Avropa Şurası Parlament Assambleyasının növbəti qış sessiyası təşkil olunacaq

Üzvlərinin yenidən görüşməsi məqsədilə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2021-ci il yanvarın 25-dən 28-dək keçiriləcək növbəti qış sessiyası fərqli formatda təşkil olunacaq. Parlament Assambleyası üzvlərinin bir qismi Strasburqda sessiyada iştirak edəcək, digər qismi isə sessiyaya virtual qoşulacaq.Azərtac xəbər verir ki, AŞPA-nın qış sessiyasında Avropa Şurasının Baş katibinin müavini, Parlament Assambleyasının Baş katibi, eləcə də Yunanıstan və İsveçrə üzrə hakimlər seçiləcək. Bu seçkilər fərdi elektron şəkildə təşkil olunacaq.Almaniyanın qurumun Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Almaniya Federal xarici işlər naziri Heiko Maas Assambleya üzvləri qarşısında çıxış edəcək, onların suallarını cavablandıracaq. Baş katib Marija Pejčinović Burić məruzəsini təqdim etdikdən sonra Assambleya üzvlərinin suallarına cavab verəcək.Sessiya çərçivəsində COVID-19 peyvəndi ilə bağlı etik, hüquqi və praktiki mövzular ətrafında debatlar aparılacaq.Sessiyanın gündəliyindəki mövzular arasında etnik profilləşmə, təşkilata üzv ölkələrdə QHT-lərin fəaliyyətindəki məhdudiyyətlər və xroniki xəstəliyi olan insanlara qarşı ayrı-seçkiliyə dair mövzular da yer alır.Dörd gün davam edəcək sessiyada Polşa və Moldovada hakimlərin müstəqilliyi, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı mövzuların, eləcə də Assambleyanın Monteneqroda həyata keçirdiyi monitorinqdən sonrakı dialoqa dair nəzarət prosedurlarının təkamülünə dair debatların aparılması planlaşdırılıb.Assambleyanın plenar iclasında Gürcüstandakı seçkilərə dair hesabat müzakirə ediləcək. Sonda üzv dövlətlər qanuni öhdəlikləri ilə bağlı ciddi pozuntuya yol verdiyi təqdirdə Parlament Assambleyası və Nazirlər Komitəsinin birgə Prosedura -2319 (2020) saylı Qətnaməyə nəzarətlə bağlı qurumun Nizamnaməsində dəyişikliyə dair fikirlər səsləndiriləcək.xeber100.com

Yanvar 2, 2021 7:00

Dünya Azərbaycanlıları Həmrəyliyi Gününüz mübarək!

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib. Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib. Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlətimizin başçısının “Dünya azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olub, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayıb. Diasporumuzun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir. Dünya Azərbaycanlılarının I Qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası, toplantıda “Dünya Azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqləyib. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər. Dünya Azərbaycanlıları Həmrəyliyi Gününüz mübarək!

Dekabr 31, 2020 8:30

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında 13 məsələ müzakirə olunub

Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir.Azərtac xəbər verir ki, bugünkü iclasın gündəliyinə 13 məsələ daxildir. Bunlar aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş). 2. “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş). 3. “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş). 4. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş). 5. “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş). 6. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş). 7. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş). 8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş). 9. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş). 10. Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il üçün xərclər smetası haqqında. 11. Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci il üçün xərclər smetası haqqında. 12. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş). 13. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).xeber100.com

Dekabr 25, 2020 2:15