Hərbi-siyasi vəziyyət müzakirə olunub

Oktyabrın 26-da Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə Z.Həsənov Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 ildən çoxdur Ermənistanın işğalı altında olduğunu, bunun nəticəsində bir milyondan çox insanın doğma yurd-yuvasından didərgin düşdüyünü, qarşı tərəfin cəbhədə vəziyyəti gərginləşdirmək cəhdlərini qonaqların diqqətinə çatdırıb. Nazir deyib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul olunub. Lakin Ermənistan hakimiyyəti uzun illərdir beynəlxalq ictimaiyyətin haqlı tələbinə məhəl qoymur və mövcud status-kvonu saxlamaqda maraqlıdır.H.Salber bildirib ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi zəruridir.xeber100.com

Oktyabr 26, 2016 1:35

Bu gün Birləşmiş Millətlər Təşkilatı günüdür

Oktyabrın 24-ü Birləşmiş Millətlər Təşkilatı günüdür. Bu il təşkilat özünün 71-ci ildönümünü qeyd edir. 1945-ci ilin bu günündə BMT-nin yaranması haqqında qanun qüvvəyə minib. Qanun Çin, Fransa, Sovet İttifaqı, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlər tərəfindən imzalanıb. BMT-nin qanunu 1945-ci il aprel ayının 25-26-da San-Fransiskoda keçirilən beynəlxalq təşkilat yaratmaq üçün Birləşmiş Millətlər konfransında razılaşdırılıb. Sənəd 1945-ci il iyunun 26-da imzalanıb. Təşkilata “Birləşmiş Millətlər” adı ABŞ Prezidenti Franklin Ruzvelt tərəfindən təklif olunub. Bu ad Birləşmiş Millətlərin 1942-ci il 1 yanvar deklarasiyasında 26 ölkənin faşizmə qarşı mübarizəni davam etdirmək öhdəliyindən sonra qüvvəyə minib. 1948-ci ildən etibarən isə oktyabrın 24-ü BMT günü kimi qeyd edilir. Həmin gün münasibətilə bütün dünyada BMT-nin məqsədləri və nailiyyətlərinə həsr olunan iclas, diskussiya və sərgilər keçirilir. 1971-ci ildə Baş Məclisin tövsiyəsi ilə bu tarix BMT-nin üzvü olan bütün ölkələrdə bayram kimi qeyd edilir. Azərbaycan BMT-nin fəal üzvlərindən biri kimi bu təşkilatın fəaliyyətində özünəməxsus yeri ilə seçilir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb.xeber100.com

Oktyabr 24, 2016 11:23