Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli qərarı ilə…

Son vaxtlar kütləvi informasiya vasitələrində məcburi köçkünlərin istifadə etdikləri kommunal xidmət xərclərinin yemək xərci müavinəti kimi plastik kartla onların özlərinə verilməsi məsələsi ilə bağlı gedən fikirlərlə əlaqədar olaraq bildiririk ki, Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”na əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin istifadə etdiyi kommunal xidmət xərcləri mərkəzləşmiş qaydada xidmət təşkilatlarına ödənilir.Məcburi köçkünlər müxtəlif vaxtlarda Komitəyə ünvanladıqları çoxsaylı müraciətlərdə, keçirilən səyyar görüşlərdə və Komitədə qəbul zamanı onlar istifadə etdikləri kommunal xidmət xərclərinin mərkəzləşmiş qaydada xidmət təşkilatlarına yox, vahid plastik kart vasitəsilə onların özlərinə verilməsini bildiriblər.Bu gün ölkə ərazisində öz yaşayış ünvanlarını dəyişərkən faktiki istehlaka görə kommunal xidmət xərclərinin ödənilməsi üçün həyata keçirilən müəyyən prosedur qaydaları artıq əlavə problemlərin yaradılmasına gətirib çıxardırdı.Məcburi köçkünlərin həmin müraciətləri nəzərə alınaraq onların istifadə etdiyi kommunal xidmətlərin dəyərinin plastik kart vasitəsilə onların özlərinə verilməsi məsələsi xeyli vaxtdır ki, müvafiq dövlət qurumları ilə müzakirə olunur.Qeyd etmək istəyirik ki, məcburi köçkünlərin təşəbbüsü ilə qaldırılan və hazırda müzakirə olunan bu məsələ onların özlərinin xeyrinə olan ən səmərəli bir variantdır. Burada əsas məqsəd məcburi köçkünlərin müstəqil həyat tərzinə uyğunlaşdırılması, torpaqlar işğaldan azad olunandan sonra onların qayıdıb öz torpaqlarında adaptasiya olunmalarına hazırlıq, məcburi köçkünlərin özlərində müəyyən iş vərdişlərinin, əlavə dolanışıq imkanlarının yaranması, dövlət büdcəsinin vəsaitinin qənaətlə istifadə olunması və israfçılığın qarşısının alınmasından ibarətdir.xeber100.com

Dekabr 14, 2016 2:41