Mayın 28-də Minskdə Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclası keçirilib.Azərtac xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.Əli Əsədov iclasın gündəliyinə aid məruzə ilə çıxış edib. O qeyd edib ki, sosial-iqtisadi və humanitar sahələrdə qarşılıqlı əlaqələrin möhkəmlənməsi bundan sonra da MDB məkanında əməkdaşlığın hərtərəfli inkişafına şərait yaradacaq. Baş nazir Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və pandemiyanın iqtisadiyyata mənfi təsirini aradan qaldırmaq üçün görülən təxirəsalınmaz tədbirlər barədə məlumat verib.Ə.Əsədov Şura üzvlərinin diqqətini Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi ilə əlaqədar Cənubi Qafqazda yaranmış yeni geoiqtisadi reallığa cəlb edib. Qeyd olunub ki, nəqliyyat yollarının açılması və kommunikasiya arteriyaları şəbəkəsinin yaradılması Cənubi Qafqazın nəqliyyat və iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq, həm regionda, həm də bütün Birlik məkanında inkişaf üçün böyük perspektivlər yaradacaq.Azərbaycanın Baş nazirindən sonra Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Mqer Qriqoryan çıxış edib. O, Azərbaycan Respublikasına əsassız hücumlar edib, ölkəmizi guya Ermənistanın ərazi bütövlüyünü və suverenliyini pozmaqda, hərbi əsirləri saxlamaqda və mayın 27-də altı nəfər erməni hərbi qulluqçusunu əsir götürməkdə ittiham edib.Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının sədrinə müraciət edərək erməni tərəfin yalan və böhtanla dolu ittihamlarına cavab verib. Əli Əsədov hələ 2020-ci il noyabrın 6-da MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında keçirilmiş iclasındakı çıxışında Azərbaycanın heç vaxt başqasının bircə qarış belə torpağına iddia etmədiyini bildirməsini xatırladıb. Azərbaycanın Baş naziri deyib: “Bu gün həmin tezisi bir daha təsdiq edə bilərəm. Biz Ermənistan Respublikasının bircə qarış belə torpağına iddia etmirik, lakin özümüzün də bircə qarış belə torpağımızı heç kəsə verməyəcəyik. Bu, bizim prinsipial mövqeyimizdir”.Qeyd edilib ki, Azərbaycan 2020-ci il noyabrın 20-də, yəni Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına əsasən hərbi əməliyyatlar dayandırılandan sonra əllərində silah olduğu halda Azərbaycan ərazisinə keçmiş və dörd nəfəri, o cümlədən üç dinc sakini qətlə yetirmiş erməni hərbçilərini hərbi əsir hesab etmir.xeber100.com