İlham Əliyev: Şuşanı Cıdır düzüsüz, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil

Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq.Azərtac xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşaya səfəri zamanı Cıdır düzündə söyləyib.Dövlətimizin başçısı qeyd edib ki, indi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi. Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi.“Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”, - deyə Azərbaycan Prezidenti bildirib.Xalqımızın birliyindən danışan Prezident deyib: “Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, burada - Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü.Biz Qələbə qazanmışıq, Ermənistan məğlub olub. Biz, eyni zamanda, haqlıyıq. Bizim davamız haqq davasıdır. Ermənistanın davası işğalçılıq davasıdır. Haqq-ədalət zəfər çaldı, güc hesabına, iradə hesabına, siyasət hesabına, birlik hesabına! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.xeber100.com

Yanvar 15, 2021 10:34

Xarici İşlər Nazirliyi Ermənistanın əsassız ittihamlarını rədd edib

Ermənistan Xarici İşlər Nazirliyinin guya ki, 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsi ilə bağlı əsassız bəyanatı bu ölkənin hələ də uydurma propaqandadan əl çəkmədiyini, xalqlararası nifaq və düşmənçiliyi qızışdırmaq niyyətini göstərir.Azərtac xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in 2020-ci il 13 yanvar tarixli bəyanatı ilə bağlı şərhində yer alıb. Şərhdə deyilir: “Ermənistan XİN-nə xatırladırıq ki, 1948-1953-cü illərdə Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya edilən 150 minədək azərbaycanlı Ermənistan SSR-nin 24 rayonu və İrəvan şəhərindən zorla Azərbaycana köçürüldü. Eləcə də Ermənistanın 1980-ci illərin sonunda Azərbaycana qarşı əsassız ərazi iddiaları, Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki şovinist təfəkkürlü ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsi, yüz minlərlə azərbaycanlının növbəti dəfə zor gücü ilə və qəddarcasına Ermənistandan deportasiya edilməsi Azərbaycanda sovet hakimiyyətinə qarşı hərəkatın genişlənməsinə təkan verdi. Məhz ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə ölkəyə yeridilən Sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törətdi. Lakin 1990-cı ilin yanvar hadisələri Azərbaycan xalqının müstəqillik əzmini qıra bilmədi və ölkəmiz dövlət müstəqilliyini bərpa etdi. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi bütün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə tanınır və dəstəklənir. Ermənistan XİN-i bu kimi uydurma təbliğat xarakterli məlumatlar yaymaqla tarixən Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini, 30 ilə yaxın müddət ərzində bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını gizlətmək məqsədini güdür. Bölgədə bütün hərbi əməliyyatların dayandırılmasına dair 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra sülh və təhlükəsizlik, tərəqqi şəraitində birgəyaşayış fikirlərinin təşviq olunması əvəzinə, rəsmi Yerevanın uydurma əsaslarla düşmənçilik propaqandasını davam etdirməsi təəssüf doğurur və bu ölkənin əsl niyyətini üzə çıxarır. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in əsassız ittihamlarını rədd edir və bu ölkəni 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlar ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq və beynəlxalq hüququn aliliyi prinsiplərindən çıxış edərək davranmağa çağırır”.xeber100.com

Yanvar 13, 2021 2:55

“Müstəqilliyə aparan yol: Azərbaycan- Gürcüstan” adlı müsabiqə elan edilib

Ölkəmizin Gürcüstandakı səfirliyi Azərbaycan və gürcü xalqlarının müstəqillikləri naminə atdıqları addımların təzahürü olan 20 Yanvar və 9 Aprel hadisələrinin növbəti ildönümü ilə bağlı rəsm və inşa müsabiqəsi elan edib.Bu barədə Azərtac-a səfirlikdən məlumat verilib. Bildirilib ki, müsabiqədə Gürcüstanın 15 yaşından yuxarı vətəndaşları iştirak edə bilərlər. İştirakçılar mövzu üzrə rəsm və inşa yazılarını təqdim etməlidirlər.Ən yaradıcı rəsm əsəri və inşa yazısı ekspertlər tərəfindən seçiləcək və hər iki nominasiya üzrə ilk üç yeri tutanlar mükafatlandırılacaq.Müsabiqənin nəticələri yanvarın 18-də açıqlanacaq.Müsabiqənin nəticələrinə əsasən, ilk üç yeri tutacaq Gürcüstan vətəndaşları Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev və Gürcüstanın Hökumətinin səlahiyyətli nümayəndəsi tərəfindən təltif olunacaq.Müsabiqədə iştirak edəcək şəxslərdən mövzu üzrə rəsm əsərlərini səfirliyə (ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4) təqdim etmələri, həmçinin Azərbaycan və ya gürcü dillərində inşa yazan şəxslərdən öz işlərini yanvarın 17-dək səfirliyin [email protected] ünvanına göndərməlidirlər.Müsabiqə ilə bağlı ətraflı məlumat almaq istəyən şəxslərdən səfirliyin (+995 32) 224-30-04 nömrəli telefonu ilə əlaqə saxlamaları xahiş olunur.xeber100.com

Yanvar 9, 2021 4:14

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət keçmək istəyən şəxslərə müraciəti!

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyən şəxslərə müraciət edib.Nazirliyin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər yanvarın 11-dən 30-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyənləşdirilməsi məqsədi ilə Müdafiə Nazirliyinin tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.Namizədlər qəbul komissiyalarına müraciət edərkən təqdim etməli olduqları sənədlərin siyahısı Müdafiə Nazirliyinin saytında yerləşdirilib.Müraciətlər yanvarın 11-dən 30-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən müvafiq komissiyalarda qəbul edilir.Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum edilmiş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.xeber100.com  

Yanvar 9, 2021 4:12