Növbədənkənar seçkilərin keçirilməsi haqqında Sərəncam

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını Azərtac-a şərh edib.Əli Həsənov bildirib ki, bu günədək Azərbaycanda bütün seçkilər Konstitusiya normalarına, Seçki Məcəlləsinə və digər aidiyyəti qanunvericilik aktlarına uyğun olaraq demokratik, şəffaf və ədalətli şəkildə keçirilib. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri xalqın iradəsini əks etdirib, həmçinin yerli və beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.Bilirsiniz ki, Azərbaycanda hər 5 ilin 3 ili seçkilərlə bağlı olduğundan Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edildi və dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə uzadıldı. Prezidentin səlahiyyət müddəti 7 il müddətinə uzadıldığına görə, Azərbaycan Respublikası Prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı – növbədənkənar prezident seçkilərini elan etmək hüququ verilib. Buna görə də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncamda nəzərdə tutulmuş məsələlər Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur.Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq 2018-ci il prezident seçkilərinin payızda - oktyabr ayında keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq bu il may ayından başlayaraq ölkəmizdə çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcəkdir. Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində silsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür.Digər tərəfdən, Azərbaycanda mövcud olan praktikaya əsasən, bütün seçkilər payız aylarında keçirilir. Bu mənada, dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən də əvvəlində keçirilməsi daha məqsədəuyğundur.Həmçinin Azərbaycan Prezidentinin 7 il müddətinə seçilməsi prezident səlahiyyətlərinin yerinə yetirilməsinə təsərrüfat ilinin əvvəlindən başlamasını təmin edir. Bu da sosial və iqtisadi sahədə qarşıda duran vəzifələrin daha effektli icrasına əlavə imkan yaradır.Əli Həsənov deyib ki, ötən dövr ərzində Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət Azərbaycanın milli maraqlarına xidmət edib, ölkənin hərtərəfli və sürətli inkişafı təmin olunub, cəmiyyət həyatının bütün sahələri yeniləşib və müasirləşib, xalqın rifahı yüksəlib. Bu gün Azərbaycan beynəlxalq birliyin böyük nüfuza malik ölkələrindən biri kimi tanınır. Bütün bunlar Azərbaycan xalqının, vətəndaşların, seçicilərin Prezident İlham Əliyevə yüksək etimadını və tam dəstəyini şərtləndirən başlıca amillərdir. Əminliklə demək olar ki, cənab İlham Əliyevin seçkilərdə növbəti dəfə parlaq qələbə qazanmaq və yenidən prezident seçilmək imkanı çox yüksəkdir.Nəticə etibarilə, seçkilərin oktyabrda və ya apreldə keçirilməsi potensial namizədlərin, o cümlədən də cənab İlham Əliyevin imkanlarını məhdudlaşdıran və onlara əlavə dividend qazandıran hal kimi şərh oluna bilməz.

Fevral 5, 2018 3:38

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.xeber100.com

Fevral 2, 2018 3:30

Milli Məclisin yaz sessiyasının ilk iclası keçirilib

Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilir.Azərtac xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.İclasda Azərbaycan Respublikası Milli Məclisinin Hesablayıcı, İntizam komissiyalarının yenidən təşkil edilməsi, Milli Məclisin 2018-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında məsələlərə baxılacaq.Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə, “Peşə təhsili haqqında” qanun layihələri müzakirə olunacaq.Deputatlar “Sosial sığorta haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Dərman vasitələri haqqında”, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə layihələri nəzərdən keçirəcəklər. Həmçinin İnzibati Xətalar, Şəhərsalma və Tikinti məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olunacaq.xeber100.com

Fevral 1, 2018 3:11

Müdafiə Nazirliyi sənəd qəbulu elan edir

Müdafiə Nazirliyi gizir hazırlığı kursuna sənəd qəbulu elan edir.Nazirliyin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, hərbi hissələrə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşadək vətəndaşlar fevralın 5-dən 24-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. Müraciət edən vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən olunması məqsədilə nazirliyin Hərbi Həkim Komissiyasına göndəriləcək, yararlı hesab ediləcək şəxslər qəbul imtahanlarına buraxılacaqlar.Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər gizir hazırlığı kursuna qəbul ediləcəklər.Kursu müvəffəqiyyətlə başa vuran vətəndaşlarla beş il müddətinə müqavilə bağlanacaq və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunacaqlar.Namizədlər sənədləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına təqdim etməlidirlər. Müraciət üçün tələb edilən sənədlər barədə Müdafiə Nazirliyinin saytında ətraflı məlumat verilib.xeber100.com  

Fevral 1, 2018 3:09

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.xeber100.com

Yanvar 31, 2018 3:33

Atəşkəs rejimi 120 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Məzəm, Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Acarlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.xeber100.com

Yanvar 30, 2018 2:36