“Azərbaycan-Türkiyə-Gürcüstan” konfransında

“Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq dinamik inkişaf edir”.Apa-nın yerli bürosunun məlumatına görə, bu barədə Azərbaycan Respublikasının prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Tbilisidə keçirilən “Azərbaycan-Türkiyə-Gürcüstan: üçtərəfli əməkdaşlığın qlobal və regional determinantları” konfransında deyib. O bildirib ki, ötən il hər üç ölkənin əməkdaşlığı sahəsində əlamətdar hadisələrlə yaddaqalan olub: “Ötən il Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışı, hər üç ölkənin xarici işlər nazirinin görüşü keçirildi. Bütün bunlar göstərir ki, regional inteqrasiya pozitiv dinamika ilə inkişaf edir”.F. Məmmədovun sözlərinə görə, üç ölkənin strateji məqsədi ərazi bütövlüyünün bərpa olunmasıdır: “Böyük qüvvələrin ikili standartları fonunda Gürcüstanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləməsi çox önəmlidir”.Konfransda çıxış edən Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun Prezidenti Yekaterina Metreveli deyib ki, üç ölkə arasında münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir: “Münasibətlərin səviyyəsi birgə maraqlara əsaslanıb. Üç ölkənin iştirakı ilə həyata keçirilən iqtisadi layihələr bütün dünyaya böyük imkanlar yaradır”.Ekspert qeyd edib ki, Gürcüstan Azərbaycanın dəstəyini yüksək qiymətləndirir: “Suriyanın Abxaziya və Cənubi Osetiyanı tanımasından sonra Azərbaycan bir daha Gürcüstanın ərazi bütövlüyün dəstəklədiyini bildirdi”.Y. Metrevelinin fikrincə, üç ölkə müasir dünyada mövcud təhdidlərin minimallaşdırılması üçün birgə səyləri daha da gücləndirməlidir.xeber100.com

İyun 5, 2018 9:44

MDB Hökumət Başçıları Şurasının iclası keçirilib

İyunun 1-də Tacikistanın paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclası keçirilib.Azərtac xəbər verir ki, Tacikistanın Baş naziri Koxir Rasulzodanın sədrliyi ilə keçən iclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.Yığıncaq ənənəvi olaraq iki formatda keçirilib. Məhdud tərkibdə nümayəndə heyətlərinin rəhbərləri iqtisadi sahədə əməkdaşlığın aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparıb, azad ticarət xidmətləri haqqında saziş layihəsini müzakirə ediblər.Şuranın geniş tərkibli iclasında MDB ölkələri arasında siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi istiqamətində bir sıra məsələlər diqqət mərkəzində olub.Tədbirdə energetikanın innovasiya sahəsində inkişaf və qabaqcıl energetika texnologiyalarının işlənib hazırlanması konsepsiyası və onun həyata keçirilməsi üzrə zəruri tədbirlər planı, MDB ölkələrində intellektual mülkiyyət bazarının formalaşdırılması və inkişafı haqqında saziş imzalanıb.Bundan əlavə, elektron və elektrotexnika avadanlıqlarının tullantılarından istifadə, standartlaşdırma üzrə dövlətlərarası sənədlərin yayılması, gömrük və innovasiya üzrə sənədlərə baxılıb. 2025-ci ilə qədər bu ölkələrdə quduzluğun profilaktikası və bununla mübarizə sahəsində birgə fəaliyyət kompleksi də qəbul edilib.Yığıncaqda MDB ölkələri müəllimlərinin və təhsil işçilərinin qurultayı haqqında Əsasnamə və “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi də müzakirə olunub.Nümayəndə heyətləri maliyyə və kadr məsələlərinə də baxıblar. Ümumiyyətlə, yığıncaqda 14 sənəd müzakirə edilib, bunlarım 13-ü imzalanıb.Şuranın növbəti iclası bu ilin noyabrında Astanada keçiriləcək.xeber100.com

İyun 1, 2018 3:56