Genişmiqyaslı hərbi təlimlər keçiriləcək

İyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qisimləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri keçiriləcək.Müdafiə Nazirliyindən Azərtac-a bildiriblər ki, təlimlərə 20 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.Təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal altındakı ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.Kəskin kəsişən ərazi və mürəkkəb dağlıq relyef, həmçinin radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunların və atəş vasitələrinin idarə olunması, eləcə də şərti düşmənin müxtəlif diversiya fəaliyyətlərinə qarşı taktiki epizodlar icra ediləcək.Təlimlərdə Azərbaycan Ordusunun silahlanmasına yeni qəbul edilmiş ən müasir silah növlərinin və hərbi texnikanın tətbiqi ilə müxtəlif poliqonlarda döyüş atışlarının keçirilməsi nəzərdə tutulub.xeber100.com

İyun 28, 2018 2:11

Azərbaycan Silahlı Qüvvələri-100

Silahlı Qüvvələrin yaranmasının 100-cü ildönümü münasibəti ilə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi və onun tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi tərəfindən, Belçika Krallığının paytaxtı Brüssel şəhərində rəsmi ziyafət keçirilib.Azərbaycanın NATO yanında Nümayəndəliyindən Apa-ya verilən məlumata görə, tədbirdə dövlətlərin NATO yanındakı səfirləri, diplomatik korpusun üzvləri, NATO-nun Hərbi Komitəsinə akkreditə olunmuş ölkələrin Hərbi Nümayəndələri, NATO-nun Beynəlxalq Katibliyi, Beynəlxalq Hərbi Qərargahının nümayəndələri, NATO-nun idarə və agentliklərinin üzvləri, NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının rəsmiləri iştirak ediblər.Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov öz çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin mühüm nailiyyətlərindən olan Silahlı Qüvvələrin yaradılmasının tarixçəsindən bəhs edərək, Xalq Cümhuriyyətinin dövlət quruculuğu, beynəlxalq əlaqələri, sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar barədə məlumat verib.Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi ilə Xalq Cümhuriyyətinin ənənə və prinsiplərinin dirçəldildiyini qeyd edən Q.Məmmədov, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında etibarlı tərəfdaş olduğunu qeyd edib.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında nümayəndəsi polkovnik Ağaverdi Quliyev öz çıxışında qonaqlara Azərbaycanın hərb ənənələri, Silahlı Qüvvələrinin yaranması, inkişafı tarixi və beynəlxalq sülhməramlı əməliyyatlara töhfəsi barədə ətraflı məlumat verib.Qəbul zamanı Azərbaycan və onun Silahlı Qüvvələri barədə video materiallar nümayiş etdirilib, qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.xeber100.com

İyun 26, 2018 4:57