusiya Prezidenti azərbaycanlı həmkarına möhkəm cansağlığı, firavanlıq və uğurlar arzulayıb.xeber100.com

Dekabr 24, 2021 3:22

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə yubileyi münasibətilə təbrik məktubu göndərib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə 60 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.Azərtac xəbər verir ki, məktubda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni uğurlara imza atmasını, qlobal miqyasda qazandığı nüfuzu və nail olduğu rifahı görməkdən doğan sevinc hissləri ifadə olunur.“Qətiyyətli rəhbərliyiniz altında Can Azərbaycanın hər il yeni uğurlara imza atmasına şahid olmaqdan, qlobal miqyasda qazandığı nüfuzu və nail olduğu rifahı görməkdən böyük sevinc hissi keçirirəm. Qarabağın əvvəlcə işğaldan azad edilməsində, indi isə yenidən qurulması və bərpasında göstərdiyiniz əzm və qətiyyət Türkiyə tərəfindən böyük təqdirlə qarşılanır”, - deyə məktubda vurğulanır.Türkiyə Prezidenti qeyd edir ki, sarsılmaz qardaşlıq bağları əsasında yaratdığımız, yüksək səviyyəli səfərlərlə inkişaf etdirdiyimiz əməkdaşlığımız sayəsində bölgəmizin mənzərəsini və gələcəyini müəyyənləşdirən bir çox ortaq layihələr reallaşdırmışıq və reallaşdırmaqda davam edəcəyik.Məktubda daha sonra deyilir: “Ümummilli lider Heydər Əliyevdən bizlərə miras olan “bir millət, iki dövlət” prinsipinə söykənən, müttəfiqlik mərtəbəsinə yüksəltməyi qərarlaşdırdığımız əzmkarlığımızı hər bir sahədə daha da inkişaf etdirmək iradəmiz sarsılmazdır. Əzəli və əbədi qardaşlığımızın şərti olan qarşılıqlı dəstək və həmrəyliyimiz regionumuzda sülh, sabitlik və rifahın da təminatıdır”.xeber100.com

Dekabr 24, 2021 3:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 yaşı tamam olur

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin anadan olduğu gündür, 60 yaşı tamam olur... İlham Əliyev 24 dekabr 1961-ci ildə Bakı şəhərində anadan olub. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb.1982-1985-ci illərdə həmin institutun aspiranturasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.1991-1994-cü illər ərzində bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub.1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunub15 oktyabr 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilib.2008-ci ildə ikinci dəfə, 2013-cü ildə növbəti dəfə, 2018-ci ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib...  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz dinamik inkişaf dövrünə qədəm qoymuş, bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yolunda qəti addımlarla irəliləməkdədir. Bu illər ərzində Azərbaycan beynəlxalq reytinqlərdə yüksək yerlərə qalxdı. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos İqtisadi Forumu Azərbaycanda aparılan islahatlara yüksək qiymət verdi, Davos Forumunun "İnklüziv inkişaf indeksi” adlı illik hesabatında (2017) ölkəmiz inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəldi. Ən önəmlisi isə 30 ildir işğal altında qalan Dağlıq Qarabağ torpaqları  uğrunda gedən mübarizəyə son verildi, torpaqlarımız Ali Baş Komandanın əmri, güclü iradəsi və siyasi gücüylə,  Azərbaycan Ordusunun şücaəti nəticəsində 44 günlük müharibədə qələbə qaznararq dünya ölkələrinə örnək müharibə nümunəsi göstərdi. Bütün bunlar hamısı İlham Əlieyevin prezidentliyi dövründə gördüyü işlərin sadəcə bir qismidir. Qarşıda onun qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycanımızın necə bir inkişaf yolunu keçəcəyinin də şahidi olacağıq. Ölkə Prezidentinin bütün sahələri əhatə edən, dövlətimizin daha da möhkəmləndirilməsi, xalqımızın rifahının təmin edilməsi istiqamətində həyata keçirdiyi islahatlar öz müsbət və səmərəli nəticələrini verməkdədir. Və görüləcək işlər, həyata keçiriləcək layihələr hələ qarşıdadır.Bütün bunlar bir daha sübut edir ki, İlham Əliyev düşünülmüş və məqsədyönlü siyasətlə Azərbaycanın hər sahədə inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədləri vaxtında və yüksək səviyyədə yerinə yetirməkdədir. İlham Əliyev tarix yazır və illər keçəcək tarix onu yazmaqda davam edəcək. Onun uzaqgörən siyasi, sərkərdəlik məharəti, qorxmazlığı, cəsarəti nəsildən nəslə keçəcək, dillərdə dastan olacaq... Ali Baş Komandanımız! Sizi yubiley yaşınız münasibətilə bütün sevgimizlə, səmimiyyətimizlə təbrik edir, can sağlığı, uzun ömürlər arzulayır və “Azərbaycan xalqı daima sizinlədir və sizinlə qürur duyur” deyirik!  

Dekabr 24, 2021 3:14