Sankt-Peterburqda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun və Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə baş konsul Sultan Qasımov, diaspor sədri Vaqif Məmişev, konsulluğun əməkdaşları və diaspor fəalları Ümummilli Lider Heydər Əliyevin Sankt-Peterburqdakı barelyefini ziyarət edib, önünə gül dəstələri qoyublar. Azərbaycanın Zəfər Günü münasibətilə keçirilən dəyirmi masada Rusiya ictimaiyyətinin, Sankt-Peterburqda yaşayan, ölkəmizə dost olan digər xalqların icma rəhbərləri, azərbaycanlı tələbə və gənclər iştirak ediblər. Rəsmi hissənin açılışında 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin və erməni təcavüzü nəticəsində həlak olmuş dinc əhalinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbir iştirakçılarına Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ruslan Quliyevin videomüraciəti təqdim edilib. Tədbirdə çıxış edən diaspor sədri Vaqif Məmişev və baş konsul Sultan Qasımov 44 günlük Vətən müharibəsi nəticəsində xalqımızın qazandığı Qələbənin tarixi hadisə olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, Zəfər Günü Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici və daxili siyasətin, ərazi bütövlüyümüzün bərpası məsələsində nümayiş etdirdiyi qətiyyətli mövqeyinin, xalqımızın və ordumuzun mübarizəsinin bəhrəsidir. Tədbirdə, həmçinin “Rossiya 1” dövlət telekanalının “Vesti nedeli” proqramı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarını işıqlandıran veriliş nümayiş olunub.xeber100.com

Noyabr 8, 2023 9:49