Laçının işğalının ildönümü ilə bağlı bəyanat yayılıb

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi bəyanat yayıb.İctimai Birlikdən Azərtac-a daxil olan bəyanatda bildirilir ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına uydurma “böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə 1905-1906, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırımı, terror, deportasiya və etnik təmizləmə kimi cinayətlər törədiblər.Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulması, dünya mədəniyyətinin nümunələri sayılan memarlıq abidələrinin dağıdılması və mənimsənilməsi, insan hüquqlarının, o cümlədən mədəni hüquqların kütləvi şəkildə, kobudcasına pozulması beynəlxalq hüquq normalarına və prinsiplərinə tamamilə ziddir. Azərbaycanın tarixi və mədəniyyət, eyni zamanda, dini abidələrinin vəhşicəsinə dağıdılması və qəsdən məhv edilməsi “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası, eləcə də “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına zidd olsa da, beynəlxalq birlik bu cinayətlərin qarşısının alınmasında qəti mövqe göstərmir, bu vandalizmə ikili standartlarla yanaşır.Bəyanatda deyilir: “Biz, Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümündə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan 80 mindən artıq, o cümlədən Laçın rayonundan olan 77 mindən çox azərbaycanlı beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırırıq.Biz humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin.Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çıxması qeyd olunsa da, Minsk qrupunun göstərdiyi səylər indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr verməyib. ATƏT-in regionda sülhpərvərlik fəaliyyətinin uğursuzluqlarının başlıca səbəbi məhz Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının birbaşa təcavüzü faktının etiraf olunmamasıdır.Bu səbəbdən, münaqişənin nizama salınması prosesində Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən və qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Ona görə də böyük dövlətlər qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər”.Müraciət “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mayın 17-də keçirilmiş toplantısında qəbul edilib.xeber100.com

May 18, 2018 3:25