“Dağlıq Qarabağ münaqişəsi” mövzusunda konfrans keçirilir

Noyabrın 8-də Bakıda Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” mövzusunda konfrans keçirilir. Azərtac xəbər verir ki, tədbirdə yerli vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, beynəlxalq təşkilatların və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak edirlər. Konfransda çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, səbəblərindən bəhs edib. Diqqətə çatdırıb ki, münaqişənin tənzimlənməsi hər iki ölkə ictimaiyyətinin marağındadır və hər iki xalq münaqişənin başa çatmasını səbirsizliklə gözləyir. R.Zeyni qeyd edib ki, Azərbaycan tərəfi hər zaman münaqişənin həlli, regionda sülhün və sabitliyin təmin olunması istiqamətində danışıqlara hazır olduğunu bəyan edib. O vurğulayıb ki, problemin tənzimlənməsi üçün siyasi dairələrlə yanaşı, ictimaiyyət, ziyalılar, media nümayəndələri, QHT-lər, diaspor təşkilatlarının rəhbərləri də öz töhfələrini verməlidirlər.Tədbir “Dağlıq Qarabağın ətrafındakı yeddi rayonun azad olunması münaqişənin tənzimlənməsi prosesinin uğurlu başlanğıcı üçün vacib şərt kimi”, “Dağlıq Qarabağın yekun hüquqi statusunun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilməsi” və digər mövzularda panel iclaslarla davam edir.xeber100.com

Noyabr 8, 2016 12:45

Azərbaycan XXII iclasına ev sahibliyi edəcək

Azərbaycan noyabrın 16-18-də nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Heydər Əliyev Fondunun və Azərtac-ın birgə təşkilatçılığı ilə keçiriləcək tədbirlərə dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 100-dən çox xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT və UNESCO-nun vəzifəli şəxsləri, həmçinin regional media qurumlarının nümayəndələri dəvət olunublar. Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın Baş Assambleyasının birgə açılış mərasimi noyabrın 16-da Heydər Əliyev Mərkəzində olacaq. Devizi “Xəbər agentlikləri üçün yeni çağırışlar” olan Konqresin sessiyalarında “Xəbər istehlakının gələcəyi”, “Xəbər agentlikləri – yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları”, “Xəbər agentliklərinin innovasiyası”, “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi”, “Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları” kimi aktual mövzularda diskussiyalar aparılacaq, yeni minillikdə sürətli transformasiyaya məruz qalan jurnalistikanın problemləri, xəbər agentlikləri ilə sosial medianın müxtəlif platformaları arasında əməkdaşlıq formaları müzakirə ediləcək.xeber100.com

Noyabr 7, 2016 2:35