Fevralın 22-də Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfrans keçirilir.Əvvəlcə Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Konfransda Azərbaycanın və Türkiyənin hökumət nümayəndələri, səfirlər, deputatlar, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, görkəmli alimlər, elm və mədəniyyət xadimləri iştirak edirlər.Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində belə bir konfransın təşkil edilməsinə görə Türk Şurasının Katibliyinə və Ahmet Yesevi Universitetinə öz təşəkkürünü bildirən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət qəddarlığına görə misli görünməmiş hadisələrdəndir. Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Erməni vandalizmi nəticəsində 8 ailə bütövlüklə məhv edilib, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni ekstremistlərinin Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir amansız nümunəsidir.Nazir diqqətə çatdırıb ki, Ermənistanın azərbaycanlılara qarşı qəddarcasına həyata keçirdiyi qətliamlar sadəcə Xocalı soyqırımı ilə məhdudlaşmayıb. Xocalı soyqırımı XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı Naxçıvanda, Gəncədə, Qubada, Bakıda, İrəvan xanlığında mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsidir və bununla bağlı həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, bu cinayətlər beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır.Konfrans “Xocalı soyqırımı: XX əsrin sonunda insanlıq faciəsi” və “İnsanlıq əleyhinə cinayətlər, soyqırımı, terrorizm və onların əlaqəsi” mövzularında keçirilən panel iclaslarla davam etdirilir.xeber100.com