Azərbaycanın Respublika Gününə dair qətnamə qəbul edilib

ABŞ-ın Kaliforniya Ştat Senatının üzvü, senator Cef Ston və Ştat Assambleyasının deputatı Roki Çavez tərəfindən Azərbaycanın Respublika Gününə dair qətnamə qəbul edilib.Ölkəmizin Los-Ancelesdəki baş konsulluğundan Azərtac-a bildiriblər ki, qanunvericilərin birgə imzası ilə qəbul edilən və Los-Ancelesdəki baş konsulluğumuza göndərilmiş bu sənəddə Azərbaycanın 1918-ci il mayın 28-də İslam dünyasında ilk dünyəvi parlamentar dövlət qurduğu vurğulanır.Qətnamədə qeyd olunur ki, həmin illərdə Azərbaycanın dövlət müstəqilliyi qısa dövrü əhatə etsə də, gender bərabərliyi, qadın və kişilərə bərabər seçki hüquqlarının verilməsi, eləcə də dini və milli azadlıqlar sahəsində böyük nailiyyətlər əldə olunub.Sənəddə, həmçinin bolşevik işğalı nəticəsində 1920-ci ildə Azərbaycanın dövlət müstəqilliyinə son qoyulduğu vurğulanaraq, 1991-ci ildə Azərbaycan xalqının öz müstəqilliyini bərpa etdiyi ifadə olunur. Bildirilir ki, Azərbaycan keçən 26 il ərzində öz suverenliyini və müstəqilliyini möhkəmləndirərək, böyük önəm kəsb edən Xəzər regionunda ABŞ-ın etibarlı müttəfiqinə və strateji tərəfdaşına çevrilə bilib.Vurğulanır ki, 99 ildən bəri hər il dünyanın müxtəlif ölkələrində milyonlarla, eləcə də ABŞ-da yaşayan on minlərlə azərbaycanlı 28 may tarixini qeyd edir, öz əcdadlarının vaxtı ilə Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə demokratiyanın yayılmasındakı töhfələrini yad edirlər.Sənədin sonunda hər iki qanunverici – senator C.Ston və Assambleya üzvü R.Çavez Kaliforniya ştatında yaşayan azərbaycanlıların bu ştatın ictimai zənginliyinə, mədəniyyətlərarası harmoniyasına, eləcə də əmin-amanlıq və rifahına verdiyi töhfələri yüksək qiymətləndirdiklərini bildirərək, 28 may 2017-ci il tarixini Azərbaycan Milli Günü kimi tanıdıqlarını bəyan edirlər.xeeber100.com

May 29, 2017 12:02

Azərbaycan Xalq Cümhuriyyəti – 99

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 99 il ötür.1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.xeber100.com  

May 28, 2017 3:47

Parlamentin nümayəndə heyəti Latviyaya səfər edəcək

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti mayın 28-dən 30-dək Latviya Respublikasında rəsmi səfərdə olacaq.Azərtac xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. O bildirib ki, nümayəndə heyətinə deputatlardan Kamran Bayramov, Ülviyyə Ağayeva, Rövşən Rzayev, Malik Həsənov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.Səfər zamanı nümayəndə heyətinin üzvləri Latviya Seymində ölkə parlamentinin fəaliyyəti, deputatlar üçün yaradılmış şəraitlə yaxından tanış olacaqlar.Milli Məclisin sədri Oqtay Əsədov Latviya Seyminin spikeri xanım İnara Murniyetse ilə görüşəcək, parlamentlərarası əlaqələrin bu günü və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılacaq. Görüşdə parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının fəaliyyətinin əhəmiyyəti və deputatların qarşılıqlı səfərlərinin təcrübə mübadiləsi baxımından önəmi müzakirə ediləcək.Oqtay Əsədovun Latviyanın Prezidenti, Baş naziri, xarici işlər və iqtisadiyyat nazirləri ilə görüşləri də nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, siyasi, iqtisadi münasibətlərimizin daha da dərinləşdirilməsi və regional münaqişələrin həlli barədə danışılacaq.Səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti Azərbaycanın milli bayramı – Respublika Gününə həsr edilmiş tədbirdə iştirak edəcək.xeber100.com

May 27, 2017 10:52

Atəşkəs rejimi 120 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 82 millimetrlik minaatanlardan da (51 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Dovex, Voskevan, İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Qızılhacılı, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Ağdam rayonunun işğal altında olan Nəmirli, Şıxlar, Şirvanlı, Cəvahirli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli və Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

May 24, 2017 3:12