Qanun layihəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihələrinə baxılacaq

Oktyabrın 28-də Milli Məclisin növbəti plenar iclası keçirilir. Azərtac xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açaraq gündəlik barədə məlumat verib. İclasda Azərbaycanla bir sıra xarici ölkələr arasında imzalanmış beynəlxalq sazişlərin təsdiq edilməsi və bir neçə qanun layihəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihələrinə baxılacaq. Ümumilikdə gündəliyə 25 məsələ daxildir. Deputatlar “Dini etiqad azadlığı haqqında”, “Kütləvi İnformasiya Vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında”, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Yol hərəkəti haqqında”, “Avtomobil yolları haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda, həmçinin Gömrük Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxacaqlar. Bundan başqa, “Kredit büroları haqqında” qanun layihəsi (ikinci oxunuşda), “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi (birinci oxunuşda), “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirə ediləcək. Plenar iclasda “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 21-ci Tərəflər Konfransı zamanı qəbul edilmiş Paris Sazişinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası prezidentlərinin Bəyannaməsinin təsdiq edilməsi haqqında” qanun layihələrinə də baxılacaq.xeber100.com

Oktyabr 28, 2016 11:49

Hərbi-siyasi vəziyyət müzakirə olunub

Oktyabrın 26-da Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə Z.Həsənov Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 ildən çoxdur Ermənistanın işğalı altında olduğunu, bunun nəticəsində bir milyondan çox insanın doğma yurd-yuvasından didərgin düşdüyünü, qarşı tərəfin cəbhədə vəziyyəti gərginləşdirmək cəhdlərini qonaqların diqqətinə çatdırıb. Nazir deyib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul olunub. Lakin Ermənistan hakimiyyəti uzun illərdir beynəlxalq ictimaiyyətin haqlı tələbinə məhəl qoymur və mövcud status-kvonu saxlamaqda maraqlıdır.H.Salber bildirib ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi zəruridir.xeber100.com

Oktyabr 26, 2016 1:35