ATƏT Parlament Assambleyasının yay sessiyasının plenar iclası keçirilib

İyulun 6-da Vyanada ATƏT Parlament Assambleyasının yay sessiyasının plenar iclası keçirilib.Azərtac xəbər verir ki, iclasda “Təxirəsalınmaz məsələlər” çərçivəsində ABŞ-ın təklif etdiyi “ATƏT məkanında nifrət, dözümsüzlük, şiddət və diskriminasiyanın artmasına qarşı” qətnamə layihəsi səsverməyə çıxarılıb.Səsvermədən əvvəl qətnamə layihəsini təklif edən ABŞ senatoru Bencamin Kardin Azərbaycan və Türkiyə nümayəndə heyətlərinə sənədin təkmil tərtibatına verdikləri töhfəyə görə təşəkkür edib. O bildirib ki, yeni düzəlişdən sonra sənəd islamofobiya və onun təzahür formalarına qarşı mübarizəni də ehtiva edir. Eyni zamanda, qeyd edilib ki, XX əsrin əvvəllərində tarixi ədalətsizlik kimi qiymətləndirilən hadisələr siyahısında soyqırımı anlayışı (açıq yazılmasa da, qondarma erməni soyqırımı nəzərdə tutulur) Azərbaycanın təklifi ilə qətnamədən çıxarılıb.Səsvermə zamanı qətnamə deputatların əksər səs çoxluğu ilə qəbul olunub.Qətnamə qəbul olunduqdan sonra Azay Quliyev Azərbaycanın və Türkiyənin düzəlişlərini qəbul etdiyinə və konstruktiv əməkdaşlığa görə senatora təşəkkürünü bildirib.Bundan başqa, Azay Quliyev ATƏT-in müşahidə missiyasının rəhbəri və xüsusi koordinatoru kimi bu ilin aprelində Albaniyada keçirilən parlament seçkiləri haqqında hesabat məruzəsi ilə çıxış edib, seçki prosesi zamanı missiyanın müəyyən etdiyi müsbət və mənfi məqamlar haqqında Assambleyanı məlumatlandırıb.ATƏT Parlament Assambleyasının yay sessiyası qurumun prezidentini, vitse-prezidentlərini və komitə sədrlərini seçdikdən sonra işini başa çatdırıb. İsveçdən olan deputat Marqareta Sedelfert cəmi 2 səs fərqi ilə, yəni 128 deputatın dəstəyini qazanaraq norveçli rəqibi Kari Henriksenə qalib gəlib və ATƏT Parlament Assambleyasının prezidenti seçilib.xeber100.com

İyul 6, 2021 2:01

Avropa Şurası Parlament Assambleyasının yay sessiyası işə başlayıb

Avropa Şurası Parlament Assambleyasının yay sessiyası iyunun 21-də hibrid formatda işə başlayıb.Azərtac xəbər verir ki, yay sessiyasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbərliyi ilə deputatlar iştirak edəcəklər.AŞPA yay sessiyasında qurumun Büro və Daimi komitələrinin hesabatı, Nazirlər Komitəsinin məlumatı, eləcə də cari ilin aprelində Bolqarıstan və Albaniyada keçirilmiş parlament seçkilərində müşahidələrin nəticələri dinləniləcək. Sessiya çərçivəsində İstanbul Konvensiyası adlanan “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Konvensiya”nın 10 illiyi qeyd ediləcək. AŞPA prezidenti Rik Daemsin təşəbbüsü ilə təşkil olunacaq tədbirdə 2016-cı il Vaclav Havel İnsan Hüquqları Mükafatı və 2018-ci il Nobel Sülh Mükafatı laureatı Nadya Murad, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç, Belçikanın Baş naziri Aleksander de Kroo, Rumıniya Senatının sədri Anka Dana Draqu, Fransanın gender bərabərliyi, müxtəliflik və bərabər imkanlar naziri Elizabet Moreno və BMT-nin Qadına qarşı zorakılıq, səbəbləri və nəticələri üzrə xüsusi məruzəçisi Dubravka Şimonoviçin çıxışları gözlənilir.xeber100.com

İyun 21, 2021 3:02

Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib

İyunun 17-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Azərtac-a bildiriblər ki, məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Rusiya tərəfini isə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Rusiya Federasiyası Prezidentinin MDB üzv dövlətləri ilə Rusiya Federasiyasının dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi Mixail Petrakov təmsil ediblər.Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası ilə bağlı məsələlər, dövlət başçıları səviyyəsində növbəti Xəzər Zirvə Toplantısına hazırlıqla əlaqədar tədbirlər müzakirə edilib, eləcə də Xəzəryanı dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri danışıqların mövzusu olub.Görüşdə, həmçinin Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclasının keçirilməsi və gündəliyinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.xeber100.com

İyun 18, 2021 2:19

Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib

İyunun 17-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vitse-marşalı Tariq Ziyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, əvvəlcə Pakistanın nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları üzərinə əklil və gül dəstələri qoyub, xatirələrini ehtiramla anıb.Azərbaycan hərbi pilotlarının Pakistanın HHQ Akademiyasında təhsilindən məmnunluğunu ifadə edən general-leytenant R.Tahirov ölkələrimizin hərbi aviasiya sahəsində əməkdaşlığının və HHQ-i arasında əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.Görüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.Pakistan nümayəndə heyətinin rəhbəri Vətən müharibəsində qazanılan Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.Tərəflər Azərbaycan və Pakistan HHQ-i arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.xeber100.com

İyun 17, 2021 2:59

Azərbaycan-Qazaxıstan əməkdaşlığının aktual məsələləri müzakirə edilib

Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov bu ölkənin Parlament Məclisin (aşağı palata) sədri Nurlan Niqmatulinlə görüşüb.Azərtac xəbər verir ki, görüşdə Qazaxıstan-Azərbaycan əməkdaşlığının aktual məsələləri müzakirə edilib.Ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığını vurğulayan Parlament Məclisinin sədri Qazaxıstan rəhbərliyinin Azərbaycanla dostluğu və hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə çalışdığını bildirib.Nurlan Niqmatulin qeyd edib ki, Qazaxıstan-Azərbaycan tərəfdaşlığının mühüm tərkib hissəsi beynəlxalq platformalardakı konstruktiv parlamentlərarası dialoqdur.Səfir Rəşad Məmmədov, öz növbəsində, ikitərəfli əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib, Azərbaycanın türkdilli dünyada ən böyük sülh və razılıq əldə edən ölkə olan Qazaxıstanın qardaş xalqı ilə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verdiyini vurğulayıb.Rəşad Məmmədovun sözlərinə görə, ölkələrimizin rəhbərlərinin sıx dostluq münasibətləri sayəsində Azərbaycanla Qazaxıstan arasında bir çox birgə layihələr, o cümlədən ticari-iqtisadi və infrastruktur layihələri həyata keçirilir. Bu, təkcə Qazaxıstanın və Azərbaycanın deyil, regionun digər ölkələrinin də inkişafı üçün yeni perspektivlər açmağa imkan yaradır.Görüşdə tərəflər Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafı üçün parlamentlər səviyyəsində də böyük potensialın olduğunu bildiriblər.xeber100.com

İyun 7, 2021 3:27